Vətəndaş mənafeyini əsas tutan səmərəli iqtisadi siyasət

 

Qlobal böhran mərhələsini inamla keçən Azərbaycan inkişafının yeni dövrünə qədəm qoyur

 

Demokratik, şəffaf və səmərəli idarəetmə sistemi xalqın mənafeyinə cavab verən strateji əhəmiyyətli qərarların qəbulu ilə yanaşı, konkret zaman intervalında həyata keçirilmiş tədbirlər sistemi ilə bağlı müntəzəm olaraq ictimaiyyətin məlumatlandırılmasını da zəruri tələb kimi önə çıxarır. Hakimiyyətin sosial məsuliyyət prinsipinə söykənərək fəaliyyəti ilə bağlı xalqa hesabat verməsi bir tərəfdən ictimaiyyətin dövlətə etimadını artırırsa, başqa tərəfdən məmur təbəqəsini ümumi məqsədlər uğrunda monolit komanda kimi işləməyə, qarşıya qoyulan vəzifələri çevik və işlək mexanizmlər üzərində gerçəkləşdirməyə sövq edir.

 

Səmərəli və şəffaf idarəçiliyi hökumət qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmiş Azərbaycan Prezidenti İlham Əliyevin idarəçilik konsepsiyasında da bu mütərəqqi prinsip daim önə çəkilir. Hələ hökumətin 2003-cü il noyabrın 17-də keçirilmiş ilk iclasındakı çıxışında "Biz xalqın xidmətçisiyik" deyən dövlət başçısı ötən 7 ildə ayrı-ayrı məmurlara etimad meyarını məhz onların fəaliyyətinə uyğun müəyyənləşdirərək ictimaiyyətin görülmüş işlər, qarşıda duran məqsədlər və həyata keçiriləcək layihələr barədə məlumatlandırılmasını zəruri saymışdır.

Yüksək iş qabiliyyətli komandaya malik olan Azərbaycan Prezidenti hökumət qarşısında hər bir mərhələ üçün qarşıda duran prioritet vəzifələri düzgün müəyyənləşdirməklə, ilk növbədə, milli iqtisadiyyatda struktur dəyişikliklərinə nail olmağın, kəmiyyət dəyişikliklərini keyfiyyət müstəvisinə keçirməyin zəruriliyini önə çəkmişdir. Dövlət başçısı ötən dörd ildə imzaladığı məqsədyönlü dövlət proqramları, fərman və sərəncamları ilə, habelə qəbul etdiyi çevik qərarlarla, həmçinin obyektiv reallıqdan irəli gələn addımları ilə ölkəmizin dinamik yüksəlişini təmin etmiş, həyata keçirdiyi islahatlarla inkişaf mexanizminin işləkliyinə nail olmuşdur.

Nazirlər Kabinetinin 2010-cu ilin 6 ayının yekunlarına həsr olunmuş iclası bunun daha bir əyani təsdiqi olmaqla, respublikanın sosial-iqtisadi siyasət prioritetlərinin düzgün müəyyənləşdirildiyini və uğurla həyata keçirildiyini göstərir. Dünyanın bütün dövlətlərini sınağa çəkərək ciddi problemlərlə üz-üzə qoyan qlobal maliyyə böhranından maksimum az itki ilə çıxan, eyni zamanda, milli inkişafdakı pozitiv meyilləri əsaslı şəkildə qoruyub saxlayan Azərbaycanın hesabat dövründə əldə etdiyi nəticələr, ilk növbədə, əsası ötən illərdə qoyulmuş uğurlu bünövrəyə, fundamental iqtisadi bazisə söykənir.

Tarixən iqtisadi inkişaf potensialının hər bir dövlətin gücünü şərtləndirən başlıca amil qismində çıxış etdiyini ilk gündən düzgün müəyyənləşdirmiş dövlət başçısı İlham Əliyev rəhbərlik etdiyi komandanın bütün səylərini məhz bu istiqamətdə səfərbər etmişdir. Ölkə rəhbəri davamlı siyasi sabitliyə, təhlükəsizliyə, vətəndaş sülhünə, habelə güvənli xarici siyasətə nail olmaq üçün, ilk növbədə, iqtisadiyyatın sürətli inkişafına çalışmış, ötən 7 ildə bu sahədə həlledici uğurlara imza atmışdır. Cənab İlham Əliyevin elmi əsaslarla yeritdiyi sosial-iqtisadi strategiya nəticəsində cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində yüksək dinamizmi və məqsədyönlülüyü təmin etmiş, hər bir mərhələ üçün qarşıda duran vəzifələrin dəqiqliklə müəyyənləşdirilərək həllinə real imkanlar açmışdır. Azərbaycan Prezidenti cəmiyyət qarşısında verdiyi bəyanatlara sadiqliyini, habelə yürütdüyü siyasətin reallığa adekvatlığını son 7 ildə əməli işi ilə sübuta yetirərək formalaşdırdığı işlək mexanizmlər əsasında islahatların davamlılığını, ardıcıllığını təmin etmiş, ictimai həyatın bütün sahələrində intibah və tərəqqinin əsasını qoymuşdur.

Cənab İlham Əliyevin yeritdiyi uğurlu sosial-iqtisadi strategiya nəticəsində ötən 7 ildə respublikanın qüdrətli dövlətə çevrilməsi yolunda mühüm amil olan ictimai-siyasi sabitlik, vətəndaş sülhü və həmrəyliyi qorunub saxlanılmış, cəmiyyətin ümumi potensialının ümummilli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində yüksək dinamizmi təmin etmişdir. Dövlət başçısı iqtisadi sahədə qazanılan uğurları həm də hökumətin fəaliyyətinin effektivlik əmsalı kimi dəyərləndirir. Başqa sözlə, hər bir vətəndaşın yüksək maddi və sosial vəziyyətinin təmini "Əsl siyasət konkret, real iş görməkdən ibarətdir", - şüarını irəli sürən Azərbaycan Prezidentinin dövlət idarəçiliyi fəlsəfəsinin mahiyyətini təşkil edir.

2010-cu ilin ötən 6 ayında əldə olunmuş uğurlu nəticələrin ümumi statistikası Azərbaycan hökumətinin çevik və işlək fəaliyyət mexanizmlərinə əsaslandığını, habelə qlobal böhranın respublikamız üçün tamamilə geridə qaldığını söyləməyə ciddi əsaslar verir. Son iki ildə respublikada qlobal maliyyə-iqtisadi böhrana qarşı həyata keçirilmiş məqsədyönlü qabaqlayıcı tədbirlər sistemliliyi və səmərəliliyi ilə diqqəti çəkmiş, bütün makroiqtisadi paramertlər üzrə inkişafı təmin etmişdir. Hökumətin müəyyənləşdirdiyi sığortalayıcı mexanizmlərin hər bir mərhələ üzrə işə salınması, daxili maliyyə mənbələrinin bu destruktiv prosesə qarşı səfərbər edilməsi son nəticədə respublikanın qlobal böhrana potensial müqavimətini təmin etmişdir. Azərbaycan iqtisadiyyatının digər inkişaf edən ölkələrlə müqayisədə yüksək makroiqtisadi dayanıqlılıq nümayiş etdirməsi həm də hesabat dövründə qarşıya qoyulmuş bir sıra strateji layihələrin uğurla gerçəkləşdirilməsində özünü göstərir.

Ölkədə bazar münasibətlərinə söykənən liberal iqtisadi sistemin qurulmasının, vətəndaşların iqtisadi azadlığına, təşəbbüskarlığına geniş meydan verilməsinin, Azərbaycanın zəngin təbii sərvətlərindən səmərəli istifadə edilməsinin, respublikanın investisiya cəlbediciliyinin yüksəldilməsinin və digər konseptual əhəmiyyətli tədbirlərin nəticəsi olaraq ötən 6 ayda Azərbaycanda ümumi daxili məhsul istehsalı 3,7, o cümlədən neft sektorunda 2,4, qeyri-neft sektorunda 15,3 faiz artmışdır. İnflyasiya cəmi 4,9 faiz təşkil etdiyi halda, əhalinin pul gəlirləri 9,7 faiz, banklardakı əmanətləri 29 faiz artmışdır. İlin əvvəllərindən ölkənin valyuta ehtiyatlarının 4 milyard dollar artaraq 20 milyarddan 24,7 milyard dollara yüksəlməsi də hökumətin fəaliyyətinin səmərəliliyi ilə bağlı kifayət qədər dolğun təəssürat yaradır.

Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin son iclasındakı nitqində ölkənin valyuta ehtiyatlarının yüksək templə artımını böyük uğur kimi dəyərləndirmişdir: "Ölkədə böyük maliyyə resursları yaradılmışdır. Bizim uğurlu neft siyasətimiz nəticəsində bu gün Azərbaycan öz maliyyə imkanlarını genişləndirir. İlin əvvəlindən Azərbaycanın valyuta ehtiyatları artmış - 20 milyard dollardan 24,7 milyard dollara çatmışdır və bu, bizim strateji ehtiyatlarımızdır. Bu ehtiyatlar imkan verir ki, biz iqtisadi sahədə istənilən məsələni, istənilən infrastruktur layihəsini özümüz öz gücümüzə arxalanaraq icra edə bilək. Bu, bir daha onu göstərir ki, Azərbaycanda neft-qaz sektorunda islahatların aparılması, şəffaflığın təmin olunması və şəffaflıqla bağlı bütün mütərəqqi təşəbbüslərə qoşulmağımız, bax, bu böyük ehtiyatın yaranmasına gətirib çıxarmışdır".

İnkişaf etmiş dünya ölkələrinin təcrübəsi göstərdi ki, maliyyə böhranının zərbəsi, ilk növbədə, bank sektoruna dəyir, bankların öz öhdəliklərini normal məcrada yerinə yetirməsində çətinliklər yaranır. Azərbaycanda isə belə bir problemin müşahidə olunmadığını tam əminliklə söyləmək olar. Bu fakt həm də respublikanın dinamik sosial-iqtisadi inkişafı ilə bağlı olaraq bank sektorunun fəaliyyətində səmərəliliyin əhəmiyyətli dərəcədə artımı ilə şərtlənir. Əhalinin pul gəlirlərinin artımı adekvat olaraq banklarda saxlanılan əmanətlərin ötən 6 ayda 29 faiz artmasına zəmin yaratmışdır.

Hökumət səviyyəsində həyata keçirilən tədbirlər, ilk növbədə, bank sisteminə ictimai etimadın, sistemin sağlamlığı və dayanıqlığının, bank sektorunun iqtisadiyyatda maliyyə vasitəçisi rolunun dəstəklənməsinə yönəlmişdir. İqtisadi subyektlərin banklara inamını qorumaq və daha da artırmaq mühüm vəzifələrdən biri olaraq qalmış, bank sisteminin likvidliyinin adekvat səviyyədə saxlanması siyasəti davam etdirilmişdir. Mərkəzi Bank antiböhran siyasətinin həyata keçirilməsində öz mandatı çərçivəsində iştirak etmiş, əsas diqqət üç əsas məqsədin reallaşmasına istiqamətlənmişdir: birincisi, makroiqtisadi sabitliyin qorunması; ikincisi, bankların və sistem əhəmiyyətli müəssisələrin maliyyə sabitliyinin təmin olunması; üçüncüsü, iqtisadi artımın və yüksək məşğulluğun dəstəklənməsi. Ötən dövrdə makroiqtisadi tarazlığın və dayanıqlığın təmin olunmasına, habelə bank sistemində maliyyə sabitliyinin qorunmasına yönəldilmiş pul və məzənnə siyasəti həyata keçirilmişdir.

Hesabat dövrünün ən ciddi nailiyyətlərindən biri qeyri-neft sektorunda artımın neft sektoru ilə müqayisədə əhəmiyyətli dərəcə yüksək olmasıdır. Bu fakt göstərir ki, "Neft bizim üçün məqsəd deyil, iqtisadiyyatı inkişaf etdirmək üçün vasitədir" deyən dövlət başçısı İlham Əliyevin milli iqtisadiyyatın şaxələndirilməsi, neft amilindən asılılığın azaldılması istiqamətində həyata keçirdiyi siyasət artıq real nəticələrini verməyə başlayır. Bir sıra dövlətlərin təcrübəsində uğurla sınaqdan çıxmış, özünü doğrultmuş bu iqtisadi strategiya neftdən əldə olunan gəlirlərin qeyri-neft sektoruna, istehsal sahibkarlığının inkişafına yönəldilməsini, özəl sektorun ümumi daxili məhsulda xüsusi çəkisinin artırılmasını nəzərdə tutur. İqtisadiyyatın bütün sahələrinin inkişafı həm də makroiqtisadi sabitliyin qorunub saxlanılması və maliyyə təhlükəsizliyinin təmini baxımından vacib əhəmiyyət kəsb edir.

Hesabat dövründə qeyri-neft sektorunda 15,3 faizlik artımın qeydə alınması da, ilk növbədə, regionların davamlı və tarazlı inkişafına göstərilən yüksək diqqətin, qayğının nəticəsidir. Hökumətin son iclasında "Altı ayın göstəriciləri arasında ən təsirli və mənim üçün ən əhəmiyyətlisi məhz qeyri-neft sektorunun artmasıdır. Qeyri-neft sektorunun 15,3 faiz artması bizim iqtisadi siyasətimizin nəticəsidir. Digər göstəricilər də əlbəttə ki, çox vacibdir - inflyasiya, əhalinin pul gəlirləri, ÜDM, sənaye istehsalı, 15 faiz artan qeyri-neft sektorunun inkişafı görülən işlərin nəticəsidir" - deyən dövlət başçısı İlham Əliyev regionların sosial-iqtisadi inkişafı ilə bağlı I Dövlət Proqramında nəzərdə tutulmamış məqsədlərin gerçəkləşdirilməsi üçün 2009-2013-cü illəri əhatə edən analoji proqramın hazırlanmasını da diqqət mərkəzində saxlamışdır. Prezidentin 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı bu sahədə həyata keçirilən siyasətin davamı olaraq ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına imkan yaratmışdır.

Dövlət başçısı İlham Əliyev praqmatik siyasətçi olaraq sahibkarlar ordusunun milli inkişaf prosesindəki müstəsna rolunu daim yüksək qiymətləndirir, bu istiqamətdə əməli tədbirlər reallaşdırır. Keçid iqtisadiyyatlı ölkədə azad sahibkarlıq fəaliyyətinə geniş imkanlar yaratmadan işsizlik probleminin aradan qaldırılması, infrastrukturun yeniləşdirilməsi, regionların tarazlı və davamlı inkişafı və digər mühüm vəzifələrin həyata keçirilməsinin mümkünsüzlüyünü özünəməxsus rasional yanaşma tərzi ilə düzgün müəyyənləşdirən cənab İlham Əliyev ötən 6 ildə özəl sektorun inkişafına da xüsusi diqqət yetirmişdir. Sahibkarlığın inkişafına əngəl törədən süni maneələrin qanunvericilik qaydasında aradan götürülməsi, sərbəst bazar subyektlərinə plüralist iqtisadi mühitin yaradılması, fəaliyyətin bu növü ilə məşğul olanların hərtərəfli dəstəklənməsi məsələləri Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında da geniş əksini tapmışdır. Proqram ölkə iqtisadiyyatının diversifikasiyası baxımından həyata keçirilən dövlət siyasətinin aparıcı istiqamətlərindən birini təşkil edir. Bu siyasət iqtisadiyyatın bütün sahələrində, xüsusilə, prioritet inkişaf sahələrində işgüzar fəaliyyət üçün normativ-hüquqi, təşkilati və maliyyə təminatı səviyyəsinin yüksəlməsinə yönəldilmişdir. Dövlət proqramında həmçinin davamlı iqtisadi inkişafın təmin edilməsi baxımından kiçik və orta sahibkarlığın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi, ixrac potensialının artırılmasında və cəmiyyətin sosial problemlərinin həllində onların rolunun gücləndirilməsi nəzərdə tutulur.

Son 7 ildə kiçik və iri sahibkarlara dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə artırılması, iş adamlarının fəaliyyətinə süni müdaxilələrin aradan qaldırılması, antiinhisar və korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, biznes subyektlərinin qeydiyyatı və lisenziya sisteminin sadələşdirilərək "vahid pəncərə" prinsipi əsasında aparılması, yerlərdə regional iqtisad məhkəmələrinin formalaşdırılması, azad iqtisadi zonaların yaradılmasını nəzərdə tutan xüsusi qanunun qəbulu və s. tədbirlər iş adamları tərəfindən də razılıqla qarşılanır. Kənd təsərrüfatı sahəsində çalışan fermerlərin lazımi texnika, gübrə və toxum məhsulları ilə təmin edilməsinə kömək məqsədi ilə "Aqrolizinq" Səhmdar Cəmiyyətinin yaradılması, onların gəlir vergisindən azad edilməsi, güzəştli şərtlərlə yanacaq və motor yağları ilə təmini də sahibkarlığa göstərilən qayğının mühüm tərkib hissəsi kimi xüsusi vurğulanmalıdır.

Bu siyasət 2010-cu ilin ötən 6 ayında da uğurla davam etdirilmiş, iş adamlarının perspektivli biznes layihələri üçün güzəştli kreditlər ayrılmışdır. Belə ki, Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 560 sahibkarlıq subyektinə 48,4 milyon manat güzəştli kredit verilmişdir. Eyni zamanda, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı üzrə dövlət proqramının maliyyələşdirilməsi üçün 35,4 milyon, kənd təsərrüfatı texnikasının və aqrokimyəvi maddələrin alınması üçün "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə 23,5 milyon, kənd təsərrüfatı məhsulları istehsalçılarına kreditlərin verilməsi üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyinə 10 milyon manat həcmində vəsait ayrılmışdır.

Son illərdə respublikanın maliyyə imkanlarının artması nəticəsində istifadə edilmiş ümumi investisiyaların strukturunda əhəmiyyətli dəyişiklik baş vermiş, daxli investisiyaların həcmi xarici investisiyaların həcmini əhəmiyyətli dərəcədə üstələmişdir. 2010-cu ildə Azərbaycan iqtisadiyyatına yatırılan 3,8 milyard investisiyanın 3 milyardı məhz daxili sərmayədir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında bunu müsbət meyil kimi qiymətləndirmiş, sahibkarlığa qayğı siyasətinin bundan sonra da inamla davam etdiriləcəyini vurğulamışdır: "Biz əvvəlki illərdə daha çox xarici investisiyalardan asılı idik. Azərbaycanda yaradılmış gözəl investisiya iqlimi ölkəmizə investisiyaların gətirilməsinə kömək göstərmişdir. Azərbaycan adambaşına düşən birbaşa xarici sərmayənin həcminə görə bütün dövrlərdə bu bölgədə ən qabaqcıl yerlərdə idi. Bu gün isə maliyyə imkanlarımız, məhz xarici sərmayənin nəticəsində yaradılmış milli gəlir və valyuta ehtiyatlarımız, güclənmiş iqtisadiyyat imkan verir ki, biz daxili investisiyaların həcmini ildən-ilə artıraq. 3,8 milyard dollardan 3 milyard dolları daxili sərmayələrdir, həm dövlət proqramları çərçivəsində, eyni zamanda, Azərbaycan şirkətlərinin fəaliyyəti nəticəsində qoyulmuş vəsaitdir. Bu da çox sevindirici haldır".

2010-cu il yanvarın 1-dən bəzi sahələrdə vergilərin aşağı salınması da sahibkarlığın inkişaf etdirilməsi, daxili bazarın qorunması baxımından son dərəcə əhəmiyyətli addımdır. Fərdi sahibkarların gəlirinin vergiyə cəlb edilmə dərəcəsinin 35, müəssisələrin mənfəət vergisinin dərəcəsinin 22 faizdən 20 faizə endirilməsi, sadələşdirilmiş vergi ödəyicisi hüququ əldə etmək məqsədi üçün vergi tutulan əməliyyatların həcminin 90 min manatdan 150 min manatadək artırılması özəl sektora ciddi dəstəkdir. Bu və digər tədbirlərin nəticəsidir ki, dünyanın nüfuzlu reytinq agentlikləri Azərbaycandakı investisiya mühitini yüksək dəyərləndirirlər. 2010-cu il may ayının 20-də ölkəmizin tarixində ilk dəfə olaraq respublikamıza "Fitch" beynəlxalq reytinq agentliyi tərəfindən investisiya səviyyəli reytinq verilmişdir.

Dövlət büdcəsi hər bir ölkədə davamlı iqtisadi inkişafın güzgüsü, barometri sayılır. İyun ayında 2010-cu ilin dövlət büdcəsinə dəyişiklik edilməsi, müxtəlif sahələrə ayrılan vəsaitlərin əhəmiyyətli dərəcədə artırılması Azərbaycanın qarşıya qoyduğu bütün strateji hədəflərə doğru inamla irəliləyən ölkələr sırasında olduğunu bir daha təsdiqləyir. Büdcədəki artımlar əhalinin maddi rifahının yaxşılaşmasını, pensiyaların, minimum əməkhaqqının yüksəldilməsini, investisiya qoyuluşlarının həcminin artımını nəzərdə tutur. Dövlət büdcəsinin makroiqtisadi parametrləri əvvəlki illərdə olduğu kimi, Azərbaycanda davamlı inkişafın ümumi nəticələrini özündə əks etdirir. Büdcənin məzmunu ölkə iqtisadiyyatının inkişaf tempinin qorunub saxlanmasını, sosial-iqtisadi islahatların davam etdirilməsini, əhalinin maddi rifahının təmin olunmasını və sosial şəraitinin yaxşılaşmasını, investisiya qoyuluşlarının həyata keçirilməsini, iqtisadiyyatın diversifikasiyasını və digər tədbirləri nəzərdə tutur.

Nazirlər Kabinetinin son iclasında deyilənlər də bir daha göstərdi ki, Azərbaycanda ən müxtəlif sahələrdə həyata keçirilən islahatlar vətəndaş maraqlarının etibarlı təminatına, eləcə də sosial problemlərin aradan qaldırılması yolu ilə əhalinin firavan, layiqli həyat tərzinin təmin olunmasına yönəlmişdir. Dövlət başçısı İlham Əliyev sosial-liberalizm xəttinə üstünlük verməklə keçid dövrü üçün xarakterik olan sosial problemlərin həlli istiqamətində kompleks tədbirlər həyata keçirmişdir. Bu siyasət, eyni zamanda, insan amilini nəzərdə tutan liberal bazar iqtisadiyyatı xəttini əsas götürür. Bazar iqtisadiyyatı prinsiplərinin cəmiyyətdə özünə dayaqlar tapması, özəl sektorun inkişafına yaradılmış şərait, iqtisadiyyatın liberallaşdırılması sosial himayəyə ehtiyacı olan vətəndaşların maraqları ilə qətiyyən ziddiyyətə girmir. Əksinə, ölkənin iqtisadi inkişafından, neft strategiyasının səmərəli nəticələrindən əldə edilən dividendlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir.

Azərbaycanın büdcəsində sosialyönümlü xərclərin artırılması da iqtisadiyyatda bu sahənin dominantlıq təşkil etdiyini bir daha təsdiqləyir. 2009-cu ilin müvafiq dövrünə nisbətən bu ilin altı ayında dövlət büdcəsindən sosial müdafiə və sosial təminat xərclərinə 14,8 faiz çox vəsait yönəldilmişdir. Eyni zamanda, ötən müddətdə icra olunmuş dövlət büdcəsi xərclərinin 1 milyard 363 milyon manatı və ya 27,7 faizi sosialyönümlü tədbirlərin (elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət xərcləri) maliyyə təminatına yönəldilmişdir ki, bu da 2009-cu ilin eyni dövrü ilə müqayisədə 83,0 milyon manat və ya 6,5 faiz çoxdur. Hesabat dövründə dövlət büdcəsi hesabına nəzərdə tutulan bütün sosial proqram və tədbirlərin, əmək haqlarının, pensiyaların, təqaüdlərin stabil maliyyələşməsi təmin edilmişdir.

Sosial sahədə həyata keçirilən siyasətin effektivliyi özünü həm də yoxsulluğun səviyyəsinin ildən-ilə azalmasında göstərir. Əgər 2003-cü ildə ölkə əhalisinin yarısı yoxsul vəziyyətdə yaşayırdısa, hazırda bu kateqoriyadan olan vətəndaşlar 11 faiz təşkil edir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı çıxışında yoxsulluğun, işsizliyin səviyyəsinin aşağı salınmasının hökumət üçün strateji əhəmiyyətli məsələ olduğunu bir daha vurğulamışdır: "Gələn aylarda, bu rübdə Azərbaycanda minimum əməkhaqqı və minimum pensiyanın qaldırılması nəzərdə tutulur. Bildiyiniz kimi, biz vaxtaşırı bu məsələlərə baxırıq və pensiyaların, əməkhaqlarının minimum məbləğini qaldırırıq. Hesab edirəm ki, növbəti aylarda biz yenə də bu məsələyə baxmalıyıq, Azərbaycanda minimum əməkhaqqı və pensiya qaldırılmalıdır. Azərbaycan dövlətinin imkanları var və biz elə etməliyik ki, insanlar ildən-ilə daha da yaxşı yaşasınlar, xüsusilə, o qədər də böyük imkanlara malik olmayan insanlar".

Qlobal böhranın dünya üzrə hələ tam başa çatmadığı bir şəraitdə Azərbaycanın davamlı inkişafının ən parlaq nümunəsi hesabat dövründə yüksək templə həyata keçirilmiş qlobal investisiya layihələridir. İnfrastruktur layihələrinə dövlət büdcəsindən ayırmaların ildən-ilə yüksək templə artması, ilk növbədə, dövlət başçısı İlham Əliyevin ictimai həyatın bütün sahələrində modernləşməyə nail olmaq istəyindən irəli gəlir. Sovet dövründən qalmış infrastrukturla müasir Azərbaycanın artan ehtiyaclarını təmin etməyin, iqtisadi inkişafda davamlı və sabit inkişafa nail olmağın qeyri-mümkünlüyü yaxşı məlumdur. Müasir tələblərə cavab verən infrastruktur yaratmadan sahibkarlığın, turizmin, qeyri-neft sektorunun inkişafından, mədəni-intellektual inkişafdan danışmaq qeyri-mümkündür. Dövlət investisiyaları hesabına əhəmiyyətli infrastruktur, kommunal və sosial obyektlərin inşası və yenidən qurulması qeyd olunan məqsədlərin gerçəkləşdirilməsi baxımından vacibdir. Ümumbəşəri sivilizasiyanın yüksək səviyyəyə çatdığı hazırkı şəraitdə Azərbaycanın hər bir vətəndaşının normal yaşayışı üçün kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, zəruri infrastruktur layihələrinin gerçəkləşdirilməsi, ilk növbədə, əhalinin fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatı, yolların bərpası və yenidən çəkilişi, zəruri abadlıq işlərinin aparılması dövlətin bir nömrəli vəzifəsi sayılır.

Neftdən qazanılan vəsaitlərin müəyyən qisminin infrastruktur layihələrinin maliyyələşdirilməsinə yönəldilməsi həm də respublikamızın milli inkişaf modelinin mahiyyətindən irəli gəlir. İnfrastrukturun yeniləşdirilməsi insanların firavan və rahat yaşayışı, sahibkarlığın dinamik inkişafı məsələləri ilə yanaşı, bu gün həm də ölkənin milli təhlükəsizliyi ilə bağlı məsələdir. Təsadüfi deyildir ki, 2010-cu ildə də büdcə xərclərinin əsas istiqamətləri sırasında birinci yeri yenə də dövlət əsaslı vəsait qoyuluşları tutur. Bu da kifayət qədər çətin bir mərhələdə büdcənin investisiya yönümlüyünün qorunub saxlanıldığını göstərir. 2010-cu ildə Oğuz-Qəbələ-Bakı su kəməri, Taxtakörpü su anbarı, Samur-Abşeron su kanalı, Şəmkirçay su anbarı, Bakı məişət tullantıları zavodu, Sumqayıt texnoparkı, "Cənub" Elektrik Stansiyası kimi qlobal layihələrin maliyyələşdirilməsi diqqət mərkəzindədir. "Ekologiya ili" çərçivəsində Bakıda ekoloji mühitin yaxşılaşdırılması, paytaxtda yeni körpülərin, yolötürücülərin, piyada keçidlərinin tikintisi, respublika əhəmiyyətli yollarda əsaslı yenidənqurma işlərinin aparılması, yeni təhsil, səhiyyə, mədəniyyət, olimpiya-idman komplekslərinin inşası da nəzərdə tutulan işlər sırasındadır.

Dövlət başçısı hökumətin son iclasında ekoloji məsələlərin bundan sonra da xüsusi diqqət mərkəzində olacağını vurğulamışdır: "Bu il Azərbaycanda "Ekologiya ili" elan edilibdir və mən çox şadam ki, ilin birinci yarısında bu sahədə görülən tədbirlər öz nəticəsini verir. Artıq Azərbaycanda bu il bir neçə milyon ağac əkilibdir. Təkcə Bakı və Abşeron yarımadasında 800 min ağac əkilibdir və bu proses payızda davam etdiriləcəkdir. Beləliklə, qarşımıza qoyduğumuz vəzifə icra olunacaqdır. Ancaq bununla bərabər, bu tədbirləri biz ancaq "Ekologiya ili"ndə görməməliyik. Bu, daimi proses olmalıdır və Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün kompleks tədbirlər görülür".

Nazirlər Kabinetinin son iclasında "Görülən işlərin nəticəsi bizi daha da ruhlandırır. Biz elə etməliyik ki, əldə edilmiş uğurlarla kifayətlənməyək, biz daim hərəkətdə, daim fəal olmalıyıq, işləməliyik. Ölkədə görüləsi işlər də çoxdur. Biz elə etməliyik ki, Azərbaycan xalqı daha da yaxşı yaşasın, ölkəmiz daha da güclənsin və öz mövqelərini daha da möhkəmləndirsin. Bax, əsas məqsəd budur" - deyən dövlət başçısı İlham Əliyev qarşıda duran strateji vəzifələrdən, onların reallaşdırılması mexanizmlərindən söz açmışdır. Ümumilikdə, 2010-cu ilin birinci yarısında əldə olunmuş yüksək nəticələr deməyə əsas verir ki, respublikamız qarşıdakı aylarda da yüksək dinamizmlə inkişaf edəcək, qlobal böhranın son fazasını uğurla adlayaraq yeni inkişaf mərhələsinə qədəm qoyacaqdır.

 

 

Müşfiq ATAKİŞİYEV,

iqtisad elmləri doktoru,

professor

 

Azərbaycan.- 2010.- 28 iyul.- S.  2.