Azərbaycan və Türkiyə əlaqələri
sürətlə inkişaf edir
İyulun 29-da Milli Məclisin Sədri Oqtay Əsədov Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri Mustafa Kabakçının başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Səmimilik şəraitində keçən görüşdə Oqtay Əsədov Azərbaycan və Türkiyə arasında dostluq və qardaşlıq əlaqələrinə əsaslanan yüksək səviyyəli münasibətlərin formalaşdığını və bunun daim inkişafda olduğunu bildirdi.
Milli Məclisin Sədri Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun fəaliyyətindən məmnunluq ifadə etdi. Bildirdi ki, həmin qrupun fəaliyyəti Azərbaycan tərəfindən yüksək dəyərləndirilir. Milli Məclisdə Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun ən böyük qrup olduğuna diqqət çəkən Oqtay Əsədov qanunverici orqanın hər bir deputatının böyük məmnunluqla bura qoşulmağa hazır olduğunu qeyd etdi.
Azərbaycana səfərindən və səmimi qəbuldan razı qaldığını vurğulayan Mustafa Kabakçı ölkələrimiz arasında münasibətlərin dərin tarixi kökə malik olduğunu xatırlatdı. O, eyni dilə, dinə mədəniyyətə malik Türkiyə və Azərbaycan xalqları, dövlətləri arasında iş əlaqələrinin bundan sonra da güclənməsinin zəruri əhəmiyyət daşıdığını diqqətə çatdırdı. Hazırda ölkələrimiz arasında iqtisadi əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd edən Mustafa Kabakçı bu sahədə münasibətlərin daha da genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu vurğuladı. Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayanın başçılıq etdiyi nümayəndə heyətinin tərkibində çoxlu sayda iş adamlarının da ölkəmizə səfər etməsinə toxunan Mustafa Kabakçı bunun iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi baxımından önəmli olduğunu dedi.
Görüşdə
tərəfləri maraqlandıran müxtəlif məsələlər
ətrafında ətraflı fikir
mübadiləsi aparıldı.
Azərbaycan.- 2010.-30
iyul.- S. 2.