Mətbuata dövlət qayğısı keyfiyyətcə yeni mərhələyə qədəm qoydu

 

"Azərbaycanda bu `gün böyük işlər görülür. Həm xarici siyasətdə uğurlar var, həm də daxildə iqtisadi inkişaf çox yüksək sürətlə gedir. Əlbəttə, biz çalışmalıyıq ki, görülən bütün işlər haqqında cəmiyyətimizə dolğun məlumat çatdıraq. Eyni zamanda, mövcud olan problemləri də tam şəkildə diqqətə çatdıraq. Mətbuatda gedən tənqidi materiallar mənim fəaliyyətimə də köməkdir. Mən bəzi şeyləri belə verilişlərdən, məqalələrdən götürürəm. Bu, çox önəmlidir. İqtidarla mətbuat arasında daim əlaqə, ünsiyyət olmalıdır. Mən bununla demək istəmirəm ki, bu əlaqə daim çox xoş olmalıdır, yaxud da müsbət olmalıdır. Yox. Amma bu, olmalıdır".

 

İlham ƏLİYEV

 

Demokratik quruluşun, vətəndaş cəmiyyətinin formalaşması prosesinin ayrılmaz tərkib hissələrindən biri də məhz söz və mətbuat azadlığının maksimum səviyyədə təmin olunmasıdır. Kütləvi informasiya vasitələri cəmiyyət həyatının bütün sahələrinə təsir göstərən qüdrətli vasitələrdən biri kimi ictimai rəyin formalaşmasında, habelə ictimai-siyasi proseslərin inkişaf istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynayır. Təsadüfi deyil ki, ictimai rəyə təsir göstərmək imkanlarına görə kütləvi informasiya vasitələri məcazi mənada "dördüncü hakimiyyət" adlandırılır.

Azərbaycanda iqtisadi proseslərlə siyasi islahatların bir-birini tamamlaması zərurətini realist siyasətçi kimi daim önə çəkən cənab İlham Əliyev ötən 7 ildə söz və mətbuat azadlığının yüksək səviyyədə təminatı üçün bütün zəruri tədbirləri həyata keçirmişdir. Bu günlərdə əsası görkəmli ziyalı Həsən bəy Zərdabi tərəfindən qoyulmuş Azərbaycan milli mətbuatının 135 illik yubileyinin yüksək səviyyədə qeyd olunması, milli jurnalistikanın inkişafında rolu olmuş qələm sahiblərinin mükafatlandırılması, 40-dək qəzetə və informasiya agentliyinə birdəfəlik yardımların verilməsi, Mətbuat Şurasının yeni binasının təntənəli açılış mərasiminin keçirilməsi, jurnalistlərin mənzil probleminin həlli üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 5 milyon manat vəsatin ayrılması bu diqqət və qayğının bariz təcəssümüdür.

Ümumilikdə, dövlətin birinci şəxsi səviyyəsində nümayiş etdirilən qətiyyət və siyasi iradənin nəticəsidir ki, bu gün kütləvi informasiya vasitələri istənilən məsələ ilə bağlı mövqeyini açıq ifadə edə bilir, xüsusən də müstəqil fəaliyyət göstərən qəzetlərin bu sahədə hansısa problemi yoxdur. Ölkədə azad fikrə, tənqidi mövqeyə dözümlü münasibət mövcuddur. Jurnalistlər istənilən dövlət orqanını, yüksək vəzifəli məmuru tənqid edə bilirlər. Prezident İlham Əliyev Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə görüşdə bununla bağlı demişdir: "Bizdə söz azadlığı var. Biz söz azadlığını qoruyacağıq və müdafiə edəcəyik. Azərbaycan dövləti və Azərbaycan iqtidarı tənqidlərə də, hətta təhqirlərə də dözümlüdür. Mən Prezident kimi buna əhəmiyyət vermirəm. Ancaq söhbət ondan getmir. Söhbət ondan gedir ki, bizim cəmiyyətdə belə hallar çox pis qarşılanır. Mediada yalan informasiyanın verilməsi qəbuledilməzdir. Əvvəlki dövrlərdə bu, çox geniş meydan tapmış bir yanaşma idi. Yalan informasiyanı ortaya atmaq, sensasiya yaratmaq, ondan sonra bu yalanın ətrafında müzakirələr aparmaq, elə bil ki, bunu reallığa çevirmək, ondan sonra bu yalanı xarici mediaya ötürmək və sonra bunu bir dəqiq xəbər kimi yenə qaytarmaq - bütün bunları biz bilirik. Mən hesab edirəm ki, bu siyasi mübarizə üsulu Azərbaycanın siyasi səhnəsindən getməlidir".

 

Mətbuatın böyük himayədarı

 

Azərbaycanda demokratikləşmə proseslərinin ölçü meyarına - barometrinə çevrilən söz və mətbuat azadlığının inkişafı ümumilikdə respublikanın hüquq sisteminin liberallaşdırılması və müasirləşdirilməsi prosesi ilə üzvi surətdə bağlıdır. Xatırlatmaq lazımdır ki, ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışından sonra cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, kütləvi informasiya vasitələrinin inkişafı, söz, mətbuat azadlığının təminatı sahəsində də yeni imkanlar açılmışdır. Vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası son 10 ildə insan hüquqları, söz və mətbuat azadlığının təmini ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulmuşdur. Müstəqil mətbuat orqanlarının təsis edilməsi və azad fəaliyyəti üçün ölkəmizdə zəruri qanunvericilik bazası yaradılmışdır.

Müstəqil Azərbaycanın 1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş ilk Konstitusiyasının 50-ci maddəsində ölkə vətəndaşlarının söz, məlumat toplamaq, öz rəyini sərbəst ifadə etmək və digər azadlıqları təsbit olunmuşdur. Digər qanunvericilik aktlarında da əksini tapmış bu azadlıqlar ölkə vətəndaşlarının qanuni üsullarla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən verilən təminata əsaslanır. Qüvvədə olan "Kütləvi informasiya vasitələri haqqında" qanuna əsasən, kütləvi informasiya vasitələrinin təsis olunması, onlara sahiblik, onlardan istifadə və idarə edilməsi qanunvericilikdə nəzərdə tutulan hallardan savayı, məhdudlaşdırıla bilməz.

Ümummilli lider Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərmanı ilə kütləvi informasiya vasitələri üzərində senzura ləğv olunmuş, bu sahənin inkişafını stimullaşdıran bir sıra zəruri tədbirlər həyata keçirilmişdir. 2001-ci ildə Avropa Şurası kimi mötəbər bir təşkilatın tamhüquqlu üzvlüyünə qəbul olunmuş respublikamız ölkədə söz, mətbuat azadlığının, fikir plüralizminin gücləndirilməsi istiqamətində yeni təcrübə və imkanlar əldə etmişdir.

18 dekabr 2001-ci il tarixdə aparıcı KİV rəhbərləri ilə görüşən ümummilli lider Heydər Əliyev milli jurnalistikanın üzləşdiyi bir sıra problemlərin aradan qaldırılması üçün mühüm fərman və sərəncamlar imzalamışdır. Bu sənədlər mətbuata güzəştli kreditlərin verilməsini, onların maddi-texniki bazasının daha da gücləndirilməsini, çoxlu sayda qəzetin "Azərbaycan" nəşriyyatına olan borcunun 2005-ci ilədək dondurulmasını nəzərdə tuturdu. Bu diqqət və qayğının qarşılığı kimi 2002-ci ildə "Jurnalistlərin dostu" mükafatına layiq görülən Heydər Əliyev hər zaman ölkədə söz və mətbuat azadlığının qarantı kimi çıxış edirdi. Ümummilli lider bütün bunlarla yanaşı, ölkə mətbuatının qüsurlarını, problemlərini də hər zaman açıq şəkildə bildirir, jurnalistləri milli-mənəvi, etik dəyərlərə riayət etməyə çağırırdı. Ümummilli lider mətbuat azadlığından sui-istifadə hallarını pisləyir, qanun pozuntularının yolverilməz olduğunu bildirirdi. Heydər Əliyevin şəxsiyyət kimi böyüklüyü onda idi ki, o, peşə etikasını kobud şəkildə pozan, faktlara deyil, şəxsi mülahizələrə söykənən "yazarlar"ın qanunamüvafiq qaydada cəzalandırılmasına yol vermir, dövlət məmurlarına dözümlü olmağı tövsiyə edirdi. Məhz Heydər Əliyevin humanistliyinin nəticəsi olaraq ötən illərdə bir sıra məmurlar qəzetlərə qarşı qaldırdıqları haqlı iddiaları geri götürüblər. Bu fakt ulu öndərin ölkədə azad mətbuatın fəaliyyətinə necə böyük əhəmiyyət verdiyini bir daha təsdiqləyir.

 

Söz azadlığının təmini prioritet məqsəddir

 

Son 10 ildə "Kütləvi informasiya vasitələri haqqında", "İnformasiya azadlığı haqqında" və digər qanunlar qəbul edilmiş, bu zaman Avropa Şurasının mütərəqqi rəy və təklifləri nəzərə alınmışdır. Medianın özünütənzimləməsi istiqamətində də mühüm addımlar atılmış, ölkə jurnalistlərinin I qurultayında Mətbuat Şurası formalaşdırılmışdır. Şura 7 illik uğurlu fəaliyyəti ilə cəmiyyətdə qəbul olunan, sayılıb-seçilən, eyni zamanda, mətbuat-məmur, mətbuat-vətəndaş mübahisələrinin məhkəməyəqədərki həllində böyük nailiyyətlər qazanan nüfuzlu təşkilata çevrilmişdir.

Bütün bunların nəticəsi olaraq hazırda Azərbaycanda söz və mətbuat azadlığı sahəsindəki mövcud vəziyyət qabaqcıl demokratik ölkələrlə müqayisə edilə bilər. Respublikada mətbu nəşrlərin sərbəst fəaliyyətinə, jurnalistlərin öz iradələrini azad ifadə etməsinə bütün imkanlar yaradılmışdır. 2003-cü ilin oktyabrından dövlətə inamla rəhbərlik edən Prezident İlham Əliyev respublikada söz və mətbuat azadlığını demokratiyanın fundamental şərti hesab edir. Dövlət başçısı milli mətbuatın qabaqcıl dövlətlərin mütərəqqi ənənələrinə əsaslanmaqla, eyni zamanda xalqın tarixi-milli xüsusiyyətlərini qorumaqla inkişaf etməsini vacib sayır. Azərbaycan Prezidentinin söz və mətbuat azadlığına necə həssas yanaşdığını onun bu fikirləri bir daha təsdiqləyir: "Azərbaycanda aparılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda o cümlədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azadlığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azərbaycan bu sahədə böyük uğurlara nail olmuşdur".

Hələ 2005-ci il 21 iyul tarixində "Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında", "Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında", habelə "Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında" sərəncamlar imzalayan Prezident İlham Əliyev jurnalistlərin əməyinə yüksək qiymət verdiyini, onlara arxa, dayaq olduğunu əməli şəkildə sübuta yetirmişdir. Bu sərəncamlar əsasında milli mətbuatın ilk qaranquşu olan "Əkinçi" qəzetinin 130 illik yubileyi respublikanın bütün bölgələrində yüksək səviyyədə qeyd olunmuş, jurnalistlər mükafatlandırılmış, onlara fəxri adlar, habelə prezident təqaüdləri verilmişdir.

Keçid dövründə KİV-in üzləşdiyi bir sıra problemlər nəzərə alınmaqla mətbuata davamlı olaraq qayğı və diqqət göstərilir. Mətbuatın maddi-texniki və maliyyə bazasının möhkəmləndirilməsi məqsədilə 2006-cı il fevralın 8-də imzalanmış "Qəzetlərin Azərbaycan nəşriyyatına olan borclarının ödənilməsi barədə" sərəncama əsasən, qəzetlərin "Azərbaycan" nəşriyyatına olan 450 min ABŞ dolları civarında borcu dövlət büdcəsindən ödənilmişdir. Xüsusi qeyd etmək lazımdır ki, borcları ödənilən qəzetlər sırasında müstəqil və müxalifyönlü qəzetlər çoxluq təşkil etmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 2008-ci il 31 iyul tarixli "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında", eləcə də "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasının təsdiq edilməsi haqqında" sərəncamları isə təsdiqləmişdir ki, Azərbaycanda mətbuata göstərilən dövlət qayğısı davamlı və sistemli səciyyə daşıyır. Belə bir konsepsiyanın imzalanması milli mətbuatın problemlərinin həllində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuşdur. Mətbuata dövlət dəstəyi konsepsiyasının imzalanması dövlət orqanları ilə kütləvi informasiya vasitələri arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğunda kütləvi informasiya vasitələrinin rolunun gücləndirilməsi məqsədindən irəli gəlmişdir.

Azərbaycan Prezidenti İlham Əliyevin 3 aprel 2009-cu il tarixli "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" sərəncamı da məhz Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi konsepsiyasında əksini tapmış məsələlərin praktik surətdə gerçəkləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Fond son iki ildə uğurla fəaliyyət göstərərək mətbuatın inkişafına, o cümlədən qəzetlərin ayrı-ayrı layihələrinin maliyyələşdirilməsinə dəstək verir.

 

Mətbuat milli problemlərin həllində fəal mövqe tutmalıdır

 

Milli mətbuatın 135 illik yubileyi çərçivəsində həyata keçirilən tədbirlər ilk növbədə onu göstərdi ki, dövlət başçısı İlham Əliyev ölkədə demokratik proseslərin, siyasi plüralizmin dərinləşdirilməsində KİV-in həlledici rolunu önə çəkir. Hazırda respublikamızda iqtisadi sahədə keçid dövrünün başa çatması, demokratik proseslərin sürətlə inkişaf etməsi, şübhəsiz, yazılı medianın - mətbuatın qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Azərbaycan mətbuatı keyfiyyətcə yeni mərhələdə sağlam jurnalistika dəyərləri əsasında fəaliyyət göstərməli, ifrat siyasiləşmə meyillərindən qaçmalı, cəmiyyət qarşısındakı sosial məsuliyyətini unutmamalıdır. Mətbuatda milli-mənəvi dəyərlərə, dövlətçilik maraqlarına hörmət prinsipi bütün konyunktur maraqlardan öndə dayanmalıdır.

 

Mətbuat Şurasının yeni müasir binasında şuranın İdarə Heyətinin üzvləri ilə görüşdə dövlət başçısı bu və digər məsələlərə xüsusi toxunmuş, mətbuatın cəmiyyətdəki missiyasını yüksək dəyərləndirməklə yanaşı, onun qarşısında duran başlıca vəzifələrdən də söz açmışdır. Prezident İlham Əliyev hazırkı inkişaf mərhələsində mətbuatın müstəqilləşməsi, obyektivlik və tərəfsizlik nümayiş etdirməsi, siyasiləşmə meyillərindən, qərəzdən, böhtandan uzaq olması, milli-mənəvi dəyərlərə hörmətlə yanaşması, ümummilli məsələlərdə vətəndaşlıq mövqeyi nümayiş etdirməsi ilə bağlı dəyərli tövsiyələrini vermişdir. Dövlət başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələdə Azərbaycan mətbuatının birmənalı mövqedən çıxış etdiyini də razılıqla bildirmişdir: "Ümumiyyətlə, mən məmnunluq hissi ilə deyə bilərəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan mediasında birmənalı mövqe vardır. Bu, çox vacibdir. Bu, milli məsələdir, ümummilli məsələdir. Bu məsələdə siyasi maraqlar kənara qoyulmalıdır. Bu məsələdə iqtidar-müxalifət münasibətləri ümumiyyətlə olmamalıdır. Bu məsələ ilə bağlı heç kim spekulyasiya etməməlidir. Bu, bizim ümummilli məsələmizdir, əsas məsələmizdir, əsas problemimizdir. Bütün Azərbaycan xalqı birləşərək bu məsələni həll edə bilər. Ona görə bu məsələ ilə bağlı həm ölkə daxilində, həm də xüsusilə sizin beynəlxalq media nümayəndələri ilə əlaqələrinizdə biz daha da fəal iş aparmalıyıq".

İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, söz azadlığı üçün heç bir hüquqi-siyasi maneənin olmadığı şəraitdə qanunların aliliyi və mənəvi kriteriyalar azad mətbuatın obyektiv, qərəzsiz və vicdanlı fəaliyyəti üçün başlıca meyara çevrilir. Hüquqi dövlət quruculuğu yolunu seçmiş Azərbaycanda da qanunların aliliyi statusundan asılı olmayaraq hər kəs üçün məcburidir. Azadlıq məsuliyyəti inkar etməməli, əksinə, onların hər ikisi paralel dərk edilməli, biri digərini tamamlamalıdır. Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev "Demokratik Azərbaycan və müstəqil mətbuatın inkişafı" sərlövhəli məqaləsində haqlı olaraq yazır ki, "Azadlıq olmayan yerdə məsuliyyət hədsiz qadağalara, məsuliyyət olmayan yerdə azadlıq isə özbaşınalığa və xaosa gətirib çıxarır".

Etiraf etməliyik ki, hazırda mətbuat sahəsində özünü göstərən köklü problemlər - ciddi mətbuatın sayca nisbətən azlığı, bir sıra qəzetlərin fəaliyyətini "reketilik və şantaj üzərində qurması, insanların şərəf və ləyaqətini təhqir etməsi, şəxsi toxunulmazlıq hüququnu pozması və s. neqativ hallar cəmiyyətdə haqlı narazılıq doğurur, insanlığın ali zinəti olan sözün ucuzlaşmasına, dəyərdən düşməsinə səbəb olur. Vəziyyət o həddə çatıb ki, bu gün mətbuat, söz, fikir azadlıqları KİV-də istənilən fikrin, sözün məsuliyyətsiz formada auditoriyaya çatdırılması və buna görə heç bir məsuliyyət daşımamaq anlamında qəbul olunur. Azərbaycanın bir sıra mətbuat orqanlarında bilərəkdən yalan, böhtan xarakterli, yaxud qeyri-dəqiq informasiyaların dərci, vəzifəli şəxslərin, ictimai-siyasi xadimlərin heysiyyətinə toxunan, onların şərəfinə, ləyaqətinə, işgüzar nüfuzuna xələl gətirən əsassız, sifarişli yazıların dərci adi hal almışdır. Mətbuatın özünütənzimlərə orqanı olan Mətbuat Şurasının ictimai qınaq və məzəmmət üsulu kimi 103 qəzeti "reket" elan etməsi də bu xoşagəlməz mənzərəni nümayiş etdirir.

Şübhəsiz, bütün sivil və demokratik dövlətlərdə söz və mətbuat azadlığı da qanunların imkan verdiyi hüquqi çərçivədə tənzimlənir. Mətbuat nümayəndəsi olmaq kiməsə toxunulmazlıq statusu, yaxud hansısa digər başqa imtiyazlar vermir. Senzuranın olmadığı şəraitdə yalnız peşə etikasına yüksək hörmət və vətəndaş məsuliyyəti mətbuatın sağlam fəaliyyətini təmin edə bilər. Dövlət başçısı İlham Əliyev Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşdə bu məqama da xüsusi diqqət çəkmişdir: "Mən onu da demək istəyirəm və tam əminəm ki, Azərbaycanda bütün vətəndaşlar - Prezidentdən başlamış adi vətəndaşa qədər - bərabərhüquqlu vətəndaşlar olmalıdır. Yəni, qanun qarşısında heç kimin imtiyazı ola bilməz. Hansısa peşə sahibi olmaq o demək deyil ki, bu, kiməsə immunitet yaradır, yaxud da ki, kimisə toxunulmaz edir. Jurnalist həmrəyliyi çox yaxşı şeydir və mən bunu bəyənirəm. Ancaq bəzi hallarda biz bunu görürük ki, jurnalist həmrəyliyi qanunu da, qanunvericiliyi də kənara qoyur və sadəcə olaraq, jurnalistlərin hüquqlarının qorunması məsələləri ilə bağlı fikirlər ortaya qoyulur. Biz burada hüquqların qorunması ilə bərabər, eyni zamanda, qanunun aliliyini də təmin etməliyik".

 

Ümumilikdə son proseslər bir daha təsdiqləyir ki, Azərbaycan hakimiyyəti ölkədə söz və mətbuat azadlığının başlıca təminatçısıdır və bu sahədə həyata keçirilən islahatları demokratikləşmə prosesinin mühüm tərkib hissəsi kimi dəyərləndirir. Ölkə iqtidarı indiyə qədər olduğu kimi, bundan sonra da mətbuat-hakimiyyət münasibətlərinin qanunamüvafiq qaydada tənzimlənməsinə, yaranmış hər hansı anlaşılmazlığın hüquqi müstəvidə aradan qaldırılmasına çalışır. Ümid etmək olar ki, bütün bunların müqabilində Azərbaycan mətbuatı da üzərinə düşən vəzifəni layiqincə davam etdirəcək, peşə etikası prinsiplərinə sadiq qalacaq, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesində yaxından iştirak edəcəkdir.

 

 

Samir ELMANOĞLU

 

Azərbaycan.- 2010.-  24 iyul.- S.  1, 3.