19. İqtisadi tərəqqini
sürətləndirən islahatlar
"Biz iqtisadiyyatı kifayət qədər qısa müddətdə şaxələndirməyə və çox ciddi iqtisadi islahatlar aparmağa nail olmuşuq. Təsadüfi deyil ki, aparıcı beynəlxalq maliyyə təsisatları bu baxımdan uğurlarımızı qeyd edirlər. Ölkənin çox davamlı beynəlxalq reytinqi vardır, bütün reytinq agentlikləri uğurlarımızı çox yüksək qiymətləndirirlər".
İlham ƏLİYEV
İqtisadiyyatının inkişafı böyük nailiyyətlərin əldə edilməsi ilə müşayiət olunan, bu sahədə davamlı tərəqqi qazanmağı bacaran dövlətlərin təcrübəsi göstərir ki, qeyd olunan uğurları şərtləndirən ən vacib elementlərdən biri də dövrün tələblərinə uyğun islahatların aparılmasıdır. İqtisadi texnologiyanın durmadan yenilənməsi, dünya iqtisadiyyatının indi daha böyük sürətlə qloballaşması, dövlətlərarası münasibətlərin daha geniş spektrləri əhatə etməsi fonunda belə islahatların aparılması əslində zəruri şərt kimi çıxış edir. Bu şərtin vaxtında görülüb qiymətləndirilməməsi, müvafiq islahatların aparılmaması son nəticədə iqtisadi sahədə yaranan problemlərin miqyasını genişləndirməklə bərabər, daha ciddi fəsadlara da yol açır. Təkcə postsovet məkanına nəzər salmaqla da görmək olar ki, vaxtında müvafiq iqtisadi islahatlar aparmaqda ləngimələrə yol verən dövlətlər indi hansı böyük problemlər məngənəsində sıxılır.
Sosial-iqtisadi inkişaf xəttində
yeni yol
İqtisadiyyatının inkişaf tempinə görə dünya dövlətləri arasında son bir neçə ildə lider mövqeyə çıxan Azərbaycanın ikinci müstəqillik tarixinin son 16 ilinin təhlili belə bir qənaəti qətiləşdirir ki, ölkəmizdə iqtisadi islahatlar daim davamlı xarakter daşıyıb, bu sahədə təkmil qanunvericilik bazasının yaradılması məqsədilə həyati əhəmiyyət kəsb edən addımlar atılıb. Düzdür, 1991-1993-cü illərdə siyasi vəziyyətin qeyri-sabitliyi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ölkə ərazisinin böyük bir hissəsinin indiyədək düşmən işğalı altında olması, yaranan qaçqın və məcburi köçkün problemi, iqtidarda olan qüvvələrin bacarıqsızlığı bu sahədə hər hansı işin görülməməsi ilə nəticələndi. Digər tərəfdən, SSRİ-nin dağılması ilə keçmiş müttəfiq respublikalar arasında onilliklər ərzində formalaşmış qarşılıqlı mübadilə və istehsal-kooperasiya əlaqələrinin birdən-birə kəskin şəkildə pozulması da vəziyyəti əhəmiyyətli dərəcədə ağırlaşdırırdı. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə həyata keçirdiyi uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində isə ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində böyük nailiyyətlərin əldə olunması prosesinin əsası qoyuldu. Ölkədə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarilə yeni bir istiqaməti yarandı. Ümummilli liderin bilavasitə rəhbərliyi ilə ölkənin sosial-iqtisadi inkişaf xəttini müəyyən edən bir çox irimiqyaslı konsepsiya, strategiya və proqramlar qəbul edildi, Azərbaycanda kiçik və orta sahibkarlığa dövlət yardımı, kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı, eləcə də maşınqayırma sənayesinin, aqrar bölmənin, turizmin inkişafının, yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə proqramlar qəbul olundu. Bütün bunlar ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafını təmin etmək üçün zəmin yaradaraq sərbəst bazar münasibətlərinə əsaslanan sosialyönümlü iqtisadi sistemin formalaşdırılmasına, ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensialın fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olunmasına, milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli şəkildə inteqrasiyasının təmin olunmasına gətirib çıxardı. Bu zaman həyata keçirilən proqramların, görülən tədbirlərin və ümumilikdə iqtisadi siyasətin mahiyyəti göstərirdi ki, onların əsasında duran başlıca istiqamətlər iqtisadi inkişafın obyektiv qanunauyğunluqlarının nəzərə alınması, gələcəyə hesablanan və cəsarətli qərarların qəbul olunması, bu zaman sosialyönümlülüyün gözlənilməsi və mütərəqqi dünya təcrübəsindən faydalanılması durur.
Müstəqil milli
iqtisadiyyatın formalaşdırılmasına xidmət edən
proqram və konsepsiyalar
Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlanan bu inkişaf mərhələsində həyata keçirilən proqramlar, strategiya və konsepsiyalara konkret misal olaraq ''Azərbaycanda Kiçik və Orta Sahibkarlığa Dövlət Yardımı Proqramı (1997-2000-ci illər)'', "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)", "Azərbaycan Respublikasında maşınqayırma sənayesinin inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)", "Azərbaycan Respublikasında aqrar bölmənin inkişafının Dövlət Proqramı (2002-2006-cı illər)", "Azərbaycan Respublikasının demoqrafik inkişaf konsepsiyası", "Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı", "Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı (2003-2005-ci illər)" və digərlərini qeyd etmək olar. İqtisadi inkişafda sahibkarların rolunu nəzərə alan ulu öndər bu sahənin tərəqqisinə daim xüsusi diqqət göstərib və respublikamızın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun tərəqqisi ilə əlaqələndirib. Bu ondan xəbər verirdi ki, Heydər Əliyevin həyata keçirdiyi iqtisadi siyasət sahibkarlığın inkişafının sürətləndirilməsinə, ölkənin sosial-iqtisadi problemlərinin həllində sahibkarlığın rolunun gücləndirilməsinə, bu istiqamətdə dövlət qayğısının artırılmasına və ən əsası mövcud potensialın reallaşdırılmasına yönəlib. O da xüsusi olaraq qeyd edilməlidir ki, sahibkarlıq fəaliyyətinin tənzimlənməsi ilə bağlı qanunvericilik bazasının yaradılması sahəsində qəbul edilən sənədlərdə bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması, sahibkarlığa hüquqi təminatın verilməsi və rəqabət mexanizminin formalaşması, həmçinin rəqabətin qorunması ilə bağlı müddəalar öz əksini tapdığından bu sənədlər iqtisadiyyatın bütün sahələrini əhatə etməklə azad rəqabətin təmin olunmasına və iqtisadiyyatın dinamik inkişafına xidmət edirdi. Bu mənada, sahibkarlığın inkişafı istiqamətində 1993-1995-ci illəri və 1997-2000-ci illəri əhatə edən iki dövlət proqramının qəbul edilməsinin xüsusi rolu oldu, onlar kiçik və orta sahibkarlığın inkişafının Azərbaycan dövlətinin iqtisadi siyasətinin prioritet sahələrdən birinə çevirdi.
Bununla yanaşı, ölkə prezidenti tərəfindən 17 iyun 1996-cı il tarixli "İstehsal, xidmət, maliyyə-kredit fəaliyyətinə dövlət nəzarətinin qaydaya salınması və əsassız yoxlamaların qadağan edilməsi barədə" imzalanan fərman iqtisadi münasibətlərin səviyyəsinə uyğun müvafiq dövlət nəzarəti mexanizmini tətbiq etmək, həmin nəzarətin daha məqbul vasitələrini seçmək, bazar münasibətlərinin inkişafına mənfi təsir göstərəcək halların qarşısını almaq, vətəndaşların və hüquqi şəxslərin qanuni mənafelərini qorumaq istiqamətində önəmli addım oldu. Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi, sahibkarlığın inkişafı, yerli və xarici iş adamlarının fəaliyyətinə əsassız müdaxilələrin qarşısının alınması, korrupsiya, rüşvətxorluq və digər vəzifədən sui-istifadə halları ilə mübarizənin gücləndirilməsi məqsədilə ölkə prezidenti tərəfindən 7 yanvar 1999-cu il tarixli "Dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi və sahibkarlığın inkişafı sahəsində süni maneələrin aradan qaldırılması haqqında" fərman da iqtisadi inkişafda vacib rol oynadı.
1997-ci ildən başlayaraq vergi münasibətlərinin tənzimlənməsi sahəsində vahid və təkmil qanunvericilik bazasının yaradılması məqsədilə Vergi Məcəlləsinin layihəsinin hazırlanmasına başlanılması, bu layihənin hazırlanması prosesində onun ayrı-ayrı məqamlarının dövlət başçısı yanında keçirilən müşavirələrdə dəfələrlə müzakirə edilməsi, vergitutmanın sadələşdirilməsi, onun bazasının genişləndirilməsi, vergi yükünün azaldılması, vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi və sair barədə ulu öndərin dəyərli tövsiyələri bu işin uğurla başa çatdırılmasına zəmin yaratdı. Vergi Məcəlləsinin qəbul edilməsi ölkənin həyatında tarixi bir hadisə olaraq vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılmış ən başlıca addım oldu.
Heydər Əliyevin 11 fevral 2000-ci il tarixli fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin bazasında dövlətin vergi siyasətinin həyata keçirilməsi, dövlət büdcəsinə vergilər və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və vergitutma sahəsində dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanını - Azərbaycan Respublikasının Vergilər Nazirliyinin yaradılması barədə qərarı isə vergi siyasətinin iqtisadi siyasətin mühüm qolu olduğunu, iqtisadi tənzimləmədə və fiskal siyasətin həyata keçirilməsində vergi siyasətinin aparıcı rolunu müəyyən etdi.
Ulu öndərin rəhbərliyi altında Azərbaycanın qədəm qoyduğu iqtisadi inkişaf və həyata keçirilən digər islahatlardan danışarkən neft-qaz sahəsində görülən işlər xüsusi qeyd olunmalıdır. Bilindiyi kimi, 1994-cü il sentyabrın 20-də 11 transmilli neft şirkəti ilə "Əsrin müqaviləsi"nin imzalanması və icrasına başlanması ilə Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin sarsılmaz özülü qoyuldu. Bunun ardınca ölkəmizin karbohidrogen ehtiyatlarını dünya bazarlarına çıxan kəmərlər istifadəyə verildi, həmçinin ixrac marşrutlarının diversifikasiyasına nail olundu. Daha sonra neft satışından əldə olunan vəsaitlərin səmərəli idarə olunması, həmin vəsaitlərin prioritet sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsini təmin etmək üçün Heydər Əliyevin müvafiq sərəncamına əsasən 1999-cu ildə Dövlət Neft Fondu yaradıldı. Neft gəlirlərinin idarə olunması üzrə isə Azərbaycan nümunəvi dövlət kimi çıxış edir. Xatırlatmaq yerinə düşərdi ki, Azərbaycan Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü təşkilatının tamhüquqlu üzvüdür. O da xüsusi olaraq vurğulanmalıdır ki, 2007-ci ildən şəffaflıq təşəbbüsündə namizəd üzv kimi fəaliyyət göstərən Azərbaycan quruma daxil olan 26 ölkə arasından ilk olaraq tamhüquqlu üzv statusu alıb.
Neft-qaz sektorunun iqtisadiyyatın digər sahələrinin inkişafında təkanverici qüvvəyə çevrilməsindən sonra Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında 1995-ci ildən başlayaraq aqrar sektorun da bazar prinsipləri əsasında yenidən qurulması, sovxoz və kolxozların ləğv olunması, onlara məxsus torpağın, mal-qaranın və əmlakın kəndlilərə paylanması kimi tədbirlər nəticəsində kənd təsərrüfatında ciddi struktur dəyişiklikləri baş verdi, keyfiyyətcə fərqli münasibətlər formalaşdı. Aqrar sektorda səmərəli təsərrüfatçılığın, sahibkarlığın inkişafının təmini məqsədilə kənd təsərrüfatı məhsulları istehsalçılarının əvvəlki vergi borcları silindi, onlara müddətli vergi tətillərinin verilməsinə başlandı.
Sözügedən sahənin inkişafında mühüm rol oynayan amillərdən biri də kənd təsərrüfatında istehsalla məşğul olanların torpaq vergisindən başqa bütün digər vergilərən azad edilməsi ilə bağlı idi. Bunun ardınca iqtisadi islahatlar sahəsində digər önəmli addım dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesinin başlanması, bu məqsədlə müvafiq qanunvericilik bazası yaradılması, dövlət proqramlarının təsdiq edilməsi oldu. Bazar iqtisadiyyatı mühitinin yaradılmasında isə bu məsələlər xüsusi əhəmiyyət kəsb edirdi.
Sadalananlar fonunda infrastrukturun inkişaf etdirilməsi də diqqət mərkəzində saxlanan əsas məsələlərdən idi. Bunun üçün nəqliyyat sisteminin gücləndirilməsi və ölkənin tranzit imkanlarından səmərəli istifadə yönümündə Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə layihələrin həyata keçirilməsinə başlanıldı. Digər tərəfdən, iqtisadiyyata yönəlmiş investisiyaların ümumi həcmi daxili sərmayələr hesabına əhəmiyyətli dərəcədə artdı.
Bütün bunlar aşağıdakı mühüm nəticələrin əldə olunması ilə xarakterizə edildi: sərbəst bazar münasibətlərinə əsaslanan və özünüinkişaf qabiliyyətinə malik sosialyönümlü bütöv iqtisadi sistem - müstəqil milli iqtisadiyyat formalaşdırıldı; ölkədə mövcud olan təbii-iqtisadi, texniki-istehsal və elmi-texniki potensial fəal surətdə təsərrüfat dövriyyəsinə cəlb olundu; milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli şəkildə inteqrasiyası təmin edildi.
İqtisadi islahatlar yeni mərhələdə
Əsası ulu öndər tərəfindən qoyulan milli inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdə, eyni zamanda, yeni çalarlarla daha da zənginləşdirilməkdə, ilk növbədə, ölkədə sosial-iqtisadi inkişafın və regional siyasətin gücləndirilməsi, sahibkarlığın dövlət himayəsinə götürülməsi, iş adamları üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması, inzibati idarəetmə strukturlarının təkmilləşdirilməsi və beynəlxalq standartlara çatdırılması kimi mühüm məqamları özündə ehtiva etməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bu siyasətin əsasında duran ən önəmli məqamlardan biri də iqtisadi fəallığın yüksəldilməsinə xidmət edən tədbirlərin həyata keçirilməsidir.
Dövlət başçısının xüsusi diqqət mərkəzində saxladığı vacib məqamlardan biri də iqtisadi inkişafı sürətləndirən, dövrün tələblərinə cavab verən islahatların aparılmasıdır. Bu mənada, cənab İlham Əliyevin müəyyən etdiyi strategiya, ilk növbədə, qanunvericiliyin təkmilləşdirilməsində öz əksini tapır. Həmçinin ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin başlıca hədəfləri sərbəst bazar münasibətlərinə və özünüinkişaf qabiliyyətinə malik sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması və dünya təsərrüfat sisteminə inteqrasiyasının təmin edilməsidir. Qeyd edilənlərlə bağlı qəbul olunmuş və icrası uğurla həyata keçirilmiş, yaxud keçirilməkdə olan aşağıdakı vacib proqram və sənədlərin adını çəkmək mümkündür: "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)", ("Azərbaycan Respublikasının məşğulluq strategiyası" (2006-2015-ci illər), "Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə Dövlət Proqramı", "Azərbaycan Respublikasında nəqliyyat sisteminin inkişafı Dövlət Proqramı", "Azərbaycan Respublikasının aqrar-sənaye kompleksinin inkişaf strategiyası" və sair.
Bununla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi islahatlar çərçivəsində 2004-cü ildə dövlət başçısı tərəfindən imzalanmış "Vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramı (2005-2007-ci illər)" da xüsusi qeyd edilməlidir. İcra olunduğu müddət ərzində bu proqram vergi xidmətinin əsaslı şəkildə modernləşdirilməsi, texnoloji baxımdan təkmilləşdirilməsi, vergi ödəyiciləri üçün sadə və asan vergi inzibatçılığının təşkil edilməsi kimi vacib məqsədlərə çatmaqda əvəzsiz rol oynadı. Növbəti illərdə də vergi sferasında tərəqqipərvər islahatların həyata keçirilməsi prosesi, eyni zamanda, bir sıra vergi dərəcələrinin aşağı salınması prosesi davam etdirildi. Vergi yükünün azaldılması və vergi prosedurlarının asanlaşdırılması məqsədilə fərdi sahibkarlara tətbiq edilən gəlir vergisi 35 faizdən 20, müəssisələrin mənfəət vergisi 22 faizdən 20, fiziki şəxslərdən tutulan gəlir vergisinin yuxarı həddi 35 faizdən 30 faizə endirildi, ƏDV və aksizlər üzrə elektron vergi hesab-fakturalarının tətbiqinə başlanıldı.
Həmçinin görülən işlərin nəticəsi olaraq Vergilər Nazirliyi Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemini (AVİS) tətbiq edir. AVİS-in əsas məqsədi sürətli, elastik və yararlı vergi siyasətinin həyata keçirilməsi üçün fəal bir texnologiya dəstəyi təmin etməkdir. AVİS yerli vergi orqanlarının işlərinin avtomatlaşdırılmasını, digər dövlət orqanları ilə inteqrasiyanın təmin edilməsini, müxtəlif iqtisadi təhlil və proqnozların həyata keçirilməsini təmin edir.
Dövlət başçısının müvafiq sərəncamlarına əsasən, sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı və Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılması isə "bir pəncərə" prinsipinə uyğun təşkil edilib. Özəl sektorun inkişafının sürətləndirilməsi, bu sahəyə maliyyə dəstəyinin daha da gücləndirilməsi məqsədilə dövlət vəsaitləri hesabına sahibkarların investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsinin daha effektiv mexanizmi formalaşdırılıb. Ümumiyyətlə, sahibkarlığı inkişaf etdirmək, əlverişli biznes və investisiya mühiti yaratmaqla daxili və xarici investisiyaları cəlb etmək, qeyri-neft sektorunun inkişafına nail olmaq bu mərhələdə həyata keçirilən iqtisadi siyasətin səciyyəvi xüsusiyyətlərindəndir. Bundan başqa, investisiyaların cəlb edilməsi sahəsində dövlət tərəfindən aparılan məqsədyönlü tədbirlər çərçivəsində Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyəti genişləndirilmiş, qeyri-neft sektoruna xarici investisiyaların cəlb olunması və ixracın təşviqi məqsədilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) yaradılıb. Xarici və yerli investorlar üçün yaradılmış əlverişli biznes mühiti nəticəsində isə ölkə iqtisadiyyatına qoyulmuş investisiyaların həcmi 70 milyard dolları keçib və bunun yarısı xarici investisiyaların payına düşür.
Aqrar sahənin yeni prioritetləri
Ölkəmizdə iqtisadiyyatın qeyri-neft sektorunun prioritet sahələrindən biri aqrar sferadır. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasətin məntiqi nəticəsi olaraq iqtisadi inkişafda, ümumi daxili məhsulun istehsalında aqrar sektorun çəkisi artmaqdadır. Bu səbəbdən təsadüfi deyil ki, əvvəllər respublikamızın rayonları büdcə xərclərinin cəmi 10-15 faizini yerli gəlirlər hesabına ödədikləri halda, hazırda bu göstərici əksər rayonlarda 50 faizdən çoxdur. Bəzi rayonlarda isə qeyd olunan göstərici daha yuxarıdır. Məsələn, Abşeron rayonunda bu, 85 faizə bərabərdir. Ümumilikdə isə rayonların büdcə xərclərinin yerli gəlirlər hesabına ödənilməsi yüksələn xətt üzrə inkişaf etməkdədir.
Aqrar sahədə sürətli inkişafa yol açan mühüm məqamlardan biri də "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"dır. Regionların inkişafına dair qəbul edilmiş ilk proqramın davamı olan, bununla belə özündə kifayət qədər yeni məqamları ehtiva edən bu sənəddə prioritet istiqamətlərdən biri də kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılması, rəqabət qabiliyyətinin artırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi və ixracının genişləndirilməsinə xidmət etməkdir.
Digər tərəfdən, kənd təsərrüfatı məhsullarının istehsalı üçün sərf olunan yanacaq və motor yağlarının və mineral gübrələrin 50 faiz güzəştlə satılması, toxum və tinglərə görə subsidiyaların ödənilməsi kənd təsərrüfatının inkişafına müsbət təsir göstərməkdədir. Eyni zamanda, kənd təsərrüfatı məhsulları istehsalçılarının güzəştli şərtlərlə texnika və texnoloji avadanlıqlarla təmin edilməsi davam etdirilir. 2014-cü ilə qədər kənd təsərrüfatı mülkiyyətçiləri torpaq vergisi istisna olmaqla digər vergiləri ödəməkdən azad ediliblər. Bu kimi digər səmərəli tədbirlərin həyata keçirilməsi nəticəsində ilk dəfə olaraq 2009-cu ildə ölkədə rekord miqdarda taxıl istehsal olunub və əsas ərzaq malları ilə əhalinin tələbatı yerli istehsal hesabına təmin edilib. "Regionlarda kənd təsərrüfatı məhsullarının tədarükü üzrə infrastrukturun yaradılmasının və marketinq xidmətlərinin dəstəklənməsi", "Aqroemal müəssisələri şəbəkəsinin genişləndirilməsinin və kənd təsərrüfatı məhsullarının rəqabət qabiliyyətinin artırılması məqsədilə mütərəqqi texnologiyaların tətbiqinin dəstəklənməsi", "Cins heyvandarlıq komplekslərinin inkişaf etdirilməsi" və "Aqrofermaların yaradılmasının dəstəklənməsi", "Aqrar elmin maddi-texniki bazasının möhkəmləndirilməsi və aqrar sahənin inkişafı üçün müasir tələblər səviyyəsində kadrların hazırlanmasının dəstəklənməsi" və ölkə əhəmiyyətli başqa tədbirlər artıq rəqabətqabiliyyətli aqrar sahənin formalaşmasına gətirib çıxarıb.
Beləliklə, ölkəmizdə aparılan aqrar və institusional islahatlar nəticəsində xüsusi mülkiyyətə əsaslanan sahibkarlıq tam formalaşıb. Artıq aqrar sahə öz inkişafının yeni mərhələsinə qədəm qoyub və hazırda fermerləri məhsul istehsalını necə təşkil etmək yox, məhsul istehsalına xidmət edən təşkilatlar, məhsul emalı müəssisələri ilə əlaqələrin qurulması, istehsal edilən məhsulun satışının daha səmərəli yollarının tapılması, rəqabətli məhsul istehsalı üçün yeni texnika və texnologiyaların tətbiqi və iqtisadi səmərəliliyi artıran digər məsələlər daha çox düşündürür. Bu mərhələnin əsas hədəfləri aqrar sahədə əmək məhsuldarlığını artırmaq, məhsulların ucuz başa gəlməsinə nail olmaq, daxili bazarda rəqabətə tab gətirməklə yanaşı, xarici bazara yüksək keyfiyyətli və dünya standartlarına uyğun məhsul çıxarmaqdır.
Belə vəziyyət ölkəmizdə ərzaq təhlükəsizliyinin etibarlı təminatında mühüm rol oynayır. Xatırladaq ki, ulu öndər Heydər Əliyevin 2001-ci ilin mart ayında imzaladığı sərəncamla "Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı" təsdiq edilib. Bundan sonra isə Prezident İlham Əliyevin 2008-ci il 25 avqust tarixli sərəncamı ilə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" təsdiq olunub. Proqramda görüləcək tədbirlər və əldə ediləcək nəticələr müəyyən olunub.
Həmçinin son illər Azərbaycanda yoxsulluğun azaldılması, sosial-iqtisadi rifahın yüksəldilməsi, regional və sahəvi inkişafın təmin edilməsi istiqamətində həyata keçirilmiş və keçirilən islahatların, tədbirlərin davamlı nəticəsi olaraq ölkədə əhalinin həyat səviyyəsi daim yüksəlir. Xatırladaq ki, ölkəmizdə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı" qəbul olunub. Digər tərəfdən, "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hər il Azərbaycan Respublikasının növbəti və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası hazırlanır. Bu isə inkişaf istiqamətlərinin müəyyən olunması, ayrılacaq xərclərin miqdarının təyinatı, xüsusən də əhalinin sosial müdafiəsinə yönələn vəsaitin həcminin proqnozlaşdırılması baxımından zəruri əhəmiyyət kəsb edir.
Ümumiyyətlə isə əhalinin sosial rifahının daha da yaxşılaşdırılması dövlət başçısının sosial-iqtisadi siyasətinin əsas məqsədini təşkil edir. Bu sahədə görülən işlərin nəticəsidir ki, 2004-2009-cu illərdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün büdcə vəsaitlərinin həcmi 4,8, ölkə üzrə orta aylıq əməkhaqqı 3, əhalinin gəlirləri 3,4, onun adambaşına düşən həcmi 3,2, minimum pensiyanın məbləği 3,8, minimum əməkhaqqı 6,3 dəfə artıb. Məqsədyönlü tədbirlərin həyata keçirilməsi nəticəsində yoxsulluq səviyyəsi son 5 ildə 4,1 dəfə azalaraq 44,7 faizdən 11 faizə enib və son 6 ildə 840 min yeni iş yeri yaradılıb.
İqtisadi sahədə yeni mərhələnin
əsas hədəfləri
Proqnozlar göstərir ki, növbəti illərdə Azərbaycanın iqtisadi inkişafının sürətlənməsində ölkənin malik olduğu karbohidrogen ehtiyatları yenə də mühüm rol oynayan amillər sırasında yer alacaq. Bunun əsas səbəblərindən biri də Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təmin edilməsində rolunun yüksələn xətt üzrə inkişaf etməsidir. Elə bu səbəbdən qarşıdakı illər ərzində Azərbaycan dünya bazarlarına daha çox karbohidrogen məhsulları çıxaracaq, eyni zamanda, ölkəmizdə neft-qaz sahəsinə yatırılacaq yerli və xarici investisiyaların həcmi yenə də milyardlarla dollar həcmində olacaq. Həmin gəlirlərin səmərəli istifadə edilməsi, iqtisadi və sosial inkişafa yönəldilməsi məqsədilə 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə təsdiq edilmiş "Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiya" (2005-2025-ci illər) qəbul olunub.
Bundan başqa, ölkəmizin informasiya-kommunikasiya texnologiyaları sisteminin müasir dünya standartları səviyyəsinə çatdırılması məqsədilə Prezidentin sərəncamı ilə "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı" ("Elektron Azərbaycan") icra edilib, ölkəmizin ümumdünya elektron informasiya məkanına inteqrasiyası təmin olunub. Bu sahədə siyasət uğurla davam etdirilir və növbəti ilin sonunda ölkəmizin milli telekommunikasiya peykinin orbitə çıxarılması nəzərdə tutulur.
Bütün bunlar göstərir ki, artıq ölkəmizin iqtisadi inkişafı yeni keyfiyyət mərhələsinə daxil olub və Prezident İlham Əliyevin qeyd etdiyi kimi, iqtisadi sahədə keçid dövrü başa çatıb. İndi iqtisadi sahədə yeni mərhələnin əsas hədəfi milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaq dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir. Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında və digər iqtisadi siyasət sənədlərində bu hədəfin reallaşması üçün yerinə yetirilməsi zəruri sayılan vəzifələr müəyyənləşdirilib. Bunların sırasında ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması, iqtisadi artımın keyfiyyətinin prioritetliyinin təmin edilməsi, bu məqsədlə iqtisadiyyatın diversifikasiyası genişləndirilməklə neft sektorundan asılılığın minimuma endirilməsi, innovativ iqtisadiyyata keçidin təmin edilməsi, aqrar sektorun inkişafında intensiv üsullara üstünlük verilməsi, iqtisadiyyatın klasterlər üzrə inkişafına nail olunması, hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə və onların inkişafının tarazlaşdırılması, çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması kimi mühüm vəzifələri sadalamaq mümkündür.
Həmçinin iqtisadi keçid dövrünün başa çatmasından sonra sosial-iqtisadi inkişafın yeni mərhələsinin başlanması qarşıya bir sıra digər mühüm vəzifələr də qoyur. Onlardan biri də xüsusi iqtisadi zonaların inkişaf etdirilməsidir. İqtisadi inteqrasiyada və innovasiyalardan sürətlə istifadədə çox mühüm rol oynayan bu iqtisadi fəaliyyət forması XX əsrin ikinci yarısının ən mühüm nailiyyətlərindən biri adlandırılır. Prezident İlham Əliyev xüsusi iqtisadi zonaların (XİZ) ölkəmizdə qəbul olunmuş strateji proqramların və layihələrin həyata keçirilməsində, sosial-iqtisadi inkişafın yeni mərhələsində prioritet vəzifələrin yerinə yetirilməsində də mühüm rol oynaya biləcəyini qeyd edərək 2007-ci il martın 6-da "Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında" fərman imzalayıb.
Dünyaya inteqrasiyanı sürətləndirən
xüsusi iqtisadi zonalar
Tədqiqatlar
göstərir ki, xüsusi iqtisadi zonaların
yaradılması dövlətin dünya iqtisadiyyatına
inteqrasiyası, qlobal əmək bölgüsündə daha fəal
iştirakı üçün geniş perspektivlər
açır. Dünya iqtisadiyyatında
xüsusi iqtisadi zonaların bir çox növləri məlumdur,
məsələn, azad iqtisadi zonalar, prioritet inkişaf əraziləri,
müştərək sahibkarlıq zonaları, xüsusi
iqtisadi rayonlar, xarici ticarət zonaları, sənaye-sahibkarlıq,
servis, ixracın inkişafı zonaları, texnoloji parklar,
texnopolislər, azad gömrük zonaları və sair. Ümumi sərmayə
prinsipləri olan bu formalar iki əsas bloka ayrılır. Birinci, ixrac-istehsal bloku iqtisadi inkişafın kifayət
qədər yüksək sürətini təmin etmək məqsədi
daşıyır. Bu forma inkişaf etməkdə
olan ölkələrdə yayılıb. İkinci,
elmi-texniki bloka qabaqlayıcı iqtisadi inkişaf məqsədilə
yaradılan texnopolislər, texnoparklar, elmi-texniki zonalar daxildir.
XİZ-lərın formalarının seçilməsi,
adətən bir sıra amillərə, o cümlədən
regional-iqtisadi mütənasibsizlik, zonada istifadə edilməyən
işçi qüvvəsinin çox olması, sənayenin
müəyyən sahələrinin inkişafının təşviq
edilməsi zərurəti və sair amillərlə şərtlənir.
Azərbaycanda xüsusi
iqtisadi zonaların yaradılması ekspertlərə görə,
ölkə iqtisadiyyatının strukturca yeniləşməsinə
əhəmiyyətli dərəcədə kömək edəcək,
o cümlədən qeyri-neft sektorunun inkişafına, habelə
xarici ticarət əlaqələrinin genişlənməsinə,
respublikanın rəqabət qabiliyyəti səviyyəsinin
yüksəlməsinə, onun Ümumdünya Ticarət Təşkilatına
daxil olması üçün hazırlığına və
digər məsələlərin həllinə təkan verəcək.
Çünki müasir
texnologiyaların tətbiqi əsasında xüsusi hüquqi
rejimin mövcud olduğu belə iqtisadi zonanın
yaradılması ölkənin istehsal gücünün və
ixrac potensialının yüksəldilməsi, ixrac məhsullarının
həcminin artırılması və strukturunun
yaxşılaşdırılması, idxal məhsullarını
əvəz edə biləcək əmtəələrin
istehsalının genişləndirilməsi, maliyyə və
xidmət bazarlarının inkişafı, investisiyaların
respublikaya yönəldilməsi, yeni texnologiyaların tətbiqi,
yeni iş yerlərinin açılması, dövlət
büdcəsinin gəlirlərinin artırılması məqsədilə
təşkil olunur.
Xüsusi
iqtisadi zonaların yaradılması ilə yanaşı,
iqtisadi sahədə yeni mərhələnin başlanması
fonunda müəyyən olunan yeni istiqamətlər sırasında
ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin
gücləndirilməsi, biznes mühitinin daha da təkmilləşdirilməsi,
sənaye şəhərciklərinin, biznes-inkubatorların
yaradılması kimi vacib məqamları da qeyd etmək olar.
Şübhə
yoxdur ki, iqtisadi sahədə keçid dövrünü
uğurla başa vuran Azərbaycan qarşıya qoyulan növbəti
missiyaların öhdəsindən də layiqincə gələcək. İqtisadi sahədə
yeni mərhələnin başlanması ilə əlaqədar
meydana çıxan yeni vəzifələrin uğurla həll
olunacağını Azərbaycanın digər postsovet ölkələrindən
fərqli olaraq daha tez bazar iqtisadiyyatına tam keçidi
başa çatdırması da təsdiq edir. Burada ən əsas məqamlardan biri də ondan ibarətdir
ki, iqtisadiyyatımızın inkişafının yeni mərhələsində
ölkəmizi daha böyük uğurlara doğru aparacaq,
mükəmməl və hərtərəfli
dünyagörüşünə, atdığı
addımlarda rasionalizmə və praqmatizmə əsaslanan bir
LİDER Azərbaycana rəhbərlik edir.
Rasim BAYRAMOV
Azərbaycan.- 2010.- 25
iyul.- S. 2.