İşğal olunmuş abidələr

 

 Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qalmış ərazilərində məhvə məhkum edilən maddi-mədəniyyət abidələri tariximizin daş yaddaşı kimi əvəzolunmaz milli sərvətimizdir. Bu abidələr təkcə maddi-mədəniyyət deyil, həm də mənəviyyat tariximizin "arxivi", səhifələridir. Qarabağın tarixi abidələrinin darmadağın edilməsi isə mədəniyyət və mənəviyyat tariximizin daşlaşmış yaddaşının silinməsi kimi ağrılı-acılıdır.

İllərdən bəri məkrli, çirkin siyasətləri ilə daşnakların və onların havadarlarının diş qıcadığı, Azərbaycandan qoparmağa çalışdığı yurdlarımızdan biri, təbii-coğrafi baxımdan respublikamızın ən zəngin bölgələrindən olan Ağdam həm də xalqımızın çoxəsrlik tarixini özündə əks etdirən müxtəlif növlü abidələr diyarıdır. Aparılan arxeoloji tədqiqatlar nəticəsində müəyyən olunub ki, bu yerlərdə insanlar təxminən 8-10 min il bundan əvvəl məskunlaşmışlar.

1988-1993-cü illər ərzində düşmənlə üz-üzə, göz-gözə dayanıb qətiyyətli mübarizə aparan və elə torpaqlarımızın bütövlüyü uğrunda ilk şəhidlərini (Əli və Bəxtiyar) verən Ağdam rayonu ərazisində qədim tarixə malik çoxsaylı memarlıq və incəsənət abidləri az deyildi. Ağdam şəhərində Üzərlik təpə abidəsi, Xaçındərbənd kəndindəki Qutlu Sarı Musaoğlu günbəzi (1314-cü il), Kəngərlidəki (XIV əsrin yadigarı) türbə və daş abidələr, Papravənddəki XVII əsrdən qalan Xanoğlu türbəsi, XVIII əsrə aid məscid və digər türbələr, Xan qızı Natəvanın və oğlunun şərəfinə tikilmiş 19-cu yüzilliyin türbəsi, Şahbulaq qalası... kimi tarixi-memarlıq abidələri Ağdamın işğalı zamanı dağıdılıb. Buradakı tarixi memarlıq abidələri müxtəlif dövrləri əks etdirən nadir nümunələr idi. Bu maddi-mənəvi abidələr qruplaşdırılaraq, "Azərbaycan Respublikasının ərazilərində dövlət mühafizəsinə götürülmüş daşınılmaz mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsü" adlı kitaba daxil edilib.

 Ağdamda olan dünya əhəmiyyətli, daşınmaz tarixi və mədəniyyət abidələri sırasına XIV əsri əhatə edən qiymətli nümunələr daxildir.

 Məsələn, Ağdamın Xaçın-Dərbəndli kəndində olan Qulu Musaoğlu türbəsinin yaşı çox qədimlərə gedib çıxır: 1314-cü ilə.

Belə bir tarixi dövrü əhatə edən abidələrin işğal altında qalması ermənilərə Azərbaycanın tarixini saxtalaşdırmaq üçün müəyyən imkanlar yaradır.

Təkcə mədəniyyətimizi deyil, tariximizin bir parçasını sinəsində saxlamış abidələr də (Xanoğlan türbəsi, Qarabağ xanı Pənahəli xanın imarəti (XVIII əsr) və türbəsi (XIX əsr) də daşnak quldur dəstələri tərəfindən dağıdılıb.

On yeddi ildir Ağdam ərazisindəki maddi-mədəniyyət abidələri erməni qəsbkarlarının vandalizm siyasətinin şahididir. Daşnaklar və onların havadarları muzeylərdəki eksponatları nəinki talayıb aparmışdılar, hətta həmin abidə-məbədlərin daşını daş üstə qoymamışdılar. Bütün bu faktlar isə illərdən bəri beynəlxalq müşahidəçi qismində Qarabağa səfər edən təşkilatların təmsilçilərinə yaxşı məlumdur, çünki vaxtaşırı verdikləri hesabat-məruzələrində öz əksini tapmışdır.

Mədəniyyətlə tariximizin qovuşduğu belə muzeylərdən Ağdam şəhərindəki Çörək, Tarix-Ölkəşünaslıq muzeyləri ilə yanaşı tarzən Qurban Pirimovun xatirə muzeyinin, Ağdam Şəkil Qalereyasının adlarını çəkmək olar.

Onu da qeyd etmək lazımdır ki, Ağdam Tarix-Ölkəşünaslıq Muzeyi rayonun işğaldan kənarda qalan Qaradağlı kəndində bərpa edilib.

Ağdamda təkcə maddi-mədəniyyət ocaqları deyil, dini məbədlər də düşmən tərəfindən məhvə məruz qalıb. Papravənddəki Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar da işğala məruz qalmışdılar.

Ağdamın mərkəzində yerləşmiş, qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri də dağıdılıb.

Lakin qoca tarix çox belə talanların və dağıntıların şahidi olub. Qarabağın bütünlüklə tarixini, onun maddi-mənəvi sərvətlərini özündə minilliklər boyu qoruyub saxlayan Ağdam işğaldan azad olunacaqdır, dağıdılmış, talan edilmiş qədim yaşayış məntəqələrindəki tariximizin, mədəniyyət və mənəviyyat abidələrimizin yenidən bərpası isə bir vətəndaşlıq borcu kimi bugünkü nəslin üzərinə düşür.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2010.-23  iyul.- S.  6.