Azərbaycan ərazi bütövlüyünü istənilən yolla təmin etmək iqtidarındadır
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına və xalqın mənafeyinə uyğun həlli 2010-cu ildə də rəsmi Bakının xarici siyasətində prioritet istiqamətlərdən biri olaraq qalır. Münaqişənin həllində beynəlxalq hüquq normalarına əsaslanan Prezident İlham Əliyev Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının mərkəzi qərargahının açılış mərasimində aparılan danışıqlar prosesinə tam aydınlıq gətirmiş, ölkəmizin qətiyyətli və prinsipial mövqeyini bir daha bildirmişdir. Ermənistanın qeyri-konstruktiv mövqeyinə baxmayaraq, danışıqlar məhz Azərbaycanın milli maraqlarına cavab verən prinsiplər çərçivəsində aparılır. Bunun nəticəsidir ki, təcavüzkar ölkənin rəhbərliyi danışıqlarda əldə olunmuş real irəliləyişlərə şübhə toxumu səpməyə, razılaşdırılmış məsələləri yenidən müzakirə predmetinə çevirməyə, dialoqa maraqlı tərəf imitasiyası yaratmaqla prosesi süni şəkildə uzatmağa çalışır.
Bununla belə, rəsmi Bakı hücum diplomatiyasını gücləndirərək Azərbaycanın haqlı mövqeyini müxtəlif beynəlxalq təşkilatlarda müdafiə etmək, Ermənistanın təcavüzkar siyasətinin daha qlobal miqyasda ifşasına nail olmaq, ideoloji-təbliğati sahədə psixoloji üstünlüyü ələ almaq istiqamətində diplomatik fəaliyyətini davam etdirir. 2006-cı ildə Ədliyyə Nazirliyində hüquqi qeydiyyatdan keçmiş Dağlıq Qarabağ bölgəsi Azərbaycanlı İcması İctimai Birliyinin bir neçə gün əvvəl yeni mərkəzi qərargahının istifadəyə verilməsi də bu yönümdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir. Belə bir binanın inşası ilk növbədə, icmanın fəaliyyətinin əlaqələndirilməsi, bu sahədə həyata keçirilən işlərin səmərəsinin daha da artırılması, Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm addımdır. Dördmərtəbəli, xüsusi memarlıq üslubunda əsaslı şəkildə yenidən qurulan inzibati binada əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılmış, iş otaqlarının hamısı informasiya və kommunikasiya texnologiyaları və zəruri avadanlıqlarla təchiz edilmişdir. Burada icmanın həyata keçirdiyi tədbirləri, xüsusilə də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, xalqımıza qarşı həyata keçirilən soyqırımı siyasəti ilə bağlı həqiqətlərin ölkə hüdudlarından kənarda yayılması və təbliği istiqamətində görülən işləri əks etdirən fotolar da nümayiş olunur.
Dağlıq Qarabağın azərbaycanlı icmasının fəaliyyətinə hüquqi statusun verilməsi ilk növbədə, onun beynəlxalq miqyasda fəal şəkildə təşkilatanmasına, erməni lobbisinin məkrli fəaliyyətinə qarşı effektiv mübarizə aparmasına imkan yaradır. İcma Azərbaycanın xaricdəki diasporları, səfirlik və konsulluqları vasitəsilə geniş əlaqələr yaratmaqla, Dağlıq Qarabağ azərbaycanlılarının üzləşdikləri acınacaqlı vəziyyət barədə dünya ictimaiyyətində dolğun təsəvvür yaratmağa çalışır. Eyni zamanda, Ermənistanın azərbaycanlılara və türklərə qarşı tarixən apardığı terror və soyqırımı cinayətləri ilə bağlı məlumatların dünya birliyinə çatdırılması qarşıda duran başlıca vəzifələrdəndir.
Son illər Cənubi Qafqazda həyata keçirilən bütün qlobal enerji və kommunikasiya layihələrinin lokomotivi qismində çıxış edən Azərbaycan dünyada kifayət qədər tanınsa da, bu sahədə hələ çox iş görülməli, erməni lobbisinin, bütövlükdə isə antiazərbaycançı şəbəkənin respublikamıza qarşı apardığı əks-təbliğatın qarşısı daha müasir, səmərəli vasitələrlə alınmalıdır. Xatırladaq ki, hələ 2009-cu ildə Dağlıq Qarabağın azərbaycanlı icmasının qurultayında qurumun bu yöndə gələcək fəaliyyət istiqamətləri müəyyənləşdirilmiş, təcavüzkarın ifşası istiqamətində həyata keçiriləcək konkret tədbirlər ətrafında müzakirələr aparılmışdır. Qurultayda bu və digər məsələlər geniş müzakirə olunmuş, Dağlıq Qarabağ bölgəsi Azərbaycanlı İcması İctimai Birliyinin ölkə daxilində və xaricində həyata keçirəcəyi layihələr razılaşdırılmışdır. Tədbirdə çıxış edənlər haqlı olaraq bildirmişlər ki, Dağlıq Qarabağ icmasının üzvləri, bütövlükdə hər bir azərbaycanlı bu gün kompüter texnologiyalarından - internetdən istifadə etməklə ölkə həqiqətlərini bütün dünyaya yaymalı, ermənilərin təcavüzkar siyasətinin ifşasına çalışmalıdırlar. Qurultayda Dağlıq Qarabağ bölgəsi Azərbaycanlı İcması İctimai Birliyinin internet saytının yaradılması ilə bağlı dəyərli təkliflər də səsləndirilmişdir. Birliyin ən müasir səviyyədə inşa olunan mərkəzi qərargahı bu və digər vəzifələrin uğurla həyata keçirilməsinə imkan yaradır.
Son illərdə Ermənistan açıq dəstək verdiyi Dağlıq Qarabağ separatçı rejiminin danışıqlar prosesində birtərəfli qaydada iştirakına çalışsa da, Azərbaycan qətiyyətlə buna yol verməmişdir. Eyni zamanda, rəsmi Bakı danışıqlar prosesində hansısa mərhələdə Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının iştirakını da istina etməmişdir. Münaqişənin həlli missiyasını öz üzərinə götürmüş beynəlxalq qurumlar da artıq yaxşı başa düşürlər ki, Dağlıq Qarabağ azərbaycanlılarının rəyini nəzərə almadan, hüquqlarını tanımadan münaqişənin həlli mexanizmləri yoxdur.
Rəsmi Bakı danılmaz faktlar əsasında hər zaman bəyan edir ki, Dağlıq Qarabağda separatçı erməni rejimi formalaşanadək burada əhalinin böyük əksəriyyətini azərbaycanlılar təşkil etmişlər. Eyni zamanda, bu muxtar vilayətdə rusların və digər millətlərin nümayəndələri də yaşamışlar. Belə olan halda, həmin ərazidə yalnız bir qrup erməninin "öz müqəddəratını təyin etmək" kimi cəfəng bir iddia ilə çıxış etməsi yolverilməzdir. Azərbaycan Prezidenti bu reallıqdan çıxış edərək gələcəkdə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi zamanı erməni icması ilə yanaşı, azərbaycanlı icmasının da maraqlarının və təhlükəsizliyinin əsas götürülməsini vacib sayır. Son illər Dağlıq Qarabağın azərbaycanlı icmasının mütəşəkkil qüvvəyə çevrilməsi və konkret hüquqi statusda fəaliyyətini genişləndirməsi istiqamətində həyata keçirilən tədbirlər də məhz bu məqsədə xidmət edir.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ilə görüşdə danışıqlar prosesindəki son duruma aydınlıq gətirən dövlət başçısı İlham Əliyev demişdir ki, İrəvanın qeyri-konstruktiv, təcavüzkar siyasəti üzündən beynəlxalq birliyin münaqişəni dinc yolla tənzimləmək cəhdləri hələlik fayda vermir. Ötən illərdə ATƏT-in Minsk qrupu həmsədrlərinin fəal vasitəçiliyi ilə aparılan gərgin danışıqlar prosesi bir neçə dəfə problemin real həll müstəvisinə yönəlsə də, Ermənistan rəhbərliyinin aşkar siyasi cığallığı və siyasi qətiyyətsizliyi üzündən sülhə gəlmək mümkün olmamışdır. Danışıqlar prosesinin daha aktiv və həlledici mərhələyə qədəm qoyduğu son iki ilin yekununda eyni proses, demək olar, yenidən təkrarlanır: müzakirə masasındakı yenilənmiş Madrid prinsipləri ilə bağlı həlledici qərarlar vermək ərəfəsində rəsmi İrəvan müxtəlif bəhanə və əsassız iddialarla əvvəlki müəyyən razılaşmalardan da geri çəkilməyə çalışır.
Tənzimləmə prosesində beynəlxalq hüquq normalarına istinad imkanları tamamilə daralan, ideoloji, siyasi, hüquqi və iqtisadi müstəvilərdə Azərbaycana uduzan təcavüzkar tərəfin bütün səyləri hazırda mövcud "status-kvo"nun qorunub saxlanılmasına, münaqişənin "baş vermiş fakt" əsasında həllinə hesablanmışdır. Müvəqqəti hərbi üstünlüyü ilə manipulyasiya etməyə çalışan Ermənistan danışıqlar prosesini bu və digər vasitələrlə uzatmağa çalışmaqla, "Nə hərb, nə sülh vəziyyəti"nin davamlı olmasını istəyir.
Dövlət başçısı İlham Əliyev Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ilə görüşdə bu barədə demişdir: "Dağlıq Qarabağa keçici statusun verilməsi müzakirə olunur. Bu status Azərbaycanın ərazi bütövlüyünü pozmayacaqdır. İşğaldan əziyyət çəkmiş bütün insanlar öz yerlərinə qayıtmalıdırlar. Bu, o deməkdir ki, Azərbaycan vətəndaşları Dağlıq Qarabağa, Şuşaya qayıtmalıdırlar və üç həmsədr ölkənin bu yaxınlarda verdiyi bəyanatda bu, açıq-aydın göstərilir. Yəni, bu, demokratik, beynəlxalq hüquq normalarını əks etdirən prinsiplərdir və beləliklə, məsələnin həlli üçün yeganə variant ola bilər. Bir daha demək istəyirəm ki, Azərbaycan müəyyən istisnalarla bu əsas prinsipləri qəbul edib və biz Ermənistandan da eyni yanaşmanı gözləyirik. Halbuki bizə çatan məlumat o qədər də müsbət deyildir. Görünür ki, Ermənistan tərəfi öz taktikasını davam etməyə üstünlük verir. Yəni ki, onlar münaqişəni maksimum imkanları daxilində maksimum müddətdə uzatmaq və işğalı davam etdirmək istəyirlər".
Azərbaycan iqtidarı dəfələrlə bəyan etmişdir ki, SSRİ-nin dağılmasından sonra bir sıra postsovet respublikalarında baş qaldıran münaqişələrin kökündə məhz eyni amil - terrorçuluğun başlıca səbəblərindən biri olan təzavüzkar-separatizm dayanır. Ermənistanın işğal yolu ilə Dağlıq Qarabağda separatçı rejim, nəzarətsiz zona formalaşdırması regionda və Avropada sülhə və təhlükəsizliyə ən böyük təhdidlərdən biridir. Dövlət başçısı İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, separatçılıq fəaliyyətinin "Dağlıq Qarabağ "xalqı"nın öz müqəddəratını təyin etmək" arzusu kimi qələmə verməsi tamamilə absurd və beynəlxalq hüquq norma və prinsiplərinə ziddir. Tarixən Azərbaycan torpaqlarına göz dikən ermənilər bu yolla özlərinin işğalçılıq siyasətinə "bəraət qazandırmağa", beynəlxalq ictimaiyyətin qınaq və təzyiqlərindən sığortalanmağa çalışırlar. Separatçı rejimlər bu və digər vasitələrlə, xarici dəstək faktoru ilə qeyri-qanuni şəkildə nəzarət altında saxladıqları ərazilərdəki fəaliyyətlərini "pərdələmək" üçün hər zaman beynəlxalq hüququn "milli özünütəyinetmə" kimi müstəsna prinsipinə istinad etməyə çalışırlar.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında bir daha vurğulamışdır ki, Azərbaycanın ədalətli və beynəlxalq hüquqa əsaslanan mövqeyi beynəlxalq səviyyədə də dəstəklənir. Dövlət başçısı demişdir ki, Azərbaycanın razılığı və iştirakı olmadan Dağlıq Qarabağa status verilə bilməz. "Bu gün bir məsələyə toxunmaq istəyirəm. Bir daha demək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb, olmayacaqdır! Vasitəçilərin təklifi də ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, işğal edilmiş bütün bölgələrdən Ermənistanın işğalçı qüvvələri çıxarılmalıdır, azərbaycanlılar - məcburi köçkünlər öz doğma torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmalıdırlar və qayıdacaqlar. O ki qaldı Dağlıq Qarabağın gələcək statusuna, Azərbaycan dövlətinin razılığı olmadan Dağlıq Qarabağa heç bir status verilə bilməz. Bu, danışıqların ayrılmaz parçasıdır. Yəni, birtərəfli qaydada Ermənistan, yaxud da ki, qondarma Dağlıq Qarabağ separatçıları, yaxud da ki, hansısa üçüncü qüvvə Azərbaycanın iştirakı və razılığı olmadan Dağlıq Qarabağa heç bir status verə bilməz", - deyən cənab İlham Əliyev əlavə etmişdir ki, Azərbaycanın ərazi bütövlüyü heç bir zaman danışıqlar predmeti ola bilməz.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında həmçinin demişdir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində beynəlxalq hüquq və normaları, ədalət meyarı Azərbaycanın tərəfindədir və bunu dünya ictimaiyyəti də birmənalı təsdiq edir. Azərbaycan hələlik münaqişənin sülh yolu ilə həlli üçün səylərin davam etdirilməsini zəruri saysa da, ərazi bütövlüyünün pozulması ilə uzun müddət barışmaq niyyətində deyildir.
Ermənistan münaqişənin hamılıqla qəbul olunmuş norma və prinsiplərlə həllinə razılıq verməyəcəyi, təzavüzkarlıq siyasətini davam etdirəcəyi təqdirdə, Azərbaycan öz torpaqlarını azad etmək üçün hərbi əməliyyatlara başlayacaqdır. Bu, Azərbaycan xalqının müstəsna hüququdur və onu heç bir dövlət bu yoldan çəkindirə bilməyəcəkdir.
Samir ELMANOĞLU
Azərbaycan.- 2010.- 25
iyul.- S. 1.