"Kuwait Times" qəzetində Azərbaycan haqqında silsilə məqalələr dərc edilmişdir

 

Azərbaycanın Küveytdəki səfirliyindən verilən məlumata görə, Küveytin və Körfəz regionunun nüfuzlu ingilisdilli qəzeti olan "Kuwait Times"ın 20 və 21 iyul tarixli nömrələrində Azərbaycanın Küveytdəki keçmiş səfiri Şahin Abdullayevin "Nümunəvi Küveyt-Azərbaycan əlaqələri" və "Ermənistan-Azərbaycan münaqişəsi: təcavüz və işğal" adlı silsilə məqalələri dərc edilmişdir.

Azərbaycan-Küveyt əlaqələrinin formalaşması və inkişafı haqqında məlumatlarla başlayan məqalədə müəllif tərəfindən Azərbaycanın və Küveytin təcrübəsindəki xarici təcavüz və işğal amilləri arasında müqayisə və paralellər aparılmışdır. Əsas diqqət Azərbaycanın Dağlıq Qarabağ regionunun qədim və orta əsrlər tarixinə, Gülüstan və Türkmənçay müqavilələrindən sonra ermənilərin kütləvi şəkildə Azərbaycan ərazilərinə köçürülməsi, 1805-ci ildə Rusiya işğalından əvvəl Qarabağ xanlığındakı demoqrafik vəziyyət, çar Rusiyasının apardığı süni inzibati-ərazi bölgüsü nəticəsində Azərbaycanın İrəvan və Naxçıvan xanlıqlarının ərazisində Ermənistan adlı inzibati ərazi vahidinin təsis olunması kimi məqamlara və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin cari vəziyyətinə yönəldilmişdir.

Məqalədə SSRİ-nin dağılmasından sonra Ermənistanın Azərbaycana qarşı təcavüzünün geniş miqyas almasına, Sumqayıt hadisələrinə, Xocalı faciəsinə, erməni terrorizminə və mülki Azərbaycan əhalisinin ermənilər tərəfindən qətlə yetirilməsi faktlarına geniş yer ayrılmışdır.

Azərbaycanın münaqişənin tənzimlənməsi barədə mövqeyini açıqlayan müəllif bunun BMT Təhlükəsizlik Şurasının, BMT Baş Məclisinin, ATƏT və İslam Konfransı Təşkilatının (İKT) müvafiq qətnamələrinə əsaslandığını qeyd edərək, danışıqlar prosesində Ermənistanın qeyri-konstruktiv mövqe nümayiş etdirdiyini və danışıqlar prosesini əngəllədiyini nəzərə çatdırmışdır.

Cari ilin mayında Azərbaycanın işğal olunmuş ərazilərində "seçkilər"in keçirilməsinə toxunan diplomat Ermənistanın bu addımının BMT, ATƏT, Avropa İttifaqı, İKT kimi beynəlxalq təşkilatlar, ABŞ, Rusiya, Fransa, İran, Gürcüstan və digər dövlətlər tərəfindən pisləndiyini qeyd etmişdir. Avropa Parlamentinin Cənubi Qafqaz regionu barədə son hesabatı, İKT-nin bu ilin mayında Düşənbədə keçirilmiş nazirlər şurasının qətnamələri, Torontoda keçirilmiş "böyük səkkiz"lərin toplantısında Rusiya, ABŞ və Fransa prezidentlərinin bəyanatı barədə də məqalədə məlumat verilmişdir.

İKT-nin Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamələrinin dini həmrəylikdən irəli gəlməsi barədə Ermənistanın əsassız iddialarına cavab verən müəllif qurumun hökumətlərarası siyasi təşkilat olduğunu, qərar və qətnamələrini qəbul edən zaman beynəlxalq hüququn prinsiplərinə və BMT-nin nizamnaməsinə əsaslandığını vurğulamışdır.

Yazıda Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurları və iqtisadi çiçəklənməsi barədə məlumat verən Ş.Abdullayev iqtisadiyyatı tənəzzül vəziyyətdə olan, demoqrafik problemlərlə üzləşən və özünü təcrid edən Ermənistanın çıxış yolunun heç bir perspektivi olmayan işğalçılıq siyasətindən əl çəkməsi olduğunu diqqətə çatdırmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 24 iyul.- S.  5.