İnqilabçı, leninçi,
millətçi və "xalq düşməni"
Bu, Ruhulla Axundov idi. O Ruhulla
Axundov ki, qatı bolşeviklər tərəfindən qiymətləndirilib,
milli təfəkkür sahibləri tərəfindən dəyərləndirilib,
həmkarları tərəfindən bəyənilib, sovet
quruluşunun həyata keçirdiyi repressiya nəticəsində
də güllələnib. Nə idi günahı Ruhulla
Axundovun? Təsadüf nəticəsində "Kommunist" qəzetinin
1934-cü ildə çıxmış nömrələrindən
birində İran ədibi Səid Nəfisinin təəssüratlarından
bəhs edən məqalə oxudum. Orada deyilirdi: "EFirdovsi
yaradıcılığını əks etdirən Bakı sərgisi
daha mənalı və məzmunlu idi. Belə sərgi Avropada
yoxdurE Ruhulla Axundovun məruzəsi dərin məzmunlu, səlis
və xoşagələn idi". Eləcə də unudulmaz
Abdulla Şaiqin xatirələrində də şagirdi
olmuş Ruhulla Axundovun adı tez-tez çəkilir, onun Azərbaycan
ədəbiyyatına, mədəniyyətinə göstərdiyi
xidmətlərdən, ağlından, zəkasından, milli təfəkküründən,
əxlaqından, ziyalılığından söz
açılırdı. 1983-cü ildə partiya sovet
tarixçisi Qaraş Mədətovun çap edilmiş
"Ruhulla Axundov" adlı bioqrafik oçerkində isə
Ruhulla Axundovun az qala cahanşümul
inqilabçılığından, Lenin ideyalarının bir
nömrəli carçısı olduğundan geniş
danışılır. Maraqlıdır ki, bu bioqrafik
oçerkin heç bir yerində Ruhulla Axundovun 1937-ci il
repressiyasına tuş gəldiyinə toxunulmur. Onun
ölüm tarixi, daha doğrusu, qətlə yetirildiyi il belə
göstərilmir. Ruhulla Axundovun son iş yeri İncəsənət
İşlər İdarəsinin rəis vəzifəsi olub. Məhz
onu iş başındaca həbs edərək qətlinə fərman
veriblər. Yerində isə erməni əyləşdiriblər.
Əlbəttə, müəllifi başa düşmək
olardı. O dövrün tələbləri tamam başqa olub.
Amma hər halda 37-ci ilin repressiya qurbanı kimi Ruhulla Axundovun
adı çəkilməli idi. Bir də bu başı bəlalı
insan artıq bəraət almışdı.
Ruhulla Axundov 1897-ci ilin
qışında Bakının Şüvəlan kəndində
müəllim ailəsində anadan olub. Atası Əli
kişi Bağdadda ali ruhani təhsili aldıqdan sonra doğma
şəhərə qayıdaraq fars və ərəb dilləri
müəllimi vəzifəsində
çalışmışdır. Ruhulla körpə ikən
atasını itirib. Dörd yaşlı uşaq
bacılarının himayəsində böyüyüb.
İlk təhsilini kənd məktəbində aldıqdan sonra
şəhərdə rus-Azərbaycan məktəbində
oxuyub. Sonralar Bakı realnı məktəbində təhsil
alıb. Kiçik yaşlarından öz istedadı və
bacarığı ilə müəllimlərinin diqqətini cəlb
edib. Onun hamıdan seçilməsi görkəmli Azərbaycan
yazıçısı Abdulla Şaiqin də nəzərindən
qaçmayıb. Öz sevimli şagirdi haqqında unudulmaz ədibimiz
yazırdı: "Az gülən, az danışan,
ağır təbiətli Ruhulla qarayanız, arıq bir tələbə
idi. Ancaq qara, mənalı gözləri həmişə
parıldayırdı. Yoldaşlarından xeyli seçilirdi. Dərslikdən
ayrı-ayrı parçaları o qədər səlis və
mənalı oxuyurdu ki, valeh olmaya bilmirdin. Natiqlərə məxsus
gur və ahəngdar səsi var idi. Dərslərindən əla
alırdı. Pedaqoji şuralarda həmişə ondan bəhs
edərdilər".
Ruhulla Axundov əmək fəaliyyətinə
çox ağır bir dövrdə - Birinci Dünya
müharibəsi illərində başlayıb. O, "Orucov
qardaşları" mətbəəsində
çalışıb. İlk əvvəl fəhlə kimi
işə başlayan Ruhulla tezliklə öz istedadına
görə fərqlənib. Həm korrektor peşəsini yerinə
yetirib, həm də tərcüməçiliklə məşğul
olub.
Təbii ki, o dövrün
siyasi hadisələrinə gənc Ruhulla laqeyd qala bilməzdi.
Ölkəni bürümüş mitinqlər, nümayişlər
bu qaynar təbiətli, içi emosiyalarla dolu, həyatın
bir o qədər də isti-soyuğuna düşməmiş, əsl
həqiqətlərdən dərindən xəbəri olmayan gənci
özünə çəkməyə bilməzdi.
Doğrudur, sovet tarixçiləri bəh-bəhlə,
şüar şəklində yazırdılar ki, Ruhulla Axundov
bütün varlığı ilə inqilab işinə
bağlandı. Sadəcə onu demək mümkündür
ki, bir çoxları kimi Ruhulla Axundov da bu inqilabı
başlayanların pafoslu nitqinə inanmaya bilməzdi. Əgər
inqilabçılar bir yerdə qışqıraraq
"Yaşasın azadlıq!" oxuyurdularsa, bu xora
qoşulanların çox olması təbii idi. Əlbəttə,
"Şanlı Bakı kommunası" günlərində
Ruhulla Axundov "Bakı Şurasının əxbari" qəzetinin
redaktoru olmaqdan imtina etməzdi. Hətta 1919-cu ilin mayında
"Al bayraq" adlı qəzetdə yazırdı: "Biz
istiqlal istəyirik. Elə istiqlal ki haqlar haqq, zalımlar məhv,
məzlumlar hürr olsun". İlk baxışda çox
gözəl sözlərdir. Amma bu tələbin arxasında
hansı niyyətlər dayanacaq, bundan Ruhulla Axundovun qəti xəbəri
olmayıb. Biz bu gün Ruhulla Axundovun
inqilabçılığına haqq qazandırmaq fikrində
deyilik. Bu o dövrün bəlası, təsiri və onun səhvi
idi. Məsələ ondadır ki, sovet hakimiyyəti uğrunda
aparılan mübarizənin ən kəskin dövründə
də Ruhulla Axundov vətənpərvər publisist kimi
çıxış edirdi. Ona elə gəlirdi ki, ədaləti
bərpa etmək naminə, millətlər
qardaşlığı uğrunda mübarizə aparır. Ona
elə gəlirdi ki, həqiqətən kommunizm bayrağı
altında zəhmətkeşlər birləşəcək.
Bir də Ruhulla Axundov o qədər ağrı-acı, dərd
və xiffət çəkmişdi ki, bu bədbəxtlikləri
unutmaq üçün yeni həyat arzulayırdı. Bir tərəfdən
də
Sovet hakimiyyəti illərində
Ruhulla Axundov məsul partiya işlərində
çalışmaqla yanaşı, jurnalist fəaliyyətini
də davam etdirib. O, "Kommunist" qəzetinin ilk redaktoru
olub. O dövrdə respublikada nəşr olunan
"Qızıl əsgər" qəzeti və
"Savadlı qırmızı əsgər"
jurnalının işində yaxından iştirak edib.
Kommunistlərin Moskvada keçirilən bir neçə
qurultayının nümayəndələri arasında Ruhulla
Axundov da olub. 1920-ci ildə Leninlə görüşən
Ruhulla Axundov Bakıya döndükdən sonra kəndli komitələrində,
müxtəlif bolşevik təşkilatlarında, partiya
işində məsul vəzifələrdə
çalışıb. Ruhulla Axundov Leninin ideyalarına ürəkdən
inanırdı. Amma burada bir incə məqam da var ki, o nə qədər
qatı kommunist, bolşevik olsa da, millətini, xalqını,
Vətənini ürəkdən sevirdi. Azərbaycan xalq maarif
komissarı, Azərbaycan Dövlət Nəşriyyatının
direktoru və s. vəzifələrdə
çalışdığı illərdə əməli ilə
bunu dəfələrlə sübut edib.
"XX əsr Azərbaycan
yazıçıları"nın ensiklopediyasında Ruhulla
Axundov haqqında verilən məlumatda oxuyuruq: "Tərcüməçi
ədəbiyyatşünas, publisist, 1934-cü ildən Azərbaycan
Yazıçılar İttifaqının üzvüdür.
Tarix, ədəbiyyat və incəsənətə dair bir
sıra əsərlərin müəllifidir. Azərbaycan
dilində siyasi terminologiya yaradılması və yeni əlifbaya
keçirilməsində xidmətləri olmuşdur".
Ruhulla Axundov "İnqilab və
mədəniyyət" (1927-1928) jurnalının da redaktoru
olub. O bu jurnalın səhifələrində klassik Azərbaycan
şairlərinin, folklor nümunələrimizin dərc
olunmasına diqqət yetirərdi. O dövrdə bu jurnalda məsul
katib işləyən Süleyman Rüstəm öz xatirələrində
yazıb: "Mən Ruhulla Axundovun mənzilində çox
görkəmli alimləri, jurnalist, yazıçı və tərcüməçiləri
görmüşəm. Xatirimə gələnlərdən:
"...Tağı Şahbazi, Mehdi Hüseyn, Məmməd Arif,
Mikayıl Rəfili, Nemət Bəsiri və başqaları..."
Onun mədəni inqilab cəbhəsində
necə çalışmağı, necə kommunist
olmağı haqqında geniş danışmaq istəmirəm.
Bir faktı demək istəyirəm ki, Azərbaycan SSRİ-nin
15 illiyi təntənəli bayram edildiyi günlərdə
Ruhulla Axundov sosializm quruculuğundakı xidmətlərinə
görə Lenin ordeni ilə təltif olundu. Amma ziddiyyətli
münasibətə bax ki, üç ildən sonra bu şərəfli
mükafatçı güllələndi. Niyə? Bunun səbəblərini
tapmaq o qədər də çətin deyil. Bu, danılmaz
faktdır ki, Azərbaycanda maarifin, elmin, mədəniyyətin
inkişafı sahəsində Ruhulla Axundovun böyük xidməti
olub. "O, respublikada ali təhsilin inkişafına xüsusi
diqqət göstərirdi. Ali məktəblərdə
kafedraların, laboratoriyaların lazımi avadanlıqlarla təchiz
edilməsinə, professor-müəllim heyətinin maddi vəziyyətinin
yaxşılaşdırılmasına böyük əhəmiyyət
verirdi" ("Ruhulla Axundov" kitabı).
Bizə elə gəlir ki,
Ruhulla Axundovu repressiyanın caynağına tuş gətirən
səbəb tamam başqa idi. Azərbaycanda yeni əlifba
uğrunda kütləvi hərəkat genişləndi.
1926-cı ildə Bakıda türkoloji qurultay keçirildi. Bu
qurultayın işində Ruhulla Axundov yaxından iştirak
edib. Onun ən böyük rolu, məqsədi latın əlifbasının
tətbiqi məsələsi olub. O söyləyib ki, yeni əlifbanın
qəbul edilməsi təkcə Azərbaycan üçün
deyil, bütün Şərq üçün mühüm əhəmiyyət
kəsb edəcək. O, Azərbaycan dilinin təmizliyi,
saflığı uğrunda yorulmaq bilmədən mübarizə
aparıb. Bunun üçün də dərsliklərin,
lüğət ədəbiyyatının yaradılması məsələləri
ilə bağlı əsl fədakarlıq göstərib.
Bəzən deyirlər ki,
Ruhulla Axundov ateist olub. Tamamilə yanlış iddiadır.
Bağdadda ali ruhani təhsil almış Əli kişinin
oğlu Allahsız ola bilməzdi. O, dini xurafata, cəhalətə,
din pərdəsi altında insanlara zülm və zərər
verən nadanlara qarşı mübarizə aparırdı. O,
insanları maarifləndirmək arzusu ilə
çırpınırdı. Maraqlıdır, Ruhulla Axundovla
bağlı belə bir fikir də yazıblar: "1919-cu ildə
Müsavat irticası şəraitində Ruhulla Axundov M.Ə.Sabir
haqqında cəsarətli fikirlər söyləyib. Onu
mövhumat, cəhalət əleyhinə mübarizə aparan
şair kimi dəyərləndirib". Məgər Müsavat
Sabiri qəbul etmirdi ki?! Süni şəkildə də olsa
Ruhulla Axundovu Müsavata qarşı düşmən qiyafəsində
təqdim ediblər. Ruhulla Axundov əgər Mirzə Fətəli
Axundovun xatirəsinin əbədiləşdirilməsi və
1928-ci ilin martında heykəlinin ucaldılmasında fəal
iştirak edirsə, 1928-ci ildə Azərbaycan
aşıqlarının I qurultayının
çağırılmasının təşəbbüskarı
olursa, "Koroğlu" dastanının ən nadir əlyazmasının
tapılıb Azərbaycana gətirilməsində, milli ədəbiyyatımızın,
klassiklərin öyrənilməsində böyük xidmətlər
göstərirsə, necə ola bilərdi ki, o, xalqın əleyhinə
işləyərdi? Klassik irsin tədqiqi ilə məşğul
olmuş, ədəbi-bədii əsərlərin toplanıb nəşr
və tərcümə edilməsinə qayğı göstərən
Ruhulla Axundov, eyni zamanda, Marksın, Leninin kitablarının ilk
tərcüməçilərindən biri olub. Bu bir
faktdır ki, ikicildlik "Rusca-türkcə lüğət"in
tərtibçilərindən biri və redaktoru Ruhulla Axundov
idi. Onun həm də məşhur fransız
yazıçısı Anri Barbüslə
tanışlığı və yaxın dostluğu olub.
Sonralar onu İncəsənət
İşlər İdarəsinə rəis göndərdilər.
O, burada da səmərəli fəaliyyət göstərib.
Abdulla Şaiq yazırdı: "Ruhulla Axundov incə zövqə
malik, ədəbiyyatı dərindən başa düşən
və onu qiymətləndirən xadimlərimizdən idi. Onun
gördüyü işləri heç bir həqiqi vətəndaş
unuda bilməz. Heç kəs onun dərin zəkasına, geniş
dünyagörüşünə, tükənməz enerjisinə
heyrət etməyə bilməzdi. Bəs nədən güllələdilər
onu?
Xalq artisti Barat Şəkinskaya
öz xatirələrində yazırdı: "37-ci ilin dəhşətlərini
xatırlayanda ayaq üstə ölürəm. Əvvəl
tanınmış inqilabçıları, siyasi xadimləri,
sonra da məşhur ziyalıları - mədəniyyət, ədəbiyyat
xadimlərini həbs etməyə başladılar. Onların
arasında şəxsən mənim tanıdığım
adamlar da az deyildi. İncəsənət İşlər
İdarəsinin rəisi Ruhulla Axundov, Bakıdakı Dram
Teatrının direktoru Əli Kərimov... O zaman nə baş
verdiyini doğru-dürüst anlamaq o qədər də
mümkün deyildi. Mənim bildiyim bu idi ki, Ruhulla Axundov
çox xeyirxah və nəcib insan idi. Yerində ermənini əyləşdirdilər.
Qəddarın, başkəsənin biri idi..."
Ziya Bünyadov
"Qırmızı terror" kitabında yazırdı:
"Azərbaycanda DTK-nın ermənilərdən ibarət
olan rəhbərləri "müəyyən" etdilər
ki, təşkilatın başçıları R.Axundov, Ə.Qarayev...
və başqaları idilər". Söhbət hansı
gizli təşkilatdan gedirdi. Guya bu antisovet üsyanı
qaldıracaq rəhbərlərdən biri Ruhulla Axundov gələcək
Azərbaycan burjua demokratik respublikasının prezidenti
olmalı idi. Beləliklə, Ruhulla Axundov (bir vaxt Lenin ordenli
kommunist) həbs edilərək zindana atılıb.
"Yan"ların göstərişinə əsasən,
dustaqlardan lazım olan ifadəni almaq üçün onlara
işgəncə verilir, vəhşicəsinə döyür
və başqa iyrənc vasitələrə əl
atırdılar: "...Təşkilatınıza daxil
olanların adlarını desən, əvəzində nə sənə,
nə də ailənə toxunulacaq". Bu minvalla Ruhulla
Axundovdan bir müddət "şahid" kimi istifadə etməyə
çalışıblar. Döyülmə və işgəncələrdən
havalanan Ruhulla Axundov hətta tanımadığı adamlara da
"mənim təşkilatımın ən fəal
üzvüdür" demək zorunda olurdu. Onun
düşdüyü vəziyyəti, çəkdiyi zilləti
təsəvvür etmək mümkün olsa, bu talesizi
qınamaq çətindir. Çünki azadlıqda
bacısı qızları, həyat yoldaşı və bir
qızı var idi. Onun ucbatından bu arxasızların
başına nələr gələrdi? Bir canlı kimi nəfəsini
və varlığını itirənə qədər Ruhulla
Axundova zülm veriblər.
Ruhulla Axundovdan sonra onun ailəsindən,
bacılarından da əl çəkmədilər. Ona analıq
etmiş böyük bacısı Xoşsimanın dörd
qızı var idi. Təsəvvürə gətirin ki, ötən
əsrin 20-30-cu illərində bu qızlar ali təhsil
alıblar. Rübabə ilə Ruqiyyə tibb işçisi
olub. Nuriyyə Peterburqda - Smolnı İnstitutunda təhsil
almış ilk Azərbaycan qızlarından biridir. Nəcibə
xanım isə Bakı Teatr İnstitutunda Rza Təhmasibin
sinfini bitirmişdir. Dayılarının həbsindən sonra
qızları işdən çıxarıblar. Nəcibə
Məlikova da bir müddət Gəncədə yaşayıb.
Orada kasıb bir şəxslə ailə həyatı qurub.
Yalnız 1951-ci ildə doğma şəhərə
qayıdıb. Azərbaycan mədəniyyətinin çox
görkəmli nümayəndəsi olan Nəcibə Məlikova
ömrünün sonuna kimi nəsillərinin başına gətirilən
müsibətləri göz yaşları ilə
xatırlayırdı. Ruhulla Axundovun ikinci bacısı
Minabacının yeganə qızı Zəhranın həyat
yoldaşı Abdullanı da həbs ediblər. Onların hər
ikisi Moskvada Qırmızı Professorlar Universitetini
bitirmişdilər. Ərinin və dayısının həbsindən
sonra Zəhranı iki körpəsindən ayıraraq Sibirə
sürgün etdilər. Uzun illərdən sonra bəraət
alan Zəhra Vətənə qayıdıb. Amma
balalarını doğma yurdda görə bilməyib. Uzun
axtarışdan sonra qızının birini Belarusiyadakı,
digərini də Həştərxandakı uşaq evindən
tapıb. Ruhulla Axundovun həyat yoldaşı milliyyətcə
yəhudi olduğundan ona toxunmamışdılar. Onlar da
qarışıq illərdə Gürcüstana
köçüb gediblər. Əldə etdiyimiz məlumata
görə, qızı Rəna gürcü əsilli bir nəfərlə
ailə həyatı quraraq bir daha Vətənə
qayıtmayıb.
Beləliklə, bir taleyin tuşlandığı qəzavü-qədər bir nəslin yerlə-yeksanına səbəb olub. Bu dəhşətli lərzəni qoparan və onu vəhşiliklə həyata keçirən isə Azərbaycan adlı Vətənin və xalqın düşmənləri olub. Millətimizi Yer üzündən yox etmək istəyən qaniçənlərin bəd niyyətini əks etdirən sənədlər uzun illər qaranlıq arxivlərdə gizli qalıb. Yalnız dövlət müstəqilliyimizi qazandıqdan sonra o qaranlıq günlərə güzgü tutmaq nəsibimiz oldu. Bu da bir təsəllidir ki, haqsızlığa düçar olmuşların ruhları indi dinclik tapar.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2010.- 23 iyul.- S.
7.