Nazirlər Kabinetində görüş

 

İyulun 28-də Azərbaycanın Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Türkiyənin xarici ticarət üzrə dövlət naziri Zəfər Çağlayan ilə görüşmüşdür.

Artur Rasizadə qarşılıqlı səfərlərin siyasi-iqtisadihumanitar sahələrdə yüksək səviyyədə olan ikitərəfli əlaqələrimizin inkişafına daha böyük təkan verəcəyinə əminliyini diqqətə çatdırmışdır.

Dövlətlərimiz arasında münasibətlərin səviyyəsindən məmnunluqla danışan Baş nazir A.Rasizadə Türkiyəni Azərbaycanın ən yaxın tərəfdaşı adlandıraraq qloballaşan dünyada hər iki ölkənin daha fəal əməkdaşlığını vacib saymışdır.

Türkiyənin xarici ticarət üzrə dövlət naziri Zəfər Çağlayan səmimi qəbula görə təşəkkürünü bildirərək ölkələrimizin sarsılmaz tellərlə bağlı olduğunu vurğulamışdır.

Ötən il Bakıya etdiyi səfərini xatırladan qonaq burada gördüyü inkişafın onu valeh etdiyini söyləmişdir. Bildirmişdir ki, dünyanı bürümüş iqtisadi və maliyyə böhranı şəraitində Azərbaycanın sürətli inkişafını görmək bizi sevindirir. Azərbaycanın Cənubi Qafqazda ən güclü dövlət olmasını bütün dünya təsdiq edir.

Z.Çağlayan iqtisadi və ticarət sahələrində əməkdaşlığı daha da inkişaf etdirməkdə, habelə Türkiyə və Azərbaycan adamlarının üçüncü ölkələrdə birgə fəaliyyətində maraqlı olduqlarını nəzərə çarpdırmışdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 29 iyul.- S.  1.