Azərbaycan Prezidenti İlham Əliyevin
çıxışı
- Sağ olun, təşəkkür edirəm. İlk növbədə, mən sizi və Azərbaycanın bütün ictimaiyyətini milli mətbuatımızın 135 illik yubileyi münasibətilə təbrik etmək istəyirəm. Bizim mətbuatımızın böyük ənənələri var və bu ənənələr yaşayır.
Mən Mətbuat Şurasının fəaliyyətini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, Mətbuat Şurası yarandığı gündən ölkəmizdə dövlət qurumları ilə media arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün çox müsbət rol oynamışdır. Jurnalistlərin hüquqlarının qorunması işində öz prinsipial mövqeyini həmişə bildirmişdir və ümumiyyətlə, ölkədə söz azadlığının, demokratiyanın inkişafı istiqamətində çox böyük addımlar atmışdır. Siz öz çıxışınızda mətbuatla bağlı son illər ərzindəki tarixdən danışdınız. Bu, doğrudan da çox gözəl tarixdir. Azərbaycan müstəqil ölkə kimi 1991-ci ildə dünya xəritəsində yarandı. Bildiyimiz kimi, o vaxt Azərbaycanda müstəqil media yaranmaqda idi. Azərbaycanda azad mətbuat hələ sovet dövründə yaranmışdır və azad mətbuatın o vaxtkı fəaliyyəti çox böyük qiymətə layiqdir. Ancaq o vaxt - 1991-ci ildə azad mətbuatın fəaliyyəti üçün hələ ki, lazımi şərait yox idi.
Ancaq Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra çox qısa bir müddət ərzində media sahəsində böyük irəliləyiş müşahidə olundu. Bir neçə qəzet, kütləvi informasiya vasitələri, özəl televiziyalar yarandı. Bir sözlə, müstəqilliyimiz bərpa olunandan sonra Azərbaycanda azad mətbuat çox sürətlə inkişaf edirdi. Qeyd etdiyiniz kimi, 1998-ci ildə senzuranın ləğvi, doğrudan da böyük və tarixi bir addım idi. Bugünkü gün üçün bu, əlbəttə ki, bir fövqəladə hal kimi qiymətləndirilə bilməz. Ancaq o vaxt MDB məkanında Azərbaycan senzuranın ləğvini irəli sürən birinci ölkə idi. Ondan sonra söz azadlığının inkişafı istiqamətində ardıcıl şəkildə çox ciddi addımlar atılmışdır. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu, 2003-cü ildə Mətbuat Şurası yarandı. Yəni bütün bunlar, bu hadisələr göstərir ki, Azərbaycan dövləti bu sahədə çox məqsədyönlü və ardıcıl siyasət aparmışdır.
Bütövlükdə söz azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir. Söz azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir. Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir. Bunu təsdiq edən çoxsaylı faktlar da mövcuddur. Azərbaycanda yüzlərlə media orqanı fəaliyyət göstərir. Bizim vətəndaşlarımız 30-dan yuxarı gündəlik qəzeti, 100-ə yaxın həftəlik qəzeti, respublika əhəmiyyətli, yəni bütün ölkəyə verilişlər təqdim edən 8 telekanalı, 14 regional telekanalı, internet vasitəsilə dünyada gedən bütün prosesləri sərbəst şəkildə izləyirlər.
Azərbaycanda
internet istifadəçilərinin sayı 40 faizdən
yuxarıdır. Biz bütün məktəblərdə
kompüterləşmə proqramını tətbiq edirik,
internetə qoşuruq. Yəni Azərbaycanda
söz azadlığının inkişafı
üçün bütün addımlar atılır. Lazım olan bütün qanunvericilik aktları qəbul
edilibdir. Medianın inkişafına
dövlət dəstəyinin gücləndirilməsi
üçün ardıcıl tədbirlər
görülür, dövlət konsepsiyası qəbul
edilibdir. Maddi-texniki bazanın möhkəmləndirilməsi
işində dövlət öz dəstəyini göstərir
və bundan sonra da göstərəcəkdir.
Bir sözlə,
medianın bugünkü vəziyyətini müsbət qiymətləndirirəm. Hesab edirəm
ki, bizim mətbuatımız böyük və uğurlu yol
keçibdir. Əlbəttə ki, problemlər
də var və bu problemlər haqqında siz də öz
çıxışınızda fikirlərinizi söylədiniz.
Elə etməliyik ki, bu problemlərin həlli
işində birgə fəaliyyət göstərək.
Bu, bizim ümumi işimizdir. Bizim ümumi
məqsədimiz ondan ibarət olmalıdır ki, Azərbaycanı
hərtərəfli şəkildə inkişaf etdirək,
müasir dövlətə çevirək, dünyada
mövcud olan bütün mütərəqqi təcrübəni
tətbiq edək, insanların bütün
azadlıqlarını təmin edək, hüquqi dövlət
quruculuğu işində daha da böyük addımlar ataq.
Ancaq bu halda Azərbaycan uzunmüddətli və
dayanıqlı inkişaf imkanlarını tam şəkildə
ortaya qoya bilər.
Bizim iqtisadi
imkanlarımız əlbəttə ki, artır və bu, bizə
əlavə imkanlar yaradır. Ancaq mən tam əminəm ki,
iqtisadi islahatlar siyasi islahatlar aparılmadan ölkəyə
uzunmüddətli uğur gətirə bilməz.
Qısamüddətli uğur gətirə bilər. Xüsusilə
təbii sərvətlərlə zəngin olan ölkələrdə
iqtisadi islahatların düzgün istiqamətdə
aparılması sayəsində qısamüddətli
uğurlar əldə oluna bilər. Ancaq biz uzunmüddətli
inkişafımızı təmin etmək istəyiriksə,
mütləq siyasi islahatlar iqtisadi islahatları dəstəkləməlidir,
siyasi və iqtisadi islahatlar paralel şəkildə
aparılmalıdır. Əlbəttə ki, biz öz siyasətimizdə
regionda mövcud olan vəziyyəti, Azərbaycanın
reallıqlarını nəzərə alırıq. Eyni
zamanda biz dünyada gedən prosesləri də çox ciddi
izləyirik, tarixi də yaxşı bilirik. Bilirik ki,
keçid dövrünü yaşayan ölkələr
hansı çağırışlarla, hansı problemlərlə
üzləşirlər. Azərbaycanda həmin problemlərin
minimum səviyyəyə endirilməsi, risklərin azaldılması
istiqamətində çox dəqiq,
düşünülmüş, ancaq eyni zamanda ardıcıl
siyasət aparılmalıdır. Siyasi islahatlar iqtisadi
islahatları qabaqlamamalıdır, eyni zamanda, geridə də
qalmamalıdır. Mən hesab edirəm ki, biz Azərbaycanda elə
bir model yarada bildik ki, həm iqtisadi islahatlar, həm siyasi
islahatlar paralel şəkildə aparılır və ölkəmizin
hərtərəfli inkişafını təmin edir.
Azərbaycanın
böyük və zəngin tarixi vardır. Bizim milli mənəvi
dəyərlərimiz vardır. Bu dəyərlər bizim
üçün əsasdır. Biz ümumbəşəri dəyərləri
bölüşürük, biz Avropa qurumları ilə
bütün istiqamətlərdə - həm iqtisadi sahədə,
həm siyasi islahatların dərinləşməsi sahəsində
uğurlu əməkdaşlıq edirik.
Avropa dəyərləri də
bizim üçün çox vacibdir. Yəni onlar bizim
üçün yad dəyərlər deyil. Çünki Azərbaycanın
tarixi və coğrafi vəziyyəti bu vəziyyətin
yaranmasına gətirib çıxarıbdır.
Ancaq bizim üçün
prioritet dəyərlər bizim milli dəyərlərimizdir və
bunun üzərində müasir dövlətin qurulması
bizim məqsədimizdir. Mən hesab edirəm ki, biz bu məqsədə
yaxınlaşırıq. Çünki bizim cəmiyyətimizin
inkişafı üçün bütün lazımi tədbirlər
görülür. Milli mənəvi dəyərlər üzərində
müasir, dünyəvi, dünyaya açıq olan dövlət
qurmaq bizim əsas məqsədimizdir. Bunu etmək
üçün iqtisadi imkanlar olmalıdır, iqtisadi müstəqillik
olmalıdır, siyasi azadlıqlar olmalıdır. Baxın,
indi Azərbaycan dünyada çox böyük və müsbət
imicə malik olan ölkədir. Biz Avropa Şurasının,
İslam Konfransı Təşkilatının
üzvüyük. Nadir ölkələrdənik ki, hər iki
təşkilatın üzvüyük və hər iki təşkilatda
Azərbaycanın mövqeləri möhkəmlənir. Azərbaycan
bu gün və gələcəkdə sivilizasiyalararası
dialoqun inkişafı üçün çox mühüm
rol oynayır və oynayacaqdır. Artıq Azərbaycanda bu
istiqamətdə bir neçə beynəlxalq tədbirlər
də keçirilibdir. Bizim həm coğrafi vəziyyətimiz,
həm keçmişimiz və ümumiyyətlə,
apardığımız siyasət Azərbaycanın bu istiqamətdəki
rolunu artıracaqdır.
Mən hesab edirəm ki, Azərbaycanda
həm iqtisadi, həm siyasi islahatların aparılmasında
çox müsbət dəyişikliklər baş verdi. Ancaq
o demək deyil ki, bu sahədə bütün problemlər
öz həllini tapıbdır. Biz öz problemlərimizi
bilirik, onları həll etməyə
çalışırıq. Lazım gələndə beynəlxalq
təşkilatlarla məsləhətləşirik, lazım gələndə
onların məsləhətlərinə də ciddi
yanaşırıq. Ancaq son qərarı özümüz qəbul
edirik, yəni Azərbaycan xalqı qəbul edir. Bu, bizim
hüququmuzdur. Bizim müstəqil tariximiz bir neçə dəfə
göstərmişdir ki, Azərbaycan xalqının iradəsi
əsasında qəbul edilmiş qərarlar müsbət nəticələr
verir. Biz bundan sonra da bu sahədə müstəqil
addımlarımızı davam etdirəcəyik ki, ölkəmizi
uğurla və sürətlə inkişaf etdirək.
Mən hesab edirəm ki, media
ilə bağlı qaldırdığınız məsələlər
çox böyük əhəmiyyət kəsb edir. Reket
jurnalistikasına qarşı biz hamımız birgə fəaliyyət
göstərməliyik, mübarizə aparmalıyıq. Bu
mübarizənin sivil qaydaları olmalıdır. Mən hesab
edirəm ki, biz reket jurnalistikasına, necə deyərlər,
onların üsulu ilə cavab verməməliyik. O neqativ
hallara yol verən vətəndaşlar ictimai qınaq obyektinə
çevrilməlidir. İctimaiyyətdə onlara qarşı
ciddi reaksiya verilməlidir. Dövlətin üzərinə
düşən vəzifəni də dövlət etməyə
hazırdır. Ancaq bütün bu işlər qanun çərçivəsində
olmalıdır. Mən ümid edirəm ki, yaxın zamanlarda
bizim adət-ənənələrimizə zidd olan bu
nöqsanlar aradan qaldırılacaqdır. Hesab edirəm ki,
buna müəyyən qədər vaxt lazımdır.
Çünki biz müstəqil ölkə kimi cəmi 20 ilə
yaxındır ki, yaşayırıq. Hələ ki
bütün sahələrdə olduğu kimi, bu sahədə
də müəyyən qədər vaxt lazımdır.
Diffamasiya ilə bağlı
məsələlərə gəldikdə, siz yaxşı
bilirsiniz ki, hətta Avropanın inkişaf etmiş ölkələrində
bu məsələ ilə bağlı birmənalı
mövqe yoxdur. Biz Avropa Şurası ilə münasibətlərimizdə
dəfələrlə bu məsələ ətrafında
fikir mübadiləsi aparmışıq. Biz bu qanunun qəbul
olunmasının əleyhinə deyilik. Nəzərə alsaq
ki, Azərbaycanda söz azadlığına görə
heç kim həbs olunmur, deyə bilərik ki, bu sahədə
bir növ qeyri-rəsmi moratorium qeyd olunubdur. Ancaq biz istəyirik
ki, bütün ölkələr öz fəaliyyətini bu
kriteriyalara uyğun şəkildə göstərsinlər. Bəzi
hallarda beynəlxalq təşkilatlar Azərbaycana xüsusi
diqqət göstərirlər. Ola bilər ki, bəzi məsələlərlə
bağlı bu xüsusi diqqət təqdirəlayiqdir. Amma bəzi
hallarda bu ayrı-seçkilik başqa məna
daşıyır və xüsusilə Avropa Şurası ilə
bağlı bizim münasibətlərimizin inkişafı bunu
göstərir. Mən bu məsələ ilə bilavasitə
məşğul olan bir insan kimi və Avropa Şurasında Azərbaycan
nümayəndə heyətinin ilk rəhbəri kimi
bütün bu işləri yaxından bilirəm. Deyə bilərəm
ki, 2001-ci ildən başlayaraq bugünə qədər Azərbaycana
qarşı bəzi hallarda aparılan ədalətsiz
mübarizə bizdə çox böyük hiddət
doğurur. Çünki hər şey ədalətli
olmalıdır. Ədalət ən böyük meyardır. Əlbəttə
ki, Azərbaycan cəmiyyətində problemlər var. Biz bu
problemləri bilirik. Ancaq hər bir ölkəyə vahid
meyarlarla yanaşılmalıdır. Azərbaycanın yerləşdiyi
bölgədə, qonşuluqda yerləşən ölkələrdə
problemlər bizim problemlərdən az deyil. Bəzi hallarda o məsələlərə
göz yumulur, yaxud da ki, yanlış məlumat təqdim
olunur. Azərbaycanda isə xırda məsələ ilə
bağlı böyük hay-küy salınır. Sanki kimsə
istəyir ki, Azərbaycanın reputasiyasına zərbə
vursun. Biz çox yaxşı bilirik ki, 2008-ci ildə Ermənistanda
prezident seçkiləri nəticəsində ordunun
iştirakı ilə 10-dan yuxarı insan
öldürülmüşdür, yüzlərlə insan həbs
olunmuşdur, prezidentliyə namizəd ev dustağı
olmuşdur, millət vəkilləri, media nümayəndələri
həbs edilmişlər. Ancaq sadəcə, bir neçə
gün ondan sonra müəyyən mətbuat orqanlarında bu
barədə məlumat getdi, ondan sonra elə bil ki, bu,
heç olmayıbdır, nə beynəlxalq mediada, nə də
ki, Avropa Şurasında, nə də başqa yerdə məlumat
verilmədi. İndi də bu məsələ ilə
bağlı vaxtaşırı kimsə məsələ
qaldırır, amma bu mövzu geniş mənada
bağlanıbdır.
Azərbaycanda isə
müqayisəolunmaz dərəcədə bir xırda məsələ
baş verən kimi, dərhal beynəlxalq media orqanlarına
çıxarılır. Azərbaycanı elə bil ki,
antidemokratik ölkə kimi təqdim etməyə
çalışırlar. Bu, bizə qarşı aparılan məqsədyönlü
və ədalətsiz mübarizədir. Biz bu mübarizəyə
hazırıq və bu mübarizəyə qarşı ancaq
öz siyasətimizi, sözün yaxşı mənasında,
inadkarlığımızı qoymalıyıq və qoyuruq
ki, Azərbaycanın maraqlarını müdafiə edək.
Ona görə diffamasiya ilə bağlı məsələlərə
gəldikdə, mən hesab edirəm ki, bu məsələ
öz həllini tapmalıdır və qanunvericilikdə
müvafiq düzəlişlər edilməlidir. Amma çox
istərdik ki, özlərini demokratiyanın beşiyi sayan inkişaf
etmiş ölkələrdə də bu məsələ ilə
bağlı addımlar atılsın.
Əfsuslar olsun ki, Azərbaycanda
reklam bazarı hələ ki, o qədər də böyük
deyil. Ancaq söylədiyiniz rəqəmlər əlbəttə,
göstərir ki, burada bölgü ədalətsiz
aparılır. Əgər 40 milyonun ancaq 2 milyonu yazılı
mediaya verilirsə, əlbəttə ki, bu, dözülməz
haldır. Mən çalışacağam ki, bu məsələ
ilə bağlı müəyyən addımlar
atılsın. Dövlət tərəfindən müəyyən
tövsiyələr veriləcəkdir.
Ancaq bununla bərabər o da
həqiqətdir ki, yazılı media elektron media ilə rəqabət
apara bilmir. Yəni, bu həqiqətdir, bu, hər ölkədə
belədir. Hətta inkişaf etmiş, böyük ənənələrə
malik olan ölkələrdə və media tarixi böyük
olan ölkələrdə də kütləvi informasiya vasitələrinin
xüsusiyyətləri bunlardan ibarətdir. Siz də bunu
yaxşı bilirsiniz. Ancaq bununla bərabər mən bu məsələ
ilə məşğul olacağam.
Jurnalist kadrların
hazırlanması ilə bağlı
qaldırdığınız məsələ çox
vacibdir. Mən bunu xüsusilə vurğulamaq istəyirəm
və hesab edirəm ki, müxtəlif proqramlar əsasında
biz bu məsələ ilə daha da ciddi məşğul
olmalıyıq. Bu gün bilirsiniz ki, Azərbaycan gənclərinin
xaricdə oxuması ilə bağlı dövlət
proqramı icra olunur. Bu proqram çərçivəsində
hər il, haradasa 10 milyon manata qədər vəsait
ayrılır. Bu vəsait hesabına biz gənclərimizi
xaricdə aparıcı ali məktəblərdə oxuduruq. Yəqin
ki, o ixtisaslar siyahısına jurnalistika peşəsini də əlavə
etməliyik. Çünki doğrudan da, buna böyük
ehtiyac vardır.
Təkcə mediada deyil,
ümumiyyətlə, hər sahədə peşəkarlığın
artırılması bizim üçün ən prioritet məsələyə
çevrilməlidir. Bu gün bütün sahələrdə
- iqtisadiyyatda, ictimai sahədə, sənaye istehsalında, xidmət
sektorunda bizdə peşəkar kadrlar çatışmır.
Azərbaycanın uğurlu və sürətli inkişafı
tələb edir ki, bu sahələrdə peşəkarlar
işləsinlər. Ona görə peşəkarlıqla
bağlı olan məsələlər ümumi xarakter
daşıyır. İndi biz bu məsələ ilə
çox ciddi məşğuluq. O cümlədən
jurnalistikada peşəkar kadrların işləməsi
vacibdir. Hesab edirəm ki, peşəkarlıq artdıqca,
jurnalistikada bax, qeyd etdiyiniz bu reket məsələləri də
aradan qaldırılacaqdır. Ondan sonra bizim milli adət-ənənələrimizə
xas olmayan başqa məqamlar da aradan qaldırılacaqdır.
Təhqirlərə, böhtanlara, yalanlara son qoyulacaqdır. Mən
hesab edirəm ki, bunun vaxtı çatıbdır.
Bizdə söz
azadlığı var. Biz söz azadlığını
qoruyacağıq və müdafiə edəcəyik. Azərbaycan
dövləti və Azərbaycan iqtidarı tənqidlərə
də, hətta təhqirlərə də
dözümlüdür. Mən Prezident kimi buna əhəmiyyət
vermirəm. Ancaq söhbət ondan getmir. Söhbət ondan
gedir ki, bizim cəmiyyətdə belə hallar çox pis
qarşılanır. Mediada yalan informasiyanın verilməsi qəbuledilməzdir.
Əvvəlki dövrlərdə bu, çox geniş meydan
tapmış bir yanaşma idi. Yalan informasiyanı ortaya atmaq,
sensasiya yaratmaq, ondan sonra bu yalanın ətrafında
müzakirələr aparmaq, elə bil ki, bunu reallığa
çevirmək, ondan sonra bu yalanı xarici mediaya ötürmək
və sonra bunu bir dəqiq xəbər kimi yenə qaytarmaq -
bütün bunları biz bilirik. Mən hesab edirəm ki, bu
siyasi mübarizə üsulu Azərbaycanın siyasi səhnəsindən
getməlidir. Burada əlbəttə ki, medianın rolu çox
böyükdür. Yəni bu gün internet dövründə
hər bir yazını dünyada oxumaq olar və bir dəfə,
iki dəfə, üç dəfə yalan yazılanda,
dördüncü dəfə artıq o medianın hörməti
də düşəcək, o orqana inam da azalacaqdır.
Mən istərdim ki,
jurnalistlərin məsuliyyəti ilə bağlı
mövqeyimi bildirim. Dediyim məsələlər bu məsələ
ilə də bağlıdır. Jurnalistlər çox məsuliyyətli
olmalıdırlar. Burada qərəzsiz mövqe çox
vacibdir. Mən media sahəsində gələcək
inkişafı müstəqil, sözün əsl mənasında,
müstəqil medianın gücləndirilməsində görürəm.
Çünki hələ ki bizdə bu sahədə,
xüsusilə yazılı mediada siyasiləşmə meyilləri
çox güclüdür. Ola bilər ki, bu, müəyyən
mərhələdə - Azərbaycanda siyasi sistem, siyasi
münasibətlər formalaşdığı bir dövrdə
qaçılmaz idi. Ancaq mən hesab edirəm ki, bu gün
medianın inkişafı üçün siyasiləşmə
prosesi gərək azalsın. Çünki birinci növbədə,
Azərbaycan cəmiyyəti siyasiləşmiş cəmiyyət
deyildir. Azərbaycan cəmiyyəti vətənpərvər cəmiyyətdir.
Dövlətə, dövlətçiliyə sadiq olan cəmiyyətdir,
ancaq siyasiləşmiş cəmiyyət deyildir. Hesab edirəm
ki, cəmiyyəti süni şəkildə siyasiləşdirmək
bizə uğur gətirə bilməz. Hər şey təbii
olmalıdır, o cümlədən mediada da. Siyasi sifarişlərlə
çıxan orqanlar nə qədər az olarsa, bizim
mediamız da o qədər həm güclü, həm də
ki, daha da müsbət reputasiyaya malik olacaqdır.
Bu məsələ ilə
bağlı mən heç kimə heç bir göstəriş
verə bilmərəm. Ancaq sadəcə olaraq, öz fikirlərimi
bildirmək istəyirəm və hesab edirəm ki, Mətbuat
Şurası da bu istiqamətdə öz lazımi tədbirlərini
görəcək ki, jurnalistlərin məsuliyyəti və
müstəqil jurnalistikanın müstəqil
orqanlarının gücləndirilməsi işində biz daha
da böyük uğurlara nail olaq.
Mən bunu da bilirəm, bəzi
hallarda xarici dairələrin təsiri altında çıxan
orqanlar fəaliyyət göstərirlər. Onların
sifarişi ilə yazılan məqalələr də dərc
olunur. Bu məsələ ilə də bağlı məndə
kifayət qədər məlumatlar var. Mən indi ad çəkmək
istəmirəm, amma sadəcə olaraq, fikrimi bildirmək istəyirəm
ki, bu, ümumiyyətlə, yolverilməzdir. İndi hansısa
daxildən gələn siyasi sifariş əsasında yazılan
məqalə, yaxud da ki, hansısa başqa reportaj qəbulolunmaz
olsa da, bu, bizə o qədər də böyük problem
yaratmaz. Ancaq xarici dairələrin sifarişi ilə, göstərişi
ilə və onların planları əsasında Azərbaycanda
hansısa mövzu ətrafında rəy yaratmaq cəhdlərinə
ümumiyyətlə, son qoyulmalıdır. Burada mən sadəcə
olaraq, jurnalistləri vətənpərvərliyə
çağırıram. Biz imkan verməməliyik ki, Azərbaycan
hansısa qüvvələrin, xarici dairələrin
qarşıdurma arenasına çevrilsin. Mən bunu bir
neçə dəfə bildirmişəm. Prezident vəzifəsinə
gələndən dərhal sonra bildirmişəm, bu gün də
demək istəyirəm ki, Azərbaycan başqa ölkələrin
maraqlarının toqquşması yeri olmayacaqdır. Biz buna
nail ola bilmişik, baxmayaraq ki, belə cəhdlər var və
istisna olunmur ki, gələcəkdə də olacaqdır.
Çünki bizim geosiyasi vəziyyətimiz, bizim
apardığımız siyasət və ümumiyyətlə,
bölgədəki mövqelərimiz, əlbəttə ki, Azərbaycana
diqqəti və marağı cəlb edir. Biz elə etməliyik
ki, Azərbaycan bundan sonra da onilliklər ərzində Azərbaycan
xalqının iradəsi ilə idarə olunsun. Biz Azərbaycan
xalqının iradəsi ilə dövlətçiliyimizin
qurulmasına bundan sonra da öz səylərimizi qoyaq.
Ona görə mən yenə
də deyirəm ki, belə hallar var. Mən istərdim ki, belə
hallar olmasın. Xarici dairələrin kifayət qədər
media resursları var ki, onların vasitəsilə istədiklərini
bildirsinlər, xüsusilə yenə də deyirəm, internet
dövründə bunu etmək o qədər də çətin
deyildir.
Jurnalistlərin məsuliyyəti
ilə bağlı dediyim sözlərə əlavə olaraq
jurnalistlərin hüquqları haqqında da bir neçə kəlmə
demək istəyirəm. Bu məsələ ilə də
bağlı biz ciddi işləməliyik. Jurnalistlərin
hüquqları tam şəkildə qorunmalıdır,
müdafiə olunmalıdır. Jurnalistlərə
qarşı hörmətsizlik, zorakılıq edilməməlidir.
Düzdür, biz Azərbaycanda artıq belə hallar ilə
rastlaşmırıq. Ancaq hesab edirəm ki, bu sözlərin
mənası öz təsirini göstərəcəkdir.
Bununla bərabər, Azərbaycanda
bütün kateqoriyadan olan insanların hüquqları
qorunmalıdır. Bu istiqamətdə əlbəttə ki, biz
daha da böyük addımlar atmalıyıq. Mən onu da demək
istəyirəm və tam əminəm ki, Azərbaycanda
bütün vətəndaşlar - Prezidentdən
başlamış adi vətəndaşa qədər - bərabərhüquqlu
vətəndaşlar olmalıdır. Yəni, qanun
qarşısında heç kimin imtiyazı ola bilməz.
Hansısa peşə sahibi olmaq o demək deyil ki, bu, kiməsə
immunitet yaradır, yaxud da ki, kimisə toxunulmaz edir. Jurnalist həmrəyliyi
çox yaxşı şeydir və mən bunu bəyənirəm.
Ancaq bəzi hallarda biz bunu görürük ki, jurnalist həmrəyliyi
qanunu da, qanunvericiliyi də kənara qoyur və sadəcə
olaraq, jurnalistlərin hüquqlarının qorunması məsələləri
ilə bağlı fikirlər ortaya qoyulur. Biz burada
hüquqların qorunması ilə bərabər, eyni zamanda,
qanunun aliliyini də təmin etməliyik.
Mən hesab edirəm ki,
jurnalistikada vətənpərvərlik mövzuları ilə
bağlı daha da ciddi işlər aparılmalıdır.
Xüsusilə müharibə şəraitində olan ölkələrdə
bu, daha da böyük məna daşıyır. Azərbaycan
müharibə şəraitində yaşayır. Ona görə
gənc nəslimizin vətənpərvərlik ruhunda tərbiyə
olunması işində medianın müstəsna xidmətləri
vardır. Əlbəttə ki, burada dövlət dəstəyi
və dövlət siyasəti çox mühümdür və
bu siyasət məqsədyönlü şəkildə
aparılır. Azərbaycanda vətənpərvərlik
mövzuları çox geniş
işıqlandırılır. Gənclərin tərbiyəsi
ilə bağlı məsələlər, idman sahəsindəki
uğurlarımız, ordu quruculuğu sahəsində
aparılan işlər - bütün bunlar bir məqsədi
güdür ki, biz Azərbaycan xalqında vətənpərvərlik
ruhunu və duyğularını daha da artıraq, gücləndirək.
Medianın bu sahədəki
fəaliyyəti əvəzolunmazdır. Məsələn,
hansısa telereportajda, ya hansısa yazılı mətbuatda vətənpərvərlik
ilə bağlı çox ciddi və mənalı
mövzuların işıqlandırıldığını
görəndə bu, məni çox sevindirir. Mən hesab edirəm
ki, biz bu istiqaməti daha da gücləndirməliyik.
Ümumiyyətlə, mən məmnunluq hissi ilə deyə
bilərəm ki, Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan
mediasında birmənalı mövqe vardır. Bu, çox
vacibdir. Bu, milli məsələdir, ümummilli məsələdir.
Bu məsələdə siyasi maraqlar kənara
qoyulmalıdır. Bu məsələdə iqtidar-müxalifət
münasibətləri, ümumiyyətlə,
olmamalıdır. Bu məsələ ilə bağlı
heç kim spekulyasiya etməməlidir. Bu, bizim ümummilli məsələmizdir,
əsas məsələmizdir, əsas problemimizdir.
Bütün Azərbaycan xalqı birləşərək bu məsələni
həll edə bilər. Ona görə bu məsələ ilə
bağlı həm ölkə daxilində, həm də
xüsusilə sizin beynəlxalq media nümayəndələri
ilə əlaqələrinizdə biz daha da fəal iş
aparmalıyıq. Biz özümüz özümüzü
inandırmamalıyıq, biz onsuz da bilirik, nələr baş
veribdir.
Sadəcə olaraq, bu
mövzu daim gündəlikdə olmalıdır. Mən
Dağlıq Qarabağın azərbaycanlı icması ilə
görüşümdə bu barədə öz fikirlərimi
söylədim ki, biz heç vaxt sakitləşməyəcəyik.
Azərbaycanın ərazi bütövlüyü bərpa
edilməyənə qədər biz daim Ermənistana
qarşı bütün istiqamətlərdə, bütün
yollarla, bütün formalarda hücum siyasətini
aparmalıyıq.
Ona görə ölkə daxilində, sadəcə olaraq, bu mövzu daim işıqlandırılmalıdır. O ki qaldı xarici mətbuatla bağlı məsələlərdə, biz çalışmalıyıq ki, öz mövqeyimizi daha da dolğun şəkildə və daha da ağıllı şəkildə çatdıraq. Xüsusilə nəzərə alsaq ki, həqiqət bizim tərəfimizdədir - faktlar, materiallar, Xocalı soyqırımı, Azərbaycan torpaqlarının işğalı, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin aparılması. Bu siyasəti törədənlər hərbi cinayətkarlardır. Vaxt gələcək onlar bu cinayətlərə görə beynəlxalq məhkəmə qarşısında cavab verəcəklər. Ona görə mən hesab edirəm ki, biz bu istiqamətdə daha da ciddi işlər aparmalıyıq.
Bununla bərabər, əlbəttə ki, qeyd etdiyim kimi, bütövlükdə bu məsələ ilə bağlı Azərbaycan mətbuatında vahid mövqe var, amma istisnalar da olur. Bu, əlbəttə ki, çox üzücü bir haldır. Azərbaycan cəmiyyətində, Azərbaycan mediasında bu məsələ ilə bağlı başqa fikir ola bilməz. Separatistlərə bəraət qazandırmaq, onlardan müsahibə götürmək, onları təbliğ etmək, azərbaycanlıları dəhşətli günahlarda suçlandırmaq - bu bağışlanmazdır. Gör bu adamlarda Azərbaycan xalqına nə qədər nifrət var ki, onlar Azərbaycan vətəndaşlarının, günahsız insanların qanını axıdanları Azərbaycan mətbuatında təbliğ edirlər. Bəli, təkcə Azərbaycan mətbuatında deyil. Əgər təkcə burada olsaydı, dərd yarı idi. Beynəlxalq arenada Azərbaycana mənfi münasibət bəsləyən dairələrə elə bil ki, bu, əlavə bir arqument verir, onların dəyirmanına su tökür və bundan istifadə olunur. Belə yazıların erməni mətbuatında çıxması, beynəlxalq mətbuatda çıxması - bütün bunlar Azərbaycana qarşı koordinasiya şəklində aparılan siyasətin bir tərkib hissəsidir. Yəni mən buna heç söz tapa bilmirəm. Bu məsələ ilə bağlı fikirləri sözlə ifadə etmək çətindir. Hesab edirəm ki, Azərbaycan mediasında belə hallara qarşı çox ciddi və operativ reaksiya verilməlidir. Bu məsələ ilə bağlı jurnalist həmrəyliyi olmamalıdır, vətəndaş həmrəyliyi olmalıdır.
Qaldırdığınız digər məsələlərlə bağlı, jurnalistlərin məişət şəraiti ilə bağlı məsələlərlə əlaqədar siz təklifləri verin. Mən çalışacağam operativ şəkildə bunu həll edim ki, Azərbaycan dövləti bu sahədə öz dəstəyini göstərsin.
Mən bir
daha sizi bu gözəl gün, hadisə münasibətilə
təbrik edirəm. Hesab edirəm, bugünkü bayram
günü bir fürsətdir ki, biz görüşək, səmimi
şəkildə danışaq. Mən də öz fikirlərimi
sizə çatdırım ki, biz bundan sonra da belə əməkdaşlıq
şəraitində öz işlərimizi davam etdirək.
***
Sonra Prezident İlham Əliyev Mətbuat Şurasının idarə heyətinin üzvləri - Vüsalə Abışovaya və Əflatun Amaşova "Əməkdar jurnalist", Umud Mirzəyevə və Abbas Tapdıqa "Əməkdar mədəniyyət işçisi" fəxri adlarının vəsiqələrini təqdim etdi.
Sonda xatirə
şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.- 2010.- 23
iyul.- S. 2.