Mətbuat daha
böyük dövlət
qayğısı ilə əhatə olunur
Çap media vasitələrinin
inkişafında keyfiyyət etibarı ilə yeni
mərhələ başlanır
Müasir dövrdə həyatımız mediasız, mətbu orqanlarsız təsəvvür edilsəydi, yəqin ki, cansıxıcı, boz rənglərin daha üstün olduğu bir mənzərə gözlər önündə canlanardı. Lakin məhz kütləvi informasiya vasitələri insanı bir andaca min kilometrlərlə belə uzaqda baş verən prosesin müşahidəçisinə çevirir, həmin proses, hadisə barədə dolğun təsəvvür yaradır. Bununla qloballaşan dünyada media həm də insanları bir-birinə bağlayan, onlar arasında gözəgörünməz bağlar yaradan bir vasitəyə çevrilir. Bu vasitə insan həyatını daha rəngarəng edərək onun informasiya qidasının əsas mənbəyi kimi çıxış edir.
Lakin medianın çoxcəhətli funksiyaları bununla məhdudlaşmır. İstənilən cəmiyyətin tərəqqisində, milli şüurunun formalaşıb inkişaf etməsində ən təsirli vasitələrdən biri məhz mediadır. Bu səbəbdən sağlam milli şüurun, ictimai rəyin yaranmasında maraqlı olan hər bir cəmiyyət, onun qurduğu dövlət söz və məlumat azadlığının əsas daşıyıcılarından olan medianın, yazılı mətbu orqanların inkişafına həmişə xüsusi diqqət yetirib.
Dünyanın demokratik cəhətdən ən çox inkişaf etmiş dövlətlərinin təcrübəsinə də diqqət yetirilsə, burada kütləvi informasiya vasitələrinin, o cümlədən mətbu orqanların inkişafının daim prioritet istiqamətlərdən birini təşkil etdiyi aydın görünər. Yeni müstəqillik tarixi elə də böyük zaman kəsiyini əhatə etməməsinə baxmayaraq, demokratiya yolunda uğurla irəliləyən Azərbaycanda da söz və mətbuat azadlığının təmini, kütləvi informasiya vasitələrinin sürətli tərəqqisi üçün yaradılan şərait nümunəvi xarakter daşıyır. Demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycanda söz və məlumat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə zəruri şərait yaradılması prioritet vəzifə kimi müəyyənləşdirilib. Bunun nəticəsidir ki, Azərbaycan mediası sərbəst fəaliyyəti üçün əlverişli mühit yaradan dövlətin qayğısını daim öz üzərində hiss edib və etməkdədir. Lakin o da tarixi həqiqətdir ki, ölkəmizdə kütləvi informasiya vasitələrinin bu inkişaf yolunun başlanğıcı bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz ulu öndərin siyasi iradəsi və böyük səyləri nəticəsində Azərbaycanda plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıldı. Eyni zamanda kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik bazası formalaşdırıldı. Təkcə bir faktı qeyd etmək kifayətdir ki, ölkədə söz və fikir azadlığının təmin edilməsi 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Heydər Əliyevin müəllifi olduğu Konstitusiyada təsbit olundu. Ümummilli liderin 1998-ci ildə imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərmanı ilə ölkəmizdə senzuranın birdəfəlik ləğv edilməsi KİV-in sərbəst fəaliyyəti, inkişafı və azad sözün təmin edilməsi sahəsində yeni bir mərhələnin başlanğıcını qoydu.
Azərbaycanda milli mətbuatın yubileylərinin geniş təntənə ilə qeyd edilməsi, mətbuat nümayəndələri ilə görüşlərin keçirilməsi kimi ənənələrin yaranması da ümummilli liderin adı ilə bağlı oldu. Heydər Əliyevin milli mətbuatımızın 125 illiyinin keçirilməsi haqqında 2000-ci ilin martında verdiyi fərman bu istiqamətdə mühüm əhəmiyyət kəsb etdi. İqtisadi cəhətdən də medianın güclənməsi, müstəqilliyinin təmin edilməsi məqsədilə çoxsaylı tədbirlər həyata keçirildi. Müxtəlif qəzetlərin dövlət nəşriyyatına olan borcları donduruldu, məhkəmələr tərəfindən cərimələnmiş qəzetlər təzminat ödəməkdən azad edildilər. Bütün bunlar son nəticədə media və dövlət münasibətlərində mütərəqqi ənənələrin əsasını qoyan mühüm amillərə çevrildi. Bu mənada təsadüfi deyil ki, ulu öndər KİV-in inkişafında və ölkədə azad sözün təmin olunmasında tutduğu mövqeyinə və xidmətlərinə görə 2001-ci ildə "Jurnalistlərin dostu" mükafatına layiq görüldü.
KİV-in inkişafı, söz və məlumat azadlığı sahəsində Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası Prezident İlham Əliyevin də daim diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, indi Azərbaycan media orqanlarının sayına görə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqelərdən birini tutur. Hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, sürətlə inkişaf edən internet resursları mövcuddur ki, onlar da vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayırlar. Dövlətin mətbuat siyasətinin əsas xəttini isə iqtisadi və siyasi cəhətdən müstəqil, obyektiv, eyni zamanda milli maraqların təəssübkeşi olan mətbuatın formalaşması və inkişafı təşkil edir. Bunun üçün istər qanunvericilik, istərsə də digər sahələr üzrə bütün zəruri addımlar atılıb. Belə ki, 1999-cu ilin dekabrında qəbul olunmuş və sonrakı illərdə beynəlxalq təşkilatlarla əməkdaşlıq şəraitində təkmilləşdirilmiş "Kütləvi informasiya vasitələri haqqında" qanun, eləcə də 2005-ci ildə qəbul edilmiş "İnformasiya əldə etmək haqqında" qanun söz və məlumat azadlığına, mətbuatın və jurnalistlərin müstəqil fəaliyyətinə tam təminat verir. Prezident İlham Əliyev bununla bağlı demişdir: "Bütövlükdə söz azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir. Söz azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir. Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir. Bunu təsdiq edən çoxsaylı faktlar da mövcuddur. Azərbaycanda yüzlərlə media orqanı fəaliyyət göstərir. Bizim vətəndaşlarımız 30-dan yuxarı gündəlik qəzeti, 100-ə yaxın həftəlik qəzeti, respublika əhəmiyyətli, yəni bütün ölkəyə verilişlər təqdim edən 8 telekanalı, 14 regional telekanalı, internet vasitəsilə dünyada gedən bütün prosesləri sərbəst şəkildə izləyirlər".
Danılmaz həqiqətdir ki, mətbuat orqanlarının maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də genişmiqyaslı tədbirlər görülüb və görülməkdədir. Yaxın bir neçə ilə nəzər yetirməklə də bunun əyani sübutlarını görmək olar. Məsələn, Prezident İlham Əliyevin 2006-cı ilin fevralında imzaladığı sərəncama əsasən müxtəlif mətbu orqanların "Azərbaycan" nəşriyyatına olan 400 min manat məbləğində borcu dövlət büdcəsi hesabına ödənildi. Redaksiyaların maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə isə ölkə Prezidenti yeni bir ənənənin əsasını qoydu. Belə ki, 2005-ci ildə 30 qəzet redaksiyasının hər birinə 2 min manat məbləğində birdəfəlik yardım olundu. Sonrakı illər ərzində isə bu yardımın miqdarı əhəmiyyətli dərəcədə artırıldı. 2008-ci ildə 38 mətbuat orqanının hər birinə 5 min manat, 2009-cu ildə isə 39 qəzet redaksiyasına, yenə də ayrılıqda 10 min manat məbləğində dövlət tərəfindən yardım ayrıldı. Cari il ərzində belə yardımın miqdarı 20 min manata çatdırıldı.
Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" isə KİV-lərin müstəqilliyinin təmin edilməsində heç bir problem yaratmır. Əksinə, bu konsepsiyadan irəli gələrək ötən il yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu mətbuatın iqtisadi müstəqilliyini gücləndirən müxtəlif tədbirlər həyata keçirir.
Dövlət başçısının mətbuata yüksək diqqətinin ən bariz təsdiqlərindən biri heç şübhəsiz ki, bu ilin iyununda "Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında" sərəncam oldu. Məhz bu sərəncamdan irəli gələrək zəngin tarixi ənənələrə malik Azərbaycan milli mətbuatının 135 illiyi ölkə miqyasında geniş qeyd edildi. Budəfəki yubiley həm də Prezident İlham Əliyevin mətbuat nümayəndələrinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün yeni müstəqillik tariximizdə növbəti mütərəqqi ənənənin əsasını qoyması ilə yaddaşlara həkk olundu. Belə ki, media nümayəndələrinin sosial təminatının gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış evlərinin tikilməsi üçün Prezidentin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat maliyyə vəsaiti ayrıldı.
Cənab İlham Əliyevin sərəncamları ilə jurnalistlərə fəxri adların verilməsi də onların əməyinin dövlət başçısı tərəfindən həmişə yüksək qiymətləndirildiyinin daha bir göstəricisidir. Qeyd edilənlər ondan xəbər verir ki, dövlət, onun başçısı milli mətbuatımızın inkişafı, onun nümayəndələrinin sosial durumunun yaxşılaşdırılması yolunda kompleks tədbirlər həyata keçirir. Bu isə artıq Azərbaycan mətbuatı qarşısında yeni mühüm vəzifələr qoyur. Dövlətin media ilə bağlı yeritdiyi siyasətin mahiyyəti jurnalistlərdən peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən əməl etməyi tələb edir.
Rasim BAYRAMOV
Azərbaycan.- 2010.- 29
iyul.- S. 2.