Azərbaycan Prezidenti
İlham Əliyev Dövlət
Bayrağı Meydanında başa çatan tamamlama işləri
ilə tanış olmuşdur
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iyulun 26-da Dövlət Bayrağı Meydanında başa çatan tamamlama işləri ilə yaxından tanış olmuşlar.
Dövlət başçısına həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verildi. Bildirildi ki, Dövlət Bayrağı Meydanında əsas dövlət rəmzlərimizdən olan Azərbaycanın nəhəng gerbi hazırlanmışdır. Bürüncdən düzəldilmiş gerbin üzəri qızılla işlənilmişdir. Həmin gerb Dövlət Bayrağı Meydanının, eləcə də paytaxtın bu hissəsinin görkəminin möhtəşəmliyini daha da artıracaq, onun görünüşünə əlavə çalarlar qatacaqdır.
Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya meydanda yaradılan zəngin muzey barədə də geniş məlumat verildi. Muzeyə baxış zamanı bildirildi ki, burada bayraq və digər dövlət rəmzləri ilə bağlı bir-birindən dəyərli eksponatlar toplanmışdır.
Prezident İlham Əliyevə Dövlət Bayrağı Meydanının ərazisinin genişləndirilməsi, abadlaşdırılması, landşaftının işlənməsi istiqamətində həyata keçiriləcək işlər və görüləcək digər tədbirlər barədə də məlumat verildi.
Dövlət Bayrağı Meydanında tamamlama işləri ilə yaxından tanış olan dövlət başçısı tapşırıq və tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan.- 2010.- 27 iyul.- S.
1.