SİTES Xəzəryanı dövlətlərdən ixrac edilən qara kürüyə yeni kvotaları təsdiq etmişdir

 

Vəhşi FloraFauna Növləri ilə Beynəlxalq Ticarət haqqında Konvensiyanın Katibliyi (SİTES) 2010-cu ildə Xəzəryanı dövlətlərdən ixrac edilən kürü və digər nərəkimilər məhsullarına kvotaları açıqlamışdır. Kvotalar Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan nümayəndələrinin Tehran görüşündə razılaşdırılmışdır. SİTES-in kürünün və nərəkimilərin ixracına yeni icazəsi 2010-cu il martın 1-dən 2011-ci il fevralın 28-dək qüvvədədir.

Xəzər dənizində nərəkimilərin ehtiyatlarının son illər tükəndiyini etiraf edən Xəzəryanı dövlətlər bu balıq növlərinin ovlanması kvotasını azaltmaq barədə razılığa gəlmişlər. Razılaşmaya əsasən, 2010-cu ildə kürünün və nərəkimilərin ixracına ümumi kvota 2008-ci illə müqayisədə azalmışdır.

İxracın həcmi ilə bağlı konsensusa gəlməyən Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan 2009-cu ildə xaricdə kürü satışı üçün SİTES-in icazəsini ala bilməmişdilər.

Xatırladaq ki, 2001-ci ildə Paris sazişinə müvafiq olaraq, Azərbaycan, Qazaxıstan, Türkmənistan və Rusiyadan kürü satışı dayandırılmışdı. Nərəkimilərin ehtiyatlarına dair elmi tədqiqatlar aparmaq, balıq ovunun tənzimlənməsi və saxlanması üçün birgə plan tərtib etmək üçün bu ölkələrə 2001-ci ilin sonunadək vaxt verilmişdi. Beşinci Xəzəryanı dövlətə - İrana münasibətdə kürü ticarətinin qadağan edilməsi ilə bağlı tədbirlər görülməmişdi, lakin o da digər ölkələrin səylərinə qoşulmuşdur.

SİTES-in sonralar, o cümlədən 2010-cu il üçün verdiyi kvotalar dövlətlərin özlərinin təqdim etdikləri informasiyaya, habelə beynəlxalq ekspertlərin işlərinin nəticələrinə əsaslanmışdır. Ekspertlər təsdiq etmişlər ki, region hökumətləri nərəkimilərin ovlanmasını tənzimləyir, brakonyerliyə qarşı mübarizə tədbirlərini gücləndirirlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 25 iyul.- S.  1.