Hər dövranın öz gərdişi
Ötən əsrin əvvəllərində varidatına görə məşhurlaşan 11 Bakı milyonçusu arasında birinci yer tutan Ağa Musa Nağıyevə sovet hakimiyyəti illərində "istismarçı kapitalist" damğası vurulmuşdu. Hətta bəzi araşdırmaçılar bu kapitalistlər haqqında yazanda da nədənsə Ağa Musanın ünvanına "xəsis" deməkdən çəkinməmişdilər. Halbuki onun gördüyü xeyirxah işləri, tikdirdiyi binaları, etdiyi yaxşılıqları və digər qeyri-adi savab əməlləri saf-çürük etdikcə başqa cür düşünürsən. Xalqına, millətinə nə dərəcədə xidmət etmək mümkünsə, hamısını bacarıb. Bəlkə də taleyin qəzavü-qədərinə düçar olmasaydı, Ağa Musa Nağıyev daha nələr yaradacaqdı. Təəssüf ki, bu cür güclü və təpərli bir şəxsiyyətin fəaliyyəti, doğma xalqına göstərdiyi xidmət uzun müddət kölgədə qalıb. Halbuki onun təkcə Bakı şəhərində tikdirdiyi 98 bina (arzusu 100 imiş) tariximizin daş yaddaşıdır. Bu yadigarların hər naxışında neft milyonçusunun saf əməlləri, vətənpərvərliyi, milli təəssübkeşliyi sükuta dalıb.
Əslində, Ağa Musa Nağıyev böyük ürək sahibi və nəcib insan idi. Belə bir ifadə var ki, halal surətdə varidat qazanmaq bacarıq, onu qoruyub saxlamaq müdriklik, düzgün işlətmək istedaddır. Musa Nağıyevdə bu məziyyətin üçü də olub.
Onun haqqında olan xatirələrdən, arxiv materiallarından öyrənirik ki, Musa Nağıyev "simic" yox, sadəcə, israfçı deyilmiş. Pulunu hara və nəyə xərcləməyi dürüst hesablayırmış. Milyonçunun nəvəsi Dilarə Nağıyeva ilə söhbət zamanı onun bizə təqdim etdiyi arxiv sənədlərindən bir Vətən övladının, unudulmaz Bakı milyonçusunun çox işıqlı obrazı boylandı. Töhfələrinin sayını sıralayan rəqəmlərin, faktların arxasında fenomen bir şəxsiyyətin dəyərli xidmətləri dayanıb. Əgər Musa Nağıyev tərəfindən tikilən və Bakı memarlığının qızıl fonduna daxil olan binaları saysaq, uzun bir siyahı əmələ gələr. Biz onlardan yalnız bir neçəsinin adını çəkərdik. Bu gün Bakımıza bir klassikalıq gətirən, onun hüsnünə Qərb və Şərq memarlıq kaloritini bəxş edən qeyri-adi gözəl binaların əksəriyyətini Musa Nağıyev tikdirib. Hazırda AMEA-nın binası kimi tanınan "İsmailiyyə", İqtisadiyyat Universitetinin, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Ali Məhkəmənin, Zabitlər evinin, Gül pasajının, (keçmiş), Azərittifaqın, Bakı Prokurorluğunun, Emin Əfəndiyev və öz adını daşıyan xəstəxanaların, Ana və Uşaqların Mühafizəsi İnstitutunun, "ÜNS" Teatrının, "LUKoyl" şirkətinin, Dövlət Neft Şirkətinin, eləcə də digər komitə və nazirliklərin yerləşdiyi binalar Musa Nağıyevin yadigarlarıdır. 28 May küçəsindəki yol boyu sıra ilə düzülmüş, memarlıq üslubu ilə seçilən binaların demək olar ki, hamısı Musa Nağıyevin təşəbbüsü ilə inşa edilib. Təkcə Bakıda deyil, başqa şəhərlərdə də məscidlər tikdirən bu Bakı milyonçusu digər dinlərə sitayiş edənləri də unutmurdu. Kirxa və kilsələrin tikilməsinə vəsait ayırırdı. Deyirlər ki, əgər XX əsrin binalarından Moskvadakı Morozovun mülkünü dünya incəsənətinin keçid dövrünün ixtirası hesab etmək mümkünsə, Azərbaycanda da bu şərəf "İsmailiyyə" qotikasına görə Musa Nağıyevə ünvanlanır. Bir faktı da xatırladaq ki, Bakıya Şollar suyunun çəkilmə xərcinin xeyli hissəsini məhz Ağa Musa Nağıyev ödəmişdir. Maarifçilik məqsədilə də həyata keçirdiyi işlərin və bu yolda verdiyi ianələrin sayı-hesabı yoxdur. Azərbaycanın ilk neft xudalarından olan mesenat, milyonçu, "xəsis" (ona bu ayamanı hansı ürəklə veriblər, anlamaq olmur) Musa Nağıyev böyük səxavətlə imkansız ailələrin dayağı olub. Nəvəsi Dilarə Nağıyeva xiffətlə söyləyir: "Şükür, indi Hacı Zeynalabdin Tağıyev barəsində ədalət bərpa olunub, amma hələ də Ağa Musa Nağıyev haqqında bunu tamamilə demək mümkün deyil". Artıq Azərbaycan müstəqil dövlətdir. Ona görə də xalqımız öz oğullarını, millət üçün yaşayan talesizlərin həyatını bilməli, fəaliyyətlərindən xəbərdar olmalıdır. Bu faktdır ki, Ağa Musa Nağıyev Bakının iri neft maqnatları arasında Nobel qardaşlarından sonra ən varlı və ən mötəbər milyonçu kimi tanınıb.
Ağa Musa Nağıyev 1849-cu ildə Bakının Biləcəri kəndində yoxsul bir ailədə anadan olmuşdur. Samançı oğlu Ağa Musa 11 yaşından hamballıq edərək əlinin qabarı ilə qazandığı pulun hesabına 49 yaşında Bakının 11 milyonçusundan birincisinə çevrilib. Atası oğlunun varlandığını gördükdə vəsiyyət edib ki, ömrü durduqca bina tikdirsin. Qoy ondan 100 bina yadigar qalsın. Təəssüf ki, 98 bina tikdirən Musa Nağıyev ermənilərin Bakıya hücumu zamanı onların "İsmailiyyə" binasını topa tutmasına dözüm gətirə bilməyib. 1919-cu ildə ürəyi dayanıb. Əslində, bizim bu xeyirxah milyonçumuz da erməni terrorunun güdazına gedib.
Musa Nağıyevin taleyi çox acılara tuş gəlib. İki övladı olub. Hər ikisini də erkən yaşlarında itirib. Oğlu İsmayıl 27 yaşında vərəm xəstəliyindən vəfat edib. Qəbri Kərbəladadır. Qızı Ümmül Banu (milyonçu Şəmsi Əsədullayevin gəlini) doğuş zamanı dünyasını dəyişib. Elə bu çəkdiyi dərdlərə görə də Musa Nağıyev Bakıda xəstəxana şəbəkəsinin genişləndirilməsinə, bu yöndə binaların tikilməsinə xüsusi diqqət yetirib. Fələyin qədərinə dözə bilməyən, övladsızlığı ona ağır dərd olan bu qeyri-adi milyonçu qardaşı Ağa Əlinin yeni doğulmuş beşinci oğlunu özünə övladlığa götürüb. Adını Fərəc qoymaqla "kədərdən sonra sevinc gələr" deyib. Əslində, adın mənası da belədir. Fərəcin milyonçu vərəsəsi olması sonradan ona ağır bir tale bəxş edib. Ağa Musanın vəsiyyəti Kərbəlada oğlunun yanında dəfn edilmək olub. Bu səbəbdən də onu doğmaları Çəmbərəkənd qəbiristanlığında əmanət kimi torpağa tapşırıblar ki, sonradan onu Kərbəlaya aparsınlar. Amma dəyişən quruluşlar, baş verən qovğalar arzuları yarımçıq qoyduğu kimi, bir çox ocaqları da qəfildən söndürdü. Milyonçunun oğlu Fərəc Nağıyev yaxşı təhsil almışdı. Ailə qurmuşdu. Teatr Texnikumunun aktyorluq, rejissorluq və rəssamlıq fakültələrini bitirərək çoxsahəli ixtisaslara yiyələnmişdi. Sənət aləmində ilk addımlarını atırdı. Lakin kapitalist övladı olması taleyinə ağır bir zərbə vurdu. Uzun illər sürgün həyatı yaşadı. Ötən əsrin ortalarında Vətənə dönən Fərəc Nağıyev yenə də sənətlə məşğul oldu. Bir sıra filmlərə çəkildi. O, həm də mahir rəqqas idi. Maraqlı şeirlər yazırdı, hətta bir sıra tamaşaların bədii tərtibatını Fərəc Nağıyev verirdi. Nəsli, nəcabətilə bağlı dodaqları kilidlənmişdi. Yalnız ömrünün sonunda atası Ağa Musa Nağıyevin adını çəkərək xarici banklarda varidatı olduğunu bildirdi.
Dilarə xanım Nağıyeva danışır ki, 1938-ci ildə Dağüstü parkda Kirova heykəl qoymaq istəyənlər Çəmbərəkənd qəbiristanlığını dağıdıblar. Onda qohum-əqrəba dərhal Musa Nağıyevin nəşini doğma Biləcəri kəndinə aparmaq istəyiblər. Milyonlar sahibi olan Musa Nağıyevin nəşini bükməyə iki metr ağ tapmayıblar. Qadınlar yastıq üzlərini çıxardaraq milyonçunun nəşini ora yığıblar. Dəhşətlisi də odur ki, bu iman sahibi dəfələrlə, düz dörd dəfə gordan edilib. Həmişə də əmanət kimi torpağa basdırıblar. Çünki öz vəsiyyəti Kərbəla idi. 1998-ci ildə xeyirxah insanlar tərəfindən Musa Nağıyev yenidən dəfn edilərək üstündə "İsmailiyyə" binasına bənzər məqbərə tikilib. Dilarə xanım söyləyir ki, mən onda babamın ruhuna bunları pıçıldadım: "Sən öz doğma Vətənindəsən, yurdundasan, rahat yat. Biz səni unudulmağa qoymarıq".
Onun tikdirdiyi xəstəxanalardan biri 1992-ci ildən Musa Nağıyevin adını daşıyır. İqtisad Universitetinin foyesində həm bu məşhur milyonçunun, həm də oğlu İsmayılın rəngli portretləri asılıb. Burada təhsil alan tələbələr, çalışan müəllimlər hər gün bu iman sahiblərini ehtiramla yad edirlər. Eləcə də Dilarə Nağıyevanın böyük cəfakeşlik və övlad yanğısı ilə illər uzunu arxivlərdən, yaddaşlardan topladığı xatirələr, faktlar əsasında "Xalq üçün ömrünü şam kimi əridən..." kitabı çapdan çıxıb. Burada məşhur milyonçunun həyatından, millət üçün gördüyü işlərdən söhbət açılır. Həqiqətən də Ağa Musa Nağıyevin haqqının qazanılması uğrunda aparılan mübarizəyə dəstək verməliyik. O, elə əməllərin sahibi olub ki, heç zaman tarixdən silinməyəcək.
Əslində, Musa Nağıyevin yaxşılıqlarının, faydalı işlərinin üzərindən qəsdən xətt çəkilib. Uzun illər kölgəsini qaralayıblar. Deyilənə görə, borc içində boğulan birisi kömək üçün Ağa Musaya müraciət edərkən o, belə cavab verib: "Mən sənə kömək edim, borcundan çıx. Sonra bir neft buruğu verim, işlət, mənə borcunu qaytar". Həmin adam zəhmət çəkəcəyini düşünərək belə köməkdən imtina edib. Ağa Musa cavabında deyib: "Sən zəhmətdən çəkinirsənsə, mən də pulumu göyə sovuranlardan deyiləm". Başqa bir fakt. Milyonçu Şəmsi Əsədullayev müflisləşərək ağır vəziyyətə düşüb. Özünü öldürmək qərarına gəlib. Bu ağır məqamda ona pul verib öz varidatı ilə kömək göstərən məhz Musa Nağıyev olub. Simiclik əlamətidirmi? Deyirlər ki, ianə toplayarkən Ağa Musa beş manat, oğlu İsmayıl isə yüz manat verib. Soruşublar ki, bu nə işdir, oğlun səndən çox pul verir? Söyləyib ki, təəccüblü nə var? Mən samançı oğluyam, o, milyonçu balasıdır. Sadəcə olaraq, o, pulunun qədrini bilən adam olub. Bəzən dövlətlilər boş vaxtlarını qumarxanalarda keçirərdilər. Uduzanda evlərinə yox, Musanın üstünə qaçardılar. Ağa Musa isə belə şeyləri sevməzdi. "Mən bütün varidatımı halal yolla qazanmışam, haramxorlara bağışlaya bilmərəm". Maraqlıdır ki, bütün ömrü boyu, hətta varidatını saymaq mümkün olmayan məqamlarla da saman satan oğlu olduğunu, özünün vaxtilə limanlarda hamballıq etdiyini nə unudub, nə danıb. Hətta tikdirdiyi binaların üzərinə də bu işarələri əks etdirib. O, israfçılıqdan və artıq xərclərdən boyun qaçırardı. Ona görə də pulunu sağa-sola sovuran oğlu İsmayıla baxıb deyərdi: "Atam, atam, mən o, ola bilmərəm, görün o, kimin oğludur?"
Çətin
və ağır həyat tərzi keçirən Ağa Musa Nağıyev milyonçu olduqdan sonra da həm ciddiliyi, həm də özünəməxsus
atmacaları və zarafatları ilə seçilərdi. O, bütün suallara yumoristik şəkildə cavab
verərdi. Deyilənə görə, çəkməsini silənə
bir qəpik verən Ağa
Musaya çəkməçi sual edir: "Ağa, başqaları da bir qəpik verir, sən də?!"
O, cavabında deyir: "Üç
qəpik versəm, qədrimi biləcəksən?!" Yenə
xeyriyyə günlərinin birində Ağa
Musa üç manat, qubernator isə yüz manat ianə verir. Bu dəfə qubernator ondan soruşur: "Ağa Musa, niyə belə az?"
O, cavab verir: "Sən çox verərsən də, axı sən hökumətsən, öz
qazancın deyil". Onun hazırcavablığı, müdrikliyilə
bağlı el arasında
dolaşan rəvayətlərdə
Ağa Musanın necə böyük ağıl və idrak sahibi olduğu
aydın duyulur. Belə rəvayətlərdən
birində danışılır
ki, hətta onu oğurlayanlara Ağa Musa tələb olunan pulun yarısını
verəcəyini bildirərək
deyib: "Əgər
öldürsəniz, heç
onu da almayacaqsız".
Dilarə xanım söyləyir ki, babam 11 yaşında
belini ağır palan döyə-döyə
halal zəhmətlə
milyonçu olub. Ona görə
də pulunun qədrini bilib. O deyərdi: "Zər qədrini zərgər bilən kimi, pulunun da qədrini
bilən dövlətli
ola bilər".
Öz tikililəri ilə Bakı milyonçularını
lərzəyə salan
Ağa Musa nəslinin
başına gətirilən
zülmün həddi
olmayıb. Nəinki yaxın adamlarını,
övladlarını, hətta
ən uzaq qohumlarını da Vətəndən sürgün
ediblər, zindanlara atıblar, qətlə yetiriblər. Ədəbiyyatda mənfi obrazını yaradaraq karikaturasını
çəkiblər.
Özünü bir neçə dəfə gordan ediblər. Gördükləri
işlərin, xeyirxahlıqların
üstündən xətt
çəkərək az qala süni
gülüş hədəfinə
çevirməyə çalışıblar.
Amma həqiqət deyilən bir inci var
ki, min arşın quyunun dibinə salınsa da, nə vaxtsa üzə çıxır.
Günəşin üzündən qara buludun çəkiləsi
vaxt yetir. Bax onda deyirlər ki, hər dövranın
bir gərdişi var.
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2010.- 27
iyul.- S. 4.