Mətbuatın yeni inkişaf prioritetləri

 

Prezident İlham Əliyev jurnalistlərə peşəkarlıq, milli-mənəvi dəyərlərə hörmət, obyektivlik, vətənpərvərlik kimi meyarları fəaliyyətlərində əsas tutmağı tövsiyə etdi

 

Son dərəcə çətin və mürəkkəb inkişaf mərhələlərindən keçmiş demokratik intibah prosesinin əsas hədəfi dövlətin insanların şəxsi həyatına müdaxiləsini minimuma endirmək, vətəndaşların təbii və sonradan qazanılmış hüquqlarını dönmədən yüksəltmək, qanunların aliliyini, fikir plüralizmini təmin etməkdən ibarətdir. Qloballaşan dünyada demokratiyanın, siyasi plüralizmin, vətəndaş cəmiyyətinin əsas atributlarından hesab olunan söz və mətbuat azadlığının başlıca daşıyıcıları isə kütləvi informasiya vasitələridir. Müstəqil kütləvi informasiya vasitələri müasir dövrdə cəmiyyətdə aşkarlığın və demokratik prinsiplərin bərqərar olunmasında mühüm rol oynamaqla yanaşı, demokratiyanı səciyyələndirən mühüm amillərdən sayılır. Xüsusən də yazılı media cəmiyyət həyatının bütün sahələrinə təsir göstərən qüdrətli vasitələrdən biri kimi, ictimai rəyin formalaşmasında, ictimai-siyasi proseslərin inkişaf istiqamətlərinin müəyyənləşməsində vacib rol oynayır. Azad mətbuatın mövcudluğu ölkədə siyasi plüralizmi və demokratiyanı təmin edir, hakimiyyətin məsuliyyətini, cəmiyyətin isə neqativ tendensiyalara müqavimət potensialını artırır.

 

İctimai rəyin "yaradıcısı"

 

Azad, müstəqil mətbuat müasir dövrdə demokratikləşmə proseslərinin əsas atributlarından biri kimi mühüm əhəmiyyət kəsb edir. O, bir tərəfdən cəmiyyətdə demokratik prinsiplərin bərqərar olmasında öncül rol oynayır, digər tərəfdən, demokratiyanı səciyyələndirən başlıca göstəricilərdən biri kimi çıxış edir. KİV hakimiyyət strukturları ilə bilavasitə bağlı olmaqla, onun üzərində ictimai nəzarəti təmin edir. Beləliklə, kütləvi informasiya vasitələri siyasətin ayrılmaz tərkib hissəsinə çevrilir. KİV cəmiyyətin bütün sferalarına və təsisatlarına, eləcə də siyasətə, təhsilə, iqtisadiyyata və s. mühüm təsir göstərir.

Azad mətbuat varsa, deməli, ölkədə siyasi plüralizm təmin olunmuşdur. Siyasi plüralizm təmin olunmuşsa, deməli, cəmiyyətdə demokratik və şəffaf idarəçilikdən söhbət gedə bilər. Beynəlxalq təcrübə həm də onu göstərir ki, kütləvi informasiya vasitələrinin funksiyasını sərbəst həyata keçirməsi üçün iki mühüm şərt tələb olunur. Birincisi, azad mətbuat fəaliyyəti ilə məşğul olmaq üçün bütün insanlara bərabər şəraitin yaradılmasıdır. İkinci əsas şərt azad mətbuatın fəaliyyəti üçün normal iş imkanlarının və demokratik mühitin formalaşmasıdır. Jurnalist sərbəst şəkildə, heç kimdən çəkinmədən, bütün qanuni mexanizmlərindən istifadə edərək azad şəkildə informasiya toplamağı bacarmalı, informasiyanı məsuliyyətlə, jurnalist etikasına əməl etməklə cəmiyyətə çatdırmalıdır. Bu tələblərə əməl olunması ölkədə azad mətbuatın mövcudluğunu şərtləndirir.

Tarixən siyasi mədəniyyətin formalaşmasında, siyasi plüralizmin dərinləşməsində əsas meyarlardan olmuş medianın əsas funksiyası ictimaiyyətin obyektiv informasiyaya tələbatını ödəməkdir. Mətbuat cəmiyyətin siyasi həyatının ən müxtəlif tərəfləri barədə obyektiv, qərəzsiz və dolğun informasiya verilməsi yolu ilə siyasi mədəniyyətin təkmilləşdirilməsinin başlıca vasitələri sırasında yer alır. Mətbuat, eyni zamanda, ictimai rəy üzərində "hökmranlıq edir", əhalinin geniş kütlələrinin əhvali-ruhiyyəsinə, davranışlarına, beləliklə də, siyasi proseslərə, bütövlükdə siyasətə təsir göstərir. Mətbuatsız, radio və televiziyasız bu gün ümumən siyasəti, ictimai həyatı təsəvvür etmək mümkün deyildir.

 

Sosial öhdəliklərə sadiqlik mühüm şərtdir

 

Müstəqil Azərbaycan demokratik inkişaf yolu seçən ölkə kimi mətbuatın dövlət və cəmiyyət həyatındakı roluna mühüm önəm verməklə, onun müstəqilləşməsi, mövcud problemlərinin həlli istiqamətində davamlı tədbirlər həyata keçirir. Bu da təsadüfi deyildir - respublikanın dünya informasiya məkanına daxil olması və informasiyalı cəmiyyətə keçid şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə və müasir dövrün tələblərinə uyğunlaşmasına ehtiyac yaradır. Dövrün tələblərinə uyğun olaraq bu ehtiyacı hiss edən ölkə rəhbərliyi kütləvi informasiya vasitələri ilə dövlət qurumları arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, medianın iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğu prosesində onların rolunun gücləndirilməsi məqsədilə bir sıra mühüm tədbirlər həyata keçirir. Bu gün ölkədə söz və mətbuat azadlığı üçün hansısa maneə və təhlükə yoxdur, jurnalistlər istədiklərini mövzunu açıq şəkildə cəmiyyətin diqqətinə çatdıra bilirlər.

Qısaca demək kifayətdir ki, yalnız son günlərdə Mətbuat Şurasının yeni ofisinin istifadəyə verilməsi, milli mətbuatın 135 illik yubileyinin təntənəli şəkildə bütün ölkə boyu keçirilməsi, 40-dək qəzetə və kütləvi informasiya vasitəsinə birdəfəlik maliyyə yardımlarının edilməsi, mətbuatın inkişafında rolu olan jurnalistlərin mükafatlandırılması, onların mənzil probleminin həlli üçün Prezidentin Ehtiyat Fondundan 5 milyon manat vəsatin ayrılması da bu sahəyə yüksək diqqət və qayğının bariz təcəssümüdür.

Mətbuat Şurasının yeni binasında - qurumun İdarə Heyətinin üzvləri ilə görüşdə dövlət başçısı İlham Əliyev ölkədə söz və mətbuat azadlığının təmini istiqamətində həyata keçirilən tədbirlərin sistemli və ardıcıl xarakter daşıdığını bir daha vurğulamışdır: "Bütövlükdə söz azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir. Söz azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir.

Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir. Bunu təsdiq edən çoxsaylı faktlar da mövcuddur. Azərbaycanda yüzlərlə media orqanı fəaliyyət göstərir. Bizim vətəndaşlarımız 30-dan yuxarı gündəlik qəzeti, 100-ə yaxın həftəlik qəzeti, respublika əhəmiyyətli, yəni bütün ölkəyə verilişlər təqdim edən 8 telekanalı, 14 regional telekanalı, internet vasitəsilə dünyada gedən bütün prosesləri sərbəst şəkildə izləyirlər".

Şübhəsiz, ölkənin iqtisadi imkanlarının artdığı, demokratikləşmə prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu bir şəraitdə mətbuatın üzərinə düşən vəzifələr də nisbətən fərqli mahiyyət kəsb etməyə başlayır. Yeni mərhələnin siyasi reallıqları mətbuatın cəmiyyətdə təkcə rolunu deyil, həm də sosial öhdəliklərini, məsuliyyətini artırır. Bu gün ictimaiyyət ölkənin taleyüklü məsələlərinə münasibətdə mətbuat nümayəndələrindən əsl vətəndaş mövqeyi, milli təəssübkeşlik tələb edir. Söhbət ondan gedir ki, peşə etikası ilə yanaşı, milli təəssübkeşlik, taleyüklü problemlərə vətəndaş yanaşması tədricən Azərbaycan mediasının keyfiyyət göstəricisinə çevrilməlidir.

Etiraf etməliyik ki, dövlətin mətbuatın müstəqilliyinin təmini məqsədilə həyata keçirdiyi genişmiqyaslı tədbirlərə baxmayaraq, bu gün media nümayəndələri dövlət siyasətinin cəmiyyətdə təbliğinə lazımi səviyyədə dəstək vermir, əksinə, bəziləri bu siyasətin cəmiyyətə qərəzli və təhrif olunmuş şəkildə çatdırılmasında vaçitəçi qismində çıxış edir. Fəaliyyətində siyasiləşmənin daha qabarıq duyulduğu bir sıra mətbuat orqanları hətta dövlət siyasətinin obyektiv xarakter daşımayan sərt tənqidini məqsədə çevirir, bu zaman mövcud qanunlara, peşə etikasına riayət etmirlər. Məhz bu baxımdan jurnalistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi hazırda qarşıda duran son dərəcə vacib, aktual məsələlərdən biridir və dövlət başçısının iştirakı ilə keçirilən görüşdə bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov da ciddi problem kimi diqqətə çəkmişdir.

 

Azadlıq məsuliyyəti üstələyəndə...

 

Vaxtilə Azərbaycanın böyük mütəfəkkiri, milli mətbuatın banisi Həsən bəy Zərdabi yazırdı ki, mətbuat cəmiyyətin aynası olmalıdır. Ölkədəki yüksək siyasi plüralizmin, demokratikləşmə prosesinin yaratdığı liberal mühitin nəticəsi kimi sayı rekord həddə çatmış jurnal və qəzetlərin heç də hamısı cəmiyyəti obyektiv informasiya ilə təmin etmək, insanları maarifləndirmək niyyətini qarşıya qoymamışdır. Bu gün mətbuatda cəmiyyətdəki bəzi nöqsanlara rasional, düzgün yanaşmanın, obyektiv tənqidin olmaması da özünü ciddi problem kimi göstərir.

Şübhəsiz, mövcud problemlərin əsasında ilk növbədə, media sahəsində çalışan şəxslərin peşəkarlıq səviyyəsinin aşağı olması faktı durur və Mətbuat Şurasında keçirilən görüşdə bu məqam xüsusi vurğulanmışdır. Danılmaz reallıqdır ki, jurnalistikaya asan qazanc mənbəyi kimi baxan bir çox diletant şəxslər təsis etdikləri "qəzetləri" özlərinin cılız maraq və ambisiyalarının "tribunasına" çevirmişlər. İkrahdoğurucu fəaliyyətlərini sırf şantaj və böhtan üzərində quraraq sifarişlə istənilən şəxsin şərəf və ləyaqətinə toxunan yazılara imza atmağa hazır olan "reket" jurnalistlər bu gün cəmiyyətdə ciddi mətbuat orqanlarını da gözdən salır, obrazlı desək, "qurunun oduna yaş da yanır". Sağlam təfəkkürdən, peşəkarlıqdan, savad və məntiqdən uzaq olan belə "çızmaqaraçılar"ın nəinki milli mətbuat, bütövlükdə cəmiyyət üçün başağrısına çevrildiyini də etiraf etməliyik. Bu mənada, xalqın tarixən formalaşmış zəngin mənəvi dəyər və ənənələrinin, əxlaq normalarının belə "yazarlardan" qorunması ilə bağlı mövcud ictimai narahatlığın da obyektiv əsasları mövcuddur. Onların normal jurnalistikadan uzaq, cılız və merkantil maraqlara söykənən fəaliyyəti müqabilində mətbuatın kəmiyyət artımını mülki cəmiyyət quruculuğu prosesinin obyektiv göstəricisi kimi dəyərləndirmək mümkün deyil. Bu gün şantaj, böhtan və iftira yolu ilə qazanc əldə etmək məqsədilə jurnalistikaya axışanların sırasında qeyri-peşəkarlara, dəllal və dələduzlara da rast gəlmək olar. Belələri üçün peşə etikası, qanunun aliliyi, başqalarının şərəf və ləyaqətinə hörmət kimi əxlaqi və hüquqi kateqoriyalar çoxdan itirilmiş, çirkin yolla pul qazanmaq hərisliyi bütün mənəvi dəyərlərin üzərindən xətt çəkmişdir.

Mətbuatın özünütənzimləməsi məqsədilə 2003-cü ildə yaradılmış Mətbuat Şurası "reket" mətbuata qarşı barışmaz və qətiyyətli mövqe tutaraq bu məqsədlə ictimai qınaq və məzəmmət üsullarından yetərincə istifadə edir. Şuranın 100-dən çox qəzeti "reket" elan etməsi də islahedici addım kimi eyni yolu tutan qəzetlərin fəaliyyətinə də təsirsiz ötüşmür, onların qarşısında müəyyən baryerə çevrilir. Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə görüşdə dövlət başçısı İlham Əliyev "reket jurnalistika" ifadəsini ali səviyyədə ictimai gündəmə çıxartmış və bu bəlaya qarşı mübarizə tədbirlərinin davam etdirilməsini vacib saymışdır: "Reket jurnalistikasına qarşı biz hamımız birgə fəaliyyət göstərməliyik, mübarizə aparmalıyıq. Bu mübarizənin sivil qaydaları olmalıdır. Mən hesab edirəm ki, biz reket jurnalistikasına, necə deyərlər, onların üsulu ilə cavab verməməliyik. O neqativ hallara yol verən vətəndaşlar ictimai qınaq obyektinə çevrilməlidir. İctimaiyyətdə onlara qarşı ciddi reaksiya verilməlidir. Dövlətin üzərinə düşən vəzifəni də dövlət etməyə hazırdır. Ancaq bütün bu işlər qanun çərçivəsində olmalıdır. Mən ümid edirəm ki, yaxın zamanlarda bizim adət-ənənələrimizə zidd olan bu nöqsanlar aradan qaldırılacaqdır. Hesab edirəm ki, buna müəyyən qədər vaxt lazımdır. Çünki biz müstəqil ölkə kimi cəmi 20 ilə yaxındır ki, yaşayırıq. Hələ ki, bütün sahələrdə olduğu kimi, bu sahədə də müəyyən qədər vaxt lazımdır".

"Mətbuatı içindən yeyən qurd" - "reket jurnalistika" ilə bağlı cənab Prezidentin kəskin mövqeyi şübhəsiz ki, bu qanunsuz şəbəkəni himayə edən, maliyyələşdirən qüvvələrə də son mesaj oldu. İctimaiyyət isə bir daha anladı ki, siyasətdə, ictimai münasibətlərdə əxlaq və şəffaflıq prinsiplərinə daim əməl edən və bu meyarları hər bir kəsin fəaliyyətində əsas istinadgah kimi görməyi arzulayan Prezident İlham Əliyev medianın da fəaliyyətinin saflaşmasına və təmizlənməsinə böyük önəm verir. Təqdirəlayiq haldır ki, Mətbuat Şurası İdarə Heyətinin iki üzvü məhz "reket jurnalistika"ya qarşı effektiv və qətiyyətli mübarizədə fərqləndiklərinə görə Ali Media Mükafatına layiq görüldülər.

Bu gün ifrat siyasiləşmiş qəzetlərdə jurnalistlərin peşə davranışı normaları - qərəzsizlik, tərəfsizlik, vicdanlılıq, hadisələrə obyektiv baxış kimi ümdə prinsiplər mütəmadi qaydada pozulur, ayrı-ayrı dövlət məmurlarının, ictimai-siyasi xadimlərin, vətəndaşların şərəf və ləyaqətinə toxunan yazılar baş alıb gedir. Xaricdən maliyyələşən, Azərbaycana düşmən olan qüvvələrin sifarişini yerinə yetirən bəzi qəzetlər hətta Azərbaycan xalqının dövlətçilik maraqlarına və milli mənafelərinə zidd olan, milli-etnik münasibətləri qızışdıran yazılar dərc etməkdən belə çəkinmirlər. Anti-azərbaycançı şəbəkənin əlində vasitəyə çevrilən, düşmən "dəyirmanına su tökən" bu qəzetlər üçün təəssüf ki, milli maraq məhfumu yoxdur.

Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə görüşdə narahatlıq doğuran bu məqamı diqqətə çəkən Prezident İlham Əliyev ölkə jurnalistlərini vətənpərvərliyə çağırmışdır: "Bəzi hallarda xarici dairələrin təsiri altında çıxan orqanlar fəaliyyət göstərirlər. Onların sifarişi ilə yazılan məqalələr də dərc olunur. Bu məsələ ilə də bağlı məndə kifayət qədər məlumatlar var. Mən indi ad çəkmək istəmirəm, amma sadəcə olaraq fikrimi bildirmək istəyirəm ki, bu, ümumiyyətlə yolverilməzdir. İndi hansısa daxildən gələn siyasi sifariş əsasında yazılan məqalə, yaxud da ki, hansısa başqa reportaj qəbulolunmaz olsa da, bu, bizə o qədər də böyük problem yaratmaz. Ancaq xarici dairələrin sifarişi ilə, göstərişi ilə və onların planları əsasında Azərbaycanda hansısa mövzu ətrafında rəy yaratmaq cəhdlərinə ümumiyyətlə, son qoyulmalıdır. Burada mən sadəcə olaraq, jurnalistləri vətənpərvərliyə çağırıram. Biz imkan verməməliyik ki, Azərbaycan hansısa qüvvələrin, xarici dairələrin qarşıdurma arenasına çevrilsin".

Prezident İlham Əliyev mətbuatda vətənpərvərlik, milli-mənəvi dəyərlərin qorunması ilə bağlı mövzulara da geniş yer verilməsinin zəruriliyini diqqətə çəkmişdir.

 

Jurnalist vəsiqəsi qanunun məsuliyyətindən azad etmir

 

Sivil və hüquqi cəmiyyətdə istənilən münasibətlər sistemi məhz qanunlarla tənzimlənir. Hər bir peşə sahibi kimi jurnalistin hüquqları, imtiyazları ilə yanaşı, vəzifələri də mövcuddur. Azadlıq məsuliyyəti üstələyəndə isə, şübhəsiz, xaos qaçılmaz olur. Nədənsə cəmiyyətdə son illər belə fikir də formalaşdırılır ki, jurnalist yazdığı böhtana, təhqirə görə məsuliyyətdən azad olmalıdır. İfrat siyasiləşmiş qəzetlərin əməkdaşları məsuliyyətdən yayınmaq üçün hətta jurnalistin həbsinə məhdudiyyət qoyan hansısa absurd müddəaların qanunlarda əks olunmasını istəyirlər.

Bu iddiada olanların fikrincə, "Diffamasiya haqqında" qanunla böhtan və təhqirə görə cinayət məsuliyyəti mülki məsuliyyətlə əvəz olunmalıdır. Şübhəsiz, açıq-aşkar təhqir və böhtan yolunu tutan bir sıra "qəzetlər"in bunun müqabilində məsuliyyətdən tamamilə azad olunması cəmiyyətdə mənfi presedentin formalaşması deməkdir. Unudulur ki, jurnalist də vətəndaşdır və onun digərlərindən əsas fərqi məhz nümunəvi davranışlarında, qanunlara riayət etməsində olmalıdır. Söz və mətbuat azadlığından sui-istifadə yolu ilə insanların şərəf və ləyaqətini təhqir etmək, onlara böhtan atmaq, daha sonra isə məsuliyyətdən yayınmaq üçün çirkin kampaniyalara başlamaq yolverilməzdir.

Nəzərə almaq lazımdır ki, "Diffamasiya haqqında" qanun hələ demokratik inkişaf təcrübəsi böyük olan bir sıra Avropa dövlətlərində qəbul olunmamışdır. Fəqət, biz istənilən halda bu məsələdə özümüzü Avropanın bəzi dövlətləri ilə müqayisə edə bilmərik. Əslinə qalsa, Avropa dövlətlərində belə bir qanunun mövcudluğuna o qədər ehtiyac da duyulmur. Çünki o məkanda jurnalistikanın funksiyası, vəzifəsi tamam fərqlidir, peşə etikası, qanunların aliliyi ciddiliklə gözlənilir. Həmin dövlətlərdə ciddi və normal qəzetlər heç zaman böhtan və təhqirə, insanların şərəf və ləyaqətinin alçaldılmasına yol vermirlər. Amma biz buna nə qədər hazırıq? Nə qədər hazırıq ki, "Diffomasiya haqqında" qanun qəbul ediləndən sonra böhtan və təhqirlərin miqyası artmayacaq?

Bu gün respublikamızdakı siyasi və ictimai münasibətlərin xarakteri, təəssüf ki, bu suallarla bağlı ürəkaçan mənzərə yaratmır. Çünki indiyə qədər bir sıra qəzetlər məhkəmələr tərəfindən dəfələrlə külli miqdarda cərimə olunsalar da, bu cərimələri ödəməkdən boyun qaçıraraq qanunları pozmaqda, insanların şərəf və ləyaqətini tapdamaqda davam edirlər. Ona görə bu fikri tam əsaslı saymaq olar ki, "Diffomasiya haqqında" qanun qəbul olunacağı təqdirdə, onlar müəyyən mülki iddiaları ödəməklə istənilən vətəndaşların, dövlət məmurlarının, ictimai xadimlərin şərəf və ləyaqətini təhqir etməkdə, böhtana məruz qoymaqda davam edə bilərlər.

Bütün bunlara baxmayaraq, demokratik prinsiplərə hörmətlə yanaşan Azərbaycan dövləti belə bir qanunun qəbulunu istisna etmir. Əlbəttə, bunun müqabilində mətbuat da saflaşmalı, peşə etikasına və müvafiq qanunlara daha ciddiliklə yanaşmalı, böhtan və təhqirlərdən əl çəkməlidir. Prezident İlham Əliyev Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşdə bununla bağlı demişdir: "Diffamasiya ilə bağlı məsələlərə gəldikdə, siz yaxşı bilirsiniz ki, hətta Avropanın inkişaf etmiş ölkələrində bu məsələ ilə bağlı birmənalı mövqe yoxdur. Biz Avropa Şurası ilə münasibətlərimizdə dəfələrlə bu məsələ ətrafında fikir mübadiləsi aparmışıq. Biz bu qanunun qəbul olunmasının əleyhinə deyilik. Nəzərə alsaq ki, Azərbaycanda söz azadlığına görə heç kim həbs olunmur, deyə bilərik ki, bu sahədə bir növ qeyri-rəsmi moratorium qeyd olunubdur. Ancaq biz istəyirik ki, bütün ölkələr öz fəaliyyətini bu kriteriyalara uyğun şəkildə göstərsinlər. Bəzi hallarda beynəlxalq təşkilatlar Azərbaycana xüsusi diqqət göstərirlər. Ola bilər ki, bəzi məsələlərlə bağlı bu xüsusi diqqət təqdirəlayiqdir. Amma bəzi hallarda bu ayrı-seçkilik başqa məna daşıyır və xüsusilə Avropa Şurası ilə bağlı bizim münasibətlərimizin inkişafı bunu göstərir".

Dövlət başçısı İlham Əliyevin Mətbuat Şurası İdarə Heyətinin üzvləri ilə görüşdə mətbuatın bugünü və gələcək perspektivləri ilə bağlı söylədiyi dəyərli fikir və tövsiyələr ümumən bu sahənin inkişafı baxımından olduqca əhəmiyyətlidir. Cənab Prezidentin 92 jurnalisti fəxri ad və mükafatlara layiq görməsi, qəzetlərə birdəfəlik maliyyə yardımları göstərməsi, KİV təmsilçilərinin sosial rifahının yaxşılaşdırması istiqamətində atdığı mühüm addımlar dövlət başçısının böyük qayğıkeşliyinin və yüksək etimadının bariz təzahürü oldu. Son proseslər göstərdi ki, Azərbaycan Prezidenti ölkə mətbuatının mütərəqqi milli və bəşəri dəyərlər əsasında inkişafında maraqlıdır və bunun üçün bütün zəruri tədbirləri həyata keçirir. Azərbaycan dövləti özünün Konstitusiya prinsiplərinə sadiq qalaraq söz və məlumat azadlığının təmin edilməsi sahəsində müəyyən etdiyi siyasi xətti ardıcıl şəkildə davam etdirir. Bu mənada, yaranmasının 135-ci ildönümü tamam olan Azərbaycan mətbuatının perspektivi ilə bağlı düşüncələr də kifayət qədər ürəkaçan mənzərə yaradır.

 

 

İxtiyar HÜSEYNLİ

 

Azərbaycan.- 2010.- 27 iyul.- S.  1, 2.