Ekoturizm təbiətə səyahətdir

 

Turizmlə məşğul olan yerlixarici mütəxəssislərin qənaətinə görə, ekoturizm üçün Azərbaycan dünyanın nadir məkanlarından biridir. Xarici mütəxəssislər bunu ilk növbədə azərbaycanlıların qonaqpərvərliyi və bənzərsiz mətbəxi ilə bağlayırlar. "Turistlər evlərini kirayələdikləri yerli insanlarla tezliklə səmimi ünsiyyət yaradır, hətta bir neçə gün ərzində həmin ailənin üzvünə çevrilir, onların həyat və məişəti, adət-ənənələri ilə yaxından tanış olurlar. Nəticədə əhali gəlir, turist isə zəngin təəssürat əldə edir, dincəlir, səyahətindən zövq alır, təbiət də korlanmır".

 

Bu fikirlər 2010-cu ilin iyun ayında Bakıda təşkil olunmuş beynəlxalq ekoregion konfransında səslənmişdir. Həmin tədbirdə əsas məqsədlərdən biri ekoturizm üçün geniş imkanlara malik Azərbaycan təbiətindən yararlanmağın yollarını arayıb tapmaq idi. Çünki ölkəmizin dənizi, çimərliyi, qızıl qumu ilə yanaşı füsunkar təbiəti, palçıq vulkanları, vadiləri, sıx meşələri, buz bulaqları, müxtəlif iqlim qurşaqları, habelə 6 milli parkı, 14 dövlət təbiət qoruğu və 20 xüsusi mühafizə olunan zonası var. Ekoturizm turizmin elə bir növüdür ki, istirahətə gələn xarici qonaqlar məhz yerli əhali ilə təmas qurur, onların evində kirayənişin olur, mətbəxlərindən yararlanır. Yerli əhali də xarici turistin ölkəsi, tarixi və mədəniyyəti, musiqi və mətbəxləri haqqında biliklərə malik olur. Bəzən növbəti il üçün vədələşən turistlər də olur. Mütəxəssislər təbiət turizmi haqqında danışarkən yerli əhalinin bu biznesdən qazancını diqqət mərkəzinə çəkir, bildirirlər ki, bu həm işsizliyin, həm də insanların dövlətdən asılılığının qarşısını alır. Məsələn, hər yay dünyanın müxtəlif ölkələrindən turistlər Bodruma məhz kababsaciçi yemək üçün axışırlar. Bu işlə məşğul olan yerli sakinlər hər mövsüm xeyli qazanc əldə edirlər.

Əvvəllər turizm deyəndə təsəvvürə ilk olaraq dəniz, qum, çimərlik və günəş, sonra isə kondisionerli otaq gəlirdi. Lakin son illər xarici turistlər ucqar, mənzərəli, təkrarı olmayan yerlərə səyahət etmək, meşələrdə gecələmək, quşların səsini eşitmək, dağlara çıxmaq, təbii bulaqlardan su içmək, bir sözlə, təbiətin qoynunda dincəlmək, ocaq üstə bişən təamlardan dadmaq istəyirlər. Ona görə də turizmin bu növü artıq dünyanın diqqət mərkəzindədir, ekolojiiqtisadi baxımdan sərfəli, macəra axtaranlar üçün də maraqlı.

Neçə il öncə milliyyətcə şotland olan Markın Bərdədə kirayə qaldığı ailədən təəssüratlarını dərc etmişdik. Macərapərəst Mark ixtiyarında olan 23 günü Bakının istirahət mərkəzlərində keçirməyərək ölkəmizlə yaxından tanış olmaq üçün rayonlara üz tutmuşdu. O, Bərdədə, özünün təbirincə desək, Minə nənəgildə bir neçə günlük ev kirayələmişdi. Bizimlə söhbətində Mark danışırdı ki, onlarda qaldığı 6 gün ərzində aldığı təəssürat bir ömrə bərabərdi: "Dil bilməsək də, bir gündə anlaşdıq. Daha çox evin böyüyü Minə nənə ilə qəribə anlaşmamız vardı. Hər gün bir neçə dəfə ailə şəklində süfrə başında yemək yeyirdik, dovğa və ayranlarından doymurdum. Hətta çıxıb tut da çırpdım, çox zövq aldım. Bəkməz bişirməyi öyrəndim. Onlarda yaşı bəlli olmayan lüləyi və iki qapağı olan çaynikəbənzər qazan var idi. Minə nənə danışırdı ki, əsrlər öncə ulu babaları atla-qatırla Bağdada ziyarətə gedərkən bu çaynikin bir gözündə yemək bişirər, o birisində çay qaynadarmışlar. Kəbləçaynik deyirlər adına. Şəklini çəkmişəm. Ayrılanda mənə xeyli hədiyyə bağışladılar, onlara söz verdim ki, ayağım bir də Azərbaycana düşsə, mütləq onlara gələcəyəm. Mən qəzetçi deyiləm, ancaq qəzetlərin birində Azərbaycan haqqında məqalə dərc etdirəcəyəm".

Göründüyü kimi, ekoturizm insanlara təkcə dincəlmək deyil, həm də müxtəlif mədəniyyətlərlə, adət-ənənələrlə yaxından tanış olmaq imkanı verir.

Bu yaxınlarda yolum İsmayıllının Buynuz kəndinə düşmüşdü. Bu rayon bütövlükdə bir turizm mərkəzinə bənzəyir. Buynuz isə sıx meşənin içində salınmış qədim kənddir. Hər evin qapı-pəncərəsi meşələrə, uca dağlara, ecazkar təbiət mənzərəsinə açılır. Uzaqdan isə başı qarlı Şahdağ görünür. Kəndin içərisində, meşənin düz "dabanından" bir neçə təbii bulaq qaynayır. Dağlardan süzülüb gələn göz yaşı kimi tərtəmiz Soyuqbulağın suyu isə, yerli camaatın dediyinə görə, çox şəfalıdır, tərkibi vitaminminerallarla zəngindir. Kənd sakini Habil Quliyev deyir ki, Buynuzun təkcə havası və suyu bir müalicədir: "Hər il yay mövsümündə evlərimizi bir-iki aylığa kirayə veririk. Gələnlər əsasən yerli adamlardır. Hərdən xarici turistlər də gəlir, ancaq qalmırlar, axşama qayıdırlar. Xaricilər də, yerli turistlər də İsmayıllı pendirini, çörəyini, bir də Soyuqbulağın suyunu çox sevirlər. Yaxşı olardı ki, turizmin inkişafı üçün burada da şərait yaradılsın, xarici turistlər çox gəlsin. Hər il üç-dörd ay evlərimizi kirayə versək və turistlərə digər ödənişli xidmətlər göstərsək, bizimsosial problemlərimiz həllini tapar".

Kəndin içərisində bir neçə xarici turist yeməkxana axtarırdı. Özümüz oralara yaxşı bələd olmasaq da, tanış olduğumuz Taner Bekir ailəsinə bələdçilik etdik. T.Bekir deyir ki, buralar gözəldir, çox sakitlikdir. Burada bir neçə gün qalmağa dəyər.

Doğrudan da, Azərbaycanın elə dağları, meşələri, şəlalələri var ki, indiyədək ora nəinki xarici turistlərin, heç təbiətşünasların da ayağı dəyməyib. Təbiət yarandığı kimi ecazkar, aşınmamış, təkrarsızdır.

Bir anlığa antik dövrlərə səyahət etsək, Plutarx, Herodot, PtolomeyStrabon kimi əfsanəvi səyahətçilər bələdçimiz olar. Onların məlumatlarında deyilir ki, Böyük İpək yolunun ən fəal "marşrutlarından" biri Qafqaz Albaniyasından keçir. Təbiəti çox əlverişli, havası da təmizdir. İpək yolunun üstü olduğundan həyat burada daim qaynayır, tüccarlar da çox fəaldırlar. Tarixin müxtəlif dövrlərində Azərbaycana səyahət etmiş Marko Polo, Qonzales, Sadko, Övliya Çələbi, Ambrocco, Afanasi Nikitin kimi səyyahlar, tacirdiplomatlar da dünya tarixində Azərbaycanın layiqli yer tutduğundanqeyri-adi təbiətindən danışıblar. Antik məlumatlarda qeyd olunur ki, Qafqaz Albaniyasının təbiəti o qədər füsunkardır ki, ilin bütün fəsillərində burada yaşamaq olar. Yeri gəlmişkən xatırladaq ki, xarici mütəxəssislər qış turizmi üçün də ölkəmizi ən uyğun məkan seçiblər.

Ekoturizmdə Azərbaycanın tayı-bərabəri olmayan Şuşa, Laçın və Kəlbəcər kimi əraziləri indi düşmən tapdağındadır. 1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ vilayətində və ətraf rayonlarında baş verən hadisələr nəticəsində bu yerlərə daxilixarici turistlərin sayı xeyli azalmış, sonralar isə bu bölgələr düşmən tərəfindən işğal olunduğundan turizm mərkəzləri fəaliyyətlərini dayandırmışlar.

1999-cu ildə Milli Məclisdə "Turizm haqqında" qanun qəbul edilib. Elə həmin il iyulun 27-də ölkə Prezidenti Heydər Əliyev Azərbaycanda "Turizm haqqında" qanunun tətbiqi ilə bağlı fərman imzalayıb. Bu qanun ölkədə turizm bazarının hüquqi əsaslarının bərqərar edilməsində dövlət siyasətinin prinsiplərini və turizm fəaliyyətinin əsaslarını müəyyənləşdirdi. 2001-ci ilin sentyabrından isə ölkəmiz Beynəlxalq Turizm Təşkilatının üzvüdür. Yəni Azərbaycan dünya turizm məkanında da yerinimövqeyini möhkəmlədib.

Azərbaycanda turizmin inkişaf etdirilməsi və turizm ehtiyatlarından səmərəli istifadə etmək məqsədilə dövlət başçısının 2002-ci il 27 avqust tarixli sərəncamı ilə "Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına yardım Dövlət Proqramı" təsdiq olundu. Neçə illərdir ki, ölkəmizdə turizm hər il yüksələn xətlə inkişaf edir. Misal üçün, 2008-ci ildə Azərbaycana gələn turistlərin sayı 1 milyon 300 mini keçmişdir. Bu göstərici hər il artmaqda davam edir. Azərbaycanda 2009-2018-ci illər üçün qəbul edilən turizm sektorunun inkişafı üzrə dövlət proqramı ölkəmizdə yaxın gələcəkdə turizm sahələrinin planlı surətdə inkişaf etdirilməsinə və səmərəli istifadəsinə zəmin yaradır. Ekoloji turizmin inkişafı da qarşıda duran prioritet sahələrdən biridir.

 

 

Rəsmiyyə RZALI

 

Azərbaycan.- 2010.- 25 iyul.- S.  5.