Azərbaycan Prezidenti İlham Əliyevin Qəbələ rayonuna səfəri

 

Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət

 

İyulun 29-da Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev Qəbələ rayonuna səfərə gəlmişdir.

Ölkənin bütün regionları kimi, Qəbələ də yüksəliş dövrünü yaşayır. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində rayonun iqtisadiyyatı daha da möhkəmlənmiş, əhalinin yaşayış səviyyəsi yüksəlmiş, şəhər və kəndlərdə quruculuq işləri geniş vüsət almışdır. Dövlətimizin başçısının bir neçə dəfə Qəbələyə səfər etməsi mühüm keyfiyyət dəyişiklikləri ilə müşayiət olunmuş, rayonun iqtisadiyyatında sürətli artım qeydə alınmışdır. Elə bu səbəbdəndir ki, hazırda Qəbələ Azərbaycanda gedən sürətli iqtisadi inkişaf prosesinin fəal iştirakçılarından biri olmaqla ölkəmizin qazandığı uğurlarda ciddi paya malikdir.

Rayonda yeni müəssisələrin fəaliyyətə başlaması, mövcud olanlarda yenidənqurma işlərinin aparılması Qəbələnin iqtisadi kompleksinin inkişafı baxımından mühüm amillərdir. Bunun nəticəsidir ki, rayonda 2003-cü illə müqayisədə 2010-cu ildə ümumi məhsul buraxılışının həcmi xeyli artmışdır. Kənd təsərrüfatı məhsullarının artımı 2 dəfədən çox olmuşdur. 2003-2009-cu illərdə rayondakı 450-dən çox müəssisədə 8500-ə yaxın yeni yeri açılmışdır. Qəbələnin zəngin turizm potensialının reallaşdırılması üçün də dövlətimizin başçısının tapşırığına müvafiq kompleks tədbirlər həyata keçirilir. Bununla da böyük keçmişi olan Qəbələ yenidən öz tarixi şöhrətini bərpa edir.

Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin adını daşıyan parkda ümummilli liderin abidəsini ziyarət etdi.

Prezident İlham Əliyev Heydər Əliyev parkında aparılmış abadlıq və yenidənqurma işləri ilə tanış oldu.

Bildirildi ki, müasir görünüşü ilə diqqət çəkən parkın ərazisi 2 hektardır. Yenidənqurma işləri zamanı əsas diqqət ərazidə yaşıllıqların artırılmasına yönəldilmiş, xüsusi suvarma sistemi quraşdırılmışdır. Parkda rayon əhalisinin və şəhərə gələn qonaqların istirahətinin təşkili üçün bütün şərait yaradılmışdır. Burada oturacaqların sayı artırılmış, ən əsası isə 4 yeni fəvvarə quraşdırılmışdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  30 iyul.- S.  1.