"Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları"nın təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsini aparılmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. "Azərbaycan Respublikasında daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi:

2.1. bütün ölkə ərazisində mülkiyyət növündən asılı olmayaraq daşınmaz əmlakın texniki inventarlaşdırılmasını, qiymətləndirilməsini və daşınmaz əmlakın vahid dövlət kadastr uçotuna alınmasını həyata keçirsin və görülmüş işlər barədə ildə bir dəfə Azərbaycan Respublikası Prezidentinə hesabat versin.

2.2. daşınmaz əmlakın vahid dövlət kadastrı işlərinin aparılmasının təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini təmin etsin.

2.3. öz səlahiyyətləri daxilində bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

3.1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin təklifləri nəzərə alınmaqla Azərbaycan Respublikasında daşınmaz əmlakın texniki inventarlaşdırılması işlərinin maliyyələşdirilməsi məsələlərini həll etsin;

3.2. üç ay müddətində "Daşınmaz əmlakın vahid dövlət kadastrı haqqında" Azərbaycan Respublikasının Qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.3. qüvvədə olan qanunvericilik aktlarının bu fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 iyul 2010-cu il

 

Azərbaycan.- 2010.- 28 iyul.- S.  1.