Prezident İlham Əliyevin uğurlu fəaliyyəti dünya miqyasında Azərbaycanın nüfuzunu daha da artırıb

 

Bahar MURADOVA: "ATƏT məkanında Azərbaycan sıçrayışlı inkişafa malik ölkə kimi qəbul edilir"

 

Sürətli sosial-iqtisadi inkişafa malik Azərbaycan diplomatiya sahəsində də böyük uğurlara imza atmaqdadır. Məhz bu nailiyyətlərin nəticəsidir ki, ölkəmizin bir nömrəli problemi sayılan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərdən dünya indi kifayət qədər xəbərdardır. Artıq beynəlxalq ictimaiyyət birmənalı şəkildə Ermənistanı işğalçı dövlət olaraq qəbul edir, sözügedən münaqişənin mümkün qədər tez həllinin vacibliyini bildirir. Azərbaycan isə Dağlıq Qarabağ münaqişəsinin daim dünyanın diqqət mərkəzində qalması və problemin həlli prosesinin sürətlənməsinə beynəlxalq ictimaiyyətin daha sanballı töhfə verə bilməsinə nail olmaq üçün ən müxtəlif tribunalardan məharətlə istifadə etməkdədir. Belə tribunalardan biri də ATƏT Parlament Assambleyasıdır (PA). Parlament Assambleyasının Osloda keçirilən XIX yay sessiyası da bu mənada Azərbaycan üçün uğurlarla yadda qalıb.

Müsahibimiz, Milli Məclis Sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova sessiyanın nəticələrini yüksək qiymətləndirir:

 

- ATƏT Parlament Assambleyasının Osloda keçirilən XIX yay sessiyası çox ciddi bir məsələyə - transmilli cinayətkarlıq və korrupsiya ilə mübarizəyə həsr edilmişdi. Bu mövzu və onunla bağlı məsələlər əsas müzakirə predmetini təşkil edirdi. Parlament Assambleyasının üç əsas komitəsində və plenar iclasda müzakirə edilən məsələlərin yekunu olaraq Oslo qətnaməsi qəbul olundu. Lakin ATƏT Parlament Assambleyasının tarixində görünməmiş bir hadisə olaraq əsas qətnamə layihəsinə ayrı-ayrı ölkələrin nümayəndələri tərəfindən 35 əlavə bənd daxil edilməsi təklifi irəli sürüldü. Həm əsas qətnamə layihəsinə, həm də əlavə olunması təklif edilən bəndlərə isə 184 düzəliş edilmişdi. Qətnamə layihəsi, eləcə də təklif olunan əlavələr içində ATƏT regionunda mövcud olan münaqişələr və onların həlli ilə bağlı müxtəlif layihələr də yer alırdı.

Əsas qətnamə layihəsinə ATƏT PA sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkerin təklifi ilə daxili köçkünlər haqqında bəndin əlavə olunması da müzakirə edilən məsələlər sırasında yer alırdı. Elə Dağlıq Qarabağ münaqişəsi barədə ilk olaraq daimi komitənin iclasında da Qoran Lenmarker çıxış etdi. O, çıxışında bölgədə olan vəziyyəti, tərəflərin münaqişəyə münasibəti, hal-hazırda danışıqların vəziyyətini, ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin prezidentlərinin "Böyük səkkizlik"in Kanadada keçirilən 36-cı zirvə toplantısı çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etdikləri birgə bəyanatı barədə söz açdı. Qeyd edim ki, Qoran Lenmarker Cənubi Qafqaz regionuna kifayət qədər yaxşı bələddir. Onun söylədikləri iştirakçılarda problem haqqında əlavə təsəvvür yaranmasına gətirib çıxardı. Lakin bizi narahat edən əsas məsələ ondan ibarət idi ki, Qoran Lenmarker çıxışında yeniləşmiş Madrid prinsiplərinin mövcudluğu və Azərbaycanla Ermənistanın həmin prinsiplərə münasibətinə dair hər hansı fikir səsləndirmədi. Azərbaycanın Ermənistandan fərqli olaraq yeniləşmiş Madrid prinsiplərini qəbul etdiyini də nədənsə bildirmədi. Bu halda Azərbaycan nümayəndə heyəti onun söylədiklərində müsbət cəhətləri qeyd etməklə yanaşı, yeniləşmiş Madrid prinsiplərinə dair məsələyə münasibət bildirməli olduğunu Lenmarkerin diqqətinə çatdırdı. Ona sual ünvanladıq ki, Azərbaycanın yeniləşmiş Madrid prinsiplərini qəbul etdiyini, Ermənistanın isə indiyə kimi buna münasibət bildirməməsini niyə söyləmədiniz. Ümumiyyətlə, bir məruzəçi olaraq bu məsələyə münasibətinizi necə ifadə edərdiniz? Lakin o, bu suallara ümumi bir şəkildə cavab verməklə kifayətləndi.

Polemikanın gedişi isə bir daha təsdiqlədi ki, ATƏT Parlament Assambleyası Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərəcək hansısa sənədin qəbulunda maraqlı deyil. Bu və ya digər səbəbdən belə bir sənəd indiyə kimi Parlament Assambleyasında qəbul olunmayıb. Ən azı, Qoran Lenmarkerin məruzəçi olduğu dövrdən indiyə kimi. Maraqlıdır ki, Qoran Lenmarker Gürcüstandakı mövcud münaqişə ocaqları ilə bağlı konkret mövqe bildirdiyi halda, Azərbaycanla bağlı bunu nümayiş etdirmədi. Halbuki Azərbaycandan fərqli olaraq o, Gürcüstan üzrə yeni məruzəçi təyin olunub. Bununla belə, qısa müddətdə Gürcüstanla bağlı iki sənəd hazırlayaraq meydana qoyub. Onlardan biri Kanadanın Toronto şəhərində təqdim etdiyi hesabatdır ki, həmin hesabat müzakirəyə çıxarıldı və onun əsasında müvafiq sənədlər qəbul edildi. XIX yay sessiyası çərçivəsində isə o, daxili köçkünlərin vəziyyətinə dair əsas qətnaməyə bənd əlavə edilməsi təklifini irəli sürdü. Lakin burada ad ümumi olduğu halda, mətndə yalnız Gürcüstana aid məsələlər öz əksini tapmışdı. Bu isə narahatlığımıza səbəb olduğundan bununla bağlı düzəliş təklifini irəli sürmüşdük və həmin düzəlişlər müzakirə ediləcək rəsmi sənədlərin siyahısında yer alırdı. Ancaq təəssüf ki, cənab Lenmarker nə sənədin adında, nə də onun məzmununda təklif olunan düzəlişin qəbuluna imkan vermədi. Biz təklif edirdik ki, sözügedən sənəd Gürcüstana aid olduğu üçün onun başlığında bu dövlətin adı göstərilsin. Yox, əgər ad ümumidirsə, sənəddə ATƏT regionunda mövcud olan bütün konfliktlərə toxunulsun. Lakin bu təkliflər nəzərə alınmadı və sənəd Lenmarkerin hazırladığı şəkildə qəbul olundu.

Bütün bunlar bizim nümayəndə heyətinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı apardığı müzakirələrin yalnız bir hissəsini təşkil edirdi. Bütövlükdə siyasi, iqtisadi və humanitar komitələrdə, eləcə də təşkil olunan xüsusi forumda və plenar iclaslarda edilən bütün çıxışlarımızın əsas leytmotivini məhz Dağlıq Qarabağ münaqişəsi təşkil edirdi. Bununla da Dağlıq Qarabağ münaqişəsi ətrafında daha çox müzakirələrin aparılmasına nail ola bildik və məsələni bütövlükdə Parlament Assambleyasının 5 gün davam edən sessiyasının gündəmində saxladıq.

- Dediklərinizdən aydın olur ki, ATƏT PA sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkerin Gürcüstanda mövcud konfliktlərlə Dağlıq Qarabağ münaqişəsinə münasibəti fərqli xarakter daşıyıb. Bu hansı səbəblərdən irəli gəlir? Ermənistan, erməni lobbisi Lenmarkerə təsir edir, yoxsa, ATƏT məsələyə yenə ikili standartlardan yanaşır?

- Mən cənab Lenmarkerin hansı səbəbdən belə addımlar atmasına dair ehtimallara əsaslanan fikirlər səsləndirmək istəməzdim. Çünki ötən 5 il ərzində onu məsələyə obyektiv münasibət sərgiləyən şəxs kimi tanımışam və bunu çıxışımda da qeyd etmişəm. XIX yay sessiyasında isə Azərbaycan və Gürcüstan ərazilərində mövcud münaqişələrə nəyə görə fərqli mövqe göstərməsinin səbəblərini ondan soruşdum. Təəssüf ki, o, buna cavab vermədi. Belə təəssürat yaranır ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirləri sanki heç kim dilinə gətirmək istəmir. Deyə bilmərəm ki, bu, onların ermənilərlə dostluğundan, xristian təəssübkeşliyindən, yoxsa hansısa başqa səbəblərdən irəli gəlir. Bununla bağlı ehtimallar söyləmək istəməzdim, lakin bütün hallarda bunlar təəssüf doğurur.

- ATƏT-in Parlament Assambleyasının artıq vəzifəsini tərk edən sədri Joao Soareş maraqlı açıqlama verərək Dağlıq Qarabağ münaqişəsi üzrə sülh prosesinin ləngiməsinə görə Ermənistanın daha çox məsuliyyət daşıdığını bildirdi. Azərbaycan hökumətində isə sülh üçün həm iradə, həm də güc olduğunu qeyd etdi. Bu mövqe ATƏT Parlament Assambleyasının deputatları, o cümlədən Parlament Assambleyasının yeni sədri Petros Eftimiu tərəfindən də bölüşülürmü?

- Joao Soareş 2 il ərzində ATƏT Parlament Assambleyasının prezidenti olub. Bundan əvvəl isə o, vitse-prezident və Portuqaliya nümayəndə heyətinin rəhbəri olaraq məsələlərə hər zaman obyektiv münasibət bildirib. Həqiqətdir ki, cənab Soareşin Azərbaycana, Parlament Assambleyasındakı nümayəndə heyətimizə hörməti var. O, hər zaman bütün çıxışlarında, hər bir uyğun məqamda bunu açıq şəkildə meydana qoyur. Amma bütün bunları o, tərəfsizliynə, obyektivliyinə görə edir. Bu münasibət özünü təkcə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı göstərmir. Azərbaycana ilk dəfə Joao Soareş təkrar parlament seçkilərini izləyən müşahidə missiyasının rəhbəri kimi gəlib. Həmin seçkilərlə bağlı 2006-cı ildə ATƏT Parlament Assambleyasında hesabat-məruzə ilə çıxış edəndə kifayət qədər aydın və obyektiv bir mövqe ortaya qoydu. Bildirdi ki, Azərbaycanda irəliyə doğru çox ciddi bir addım atılıb, demokratik tələblərə cavab verən şəffaf seçkilər keçirilib. Həmin vaxt isə o, Parlament Assambleyasının sədri deyildi. Mən ona Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi təşəkkür edərkən o, mənə söylədi ki, sizin minnətdarlığınız mənə lazım deyil. Qeyd etdi ki, mən hesabat məruzəmdə göstərilən fikirləri obyektiv mövqenin təzahürü olaraq səsləndirmişəm və Azərbaycan nümayəndə heyəti belə yüksək seçkilər üçün öz ölkəsi ilə fəxr edə bilər.

Konkret olaraq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Joao Soareşin son fikirlərinə gəlincə, o, ilk dəfə deyil ki, belə açıqlamalar verir. Elə sonuncu dəfə İrəvanda, Bakıda, Tbilisidə olarkən də o, analoji fikirlər səsləndirdi, düşüncələrini açıq bəyan etdi. Bundan əvvəl də Joao Soareş dəfələrlə bildirib ki, Azərbaycan inkişafının birinci mərhələsini uğurla başa vurub və XIX yay sessiyası çərçivəsində də bu fikirlərini yenidən təkrar etdi. Enerji məsələləri, iqtisadi inkişaf, əməkdaşlıqdan danışarkən cənab Soareş həmişə Azərbaycan və Qazaxıstanı nümunə olaraq göstərib. Daim bildirib ki, Azərbaycan iqtisadi inkişafda, xüsusən də, enerji ehtiyatlarından səmərəli istifadədə Norveç modelini çox yüksək səviyyədə mənimsəyib. Enerji resurslarının istismarından əldə olunan gəlirləri digər sahələrin inkişafına yönəldib. Bundan əvvəl isə Parlament Assambleyasının Yunanıstanda keçirilən sessiyasında ATƏT üzvü ölkələrini Azərbaycandan nümunə götürməyə çağırıb. Bu mənada Soareşin ölkəmiz barədə son fikirləri mənə elə də təəccüblü gəlmədi.

Cənab Soareşin ölkəmiz və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir daha təkrarladığı fikirləri obyektiv, məsələlərə düzgün qiymət verən bir insanın mövqeyini əks etdirir. Bundan sonra o, 2 il ərzində ATƏT Parlament Assambleyasının fəxri sədri olacaq. Məlumat üçün bildirim ki, ATƏT Parlament Assambleyasında sədarət postunda üçlük mövcuddur. Bunlar vəzifəsini tərk edən fəxri, indiki və gələcək sədrlərdir. Həmin üçlük daim birgə fəaliyyət göstərir.

Lakin təkcə Soareş yox, ATƏT Parlament Assambleyasının bir çox rəsmiləri də bizə bildirir ki, Ermənistan prezidenti də məsələni həll etmək istəyir, lakin ölkə daxilində kifayət qədər dəstək və dayağı olmadığından, erməni diasporunun təzyiqlərinə məruz qaldığından buna gücü çatmır. Bəziləri isə belə fikirlər səsləndirirlər ki, Azərbaycan regionda lider və güclü bir dövlət olduğundan, Prezident İlham Əliyev ölkəsində vətəndaşlarının dəstəyini qazandığından qoy məsuliyyəti Azərbaycan üzərinə götürsün və münaqişənin həllinə daha çox töhfə versin. Lakin bunun birtərəfli qaydada necə mümkün olmasına dair bizim dəfələrlə polemikalarımız, mübahisələrimiz yaranıb. Bununla belə, hətta Ermənistanın da əvəzinə qərar verməyə Azərbaycan Prezidentinin gücü və iradəsi olduğuna onlar inanırlar. Bu, Azərbaycan Prezidentinin ölkə sərhədlərində, kənarda da böyük nüfuz sahibi olmasının qəbul edilməsidir.

- Parlament Assambleyasının yeni sədri Petros Eftimiou Dağlıq Qarabağ münaqişəsi barədə nə dərəcədə məlumatlıdır?

- Petros Eftimiou uzun illər Parlament Assambleyasının üzvü olub və kifayət qədər ciddi fiqurdur. ATƏT regionunda cərəyan edən proseslərdə yaxından iştirak edib. İqtisadi komitənin sədri kimi də onun fəaliyyəti nəzərəçarpan olub. Hər zaman obyektiv, qərəzsiz mövqe nümayiş etdirməyə çalışıb. Parlament Assambleyasının sədri seçilərkən də böyük sayda səs topladı. Seçki prosesi zamanı Azərbaycan nümayəndə heyəti, eləcə də digər türk respublikaları, MDB dövlətləri də ona ciddi dəstək verdi. Düşünürəm ki, Parlament Assambleyası çərçivəsində olsa da, Türkiyə, Azərbaycan və Yunanıstan işbirliyinin ortada olması çox şeylərə təsir göstərə bilər.

- XIX yay sessiyasında ölkəmizdən olan nümayəndə heyəti, o cümlədən də Siz bir daha bildirmisiniz ki, Azərbaycan yeniləşmiş Madrid prinsiplərini qəbul edir, Ermənistanın isə indiyə kimi buna münasibəti bəlli deyil. Bununla, ermənilər növbəti dəfə fakt qarşısında qoyulub. Ermənistan nümayəndə heyətinin bu məsələyə reaksiyası necə oldu, ümumiyyətlə, onlarla hər hansı təmaslarınız oldumu?

- Hər dəfə bizim Ermənistan nümayəndə heyəti ilə təmaslarımız olur. Ermənistanın yeniləşmiş Madrid prinsiplərini qəbul etməməsini isə mən sessiyadakı çıxışımda yenidən iştirakçıların diqqətinə çatdırdım. Ermənistan status-kvonu saxlamaqla vaxtı uzatmağa çalışır. Bununla da, qarşı tərəf düşünür ki, öz təcavüz siyasətinə haqq qazandıra biləcək. Lakin halqa getdikcə daralmaqdadır. Artıq bəzi dairələr də hətta istəməsələr belə, Ermənistana qeyri-konstruktiv mövqe tutduğunu söyləməyə məcbur olurlar. Artıq vəziyyət bir çoxlarını Dağlıq Qarabağ münaqişəsilə bağlı obyektiv fikir söyləməyə vadar edir.

İndi ATƏT-də Azərbaycanın sürətli inkişafı, dünyada güclənən mövqeyi, eləcə də Ermənistanda yaşanan böhran barədə xeyli dərəcədə məlumatlıdırlar. Biz müxtəlif Avropa ölkələrinin təmsilçiləri ilə tez-tez görüşlər keçiririk. Söhbətlərimiz əsnasında onlara bildiririk ki, siz özlüyünüzdə Dağlıq Qarabağ münaqişəsinin, eləcə də Gürcüstan ərazisində olan mövcud konfliktlərin çözümündə maraqlı olmaya bilərsiniz. Lakin maraqlısınız ki, Azərbaycanın, eləcə də bu ölkə vasitəsilə Orta Asiyanın enerji resursları sizə çatsın. Buna nail olmaq üçün bölgədə sabitlik və sülhün olması vacibdir. Ona görə də ən azı, iqtisadi maraqlarınız naminə bölgədə sülhün təmin olunması üçün mövqeyinizi ifadə etməlisiniz. Hər uyğun məqamda biz bu fikirləri səsləndiririk və faktdır ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsi ilə bağlı indi daha çox məlumatlıdır və bu kimi problemlərin həllinin vacib olduğu qəbul edilir. Bunun nəticəsidir ki, ərazilərində münaqişə yaşayan ölkələrin nümayəndələri yox, digər dövlətlərin təmsilçiləri həmin konfliktlər barədə çıxışlar edir. Məsələn, Moldovadakı Dnestryanı münaqişəsilə bağlı qətnamə layihəsini İtaliyanın Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri təqdim etdi. Yaxud da Qəzzada baş verənlərlə bağlı İspaniyadan olan deputat qətnamə layihəsini gündəmə gətirdi. Bu, həmin problemlərə daha çox diqqət ayrılmasına səbəb olur. Əminəm ki, belə vəziyyət gələcəkdə ATƏT Parlament Assambleyasının Dağlıq Qarabağ münaqişəsinə dair konkret sənəd qəbul etməsinə gətirib çıxaracaq.

- Siz özünüz işğal altında olan bir rayonun ictimaiyyəti tərəfindən deputat seçilmisiniz. ATƏT Parlament Assambleyasında çıxışınızda da bildirmisiniz ki, seçiciləriniz ATƏT PA-da Dağlıq Qarabağ probleminin həllinə dair sənədlərin qəbuluna nail olmaqla bağlı hələ 5 il əvvəl qarşınızda tələb qoymuşdular. Lakin indi dediyiniz kimi, bu xüsusda hələ nəticə yoxdur. Bu nə ilə bağlıdr və həmin çıxışınıza hansı reaksiyalar oldu?

- Ermənistan nümayəndə heyətinin rəhbəri Aram Safaryanla Joao Soareş arasında yaşanan mübahisəli dialoqdan sonra Parlament Assambleyasında hər bir şəxs buna cavab reaksiyasının olacağını yaxşı bilirdi. Cavab çıxışımda mən bildirdim ki, Ermənistan prezidenti öz respublikasında, vətəndaşları arasında böyük nüfuza malikdirsə, onda sülh sazişinə gəlmək çətin deyil. Son beş il ərzində mən ATƏT PA-nın bütün rəhbərliyi ilə görüşlər keçirmişəm, assambleyada təmsil olunan bir çox dövlətlərin nümayəndə heyətləri ilə görüşmüşəm, müxtəlif təkliflərlə çıxış etmişəm. Lakin hələ də ATƏT PA-da Dağlıq Qarabağ münaqişəsinə dair konkret sənəd qəbul olunmayıb. Çıxışımda onu da bildirdim ki, Dağlıq Qarabağda transmilli cinayətkarlıq, qeyri-leqal silah satışı, narkotik və insan alveri hər kəsi narahat etməlidir. Həmçinin azərbaycanlı qaçqın və məcburi köçkünlər öz evlərinə qayıtmalıdırlar. Hər halda, bu çıxışın təsiri oldu və hətta müxtəlif ölkələrdən olan nümayəndə heyətləri bizə yaxınlaşaraq çıxışda səslənən fikirlərin düzgün vurğulandığını bildirdilər. Hər kəs tutulan iradların yerində olduğunu söyləyirdi və bizim də əsas məqsədimiz buna nail olmaq idi.

- Joao Soareş XIX sessiyanın açılışında Azərbaycanın qurumdakı fəaliyyətini yüksək qiymətləndirib, ölkədə demokratiyanın inkişafını və təbii sərvətlərin səmərəli istifadəsini təqdirəlayiq hal kimi dəyərləndirib. Maraqlıdır, ATƏT məkanından Azərbaycanın bugünkü sürətli sosial-iqtisadi inkişafı, həyata keçirdiyi demokratik, siyasi, hüquqi islahatlar, qazandığı nailiyyətlər necə görünür və hazırda ATƏT-də bütün bunları necə qiymətləndirirlər?

- ATƏT məkanında Azərbaycan sıçrayışlı inkişafa malik olan ölkə kimi qəbul edilir. Bizim nümyəndə heyətinə yaxınlaşan hər bir kəs Azərbaycanın inkişaf fenomeninin nədən ibarət olduğunu soruşur. Onlar üçün də maraqlıdır ki, necə olur, dünyada qlobal maliyyə böhranı yaşandığı vaxtda Azərbaycan belə böyük inkişafa nail olub? Mövzudan bir qədər kənar olsa da, qeyd etmək istəyirəm ki, Danimarka ilə bizim nümayəndə heyəti arasında ilk rəsmi görüş mənim bu yaxınlarda ATƏT PA-nın Baş katibliyinə səfərim zamanı baş verdi. Danimarka ilə Azərbaycan arasında xarici işlər nazirlikləri səviyyəsində mübadilələr həyata keçirilsə də, nə hökumət, nə parlament, nə də digər yüksək səviyyədə indiyə kimi hansısa görüş olub. Onların Azərbaycan haqqında təsəvvürləri məhduddur. Lakin Danimarkanın ATƏT PA-dakı nümayəndəsi senator Lunt yaxınlaşıb məndən ABŞ-ın CNN telekanalında səhər proqramına baxıb-baxmadığımı soruşdu. Dedi ki, həmin kanalda Azərbaycanla, onun inkişafı, qazandığı nailiyyətlərlə bağlı çox gözəl bir film nümayiş etdirilib. Bildirdi ki, Azərbaycanın qazandığı möhtəşəm uğurlardan çox sevinir. Onu da qeyd etdi ki, Azərbaycan neft gəlirlərini digər sahələrin inkişafına daha səmərəli şəkildə yönəltsə, onda bu ölkənin tayı-bərabəri olmaz. Mən isə Azərbaycanın artıq bir neçə ildir bununla məşğul olduğunu, qeyri-neft sektorunun inkişaf strategiyasını həyata keçirdiyini, bu məqsədlə müxtəlif dövlət proqramlarının qəbul edildiyini bildirdim.

Bütün bunlar onu göstərir ki, Azərbaycan coğrafi baxımdan ondan çox uzaq olan hər bir ölkəyə maraqlı gəlir. Bunun nəticəsidir ki, senator Lunt və ATƏT PA-dakı digər çoxsaylı deputatlar Azərbaycanda keçiriləcək parlament seçkilərini müşahidə etmək istəyində olduqlarını bildirirlər. Çünki onlar Azərbaycanda yaşanan bu inkişafla yerindəcə tanış olmaq istəyirlər. Onların xüsusi olaraq diqqət yetirdiyi əsas məsələlərdən biri də Prezident İlham Əliyevin fəaliyyətidir. Bu və ya digər beynəlxalq tədbirlərdə, televiziya kanallarında Azərbaycan dövlət başçısının etdiyi çıxışlar, səsləndirdiyi fikirlər, göstərdyi fəaliyyət Prezident İlham Əliyevlə görüşməyi onlar üçün həddən artıq maraqlı edir. Cənab İlham Əliyevin enerji sahəsində həyata keçirdiyi siyasət, təkcə ölkəsində yox, beynəlxalq aləmdə qazandığı nüfuza da onlar xüsusi diqqət yetirirlər. Azərbaycanın geosiyasi cəhətdən kifayət qədər mürəkkəb bir bölgədə yerləşməsinə rəğmən, apardığı müstəqil siyasət də ATƏT PA-dakı çoxsaylı deputatlar üçün olduqca maraqlıdır. Bu, həm də bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin uğurlu fəaliyyəti dünya miqyasında Azərbaycanın nüfuzunu daha da artırıb.

- ATƏT-in budəfəki sessiyasında müzakirə edilən digər məsələlərdə Azərbaycan nümayəndə heyəti necə iştirak etdi?

- Kifayət qədər fəal. Bu gün ATƏT PA-nın iclaslarında dövlətlərin fəallığına görə sorğu keçirilsə, Azərbaycan bütün məsələlərə münasibət bildirmək aspektindən ilk onluqda yer alan dövlətlərin siyahısında olardı. ATƏT PA-dakı Azərbaycan nümayəndə heyətinin hər bir üzvü təmsil olunduğu komitələrdə də öz fəallıqları ilə seçilir. Sonuncu sessiyada da Qırğızıstanla, Əfqanıstanla, Gürcüstanla bağlı müzakirələrdə, enerji, korrupsiya, transmilli cinayətkarlıq kimi məsələlərə münasibətdə Azərbaycan nümayəndə heyəti yenə öz fəallığı ilə seçildi. Yəni, ATƏT PA-nın gündəliyində olan məsələlərlə bağlı biz həmişə öz mövqeyimizi bildirmişik. Hətta həmin məsələlərin müzakirəsi zamanı bizə xüsusi müraciətlər də olur ki, Azərbaycan nümayəndə heyəti öz mövqeyini söyləsin. Çünki bu, beynəlxalq məsələlərə baxışda Azərbaycanın mövqeyini əks etdirir. Bu isə beynəlxalq ictimaiyyət üçün maraqlıdır. İlk növbədə ona görə ki, biz kataklizmləri geridə qoymuş bir ölkəyik. Müharibə və terrorla üz-üzə qalsaq da, dünyanın ən sürətli inkişaf edən ölkələrindən biriyik. Buna necə nail olmağın yolları isə dünya ictimaiyyəti üçün maraqlıdır. Bütün bunlar təbii olaraq bizim yox, bütövlükdə Azərbacanın uğurudur və ölkə ictimaiyyəti bu barədə məlumatlı olmalıdır.

- ATƏT Parlament Assambleyasının XIX sessiyası barədə ölkə mediasına məlumatlar mərkəzləşdirilmiş qaydada operativ olaraq çatdırılmadı. Açıq etiraf edək ki, belə vəziyyət bəzən dolaşıqlıq yaradır. Ümumiyyətlə, jurnalistlər ölkə kənarında keçirilən tədbirlərlə bağlı məlumat almaqda çətinliklərlə üzləşirlər. Sizcə, bu nöqsanı aradan qaldırmaq, hər hansı beynəlxalq tədbir barədə ictimaiyyətə operativ və daha ətraflı məlumat çatdırmaq üçün nə etmək lazımdır?

- Azərbaycanın bəzi media orqanlarında belə məlumatlar getmişdi ki, guya ATƏT PA-da hansısa nəzarətsiz ərazilərin siyahısı tərtib olunub, Dağlıq Qarabağın adı isə burada olmayıb və yalnız bizim təkidimizdən sonra Dağlıq Qarabağın adı həmin siyahıya daxil edilib. Həqiqətdə isə bizim təklifimzlə ATƏT məkanında mövcud münaqişələri ehtiva edən ifadə həmin sənədə əlavə olunub. Mən bundan fərqli olaraq tamamilə yanlış informasiya yayan Azərbaycan media orqanları ilə əlaqə saxladım və əsl həqiqəti onlara izah etdim.

Əsas maraq doğuran məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycan media orqanları nəyə görə ATƏT PA-da baş verənləri işıqlandırmaq üçün öz nümayəndələrindən bir nəfəri ora göndərmirlər. Ən azı, bir neçə media orqanı yığışaraq bir nümayəndə seçib ATƏT PA-ya göndərə bilər və hamı da ondan lazımi informasiya ala bilər. Axı nümayəndə heyətinin öz işi var, onlar öz işlərini atıb media üçün mütəmadi informasiya verilməsilə məşğul ola bilməzlər. Hər halda, bir çox xarici media orqanları ATƏT PA-nın işini operativ işıqlandırmaq üçün öz nümayəndələrini sessiyalara, iclaslara göndərir. Təbii ki, Azərbaycan media orqanları da eyni formadan istifadə etməklə ATƏT PA-nın sessiya və iclaslarını operativ şəkildə işıqlandıra, lazımi informasiyaları yerindəcə əldə edə bilər.

- Yeri gəlmişkən, 5-10 il əvvəl parlament nümayəndə heyətlərinin xarici səfərlərində KİV-nin də təmsilçiləri iştirak edir, elə yerindəcə məlumatlar alaraq onları operativ olaraq Azərbaycan ictimaiyyətinə çatdırırdılar. Nədənsə bu təcrübəyə son qoyulub. Sizcə, yenidən ona qayıdılsa daha səmərəli olmazmı?

- Bəzən müxtəlif media təmsilçiləri bildirir ki, Milli Məclis səfər xərclərini ödəyəcəyi təqdirdə ATƏT PA-nın işini işıqlandırmaq üçün buraya gedə bilərlər. Lakin belə bir praktika yoxdur. Bəli, Milli Məclisin Sədri hər hansı səfərə gedəndə parlamentin mətbuat xidməti onu müşayiət edir, bu və ya digər informasiyanı yayır. Amma digər media orqanları da belə məsələləri işıqlandırmalı, öz nümayəndəsini bu kimi beynəlxalq tədbirlərə göndərməlidir. Axı, Milli Məclis hər hansı müstəqil media orqanının nümayəndəsini hansısa beynəlxalq tədbirə göndərməsini necə maliyyələşdirə bilər? Bunu həmin mətbu orqanın özü etməlidir.

- Bu günlərdə Prezident İlham Əliyevin iştirakı ilə Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının yeni qərargahının açılışı oldu. Prezidentin bu diqqəti artıq təşkilatlanmış bir qüvvəyə çevrilən azərbaycanlı icmanın qarşısında yeni vəzifələr qoyur. Siz Dağlıq Qarabağ münaqişəsinin həllində icmanın indiki və sonrakı mərhələlərdə rolunu necə görürsünüz?

- Hələ bir neçə il əvvəl Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının fəaliyyətində yeniliklər edilməsinin tərəfdarı olduğumu bildirmişdim və bununla bağlı mövqeyimi hər zaman bəyan etmişəm. Qeyd etmişəm ki, icma günün tələbləri səviyyəsində öz işini qurmalıdır. Çox yaxşı ki, bu məsələ son dövrlərdə öz həllini tapdı, ötən il icma öz qurultayını keçirdi, yeni rəhbərlik seçildi, digər bir sıra vacib dəyişikliklər edildi. Azərbaycan dövlətinin də diqqət və qayğısı sayəsində icmanın fəaliyyətində müsbətə doğru keyfiyyət dəyişikliyi müşahidə olunmaqdadır.

Lakin Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması öz işini ölkəmizə gələn müxtəlif xarici ölkə nümayəndələri ilə görüşlər keçirməklə məhdudlaşdırmamalıdır. İcmanın özünün beynəlxalq aləmə hesablanmış tədbirlər proqramı olmalıdır. Həmin tədbirlər proqramına uyğun icma fəaliyyət göstərməli və bu fəaliyyət Azərbaycan dövlətinin qarşıya qoyduğu məqsədə xidmət etməlidir. Azərbaycan dövləti, parlamenti ilə yanaşı, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının da öz qətiyyətli mövqeyi olmalı və bu mövqe eşidilməlidir. Lazımi məqamda icma Dağlıq Qarabağ münaqişəsinin həllində iştirak etməyə hazır olmalıdır. Dövlətin isə icmaya qayğısı yüksəkdir və icmanın yeni qərargahla təmin edilməsi də bunun göstəricisidir. Bütün bunlar icmanın üzərinə təbii olaraq yeni məsul vəzifələr qoyur. Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması isə icmanın bir nömrəli vəzifəsidir.

 

 

Müsahibəni apardı: Rasim BAYRAMOV

 

Azərbaycan.- 2010.- 24 iyul.- S.  2.