Tanınmış alim Seyfəddin Qəndilov son mənzilə yola salınmışdır

 

İyulun 21-də əməkdar elm xadimi, Azərbaycan təhsilinin tanınmış nümayəndəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, professor Seyfəddin Qəndilovla vida mərasimi keçirilmişdir.

Vida mərasimində dövlət rəsmiləri, elm və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Mərhumun cənazəsi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında matəmsayağı bəzədilmiş postament üzərinə qoyulmuşdu. Alimin tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuş, fəxri qarovul düzülmüşdü. Cənazənin ətrafına hökumət təşkilatları və müxtəlif kollektivlər adından da əklillər qoyulmuşdu.

Seyfəddin Qəndilovun həmkarları, dostları, tanışları, tanınmış elm xadimləri axın-axın akademiyanın binasına gəlir, görkəmli alimə və gözəl insana son borclarını verirdilər.

 

* * *

 

S.Qəndilov 1953-cü ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, sonra təhsilini həmin universitetin aspiranturasında davam etdirmişdir.

S.Qəndilov əmək fəaliyyətinə universitetdə komsomol komitəsinin katibi kimi başlamış, müxtəlif ali məktəblərdə dosent, professor, kafedra müdiri vəzifələrində çalışmışdır. O, 1999-cu ildən ömrünün sonunadək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına rəhbərlik etmişdir.

400-ə yaxın məqalənin, bir çox monoqrafiyanın və dərsliklərin müəllifi olan S.Qəndilov elmi kadrların yetişməsində yaxından iştirak etmiş, onun rəhbərliyi altında xeyli doktorluq və namizədlik dissertasiyası müdafiə olunmuşdur.

 

* * *

 

Vida mərasimində çıxış edən alimin oğlu Lətif Qəndilov ailələrinə göstərdiyi diqqət qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirmişdir.

Sonra böyük alim, nurlu ziyalı Seyfəddin Qəndilov doğmaları və yaxınlarının çiyinlərində son mənzilə yola salınmışdır.

Mərhum 2-ci Fəxri xiyabanda torpağa tapşırılmışdır.

Allah rəhmət eləsin!

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 22 iyul.- S.  4.