"Ağdam - Qafqaz Xirosiması və ruhlar şəhəri" fotosərgisi açılmışdır

 

İyulun 23-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda "İnam" Plüralizm Mərkəzinin təşkilatçılığı ilə "Ağdam - Qafqaz Xirosiması və ruhlar şəhəri" fotosərgisi açılmışdır.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə açılmış sərgi Ağdamın Ermənistan hərbi birləşmələri tərəfindən işğalının 17-ci ildönümünə həsr olunmuşdur.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri, parlamentin deputatı Məlahət İbrahimqızı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Rafiq Əliyev, "İnam" Plüralizm Mərkəzinin rəhbəri Vahid Qazi və "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid çıxış edərək bu sərginin tarixi öyrənmək və xalqımızın başına gətirilmiş müsibətləri dünya ictimaiyyətinə çatdırmaq baxımından mühüm əhəmiyyət daşıdığını vurğulamışlar.

Bildirilmişdir ki, ermənilər Qarabağın ayrılmaz tərkib hissəsi olan Ağdamı vandallara xas üsullarla küçə-küçə, ev-ev söküb daşımış, yerdə qalanına od vurub yandırmışlar. Ağdamın indiki halını görən xarici jurnalistlər, diplomatlar Azərbaycanın bu şəhərini Xirosimaya bənzədir, ona "ruhlar şəhəri" deyirlər.

Diqqətə çatdırılmışdır ki, həyata keçirilən layihənin məqsədi Qarabağın işğalının daha aydın qavranılması üçün "Qafqaz Xirosiması" terminini mətbu və siyasi dilimizə gətirmək, işğal nəticəsində Qarabağın tarixi soyqırımına məruz qalmasını dünyanın aparıcı sosial internet şəbəkələrində, axtarış portallarında yaymaqplanetimizin istənilən yerində nümayiş olunmağa layiq foto, video, nəşrlərdən ibarət səyyar sərgi qalereyası yaratmaqdır.

Sonra tədbir iştirakçıları fotosərgi ilə yaxından tanış olmuşlar. İyulun 30-dək davam edəcək sərgidə Ağdamın zəbt olunmasından əvvəl və işğalından sonrakı mənzərələrini əks etdirən 60 fotoşəkil sərgilənmişdir.

Sərgi çərçivəsində, həmçinin Ağdamın işğalından bəhs edən "Qafqaz Xirosiması" filminin təqdimatı keçirilmişdir. 8 dəqiqəlik film Azərbaycan, ingilisrus dillərində hazırlanmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  24 iyul.- S.  6.