Mədəniyyət evinin uğurları
M.Ə.Sabir adına Bülbülə qəsəbə mədəniyyət evinin yaranmasının qəribə tarixçəsi var. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra, 1922-ci ildə Bakının Bülbülə qəsəbəsində yerli bəylərdən olan Mahmud bəyin şəxsi mülkü müsadirə olunaraq klub kimi istifadə edilmək üçün gənc teatr həvəskarlarının ixtiyarına verilib. 1931-ci ildə mədəniyyət evinin ərazisi genişləndirilib, burada tamaşa zalı, əlavə otaqlar tikilib. Bu mədəniyyət ocağına əvvəlcə Əliheydər Qarayevin, 1937-ci ildən sonra M.Ə.Sabirin adı verilib. Burada vaxtilə tanınmış teatr xadimlərindən S.Ruhullanın, A.Qurbanovun, Ə.Ələkbərovun, R.Əfqanlının, S.Tağızadənin, Ə.Şirvanskinin, B.Şəkinskayanın, S.Hacıyevanın və M.Davudovanın iştirakı ilə səhnə əsərləri hazırlanaraq tamaşaya qoyulub.
Ötən əsrdə M.Ə.Sabir adına mədəniyyət evində qəsəbə sakinləri ilə xalqımızın tanınmış ədəbiyyat xadimləri S.Vurğun, S.Rüstəm, M.Rahim, X.R.Ulutürk, B.Vahabzadə və digərləri ilə keçirilən görüşlər bu gün də xatirələrdə yaşayır.
Mədəniyyət evinə 1994-cü ildən Cavad Səlimov rəhbərlik edir. O, 1979-1990-cı illərdə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında dekorator, inzibatçı vəzifələrində çalışıb. "Babək", "Qızıl uçurum", "Yol əhvalatı", "Uzun ömrün akkordları", "Atları yəhərləyin" və s. bədii filmlərdə dekorator, "Qətl günü", "Şahid qız"da isə rejissor assistenti vəzifələrində çalışıb.
Söhbət əsnasında Cavad Səlimov bildirdi ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan mədəniyyət evi 5 ştat vahidindən ibarətdir. Suraxanı RİH-in yerli büdcəsi hesabına maliyyələşir. Ötən illərdə yaradılan bəzi dərnəklər indi klub kimi fəaliyyət göstərir. Bunlar "Rakurs" kinoklubu, "Gəlin düşünək" gənclər klubu, "Bacarıqlı əllər", "Günəş" Kukla Teatrı, "Şənlik" instrumental ansamblıdır.
"Rakurs"
kinoklubu 5 il
əvvəl yaranıb.
Klubun üzvləri mədəniyyət
evinin tamaşa zalında unudulmaqda olan bədii filmlərimizi nümayiş
etdirirlər. Mədəniyyət evinin filmoteka fondunda 34 Azərbaycan filminin disk və ya videogörüntüləri
saxlanılır. İl ərzində
keçirilən bədii
filmlərin nümayişində
gənclər həvəslə
iştirak edirlər.
"Rakurs"un üzvləri kinofilmlərlə
bağlı müxtəlif
müzakirələr də
keçirir. Klub üzvləri həvəskar
filmləri də yaradırlar. Təəssüf
ki, "Rakurs" kinoklubu üzvlərinin ərsəyə gətirdiyi
həmin çəkilişlər,
xüsusi avadanlıq vasitəsilə montaj olunmadığı üçün
səsləndirilmir. Klub
üzvlərinin həmin
avadanlığa çox
böyük ehtiyacı
var".
Gəncləri narahat edən problemlər "Gəlin düşünək"
klubunda da öz əksini tapıb. Gənclər
"Dinimiz, mənəviyyatımız",
"Ağ ölümə
yox deyək",
"Məktəb və
biz", "Ramazan bayramı"
mövzularında da fəallıqları ilə
seçilmişlər.
"Günəş"
Kukla Teatrı uşaq bağçalarında,
məktəblərdə "Dovşanın hiyləsi",
"Meşədə imtahan",
"Tülkünün aqibəti"
tamaşalarını göstərirlər.
"Günəş" Kukla
Teatrı Kürdəxanı
və Pirşağı
qəsəbələrindəki mədəniyyət evlərində,
Bakıxanov qəsəbəsinin
və Suraxanı rayonunun bir neçə
uşaq bağçasında
da tamaşalar göstərmişdir. Bu ilin
aprelində Bakı şəhər xalq teatrlarının təşkil
etdiyi festivalda Bülbülə qəsəbə
mədəniyyət evinin
kukla teatrı uğurlu çıxışına
görə Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsinin Fəxri fərmanı ilə təltif olunub.
Mədəniyyət evində
təşkil olunan
"Şənlik" instrumental ansamblı da fəallığı ilə
seçilir. Ansambl Afər Mustafayevin rəhbərliyi ilə bayram şənliklərində
maraqlı konsert proqramı ilə qəsəbə sakinləri
qarşısında çıxışlar
edir. Kollektiv 2008-ci ildə Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsi tərəfindən
Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə
həsr olunmuş bədii özfəaliyyət
kollektivlərinin "İstedad-2008" baxış-müsabiqəsində fəal çıxışına
görə Fəxri fərmanla təltif edilib. Ansambl hazırda Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsi tərəfindən
keçirilməsi nəzərdə
tutulan "Vətənimdir
Azərbaycan!" adlı
baxış-müsabiqəyə hazırlaşır.
Bədii qiraət
bölməsi əsasında
mədəniyyət evində
"Üfüq" Poeziya
Teatrı da yaradılıb. Poeziya teatrının üzvləri
"Qalx ayağa, Azərbaycan!", "Xocalı
harayı", "Şəhidləri unutmayaq!" adlı ədəbi
kompozisiyaları qəsəbə sakinləri və məktəblilər
qarşısında nümayiş etdiriblər.
Bülbülə qəsəbə
mədəniyyət evi hər il ənənəvi olaraq
adını layiqincə daşıdığı ölməz
şair M.Ə.Sabirin xatirə günlərini də təntənə
ilə qeyd edir. Onu da deyək ki, Bülbülə və Əmircan
məktəblilərinin iştirakı ilə hər il may
ayında şairin yaradıcılığına həsr
olunan müsabiqə keçirilir. Bu yarışın
keçirilməsində əsas məqsəd gəncləri
şair M.Ə.Sabirin ölməz
yaradıcılığı ilə bir daha ətraflı
tanış etməkdir.
Təranə CƏBİYEVA
Azərbaycan.- 2010.-25
iyul.- S. 5.