Azərbaycanın milli
təhlükəsizlik naziri Birləşmiş
Millətlər Təşkilatının ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi ilə görüşmüşdür
Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri, general-leytenant Eldar Mahmudov Birləşmiş Millətlər Təşkilatının ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının rezident nümayəndəsi, səfir Fikrət Akçura ilə görüşmüşdür.
Milli Təhlükəsizlik Nazirliyinin ictimai əlaqələr mərkəzindən AzərTAc-a bildirmişlər ki, nazir Eldar Mahmudov səfir Fikrət Akçuranı Azərbaycanda diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik etmişdir. Milli təhlükəsizlik naziri Birləşmiş Millətlər Təşkilatı ilə Azərbaycan Respublikası arasında münasibətlərin dinamik inkişafını, habelə BMT İnkişaf Proqramı və "Cənubi Qafqazda Narkotiklərə Nəzarət" (SCAD) Regional Yardım Proqramı üzrə həyata keçirilən layihələr çərçivəsində ölkəmizin hüquq-mühafizə orqanlarının, o cümlədən Milli Təhlükəsizlik Nazirliyinin texniki və metodiki baxımdan təchizatı və beynəlxalq təcrübə mübadiləsinin təşkili, narkotiklərin qaçaqmalçılığı ilə mübarizə sahəsində yardımları və önəmli səyləri yüksək qiymətləndirmişdir.
Milli təhlükəsizlik naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun yaratdığı fəsadlar, ölkəmizin problemin hamılıqla qəbul olunmuş beynəlxalq prinsip və hüquq normalarına uyğun ədalətli həlli uğrunda göstərdiyi səylər, Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunmasına dair BMT-nin müvafiq qətnamələrinin yerinə yetirilməsi və bu işdə aidiyyəti beynəlxalq strukturların ardıcıl çalışmalarının zəruriliyi barədə danışmışdır. Nazir Eldar Mahmudov beynəlxalq terrorçuluqla və transmilli mütəşəkkil cinayətkarlığın digər təhlükəli təzahürləri ilə aparılan mübarizə ilə bağlı məlumat vermişdir.
Səmimi qarşılandığına və təbrikə görə minnətdarlığını bildirən səfir Fikrət Akçura Azərbaycanda Birləşmiş Millətlər Təşkilatının rezident əlaqələndiricisi təyin olunmasından qürur duyduğunu, təmsil etdiyi beynəlxalq qurumun ölkəmizdə həyata keçirdiyi müvafiq proqramların xalqın rifahı və inkişafı naminə əhəmiyyətli töhfə verməsi üçün bundan sonra da hərtərəfli kömək göstəriləcəyini qeyd etmişdir.
Səfir Fikrət Akçura Azərbaycanın tərəqqisi üçün başlıca təminat olan mövcud ictimai-siyasi sabitliyi yüksək qiymətləndirmiş, bu işdə, eləcə də bütün sahələrdə hər cür təhdidlərin xəbərdar olunmasında və qarşısının alınmasında, həmçinin ölkədə fəaliyyət göstərən diplomatik korpusun təhlükəsizliyinin təmin edilməsində Milli Təhlükəsizlik Nazirliyinin rolunu xüsusi vurğulamışdır.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Azərbaycan.- 2010.- 29
iyul.- S. 2.