Ərzaq təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövlətinin strateji vəzifələrindəndir

 

Son illər ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar kontekstində kənd təsərrüfatı məhsulları istehsalının artırılması ilə bağlı atılan uğurlu addımlar bəhrəsini verməkdədir. Beynəlxalq iqtisadi münasibətlərə, hüquqi normalara cavab verən, xalqın milli maraqlarına əsaslanan çoxşaxəli islahatlar ölkəmizin iqtisadi qüdrətini, siyasi nüfuzunu daha da artırmış, əhalinin rifahının yaxşılaşdırılmasına stimul yaratmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncamlar, qəbul edilmiş dövlət proqramları regionların sosial-iqtisadi inkişafına və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına rəvac vermişdir.

 

İyulun 13-də Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə iqtisadi islahatların düzgün istiqamətdə aparıldığını, ötən il əldə olunmuş müsbət meyillərin bu il də davam etdiyini xüsusi vurğulamışdır. Altı ayda iqtisadi inkişafın 3,7 faiz təşkil etməsi yaxşı perspektivlərdən xəbər verir. Cənab İlham Əliyevin neft amilindən uğurla istifadə edərək iqtisadiyyatın bütün sahələrinin inkişafına nail olmaq barədə müəyyənləşdirdiyi strategiya aqrar sahənin də üzərinə böyük vəzifələr qoyur. Təbii ki, Azərbaycan iqtisadiyyatının neft amilindən asılılığının maksimum dərəcədə azaldılmasında kənd təsərrüfatı məhsulları istehsalçılarının da rolu böyükdür. Regionların sosial-iqtisadi inkişafına və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, dövlət başçısının "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" sərəncamına uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarına edilən güzəştlər nəticəsində kənd təsərrüfatının ümumi məhsulunun sabit qiymətlərlə dəyəri 2010-cu ilin altı ayı ərzində 1306,6 milyon manat təşkil etmişdir.

Respublikamızda aparılan uğurlu və dinamik sosial-iqtisadi siyasət nəticəsində artıq bir neçə ildir ki, aqrar sahədə daxili istehsal hesabına əhalinin əksər kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi mümkün olmuşdur. Prezident İlham Əliyevin "Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" 23 oktyabr 2004-cü il tarixli, "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" 23 yanvar 2007-ci il tarixli, "Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə" 21 avqust 2008-ci il tarixli, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" 25 avqust 2008-ci il tarixli sərəncamları aqrar bölmənin, əsasən də taxılçılığın inkişafında həlledici rol oynayır. Proqramda nəzərdə tutulmuş vəzifələrdən biri də kənd təsərrüfatının mühüm sahəsi olan və ərzaq təhlükəsizliyi baxımından daha çox önəm daşıyan taxılçılığın inkişaf etdirilməsidir. Bu məqsədlə qarşıda ölkə əhalisinin taxıla olan tələbatını daxili istehsal hesabına təmin etmək kimi mühüm vəzifə durur. Buna görə də respublikanın torpaq imkanları və mövcud vəziyyət nəzərə alınaraq yüksək məhsuldarlığa nail olmaq yolu seçilmişdir. Yüksək keyfiyyətli və məhsuldar sortların tətbiqi, toxumçuluq və tingçilik işinin yaxşılaşdırılması diqqət mərkəzindədir. Bu məqsədlə dövlət və özəl toxumçuluq təsərrüfatlarının inkişafı ön plana çəkilmişdir. 660 özəl təsərrüfatın 576-sı taxılçılıq üzrə fəaliyyət göstərir.

Ölkə rəhbəri İlham Əliyev hələ Nazirlər Kabinetinin 2008-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bildirmişdi ki, biz ərzaq təhlükəsizliyinə yüz faiz nail olmalıyıq. Çünki dünyada gedən proseslər bizi buna vadar edir. "Bir müddət əvvəl dünyada taxıl qıtlığı yaranmışdı. Taxıl istehsalçıları taxılı satmırdılar. Hətta əvvəllər bizim özəl şirkətlər tərəfindən imzalanmış müqavilələr də icrasız qalmışdı. Ona görə biz dərhal çalışmağa başladıq ki, yerli istehsalı gücləndirək. Bu gün isə cəmi bir il keçəndən sonra vəziyyət tamamilə fərqlidir".

Həmin müşavirədə Prezident İlham Əliyev fermerlərə ayrılan kreditlərin, "Aqrolizinq"in xətti ilə alınan texnikaların, gübrələrin artırılması zəruriyyətini, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə soyuducu anbarların, eyni zamanda, taxıl anbarlarının tikintisinin geniş vüsət aldığını diqqətə çatdırmışdır. "Taxıl haqqında" Azərbaycan Respublikası Qanununun qəbul edilməsi də bu işə müsbət təsir göstərmişdir. Qanun qəbul edildikdən sonra taxılın istehsal həcmi artırılmış, məhsulun keyfiyyətinin idarə edilməsinin hüquqi əsasları müəyyənləşdirilmişdir. Hazırda dövlət fermerlərdən müvafiq qiymətə keyfiyyətli taxıl tədarük edir.

2010-cu ilin məhsulu üçün keçən ilin payızında və bu ilin yazında ölkə fermerləri 950 min hektar sahədə dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər əkmişlər ki, onun 674,6 min hektarını buğda təşkil edir. Taxıl yığımı kampaniyasının mütəşəkkil keçməsi üçün nazirlik tərəfindən "Aqrolizinq" ASC mütəxəssislərindən ibarət qərargah və "qaynar" telefon xətti yaradılmışdır. Taxılbiçən kombaynların məhsuldar işləməsi üçün səyyar texniki xidmət və yanacaqdoldurma maşınları səfərbər edilmişdir. Taxıl biçini mövsümündə "Aqrolizinq" ASC tərəfindən gətirilən 990 kombayn da daxil olmaqla, ümumilikdə 3110 taxılyığan kombayndan istifadə olunur. Qeyd edim ki, yeni kombaynların sayı keçən ildəkindən 236 ədəd çoxdur. Bu da cari ildə məhsulun vaxtında və itkisiz yığılmasına şərait yaradacaq.

Builki taxıl biçini kampaniyası bir çox xarakterik cəhətləri ilə ötənilki mövsümlərdən fərqlənir. Biçin ərəfəsində Kür və Araz çaylarında subasma nəticəsində min hektarlarla taxıl sahəsi su altında qaldı, mal-qara, ev quşları tələf oldu. Baş vermiş təbii fəlakətlə əlaqədar yaradılmış hökumət komissiyası sədrinin yanında keçirilən iclasda Kənd Təsərrüfatı Nazirliyinin də qarşısında mühüm və təxirəsalınmaz vəzifələr müəyyənləşdirildi. Şirvan şəhərindəki operativ qərargahın üzvləri ortaya çıxan problemlərin həlli ilə bağlı nəzərəçarpan işlər həyata keçirdi. Həmin günlərdə "Aqrolizinq" ASC-nin Saatlı, Sabirabad, İmişli, Neftçala, Zərdab və digər rayonlardakı aqroservis xidmətləri, Şirvan şəhər təchizat bazasının müvafiq bölmələri xilasetmə işlərinə cəlb edilmişdilər. Fəlakət zonası rayonlarında yaradılan komissiyaların tərkibinə Kənd Təsərrüfatı Nazirliyinin yerli idarə və təşkilatlarının rəhbərləri də daxil idi.

Regionda su basmış ərazilərin ətrafında əkilmiş kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərinə qarşı ardıcıl mübarizə tədbirləri həyata keçirildi. Xatırladım ki, çay daşqınları nəticəsində təbii fəlakət zonasında 60107 hektar əkin və örüş sahəsini su basmışdı. Bunun 26255 hektarı payızlıq taxıl, 2667 hektarı kartof, 2400 hektarı tərəvəz, 710 hektarı bostan, 1422 hektarı pambıq, 3735 hektarı örüş sahələridir. Hava şəraitinin kəskin dəyişməsi, aramsız yağışların yağması və yoluxucu xəstəliklərin artması nəticəsində məhsul itkisinə dəyən ziyanı minimuma endirmək məqsədilə müvafiq aqrotexniki tədbirlər bu gün də davam etdirilir. Qeyri-sabit iqlim şəraitinə baxmayaraq, bu il 99 min hektar bar verən meyvə-giləmeyvə bağlarından 680 min ton məhsul alınması gözlənilir. Aparılan araşdırmalara görə, bir sıra bölgələrin meyvə bağlarına, xüsusən çəyirdəklilərə xeyli ziyan dəymişdir. Bununla yanaşı, çəyirdəkli meyvələrdən fərqli olaraq tumlu, sitrus və subtropik meyvə və üzüm bağlarında vəziyyət qənaətbəxşdir.

Ölkəmizdə heyvandarlıq sahəsinin də intensiv inkişafı ilə bağlı mühüm tədbirlər həyata keçirilməkdədir. "Aqrolizinq" ASC-nin xətti ilə son iki ildə respublikaya 1057 baş damazlıq düyə gətirilmiş və heyvandarlıq məhsulları istehsalçılarına lizinq və güzəştlə satılmışdır. Cənubi Qafqaz regionunda ilk dəfə olaraq ölkəmizdə Süni Mayalanma Mərkəzi fəaliyyət göstərir. İndiyədək 500 nəfər süni mayalanma texniki hazırlanmış və onlar lazımi avadanlıqla təmin olunmuşlar. Keçən il süni mayalanma yolu ilə 23 min baş, cari ilin altı ayı ərzində 17 min sağlam bala alınmışdır. Bu üsulla inəklərin hər birindən orta hesabla 3000-3500 kiloqram süd sağılır. Ağstafa və Salyan rayonlarında iri südçülük komplekslərinin tikintisinə başlanmışdır. Ölkə əhalisinin ət və ət məhsulları ilə təmin olunmasını daha da yaxşılaşdırmaq məqsədilə Bakı ətrafında, dağ və dağətəyi rayonlarda ixtisaslaşmış müəssisələrin yaradılması qərara alınmışdır. Ət istehsalının artırılmasında əsas ehtiyat mənbəyi hesab olunan tezyetişən quşçuluq sahəsinin intensiv inkişafı davam etdirilir. Respublikada quşçuluğu inkişaf etdirmək və quş əti istehsalını 105 min tona çatdırmaq üçün kompleks tədbirlər həyata keçirilir. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti öz fəaliyyətini "Baytarlıq haqqında" Azərbaycan Respublikası Qanununa və nazirliyin kollegiya qərarı ilə təsdiq edilən epizootiya əleyhinə tədbirlər planına uyğun qurur. Əhalinin təhlükəli epizootik xəstəliklərdən qorunması, heyvanlar arasında yoluxucu xəstəliklərin baş verməməsi üçün müvafiq profilaktiki tədbirlər görülür.

Fermerlərin, heyvandarlıq məhsulları istehsalçılarının qarşısına çıxan bir sıra problemlərin həlli daim dövlətimizin diqqət mərkəzindədir. Bu il dövlət büdcəsindən nazirlik yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 10 milyon manat vəsait ayrılmışdır. Nazirlər Kabinetinin 14 may 2007-ci il tarixli qərarı ilə təsdiqlənən "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinin vəsaitlərinin istifadəsi "Qaydaları"na uyğun ölkənin 34 rayonunda aqrar sektorda çalışan 415 sahibkara 9,7 milyon manat güzəştli kreditlər verilmişdir. Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən, 2007-ci ildən etibarən kənd təsərrüfatı məhsulları istehsalçılarına əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına, həmçinin buğda və çəltik səpininə görə dövlət büdcəsi vəsaiti hesabına yardımlar verilir. Son üç ildə bu yardımların ümumi məbləği 228,6 milyon manat təşkil etmişdir. Dövlət büdcəsi vəsaiti hesabına məhsul istehsalçılarına yardım verilməsi prosesi bu il də davam etdirilir. 2010-cu ildə yanacaq və motor yağlarına görə yardımın ödənilməsi məqsədilə rayon və kənd ərazi komissiyalarına ərizə və blank formaları çatdırılmışdır. Nazirlər Kabinetinin 15 mart 2010-cu il tarixli sərəncamına əsasən, kənd təsərrüfatı istehsalçılarına yardımın ödənilməsi üçün dövlət büdcəsindən 59,9 milyon manat vəsait ayrılmışdır. Kənd təsərrüfatında istehsalın davamlı və dinamik inkişafı, torpağın münbitliyinin qorunub saxlanılması məqsədilə mineral gübrələrdən istifadəyə üstünlük verilir. Dövlət başçısının 2007-ci il tarixli 1907 nömrəli sərəncamına müvafiq Nazirlər Kabinetinin sərəncamı ilə mineral gübrənin dəyərinin 70 faizinin dövlət tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəşt edilməsi azot gübrəsinin satılmasına müsbət təsirini göstərmişdir. Qısa müddətdə 19,9 milyon manat dəyərində 58 min ton mineral gübrənin satılması təmin olunmuşdur.

Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısında ölkənin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev bildirmişdir ki, dövlət kənd təsərrüfatının inkişafı naminə bundan sonra da bütün tədbirləri görəcək, bu sahədə infrastruktur layihələrin həyata keçirilməsini, kənd təsərrüfatına subsidiyaların verilməsini davam etdirəcək. Bu cür tədbirlərin ardıcıllığı və qeyri-neft sektoruna xüsusi diqqət göstərilməsi kənd təsərrüfatı məhsulları istehsalçılarının maddi marağının artırılmasına və ərzaq təhlükəsizliyinin təmin edilməsinə real zəmin yaradır. Azərbaycan fermerləri, heyvandarlıq məhsulları istehsalçıları ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı dövlətin qarşıya qoyduğu vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün bundan sonra da var qüvvə ilə çalışmaq, ölkəmizin iqtisadi qüdrətinin artırılması üçün yeni töhfələr vermək əzmindədirlər.

 

 

İsmət ABASOV,

kənd təsərrüfatı naziri

 

Azərbaycan.- 2010.-  23 iyul.- S.  4.