Ümidlər çiçək açacaq

 

Yaman günün ömrü az olar. Amma 17 ildir ki, ağrısı, əzabı çəkilməz olan Ağdamsız günlər sona yetmir. Dövlətin hərtərəfli qayğısı ilə əhatə olunmuş, çadır düşərgələrinin məşəqqətlərindən qurtulub hər cür infrastruktura malik yeni qəsəbələrdə rahat mənzillərə qovuşmuş ağdamlılar ümidlə, inamla erməni cəlladlarından qisas alacaqları, doğma torpaqlara dönəcəkləri günü gözləyirlər. Bu yenilməz ümidi, bu sarsılmaz inamı ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yeritdiyi müdrik uzaqgörən siyasət doğurur.

Ağdamlılar bütün dönəmlərdə dövlətə, dövlətçiliyə sədaqətli olublar. On yeddi ildən bəri davam edən üzücü məcburi köçkünlük illərində ağır şəraitdə yaşasalar da, irili-xırdalı, saysız-hesabsız problemlərlə üzləşsələr , öz dövlətlərinə, bu dövlətin sükanı arxasında qətiyyətlə dayanan Prezident İlham Əliyevə güvəniblər. Qaçqın məcburi köçkünlərin problemlərinin həllinin öz fəaliyyətində həmişə prioritet məsələ olduğunu bəyan edən Prezident İlham Əliyev bir tərəfdən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqları dəyişməz mövqedən, torpaqlarımızın bir qarışını da güzəştə getmədən, son dərəcə prinsipiallıqla davam etdirirsə, digər tərəfdən doğma yurd-yuvalarından, rahat ev-eşiklərindən perik salınmış çoxsaylı məcburi köçkünlərin həyat səviyyəsini yüksəltmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün zəruri tədbirlər görür. Təkcə keçən il dövlət başçısının tapşırığı ilə qaçqın məcburi köçkünlərin sosial problemlərinin həllinə 309,9 milyon manat sərf olunmuş, 5710 nəfərdən ibarət 1142 ailə yeni tikilmiş evlərə köçürülmüşdür. Ağdam rayonunun işğal altında olmayan ərazisi indi əsl inşaat meydanını xatırladır. Rayon mərkəzinə çevrilmiş Quzanlı qəsəbəsi böyük həvəslə yenidən qurulur. Abad geniş küçələr, yaraşıqlı binalar Quzanlıya müasir şəhər görkəmi verir. Burada dövlət başçısının təşəbbüsü ilə tikilmiş, Avropa standartlarına cavab verən Olimpiya İdman kompleksi cəbhə bölgəsində yaşayan gənclərə dövlətin böyük töhfəsidir. 50 çarpayılıq xəstəxananın, əhalinin sosial müdafiəsi mərkəzi üçün inzibati binanın, Fövqəladə Hallar Nazirliyinin zona regional mərkəzinin rayon statistika idarəsi üçün inzibati binaların, vətən uğrunda şəhid olanların xatirəsinə inşa edilmiş abidə kompleksinin istifadəyə verilməsi, qəsəbəyə ətraf kəndlərə təbii qaz çəkilməsi bölgənin simasını əsaslı şəkildə dəyişmişdir. Dövlətin qayğısından ruhlanan ağdamlılar tikinti, abadlıq-quruculuq işlərini həvəslə davam etdirirlər. Quzanlının mərkəzi küçəsi başdan-başa yenidən qurulur. Buradakı köhnə yöndəmsiz ticarət, iaşə xidməti köşkləri götürülərək yerində milli memarlıq üslubunda yeni binalar tikilir ya əsaslı təmir olunur. Genişləndirilmiş şose yolunun hər iki tərəfi boyunca səliqəli səkilər salınır, yeni kanalizasiya xətləri çəkilir. Ürəklərinin odunu, əllərinin hərarətini əsirgəməyən ağdamlılar bu küçəni əsaslı şəkildə yenidən qurub ulu öndərin adını daşıyacaq yaraşıqlı prospektə çevirməyə çalışırlar.

Ağdamın işğalından ötən 17 il ərzində fəaliyyətini müxtəlif ünvanlarda davam etdirən rayon təhsil şöbəsi üçün ikimərtəbəli yaraşıqlı inzibati binanın tikintisi artıq başa çatmışdır. Doğum evi, uşaq xəstəxanasının tikintisi sürətlə davam etdirilir. 46 saylı yol istismarı idarəsi və rayon qaz istismarı idarəsi üçün inzibati binaların, veteranlar evinin tikintisində son tamamlama işləri görülür. Quzanlı mədəniyyət evinin əsaslı təmiri yüksək keyfiyyətlə davam etdirilir. Hazırda yaşayış məntəqələrinə təbii qaz çəkilişi Dörd yol deyilən ərazidə yeni salınmış üç qəsəbədə aparılır.

Artıq təbii qazdan istifadə edən abonentlərin sayı 4 mini keçmişdir. 480 yerlik məktəb-liseyin inşasına başlanması Ağdam təhsilinə dövlət qayğısının bariz nümunəsi kimi diqqəti cəlb edir.

Uca zirvəsində müstəqil dövlətimizin üçrəngli bayrağı əzəmətlə dalğalanan, yamacında ölkəmizin xəritəsi orijinal bir formada yaradıcılıqla işlənən qədim Sultanbud təpəsinin yaxınlığında böyük bir ərazi ağdamlıların, eləcə də rayona qonaq gələnlərin müqəddəs ziyarətgahına çevrilmişdir. Burada Qarabağ uğrunda döyüşlərdə həlak olmuş Ağdam şəhidlərinin əziz xatirəsinə abidə kompleksi inşa edilmiş, yeni park salınmışdır.

Bölgədə tikinti, abadlıq, quruculuq işləri vüsət alsa da, hər kəsin qəlbində heç vaxt öləziməyən müqəddəs bir istək var. Bu doğma torpaqlara qovuşmaq, düşmənlərimizin yerlə yeksan etdiyi Ağdamı yenidən qurmaq istəyidir. Bu məqsədə çatmaq üçün hər kəs bacardığını edir, əlindən gələni əsirgəmir. Rayonda gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə böyük önəm verilir. Hər il 10-11-ci sinif şagirdlərindən ibarət "Cəsurlar" və "Şahin" hərbi idman oyunları üzrə ümumrayon yarışları keçirilir, aprel-may aylarında məktəblilərin hərbi-hazırlıq vəziyyətinə ictimaiyyət qarşısında baxış keçirilir, vətənpərvərlik mövzularında rəsm, inşa yazı müsabiqələri təşkil olunur. Ərazidəki hərbi hissələrdə əsgərlərlə şagirdlərin vaxtaşırı görüşləri, gənclərin hərbi xidmətə yola salınması zamanı çağırış məntəqələrində təntənəli tədbirlərin keçirilməsi pozulmaz bir ənənəyə çevrilmişdir.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov bizimlə söhbətində dedi:

- Ağdamın itkisi ilə barışmaq mümkün deyil. Vaxtilə AXC-Müsavat hakimiyyətinin səriştəsizliyi, beş nəfərlik kiçik bir kollektivə başçılıq etməmiş təsadüfi adamların respublikaya rəhbərlik etməsi nəticə etibarilə bizi məğlubiyyətə uğratdı. Ağdam da, digər rayonlar da əsasən məhz bu səbəbdən itirildi. Ölkə başdan-başa xaos içindəydi. Hakimiyyət hərisi olan ayrı-ayrı siyasət dəllallarına məxsus silahlı dəstələr ümumi düşmənimiz olan erməni işğalçılarına qarşı deyil, bir-birilə vuruşurdular. Müharibə aparan tərəflər arasında qüvvələr nisbəti bizim ziyanımıza sürətlə dəyişirdi. Belə ağır zamanda xalqın tələb və istəyi ilə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıtması siyasi burulğanlar girdabında boğulan, iqtisadi tənəzzülə uğrayan, qardaş qırğını və parçalanmaq təhlükəsi ilə üzləşən bir dövlətin, ümidsizliyə uğramış bir xalqın üzünə günəş kimi doğdu. Günəş doğanda yarasalar yoxa çəkildiyi kimi, Heydər Əliyevin hakimiyyətə gəlişi bəd niyyətli qara qüvvələri siyasət meydanından uzaqlaşdırdı. Xalqın qüdrətli və müdrik oğlu heyrətamiz fəaliyyəti ilə öz şərəfli adını tarixə xilaskar kimi yazdı. Onun qurduğu, yaratdığı müstəqil Azərbaycan dövləti bu gün son dərəcə bacarıqla idarə olunur. Prezident İlham Əliyevin müdrik siyasəti ilə indi zaman Azərbaycanın xeyrinə işləyir. Düşmənlərimizlə qüvvələr nisbəti artıq müqayisəedilməz həddə çatıb. İndi Azərbaycanın hərbi məsələlərə ayırdığı vəsait bütövlükdə Ermənistanın dövlət büdcəsindən çoxdur. İndi beynəlxalq aləm bizim haqq səsimizə daha çox dəstək verir. Artan hərbi-iqtisadi gücümüz işğal altındakı torpaqlarımızın tezliklə azad ediləcəyinə olan inamı daha da artırır. Dövlətin qayğısını minnətdarlıqla qarşılayan ağdamlılar Prezident İlham Əliyevin Qarabağ probleminin həlli istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirirlər. Bir qarış Azərbaycan torpağının güzəşt edilməyəcəyi barədə dövlətimizin başçısının dönə-dönə səsləndirdiyi bəyanatlar ruh yüksəkliyimizi artırır, böyük qələbənin tezliklə reallaşacağına ümid verir. Ağdamda uşaqdan böyüyə, qadından kişiyə hər kəs silaha sarılıb Qarabağın azadlığı uğrunda müqəddəs və həlledici savaşa atılmaq üçün Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmrinə müntəzirdir. Artıq xalqın səbri tükənib. Biz doğma Ağdamı azad etməyə, onu övlad məhəbbətilə yenidən qurmağa, itirilmiş şöhrətini bu günün reallıqlarına uyğun şəkildə bərpa etməyə həvəslə və sonsuz inamla hazırlaşırıq. İnanırıq ki, illərdən bəri gözlədiyimiz gün - həsrətin sona yetəcəyi, ümidlərin çiçək açacağı gün uzaqda deyil.

 

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2010.- 23 iyul.- S.  6.