Dövlət aqrar sektorun inkişafına dəstək siyasətini davam etdirir

 

Son illər Azərbaycanda qeyri-neft sektoruna göstərilən yüksək diqqətin nəticəsi kimi iqtisadiyyatın aparıcı sahələrindən olan aqrar sahə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymuş, respublikanın ərzaq təhlükəsizliyinin təmini prosesində mühüm nailiyyətlər əldə olunmuşdur. Bu da təsadüfi deyildir - Azərbaycan Respublikasında bazar iqtisadiyyatı sisteminə transformasiya prosesi aqrar sahədən başlamış, kənd təsərrüfatında 90-cı illərin əvvəllərindən özünü kəskin şəkildə büruzə verən tənəzzül meyilləri dayandırılmış, iqtisadi artıma və inkişafa nail olunmuşdur.

Xatırlatmaq lazımdır ki, ulu öndər Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1993-2003-cü illərdə aqrar sektorda islahatların birinci mərhələsi başa çatmış, kənd təsərrüfatının inkişafı bütünlükdə bazar mexanizminin qanunauyğunluqlarına tabe etdirilmişdir. Bu sahədə çoxsaylı normativ-hüquqi aktlar qəbul olunmuş, məhsulun satışı, gəlirlərin bölüşdürülməsi və digər texnoloji proseslərdə kənd təsərrüfatı əmtəə istehsalçılarının təsərrüfat-iqtisadi müstəqilliyi təmin edilmişdir. Azərbaycanın tarixən aqrar-sənaye ölkəsi kimi tanındığını, iqtisadiyyatda bu sahənin üstün mövqeyə malik olduğunu özünəməxsus müdrikliklə dəyərləndirən ümummilli lider yaxşı bilirdi ki, torpağı əsl sahibinə - kəndliyə qaytarmadan böyük nailiyyətlər əldə etmək mümkün olmayacaq. Müdrik rəhbərin gərgin və yorulmaz əməyi, yerli xüsusiyyətləri ciddiliklə nəzərə alması, mövcud reallığı düzgün dəyərləndirməsi, sıravi vətəndaşların - kəndlilərin mənafeyini uca tutması nəticəsində Azərbaycanda torpaq islahatı ağrısız-fəsadsız, şəffaf, ədalətli şəkildə başa çatdırılmışdır.

1995-1996-cı illərdə "Aqrar islahatların əsasları", "Sovxoz və kolxozların islahatı", "Torpaq islahatı" haqqında qanunların, habelə digər vacib hüquqi aktların qəbulu aqrar-sənaye kompleksində köklü dəyişikliklər aparmaq üçün imkanlar açmışdır. "Torpaq islahatı haqqında" qanunda Müstəqil Dövlətlər Birliyi məkanında ilk dəfə olaraq torpağın xüsusi mülkiyyətə verilməsi, onun alqı-satqı obyekti olması kimi məsələlər əksini tapmışdır. Kənd təsərrüfatında aparılan ciddi struktur islahatları nəticəsində dövlət mülkiyyətində saxlanılan az sayda damazlıq, toxumçuluq və digər bu kimi təsərrüfatlar istisna olmaqla, bütün müəssisələr, o cümlədən sovxozlarkolxozlar ləğv edilmiş, onların əmlakı təsərrüfat üzvləri arasında ədalətli şəkildə bölüşdürülmüşdür.

Ulu öndər Heydər Əliyevin 22 mart 1999-cu il tarixli "Aqrar sahədə islahatların sürətləndirilməsinə dair bəzi tədbirlər haqqında" fərmanı ilə Nazirlər Kabineti kənd təsərrüfatı məhsulu istehsalçılarına dövlət büdcəsi hesabına güzəştli pərakəndə satış qiyməti ilə neft məhsullarının (benzin, dizel yanacağı və motor yağları) satılması barədə qərar qəbul etmişdir. Milli Məclis həmin fərmana əsasən hazırlanmış layihəni müzakirəyə çıxararaq kənd təsərrüfatı məhsulları istehsalçılarının torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edilməsi barədə qanun qəbul etmişdir.

"Kənd təsərrüfatında aparılan islahatların nəticəsində böyük uğurlar qazanılmışdır. Torpaq özəl mülkiyyətə verilibdir. Bu ənənə davam etməlidir və kənd təsərrüfatında islahatların ikinci mərhələsi başlanmalıdır" - deyən dövlət başçısı İlham Əliyev 2003-cü ildən ulu öndərin aqrar sahədəki siyasətini də inamla davam etdirir. Aqrar bölmənin inkişaf prioritetləri hələ Azərbaycan Prezidentinin 2003-cü il 24 noyabr tarixli "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" fərmanda və 2004-cü il 11 fevral tarixli "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı"nda əksini tapmışdır. Regionların inkişafı ilə bağlı I dövlət proqramı çərçivəsində aqrar sahəyə diqqət artırılmış, regionlarda müasir fermer təsərrüfatları formalaşdırılmış, respublikanın kənd təsərrüfatı məhsulları ilə təminatında ciddi dönüş yaranmış, idxaldan asılılıq azalmışdır. Son illərdə əhalinin ərzaq məhsulları ilə təminatında yerli istehsalın rolu xeyli yüksəlmişdir - kartof, bostan, meyvə, tərəvəz məhsullarına görə adambaşına istehlak norması tamamilə daxili istehsal hesabına ödənilir. Azərbaycan hazırda dənli bitkilərlə 76 faiz, quş əti ilə 74 faiz, ətlə 94 faiz, kərə yağı ilə 83 faiz, süd məhsulları və südlə 85 faiz, unla 94 faiz, şəkərlə 150 faiz, tərəvəzlə 102 faiz, meyvə ilə 127 faiz təmin olunur. Respublikamız kənd təsərrüfatı məhsullarının istehsalındakı uğurları ilə idxalçıdan tədricən ixracçıya çevrilir. İxracın coğrafiyası, həcmi və çeşididinamik olaraq genişlənir - respublikadan 85 ölkəyə 25-30 adda bitkiçilik mənşəli ərzaq və qida məhsulları ixrac edilir.

Kənd təsərrüfatı istehsalçılarına dövlət yardımının gücləndirilməsi məqsədilə dövlət başçısı İlham Əliyev 2007-ci il 23 yanvar tarixdə "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" sərəncam imzalamışdır. Nazirlər Kabinetinin 2007-ci il 16 noyabr tarixli qərarı ilə təsdiq edilmiş "Buğda istehsalçılarının maddi marağının artırılması və buğda istehsalının stimullaşdırılması məqsədilə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi Qaydaları"na görə, buğda istehsalçılarına səpilən hər hektar sahəyə görə 40 manat yardım verilir.

Mütəxəssislərin fikrincə, aqrar sahənin davamlı inkişafında mövcud problemlər, ilk növbədə maddi-texniki resurslara tələbatın kifayət qədər ödənilməməsi, regionlarda aqroservislər üçün müasir tipli inzibati binaların, o cümlədən texnika və avadanlıqların saxlanması üçün müvafiq məntəqələrin, anbarların mövcud olmamasıdır. Bu baxımdan Prezident İlham Əliyevin 2008-ci il 21 avqust tarixli "Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə" sərəncamı aqrar sahədə mövcud problemlərin aradan qaldırılmasına, bu sahənin dinamik inkişafına ciddi təkan vermişdir. Sərəncamda kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq, istehsalçıların yüksək reproduksiyalı buğda toxumuna, cins damazlıq mal-qaraya olan ehtiyacını ödəmək, habelə mineral gübrələrin və texnikanın saxlanması üçün xüsusi anbarların tikilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan "Aqrolizinq" ASC-yə 25 milyon manat vəsait ayrılmışdır.

Prezident İlham Əliyevin 2008-ci il 25 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" isə qarşıdakı illərdə respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Dövlət Proqramında 2008-2015-ci illərdə Azərbaycan əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Tədbirlər Planı əksini tapmışdır. Dövlət Proqramına görə, 2015-ci ilədək dənli bitkilərin əkin sahələrinin 900 min hektara, məhsuldarlığı 32 sentnerə, ümumi istehsalı 2,8 milyon tona; ət məhsulu istehsalını 340 min tona; südsüd məhsullarının istehsalını 2,4 milyon tona; sənaye üsulu ilə illik quş əti istehsalını 80 min tona; yumurta istehsalını 1,12 milyon ədədə; tərəvəz və bostan bitkilərinin istehsalını 1,72 milyon tona; meyvə istehsalını 800 min tona; yağlı bitkilərin əkin sahəsini 135 min hektara; şəkər çuğundurunun əkin sahəsini 20 min hektara; çay yarpağı istehsalını 3 min tona; yem bitkilərinin əkin sahələrini 500 min hektara çatdırmaq nəzərdə tutulmuşdur. Bu məqsədə Azərbaycan Prezidentinin aqrar sahəyə göstərdiyi diqqət və qayğısı sayəsində nail olunacaqdır.

Son illərdə institusional baxımdan aqrar islahatlarının uğurla başa çatması, kənd təsərrüfatı istehsalçıları üçün yeni imkanların yaranması qarşıdakı illərdə sərbəst bazar münasibətlərinə əsaslanan və özünüinkişaf qabiliyyətinə malik bütöv iqtisadi sistemin - müstəqil milli iqtisadiyyatın formalaşdırılması prosesi ilə səciyyəvi olacaqdır. 2009-cu il aprelin 14-də imzalanmış "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Proqrama görə, kənd təsərrüfatında ənənəvi sahələr olan taxılçılığın, üzümçülüyün, meyvəçiliyin, pambıqçılığın, tütünçülüyün, çayçılığın, ipəkçiliyin və digər sahələrin inkişafı prioritet vəzifə olaraq qalır.

Sahənin inkişaf istiqamətləri sırasında aqrar bölmənin normativ hüquqi bazasının, elmi-metodik təminatının və kadr hazırlığı sisteminin təkmilləşdirilməsi; xammal istehsalı və emalı sahələrinin əlaqəli inkişafı, rəqabətqabiliyyətli məhsul istehsalının artırılmasının stimullaşdırılması; maliyyə dəstəyinin artırılması; maddi-texniki bazasının möhkəmləndirilməsi; aqrar sektora xidmət edəcək və bazar prinsipləri əsasında fəaliyyət göstərəcək yeni strukturlara dəstək verilməsi; kənd təsərrüfatında suvarmameliorasiya təminatının yaxşılaşdırılması; torpaqsu ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi kimi tədbirlər mühüm yer tutur.

Dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında demişdir: "Bu günə qədər Azərbaycanda aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımlar bax, bugünkü reallıqları təmin edir. Bundan sonra da qeyri-neft sektoruna xüsusi diqqət göstəriləcək və qeyri-neft sektorunun 15 faizdən çox artması Azərbaycan iqtisadiyyatının çoxşaxəli iqtisadiyyat olduğunu göstərir. Bizim məqsədimiz neft amilindən uğurla istifadə edib Azərbaycanın bütün sahələrini inkişaf etdirməkdən ibarət olmuşdurbiz bu məqsədə çatmışıq. Biz növbəti illərdə bu meyilləri gücləndirməliyik. Elə etməliyik ki, uzun illər, onilliklər bundan sonra Azərbaycan iqtisadiyyatı neft amilindən öz asılılığını maksimum dərəcədə azaltsın".

2010-cu ilin hesabat dövründə Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına adamlarına verilmiş 35 milyon manat güzəştli kreditin 26 milyonu, yaxud 74 faizi aqrar infrastruktur sahələrinin (soyuducu və taxıl anbarları kompleksləri) inkişafına, kənd təsərrüfatı məhsullarının istehsalı və emalına yönəldilmişdir. Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı üzrə dövlət proqramının maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 35,4 milyon manat, kənd təsərrüfatı texnikasının və aqrokimyəvi maddələrin alınması üçün "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə 23,5 milyon manat, kənd təsərrüfatı məhsulları istehsalçılarına kreditlərin verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 10 milyon manat həcmində vəsait ayrılmışdır.

Dövlət başçısı İlham Əliyevin 2010-cu il 26 iyul tarixli "Aqrar sahədə dövlət lizinq şirkətlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" sərəncamı bu sahədə həyata keçirilən dövlət siyasətinin ardıcıl xarakter daşıdığını bir daha təsdiqləyir. Sərəncam "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"na uyğun olaraq aqrar sahədə istehsalın artırılması, kənd təsərrüfatı texnikasından daha səmərəli istifadə ilə bağlı görülən tədbirlərin sürətləndirilməsi məqsədinə xidmət edir. Sərəncamla "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnika və avadanlıqlarının müəyyən edilmiş tələblərə uyğun vəziyyətdə saxlanılmasını təmin etmək, texniki qulluq və təmir emalatxanalarının, habelə gübrə anbarlarının tikintisinin davam etdirilməsi üçün 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə 5,0 (beş) milyon manat vəsait ayrılması nəzərdə tutulur. Sərəncamla eyni zamanda bu məqsədlərin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2,0 (iki) milyon manat vəsait ayrılmışdır.

 

İqtisadiyyatın şaxələndirilməsi sahəsində həyata keçirilən səmərəli və məqsədyönlü tədbirlərin nəticəsidir ki, hesabat dövründə Azərbaycanda qeyri-neft sektoru 15,3 faiz artmış, respublikamızın əsas ərzaq məhsulları ilə təminatı əhəmiyyətli dərəcədə yaxşılaşmışdır. Hökumətin bu sahədə həyata keçirdiyi tədbirlər sistemi deməyə əsas verir ki, respublikamız yaxın illərdə ərzaq təhlükəsizliyini tam təmin etməklə yanaşı, kənd təsərrüfatı məhsullarının ixracından da ciddi gəlir əldə edəcəkdir.

 

 

S.ELMANOĞLU

 

Azərbaycan.- 2010.-  28 iyul.- S.  1.