Prezident İlham Əliyev
Mətbuat Şurasının yeni
binasının açılışında iştirak
etmişdir
İyulun 22-də Azərbaycan Prezidenti İlham Əliyev Mətbuat Şurasının yeni binasının açılışında iştirak etmişdir.
Dövlət başçısı rəmzi açılışı bildirən lenti kəsdi və bina ilə yaxından tanış oldu.
Birinci mərtəbənin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkədə kütləvi informasiya vasitələrinin inkişafına diqqət və qayğısını əks etdirən sənədlər və mətbuatla görüşlərinə dair fotolardan ibarət stend vardır.
Mətbuat Şurasının sədri Əflatun Amaşov Prezident İlham Əliyevə məlumat verərək bildirdi ki, əsaslı şəkildə və müasir üslubda yenidən qurulmuş ikimərtəbəli binada şura üzvlərinin və əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Binanın ümumi tikinti sahəsi 700 kvadratmetrdir. Ətrafda abadlıq və yaşıllaşdırma işləri aparılmış, binada müasir işıqlandırma, havalandırma, yanğından mühafizə, rabitə sistemləri quraşdırılmışdır.
Dövlət başçısı otaqlarda yaradılmış şəraitlə tanış oldu. Bildirildi ki, binada xidməti otaqlarla yanaşı, konfrans zalı, müraciətlərin qəbulu, monitorinq qrupu və komissiyalar üçün otaqlar yerləşir. Xidməti otaqlar müasir texniki vasitələr, kompüterlər və mebellə təchiz olunmuşdur.
Bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Mətbuat Şurasının idarə heyətinin üzvləri ilə görüşdü.
İdarə heyətinin üzvlərini dövlət başçısına təqdim edən Əflatun AMAŞOV Azərbaycanda mətbuatın inkişafına göstərilən qayğıya görə Prezident İlham Əliyevə Mətbuat Şurası üzvlərinin minnətdarlığını çatdıraraq dedi:
- Hörmətli cənab Prezident, Sizi Mətbuat Şurasının yeni inzibati binasında salamlamaqdan məmnunluq duyuruq. Sizin bu gün açılış mərasimimizdə iştirak etməyiniz təkcə Mətbuat Şurası üçün deyil, ölkə jurnalistikası, ümumilikdə media ictimaiyyəti üçün son dərəcə əlamətdar hadisədir. Sizə bir daha "Xoş gəlmisiniz!" deyirik.
Mətbuat
Şurasının yeni inzibati
binasının açılışı Azərbaycan milli mətbuatının 135 illik
yubileyinə təsadüf edir. Müasir tələblərə cavab verən belə bir binaya hətta ən inkişaf
etmiş ölkələrin mətbuat
şuraları həsəd apara bilər. Biz bunu Azərbaycan jurnalistikasına
Sizin bayram
töhfəniz kimi qəbul edirik. Bu, həm də
ölkədə aparılan
ardıcıl və məqsədyönlü media siyasətinin
əyani nümunələrindəndir.
Bu siyasətin təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Azərbaycan jurnalistlərinin, bütövlükdə
media ictimaiyyətinin onu
daim ehtiramla xatırlamasının kökündə
bir çox amillər dayanır. Müharibə vəziyyətində olan ölkədə 1998-ci ildə
mətbuat üzərindəki
senzura götürüldü.
Bu addım o dövr
üçün çox
böyük cəsarət
tələb edirdi.
Növbəti addım media sahəsindəki
qanunvericiliyin təkmilləşdirilməsi
ilə bağlı oldu. Qanunvericilik dünya standartlarına
uyğun şəkildə
təkmilləşdirildi. Mətbuata dövlət nəzarətini
həyata keçirən
Mətbuat və İnformasiya Nazirliyi ləğv edilərək
mətbuatın özünütənzimləməsi
mexanizminin tətbiqinə
şərait yaradıldı.
Azərbaycan MDB məkanında mətbuatın özünütənzimləmə
funksiyasını rəsmiləşdirdi.
Bu məkanda ilk Mətbuat Şurası yaradıldı. Qeyd etmək
yerinə düşər
ki, hələlik postsovet məkanında belə bir təkmil
media institutu mövcud
deyildir. 2007-ci ildə Bakıda beynəlxalq ekspertlərin
iştirakı ilə
keçirdiyimiz konfransda
Azərbaycan Mətbuat
Şurası MDB məkanı
üçün vahid
model kimi götürüldü.
Qərara alındı ki,
həmin ölkələrdə
bu sayaq qurumlar yaradılarkən Azərbaycan Mətbuat Şurasının təcrübəsi
əsas götürülsün.
Həmin dönəmdə mətbuata
dövlət qayğısı
ilə bağlı digər çoxsaylı faktlar da mövcuddur. Kütləvi informasiya vasitələri məhsulları üzərindən
əlavə dəyər
vergisinin aradan qaldırılmasını, gömrük
rüsumunun götürülməsini,
qəzetlərin "Azərbaycan"
nəşriyyatına olan
borclarının dövlət
vəsaiti hesabına silinməsini və s. buna misal göstərmək
olar.
Hörmətli cənab Prezident, hər bir sahədə
olduğu kimi, media sahəsindəki siyasətdə
də varislik mövcuddur. Sizin ölkəyə rəhbərlik etdiyiniz ilk
gündən mediaya dövlət qayğısının
yeni nümunələrinin
şahidiyik. Qətiyyətlə demək olar ki, bu, keyfiyyətcə
tam yeni bir mərhələdir. Azərbaycan dövlətinin
iqtisadi imkanlarının
artması mediaya dövlət qayğısını
sistemli, uzunmüddətli
strategiyaya çeviribdir.
Ölkədə KİV-lərə
Dövlət Dəstəyi
Konsepsiyasi kimi mükəmməl bir sənəd qəbul olunmuşdur. Sənəddə nəzərdə tutulan vəzifələrin
icrası məqsədilə
Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi
Fondu yaradılmışdır.
Fondun fəaliyyəti müstəqil
mətbuatın inkişafını
dəstəkləmək, stimullaşdırmaq,
jurnalist əməyini
qiymətləndirmək baxımından
xüsusilə əhəmiyyətlidir.
2005-ci ildən "İnformasiya əldə etmək haqqında" mükəmməl qanuna malikik.
Hörmətli cənab Prezident, bu gün Azərbaycan
mediası azaddır, müstəqildir. Baş verən hadisə
və prosesləri hər hansı maneələrlə üzləşmədən
cəmiyyətə çatdırır.
Bu, demokratiyanın inkişafı baxımından
çox böyük uğurdur, etibarlı təminatdır. Bayram günündə
istəməzdik ki, problemlərdən danışaq.
Lakin Sizin burada olmağınızdan
istifadə edərək
bəzi məsələlərə
toxunmaq istərdik.
Mətbuat Şurasının
əsas missiyası mətbuatla ictimaiyyət arasında münasibətləri
tənzimləməkdən ibarətdir. Cəmiyyət
üzvləri mövqelərindən,
vəzifələrindən asılı olmayaraq, mətbuatda barələrində
gedən qərəzli,
böhtan və şantaj xarakterli materiallarla əlaqədar bizə müraciətlər
edirlər. İl ərzində müraciətlərin
sayı mini ötür.
Qərarlarımız əksər
KİV-lər tərəfindən
icra olunur. Lakin buna qəsdən
məhəl qoymayanlar
da vardır. Onlar "reket nəşr"lərdir. Belələri
əsasən cəmiyyətdə
ayrı-ayrı hüquqi
və fiziki şəxslərə, təəssüf
hissi ilə qeyd etməliyəm ki, hətta bəzi dövlət rəsmilərinə və
qurumlarına istinad edərək Azərbaycanın
media mühitini, sözün
əsl mənasında,
korlayırlar.
Ona görə
də Sizdən xahiş edirəm ki, "reket nəşr"lərə qarşı
mübarizəmizə dəstək
verəsiniz. İnanın
ki, bundan təkcə mətbuat və cəmiyyət deyil, eyni zamanda,
təhdidlərə məruz
qalan dövlət qurumlarının özləri
də faydalanacaqlar.
Azərbaycan cəmiyyəti
neçə illərdir
ki, azad medianın səmərəli
xidmətindən istifadə
edir, dünyada senzurasız, azad ölkə kimi tanınır. Lakin Azərbaycanda həm medianın, həm də cəmiyyətin imicinə mənfi təsir göstərən
bir hal da
mövcuddur. Bu məsələdə
də Sizin şəxsi dəstəyinizə
ehtiyacımız vardır.
Bəhs olunan məsələ bizi əhatə edən və Avropa Şurasının üzvü
olan bir çox ölkələrdə
qəbul edilən diffamasiya haqqında qanunun ölkəmizdə qəbulunun bir qədər ləngiməsidir.
Məlumat üçün
bildirirəm ki, bu qanunun qəbulu
bizim - Mətbuat Şurasının işini,
əslində, bir qədər də artıracaqdır. Biz, əlbəttə,
jurnalistlərin peşəkarlığı
ilə, etik qaydalara əməl edilməsi normaları ilə daha ciddi
məşğul olacağıq
və jurnalist məsuliyyətinin artırılması
üçün əlimizdən
gələni etməliyik.
Mətbuat Şurası
kimi söz veririk ki, bu
sahədəki səylərimizi
artıracağıq.
Üçüncü məsələ,
bildiyiniz kimi, Azərbaycanda müstəqil
medianın dairəsi genişlənir. Lakin ölkə mediasının
müstəqilliyinin əsas
meyarı olan reklam bazarı hələ də yazılı mətbuatın
üzünə qapalı
kimi görünməkdədir.
Bu gün illik reklam büdcəsi, təxminən 35-40 milyon manat olan Azərbaycanda
yazılı medianın
reklam gəlirləri
2 milyon manata çatmır. Əlbəttə,
Siz Prezident olaraq reklamvericilərə
birbaşa göstəriş
verə bilməzsiniz.
Amma dövlətimizin
iqtisadi strukturları,
nazirlikləri, komitələri,
digər mərkəzi
və yerli icra hakimiyyəti orqanları öz reklam və elanlarını müəyyən
qədər mətbuatda
yerləşdirə bilərlər.
Bu sahədə də
Sizin köməyinizə
ehtiyacımız var.
Ölkədə jurnalist
kadrların hazırlanması
ilə bağlı problemlər mövcuddur. İstərdik ki, ali məktəblərə
qəbul zamanı qabiliyyət imtahanları bərpa olunsun. Jurnalist təhsilini peşəni sevənlər
alsınlar.
Dünya Azərbaycan
həqiqətləri barədə
yetərincə məlumata
malik deyildir. Çox təəssüf
ki, bəzi xarici nəşrlər ölkəmizdə aparılan
islahatları görmək
istəmir, Dağlıq
Qarabağ kimi problemimizə barmaqarası
baxırlar. Biz jurnalistlər
də burada öz məsuliyyətimizi
hiss edirik. Ona görə də müasir texnologiyalar əsrində müxtəlif
dilləri mükəmməl
bilən istedadlı jurnalistlərin hazırlanmasına
ciddi ehtiyac duyulur. Hesab edirik ki, bu
prosesdə xaricdə təhsil əsas rol oynaya bilər.
Jurnalistlərin sosial
durumlarının yaxşılaşdırılmasına da
ehtiyac vardır. Bu sırada xüsusilə mənzil
qayğıları daha aktualdır. Dəfələrlə
jurnalistlər üçün güzəştli şərtlərlə
mənzil tikintisi məsələsini gündəmə gətirsək
də, hələlik nəticə əldə etməmişik.
Ümid edirik ki, Sizin sayənizdə bu məsələyə
hansısa dövlət proqramı çərçivəsində
baxmaq mümkün olacaqdır.
Möhtərəm cənab
Prezident, Sizin hakimiyyətiniz dövründə media ilə
bağlı çoxsaylı fərman və sərəncamlar
imzalanmışdır. Bunların hər biri müstəsna əhəmiyyətə
malikdir. Beş il bundan əvvəl milli mətbuat günü ərəfəsində
Sizin sərəncamınızla "Əməkdar
jurnalist" fəxri adı bərpa olundu. 140-a yaxın
jurnalist müxtəlif dövlət təltiflərinə layiq
görüldü. Media qurumlarına maddi yardımlar göstərildi.
Biz jurnalistlər inanırıq ki, eyni sevincli anları bu
bayram günündə də təkrar yaşayacağıq.
Hörmətli cənab
Prezident, Sizə bir daha ölkə jurnalistlərinin dərin
minnətdarlığını bildirir, Sizə möhkəm
cansağlığı, ölkəmizin daha da inkişafı
yolunda yeni-yeni nailiyyətlər arzulayırıq. Sağ olun.
***
Prezident İlham
Əliyev görüşdə
çıxış etdi.
Azərbaycan.- 2010.-23
iyul.- S. 1.