Anlamazlıq dərdi
Yaxud 37-ci ilin "demokratik" libasda təkrarı
37-ci ildə
"xalq düşməni" çıxarılacaq
insanları istintaq edən bəzi müstəntiqlərin qəribə
metodu varmış. Onlar "müttəhimə"
kağız-qələm verərək "yaz və sübut
et ki, sən xalq düşməni deyilsən" söyləyərək
guya kömək göstərirmişlər. Sonra yazılan izahatları alar və içini
"axtararmışlar". Həbs, sürgün,
güllələnmə və repressiya vahiməsi
qarşısında özlərini itirən "şübhəlilər"
təmizliklərini sübut etməkdən ötrü dəridən-qabıqdan
çıxar, kimlərisə şahid çəkər,
müxtəlif fikirlər səsləndirərmişlər. Elə məkrli müstəntiqlər də
axtardıqlarını həmin şahidlər, dəlillər,
fikirlər arasında "taparmışlar". Başqa sözlə, ilişdirmək istədiklərini
dilindən tutarmışlar. Hansısa
"şahidi" harayasa bağlamaq, söylənən fikri
başqa səmtə yönəltmək o qədər də
çətin deyildi. Həm də yozduğunu həmin
şəxsin adına çıxmaq,
yapışdırmaq işlənmiş metod idi. Bütün
bunlardan sonra "müqəssir" ha qışqırsın
ki, mən belə söz deməmişəm! Nə
fayda?! "Qərarı" qəbul edən onu qüvvəyə
də mindirirdi!
Anlamazlıq xəstəliyinin əlamətləri
Qəribə bir atalar sözü var: Çox bilən çox çəkər! Görəsən, niyə çox bilən çox çəkməlidir? Yazıçı Anar bunu Cəlil Məmmədquluzadənin həyatından bəhs edən "Anlamaq dərdi" əsərində məharətlə açıb göstərdi. Qələmi, işıqlı fikirləri, gözəl bədii və publisist əsərləri ilə xalqına uzun illər boyu xidmət göstərən Mirzə Cəlilin başı olmazın müsibətlər çəkdi! Bu, o dövrdə, sovetlər quruluşunda yaşanmışdı. İndi isə hərdən "anlamazlıq dərdi" baş alıb gedir, insanlara əsəb, qanqaralığı gətirir. Nədir bu xəstəlik?!
Bir də görürsən ki, ölkənin çox hörmətli, tanınmış ziyalılarından birindən (yaxud xaricdə yaşayan məşhur azərbaycanlı alimlərdən hansındansa) müsahibə alırlar. Suallar məqsədli və məkrli hazırlanır. İstədikləri fikri qopara bilməyəndə müsahiblərini divara dirəyir, etik normalara belə əməl etmirlər. Müsahibə götürən jurnalistikanın da prinsiplərini tapdalayır, maraqlı tərəf qismində çıxış edərək sual yerinə az qala ittihama bənzər fikirlər səsləndirirlər! Sonra deyiləndən nəyisə kontekstdən çıxararaq yozmağa, hallandırmağa başlayır, müzakirə predmetinə çevirirlər. Bütün bu oyunların, qəzəbin və kinin mayasında isə "niyə biz istəyən kimi düşünmürsən", "niyə biz deyəni demirsən", nəhayət, "niyə bizdən deyilsən və bizim mövqeyimizi müdafiə etmirsən" istəyi, bolşevik təfəkkürü durur. 37-də sovet hökuməti qırmızı terror vasitəsilə hamını eyni cür düşünməyə məcbur etməyə çalışırdı. Bu gün "demokrat" libası geyinənlər də köhnə bolşeviklərdən geri qalmır, onlardan fərqli, öz bildiyi kimi düşünənləri qəbul etmək istəmirlər. Nəinki istəmirlər, hətta onlara qarşı mətbuatda mənəvi terror mühiti yaratmağa çalışırlar!
Maraqlıdır, çoxpartiyalı sistemin, fikir plüralizminin, demokratiyanın, ən nəhayət, mətbuat və söz azadlığının mövcud olduğu müasir Azərbaycan cəmiyyətində niyə bir qrup adam başqalarının sərbəst düşünməsini qəbul etmək istəmir! Bu xəstəliyin adı nədir? Bəlkə də heç tibbi adı yoxdur! Publisistikada isə bu natamamlıq kompleksini "anlamazlıq dərdi" adlandırmaq mümkündür.
Bir müddətdir ki, qaragüruhçu, inkarçı şəbəkə yenə də "Çernobıl reaktivi" kimi zəhər, mənəvi çirkab püskürür. Hədəf dəyişməyib: yeni və köhnə ünvan yazıçı Anardır! "Hücumçular" kimlərdir və ağsaqqal yazıçıdan nə istəyirlər?
O adamlar Anara hücum çəkir
ki:
- Anarın istedadının
yüz mində birinə belə, malik deyillər;
- fiziki
ölçüdə götürülsə, Anarın əsərlərinin
yüz mində biri qədər məqalə belə
yazmayıblar;
- nə
Anarın, nə də onun əsərlərinin
sanbalının yüz mində biri qədər "çəkiləri"
var;
- yazdıqları
Biləcəridən o tərəfə keçməyib, Biləcəridən
bu tərəfdə isə evdəkilərdən başqa kimsə
tərəfindən oxunmayıb;
- ən nəhayət,
Yazıçılar Birliyinin sədri yeri boşalsa və illər
uzunu bu yerə adam tapılmasa belə, həmin posta yüz min
birinci namizəd də olası deyillər!
Ətrafımıza baxanda nə görürük
37-ci ildə
qara paltarlı "üçlük" hava qaralan kimi qara
maşınla evləri gəzir, növbəti
qurbanlarını götürüb aparırdılar. Qonşular, həbs
edilənləri tanıyanlar isə bu "mənzərəyə"
pəncərənin pərdəsini aralayaraq, yaxud
qapının deşiyindən qorxa-qorxa baxırdılar.
Və dəhşətlə öz növbələrinin
çatacağını gözləyirdilər. Totalitar
cəmiyyətdə, diktatorların ölkəyə rəhbərlik
etdikləri bir zamanda kimsənin irəli durmağa, kömək
göstərməyə, yaxud qahmar çıxmağa cürəti
belə çatmazdı! Yəqin ki, həbs
olunana qoşardılar.
İndi isə
demokratik cəmiyyətdir. Nə "xalq düşməni"
çıxarılan var, nə haqsız yerə həbsxanaya
atılan, nə də ki başqa cür
düşündüyünə görə təqib olunan! Heç qorxaraq qapı və pəncərədən
boylanmağa da ehtiyac qalmayıb. Amma ürəklərdə
sanki vahimə durur. Hətta 37-ni görməyənlərin
ürəyində də! Odur ki, yanımızdakına
haqsız hücumlar olanda, kiminsə kölgəsini
qılınclayanda, lap kəndirini kəsəndə də
qorxudan səsimizi çıxarmırıq!
Anara hücum çəkirlər:
- ziyalılar
dinib-danışmır, "mənə nə" - deyə
düşünürlər;
- yazıçılar
və şairlər durub baxırlar, elə bil, sonu gözləyirlər;
- ətrafı
və həmfikirləri qımıldanmır, "Anar
razılıq verməz" - deyib, əslində özlərini
sığortalayırlar (Kimdən? Nədən?);
- dostları
susurlar, niyəsini deyə bilmirik!
Görünür,
hamının "üzrlü" səbəbi var!
Hamının sevdiyi ziyalı isə hamının gözü
qarşısında qərəzin, məkrin, cahil təfəkkürün,
primitiv düşüncənin, qaragüruhun hədəfinə
çevrilir!
Davam edir 37
Sovet
dövründə hamı eyni cür - Sov.İKP-nin məsləhət
bildiyi kimi düşünməli idi. Doğrudur, insanın beynində nə
düşündüyünü, ürəyindən nə
keçdiyini bilmək (xoşbəxtlikdən), yaxud təyin
etmək (hansısa aparat vasitəsilə) mümkün deyil!
Bu gün buna heç ehtiyac da yoxdur! (Yenə də
xoşbəxtlikdən). Çünki artıq demokratik və
plüralist cəmiyyət qurulduğundan müxtəlif
fikirlilik normal və adi hal sayılır! Müasir
"disidentləri" nə Hüseyn Cavidin, nə Mikayıl
Müşfiqin, nə Əhməd Cavadın və yüzlərlə
başqalarının taleyi gözləyir! Sərbəst
düşüncə üzərində diktatura quran
qırmızı imperiya sürgünü, həbsxanası,
doqquz qramlıq qurğuşunu ilə tarixin arxivinə verilib!
Amma sovetin - "bizdən
olmayan bizə qarşıdır", "partiya belə məsləhət
bilir" kimi despotik düşüncə tərzini
yaşatmaq istəyənlər də var. Gülməli budur
ki, belə iddiaya düşənlərin çoxu nə 37-nin
repressiyasını görüb, nə sosializmin "mənəm-mənəm"
dediyi dövründə yaşayıb! Lap gülməlisi isə
budur ki, özlərindən və hədəfə
götürdükləri insanlardan da, onların
yaradıcılığından da, müxtəlif siyasi
formasiyalarda tutduqları ictimai mövqedən də xəbərləri
yoxdur! Məsəl var, bugünkü sərçə dünənki
sərçəyə cik-cik öyrədir! Dünən
yumurtadan çıxanlar ömrünü, gününü Azərbaycan
ədəbiyyatının, dramaturgiyasının,
teatrının, kinosunun, publisistikasının, dilinin və mədəniyyətinin
inkişafına sərf etmiş Anara necə düşünmək,
nə demək, hansı mövqedə dayanmaq barədə məsləhət
və göstəriş verirlər!
Dünyanın işinə
bir bax ey!
Anarın tutumunun yüzdə
biri qədər tutumu olmayanlar, Anarın Azərbaycan xalqı
üçün etdiklərinin yüz mində biri qədərini
etməyənlər Anarı qınamaq istəyirlər!
Həm də əsəbiləşirlər!
Niyə Anar müsahibə verməmişdən
qabaq bunların fikirlərini öyrənməyib?!
Hiddətlənirlər! Niyə bunlar kimi yox, öz bildiyi kimi
düşünüb danışır?!
Niyə Anar bunların istəyinin
əksinə olaraq uzun müddətdir ki, Yazıçılar
Birliyinə rəhbərlik edir!
A kişi,
bütün dünya Lütfi-Zadənin elmi zəkasının
məhsulu olan qeyri-səlis məntiq nəzəriyyəsindən
istifadə edərək iş görür, bəhrələnir,
bizim "zəkalar" isə Lütfi-Zadənin şəxsi
fikir və qənaətini söyləməsindən qeyzlənərək
onun kölgəsini qılınclayırlar. Hətta
alimliyini şübhə altına almağa
çalışırlar. Səbəb yenə də
eynidir: niyə Lütfi-Zadə Azərbaycan müxalifəti, qərəzli
inkarçıları kimi yox, öz bildiyi tək, sərbəst
şəkildə düşünüb-danışıb.
Konkret söyləsək: "Mən İlham Əliyevi
diktator saymıram... O, işıqlı bir liderdir" - deyib.
İndi dünya boyda alim
çönüb olub Azərbaycan müxalifətinin
düşməni...
Yaxşı
deyiblər ki, ayıblı ayıbını bilsə,
başına palaz bürüyər.
Vallah, Anar
böyük adamdır ki, bu uşaq-muşaq söhbətini
eşidəndə ürəyi partlamır.
Allah haqqı, yaxşı
ki, Lütfi-Zadə Azərbaycanda yaşamır və onun
başına ağıl qoymaq istəyən uğursuz
redaktorlardan, siyasətçilərdən xəbəri yoxdur! Yoxsa gülməkdən onun da ürəyi
partlardı.
Doğrudan da, anlamazlıq dərdi
böyük müsibətmiş!
Allah sənə rəhmət
eləsin, Mirzə Cəlil!
Allah sizə səbir versin,
Anar müəllim və Lütfi-Zadə!
Erməni xislətlilər
İş o yerə
çatıb ki, xaos və anarxiya dövründə Anarı
qələmi atıb siyasətə qoşulmamaqda
suçlayanlar da tapılıb: "İttihamnamə"nin məntiqinə baxın:
- Niyə Anar
Xalq Cəbhəsinin rəhbərləri sırasında
olmayıb? 20 Yanvarda sovet tankları ilə üz-üzə
dayanmayıb? Nə bilim, Rövşən
Cavadov öldürüləndə susub, Ziya Bünyadov qətlə
yetiriləndə danışmayıb. Elmar Hüseynovun
yasına gəlməyib!
Anarı
qışqırmamaqda, siyasi avantüralara qoşulmamaqda, qaragüruhun
yanında olmamaqda, ağa qara deməməkdə
günahlandırırlar!
Ən "dəhşətli
ittiham" isə budur: Qarabağ əldən gedəndə
İstanbulun otel otaqlarına köçüb!
Sovet dövründə
"KQB"nin müstəntiqləri
insanları tutmadıqları əmələ,
tanımadıqları partiya və insanlarla olmayan əlaqələrinə,
demədikləri sözə görə həbsxanaya
atırdılar. İndi isə "niyə o
vaxt belə etməmisən?" - deyə
taqsırlandırırlar. Nə yaxşı ki belələrinin
əlində dar ağacları, həbsxanalar yoxdur!
Görün, illər sonra nə qədər adam
görmədiyi iş, atmadığı addım
üçün cəzalandırılardı, asılardı,
güllələnərdi?!
Azərbaycanda çıxan
qəzetlərdə erməniləri məftunluqla təbliğ
etmək, Azərbaycan ziyalısını əli Azərbaycan
xalqının qanına batmış Zori Balayan kimi qatillərlə
müqayisə etmək, onların şəkillərini
yanaşı vermək anlamazlıq yox, nadanlıqdır,
nankorluqdur!..
Yalnız heysiyyəti
olmayanlar Azərbaycan xalqının heysiyyətinə
toxunarlar!
Yalnız qanında
qarışıqlıq və türklüyündə
şübhə doğuranlar ermənilərə qulluq göstərib
paralarına susayarlar!
Yalnız ermənidən
çörək yeyib, erməninin çörəyini yeyib,
erməniyə çörək yedizdirənlər öz millətinə
böhtan atıb, onu dinc və silahsız adamların qətlində
suçlayarlar!
Bənzərəm bir qocaman dağa ki, dəryada durar
Anar bədii fikir dəryasında
ucalan dağdır!
Ona çırpılan kəsəklər
özləri ovulub yerə töküləcəklər!
Deyir: dəvə nə qədər
arıq olsa da, dərisi bir ulağa yükdür! İndi kimsə başını başlara qoşub
Anardan yazmaq, onu "tənqid etmək" hesabına gündəmə
gəlmək, tanınmaq, "gör mən kimdən
yazıram" - deyərək şeşələnmək istəyir.
Amma qələm və fikir
cırtdanlarının Anarın meydanına girmək istəkləri
yalnız acı təbəssüm və ironiya doğura bilər.
Deyir nə qədər
oxumamışdım, elə bilirdim ki, hər şeyi bilirəm. Elə ki oxudum,
gördüm ki, dünyadan xəbərim yox imiş! Yalnız
bu sayaq "hər şeyi bilənlər" Lütfi-Zadənin
başına ağıl qoyub Anara yol göstərər, sonra
hər ikisini bəyənməzlər!
Mirzə Cəlil demiş,
tısbağa qınından çıxdı, oldu
"obrazavonski"...
Anlamazlıq dərdi anlamaq dərdindən
betərmiş, Ustad!..
Bəxtiyar SADIQOV
Azərbaycan.- 2010.- 28 iyul.- S.
3.