Heydər Əliyev İrsini
Araşdırma Mərkəzi və "Kaspi"
qəzeti "135 illik yol"
kitabını nəşr etmişdir
Heydər Əliyev İrsini Araşdırma Mərkəzi və "Kaspi" qəzeti milli mətbuatımızın 135 illiyi ilə bağlı Azərbaycan və ingilis dillərində "135 illik yol" ("Road of 135 years") adlı kitab nəşr etmişdir.
Kitabın elmi məsləhətçisi Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri, tarix elmləri doktoru, professor Əli Həsənov ön sözdə bildirir ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev müasir Azərbaycanın əsasını qoymuşdur. Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılmış, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Azərbaycan Prezidentinin 1998-ci il 6 avqust tarixli fərmanı ilə Nazirlər Kabineti nəzdində mətbuatda və digər KİV-də dövlət sirlərini mühafizə edən baş idarə ləğv edilmişdir. Bununla hərbi senzuranın tətbiq edilməsi haqqında Azərbaycan Prezidentinin 1992-ci il 16 aprel tarixli fərmanı və bütün informasiya yayımı üzərində nəzarəti nəzərdə tutan 1993-cü il 15 aprel tarixli sərəncamı qüvvəsini itirmişdir. Senzuranın ləğvi demokratik cəmiyyət olaraq Azərbaycanın perspektiv inkişaf xəttinə uyğun gəlirdi. Fərmanda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi müstəqil KİV-in inkişafının, vətəndaşların beynəlxalq hüquq və Azərbaycan Konstitusiyası ilə təsbit olunmuş söz, məlumat və fikir azadlığının təmin edilməsində mühüm rol oynamışdır. Bu siyasətin ardıcıllığını təmin etmək məqsədilə 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olunmuş və dövlətin mətbuat üzərində nəzarət funksiyasından imtina edilmişdir.
Hazırda öz inkişafının mühüm mərhələsini yaşayan müstəqil Azərbaycanda güclü iqtisadi potensialın yaradılması, vətəndaş cəmiyyəti quruculuğunun sürətləndirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun artırılması, ümummilli problemlərin milli maraqlara uyğun həlli istiqamətində məqsədyönlü və ardıcıl siyasət həyata keçirilir. Heydər Əliyevin siyasətini və ənənələrini müasir dövrün tələblərinə uyğun uğurla davam etdirən Prezident İlham Əliyev cəmiyyət həyatında kütləvi informasiya vasitələrinin rolunu yüksək qiymətləndirərək demokratik, müstəqil KİV-in inkişafına əlverişli şərait yaradılmasını öz siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir.
Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin və "Kaspi" qəzetinin birgə ərsəyə gətirdiyi kitabda ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatı haqqında çıxışları, fikirləri, imzaladıqları fərman və sərəncamlar iki dildə oxuculara çatdırılır.
Kitab müstəqillik
illərində Azərbaycanda söz və
məlumat azadlığının, kütləvi informasiya vasitələrinin inkişaf
etdirilməsi məqsədilə həyata keçirilən
dövlət siyasəti haqqında obyektiv
təsəvvür formalaşdırılması üçün lazımlı əyani vəsait,
milli mətbuatımızın 135
illiyinə layiqli hədiyyədir.
AzərTAc
Azərbaycan.- 2010.-23
iyul.- S. 4.