Azərbaycan Gürcüstanın iqtisadi inkişafında müstəsna rol oynayan dövlətə çevrilir

 

Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfərinin yekunları iki qonşu dövlət arasında genişmiqyaslı əməkdaşlığın dərinləşdirilməsi məqsədinə xidmət edən bir sıra praktik addımlarla yadda qalmışdır. Bu səfər tarixən siyasiiqtisadi tellərlə bir-birinə bağlı olmuş iki postsosialist respublikası arasında əməkdaşlığın yeni mərhələdə də strateji müttəfiqlik yönümündə inkişaf etdiyinimühüm geosiyasi reallıqlarla şərtləndiyini təsdiqləmişdir. Səfər çərçivəsində aparılan faydalı müzakirələr həm də Avratlantik məkana inteqrasiya kursu seçməklə, müxtəlif beynəlxalq və regional məsələlərdə eyni mövqedən çıxış edən Gürcüstan və Azərbaycan arasında münasibətlərin dərinləşdirilməsi üçün ciddi potensialın mövcudluğunu aşkarlamışdır.

 

Ötən əsrin 90-cı illərinə doğru sosializm dəyərlərindən imtina edərək bazar iqtisadiyyatı və demokratiya yolunu seçmiş hər iki ölkə arasında hərtərəfli əməkdaşlıq əlaqələrinin qurulması yeni dövrün tələbindən irəli gəlmişdir. 1991-1993-cü illərdə müəyyən mənada formal xarakter daşıyan bu münasibətlərin gerçək əməkdaşlıq, qarşılıqlı etimadanlaşma mühitində inkişafı isə yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün olmuşdur. Məhz bu mərhələdən etibarən Gürcüstanla müxtəlif regional və beynəlxalq məsələlərdə əməkdaşlıq münasibətlərinin qurulması, iqtisadi əlaqələrin genişləndirilməsi Azərbaycanın xarici siyasət strategiyasının başlıca istiqamətlərindən birinə çevrilmişdir. Ötən illərdə iki dost ölkə arasında münasibətlər yüksək səviyyəli dialoqstrateji tərəfdaşlıq ruhunda inkişaf etmişdir. Siyasi, iqtisadihumanitar əməkdaşlıq sahələrində ciddi irəliləyişlərə nail olunmuş, yüksək səviyyəli qarşılıqlı səfərlər gerçəkləşmiş, əlaqələrin inkişaf etdirilməsi üçün geniş hüquq-müqavilə bazası yaradılmışdır.

1996-cı ildən Avropa Birliyinin ciddi dəstək verdiyi TRASEKA layihəsinin gerçəkləşməsinə Azərbaycanla eyni dərəcədə səy göstərən Gürcüstan paralel olaraq respublikamızla GUAM çərçivəsində çoxtərəfli əməkdaşlıq əlaqələri qurmuşdur. Qərb dövlətləri, xüsusən də ABŞ tərəfindən dəstəklənən təşkilat ötən müddətdə MDB-dən kənar subregional inteqrasiyanın uğurlu modelinə çevrilməklə ölkələrimiz arasındakı qarşılıqlı faydalı münasibətlərə ciddi impulslar vermişdir. GUAM çərçivəsində sıx əməkdaşlıq edən Azərbaycan və Gürcüstan Xəzərin zəngin təbii resurslarının Qərb şirkətləri ilə birgə mənimsənilməsi, Şərq-Qərb (TRASEKA) nəqliyyat-kommunikasiya dəhlizinin yaradılması, NATO ilə əməkdaşlığın genişləndirilməsi, habelə azad ticarət zonasının formalaşdırılması məsələlərində vahid mövqedən çıxış ediblər. Hər iki müttəfiq ölkə BMT, ATƏT, Avropa Şurası, Avropa Birliyi, xüsusilə NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində fəal əməkdaşlıq edir, bir-birinə siyasi dəstək verirlər. Məsələn, 2008-ci il mart ayının 14-də BMT Baş Məclisində "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyətə dair" qətnamənin qəbulu ilə bağlı keçirilmiş səsvermədə Gürcüstan qətnamənin lehinə səs vermiş, müttəfiq mövqeyi nümayiş etdirmişdir.

Azərbaycanla Gürcüstanın strateji tərəfdaşlığında enerji məsələləri xüsusi yer tutur. Xatırlatmaq yerinə düşər ki, hələ 1997-ci ildə hər iki ölkənin rəhbərliyi Xəzər neftinin Bakı-Tbilisi-Supsa marşrutu ilə nəqli haqqında saziş imzalamışdır. 1999-cu il aprelin 17-də isə Azərbaycan, GürcüstanUkrayna prezidentlərinin iştirakı ilə uzunluğu 850 km, illik buraxılış qabiliyyəti 5 milyon ton olan Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verilmişdir. Beləliklə, Azərbaycan Qərbə alternativ çıxış imkanı qazanaraq birqütblü boru kəməri asılılığından çıxmış, qonşu Gürcüstanın da iqtisadi inkişafı istiqamətində mühüm addım atmışdır.

2002-ci il sentyabrın 18-də Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə Səngəçalda BTC-nin təməlqoyma mərasimi keçirilmiş, 2004-cü il fevral ayının 3-də layihənin maliyyələşdirilməsi ilə bağlı sənədlərin imzalanması mərasimi əfsanənin gerçəyə çevrilməsində sonuncu hüquqi nöqtəni qoymuşdur. 2005-ci il mayın 25-də BTC-nin Azərbaycan hissəsinin, oktyabrın 12-də isə Gürcüstan hissəsinin neftlə doldurulması ilə əlaqədar təntənəli tədbirlər keçirilmişdir. Ümumilikdə, Azərbaycanın malik olduğu zəngin neft-qaz ehtiyatları dost ölkənin enerji təhlükəsizliyində, habelə tranzit-kommunikasiya əhəmiyyətinin artmasında mühüm rol oynayır. Azərbaycanla genişmiqyaslı əməkdaşlıq Gürcüstana həm də alternativ enerji kəmərləri əldə etmək imkanı qazandırır. Rəsmi Tbilisinin strateji məqsədlərindən biri də məhz Xəzər nefti və qazının Qərb bazarlarına nəqli prosesində özünün tranzit-kommunikasiya imkanlarını genişləndirmək və bu yolla enerji təhlükəsizliyini təmin etməkdir. BTC-nin işə düşməsi layihənin bilavasitə iştirakçısı olan Gürcüstanın iqtisadi maraq və mənafeyinin təminatına, habelə aktual məsələ kimi gündəmə gələn enerji təhlükəsizliyi probleminin həllinə imkan yaratmışdır.

Məlumdur ki, 2005-ci ilin qış aylarında Rusiyadan verilən təbii qazın dayandırılması rəsmi Moskva ilə Kiyev arasında ciddi diplomatik gərginliyə səbəb olmaqla yanaşı, Qərbi Avropanı da iflic etmişdi. Bir qədər sonra Gürcüstan analoji problemlə üzləşmiş, Rusiyadan gələn qaz kəmərində partlayışın törədilməsi nəticəsində bu ölkə müəyyən müddətə enerji böhranı ilə üzləşmişdi. Həmin vaxt Prezident İlham Əliyevin müdaxiləsi ilə Azərbaycan hökuməti Gürcüstana enerji vermiş, qonşu dövlətin bu problemi aradan qaldırılmışdı. Xatırladaq ki, 2006-cı ilin dekabrında Gürcüstanın Baş nazirinin başçılıq etdiyi nümayəndə heyətinin Bakıya səfəri zamanı Azərbaycan hökuməti qonşu dövlətə mavi yanacaq satışına razılıq vermişbununla əlaqədar ikitərəfli saziş imzalanmışdır. Gürcüstanın dövlət başçısı Mixeil Saakaşvili Prezident İlham Əliyevin bu qətiyyətli qərarını alqışlamış və qəhrəmanlıq nümunəsi kimi dəyərləndirmişdir.

Son illərdə Gürcüstana mavi yanacaqelektrik enerjisi ixrac edən Azərbaycan qonşu dövlətin enerji təhlükəsizliyinə mühüm töhfə verir. Rəsmi Bakı Gürcüstana zəruri maliyyə yardımları da göstərir. Belə ki, ölkə rəhbərliyi region üçün strateji əhəmiyyət daşıyan Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişi ilə bağlı 2007-ci ildə Gürcüstana 200 milyon dollar məbləğində güzəştli kredit vermişdir. Eyni zamanda, Azərbaycanın adamları, biznes qurumları dost ölkənin iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edən layihələri uğurla reallaşdırır, Gürcüstana investisiyalar yatırırlar. Bu baxımdan ARDNŞ-in qonşu ölkədə həyata keçirdiyi enerji layihələrini xüsusi vurğulamaq olar. Şirkətin törəmə müəssisəsi olan "SOCAR"ın Gürcüstan ərazisində inşa etdirdiyi 40-a yaxın müasir yanacaqdoldurma müəssisəsi dost ölkənin yanacaqla təminatında mühüm rol oynayır. Eyni zamanda, şirkət Gürcüstan ərazisində qazlaşdırma prosesiniuğurla həyata keçirir.

Prezident İlham Əliyevin bu günlərdə Gürcüstana gerçəkləşmiş işgüzar səfəri isə iki ölkə arasında əlaqələrin bütün səviyyələrdə inkişaf etdiyini göstərir. Batumidə aparılan müzakirələr müxtəlif beynəlxalq və regional məsələlərdə eyni mövqedən çıxış edən Azərbaycan və Gürcüstan arasında münasibətlərin daha da dərinləşdirilməsi üçün güclü potensialın mövcudluğunu təsdiqləmişdir. Dövlət başçıları ikitərəfli danışıqlar zamanı mövcud potensialdan maksimum səmərəli yararlanmaqla mövcud əlaqələri daha da genişləndirməyin vacibliyini qeyd etmişlər.

Azərbaycan Prezidenti İlham Əliyev gürcüstanlı həmkarı ilə görüşdə ölkələrimiz arasındakı münasibətlərin yüksələn xətlə inkişafından razı qaldığını, səfər çərçivəsində əldə olunan razılaşmaların qarşılıqlı əlaqələrə ciddi təkan verəcəyinə ümidvar olduğunu bildirmişdir: "Bizim aramızda olan əlaqələr zəngin tarixə əsaslanır. Əsrlər boyu bizim xalqlarımız dostluq, qardaşlıq şəraitində yaşamışlar, bir-birinə kömək etmişlər və həmişə birlikdə olmuşlar. Bu tarixi yaddaş bugünkü gün üçünçox vacibdir. Bu gün sürətlə inkişaf edən iki müstəqil dövlət - Gürcüstan və Azərbaycan öz aralarında bütün sahələrdə çox fəal əməkdaşlıq edirlər. Bizim əməkdaşlığımız çoxşaxəlidir, bütün sahələri əhatə edirbayaq qeyd etdiyim kimi, möhkəm tarixi zəmin əsasında qurulubdur. Bizim vəzifəmiz ondan ibarətdir ki, xalqlarımız arasında mövcud olan ənənəvi dostluq, qardaşlıq əlaqələrini inkişaf etdirək, yeni məna ilə zənginləşdirək və beləliklə, Gürcüstan-Azərbaycan strateji əməkdaşlığının imkanlarından maksimum şəkildə istifadə edək".

Azərbaycanın regiondakı rolunu və imkanlarını düzgün qiymətləndirən Prezident Mixeil Saakaşvili isə rəsmi Bakının Gürcüstana daim dost köməyi göstərdiyini xüsusi vurğulamışdır. Gürcüstanın dövlət başçısı ölkələrimiz arasında əlaqələrin son illərdə strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini də razılıqla qeyd etmişdir: "Gürcüstan heç zaman yaddan çıxarmayacaq ki, enerji infrastrukturumuz partladılanda, gürcü xalqı qışın soyuğunda çətin şəraitdə qalanda Azərbaycan bizim ehtiyaclarımızı təmin etmək üçün köməyə gəldi. Mən tam əminəm ki, Gürcüstan xalqı Azərbaycanın bu yardımını heç vaxt yaddan çıxarmayacaqdır. Biz bu yardımı heç vaxt unutmayacağıq. Çünki bu kömək Gürcüstanın tarixində ən ağır bir vaxtda göstərilmişdir. O vaxt Azərbaycan çox mühüm bir qərarı qəbul etdi və həmin ağır vaxtlarda Gürcüstanın köməyinə gəldi. Bu, təkcə strateji tərəfdaşlığın nəticəsi deyil, bu, qardaşlıq rəmzidir. Hətta biz konfederativ münasibətlər qurmuşuq".

İyulun 23-də Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası birgə komissiyanın 6-cı iclası keçirilmişdir.

İclasda ticarət, enerji, nəqliyyat, rabitə, humanitar, kənd təsərrüfatı, sərhəd və gömrük, ətraf mühitin mühafizəsi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı müzakirələr aparılmışdır.

Azərbaycanın Baş naziri Artur Rasizadə və Gürcüstan hökumətinin başçısı Nika Qilauri Azərbaycan Respublikası ilə Gürcüstan arasında nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılması haqqında Anlaşma Memorandumuiqtisadi əməkdaşlıq üzrə hökumətlərarası birgə komissiyanın 6-cı iclasının yekun protokolu imzalanmışdır.

Ümumilikdə, səfərin yekunları deməyə əsas verir ki, Avratlantik məkana inteqrasiya kursu seçməklə, müxtəlif beynəlxalq və regional məsələlərdə eyni mövqedən çıxış edən Azərbaycan və Gürcüstan münasibətlərinin daha da möhkəmləndirilməsi üçün ciddi potensial mövcuddur. İndi hər iki ölkənin qarşısında duran əsas məsələ bu potensialın açılmasına, münasibətlərin müştərək maraqlar əsasında intensiv inkişafına çalışmaqdır.

 

 

S.ELMANOĞLU

 

Azərbaycan.- 2010.- 25 iyul.- S.  1, 4.