Məhəbbətin və nifrətin ŞƏHİDLİK ZİRVƏSİ

 

 Kişilik nifrətin sonsuzluğunu və məhəbbətin böyüklüyünü ər ruhunda birləşdirən möhtəşəm bir qüvvədir. Mərd, cəsur və sədaqətli olmaq üçün bütün varlığınla sevdiyin qədər də dözməyi, səbir etməyi və ruhunda təlatümlərə dönən nifrətdən kükrəməyi bacarmalısan. Əsl kişinin sevgisi evinin kandarından, ailəsindən və sərvətlərinə məhəbbətindən yox, lap uzaqlardan - Vətənin tapdaq altında qalan torpaqlarının kişi mənliyinə, kişi heysiyyətinə hopdurduğu qəzəbin, nifrətin sonsuzluğundan başlayır. Şəhid Mübariz Ağakərim oğlu İbrahimov kimi.

Biləsuvarın Əliabad kəndində eşitdiyimiz bu oldu ki, şəhid Mübarizin atası da, anası da övladlarının cəsədinin düşməndən geri alınması üçün dövlətimizin erməni faşistlərinə minnətçi düşməsini istəməyiblər. Balamızı Vətənə fəda verdik, "Vətən sağ olsun", - deyiblər! İkinci dünya müharibəsində həlak olan on minlərlə azərbaycanlı da dəfn olunmayıb! Məzarları yoxdur! Qarabağ müharibəsində itkin düşənlərin sayı-hesabı yoxdur! Müharibənin qanunları belədir - baş verən hadisələr, əslində, heç bir qanuna tabe deyil, heç bir məntiqə sığışmır. Beynimizdə nəbz kimi çırpınan, ruhumuzu alışdırıb qisasa çağıran odur ki, işğal altında yatan torpağımızın hər qarışı bir şəhid Mübariz qədər müqəddəsdir, toxunulmazdır! Şəhid atası dilə gətirməsə də, ummasa da, necə öz əlləri ilə balasını torpağa tapşırıb toxtamaq arzusundadırsa, milyonlarla insan da işğaldan qan bahasına geriyə götürəcəyimiz yerləri məhəbbətlə öpüb gözünə çəkmək, sığal verib oxşamaq, kin-küdurətini kiritmək istəyir.

Bizdən ucalarda, əlimiz çatmayan, insan təfəkkürünün qət edə bilmədiyi məsafələrin sonunda əsl Vətən sevgisinin surəti, ruhu müqəddəs nümunə kimi qorunur, saxlanılır və yalnız bəşər övladlarından Mübariz kimi seçilmişlərə hədiyyə edilir. Biz şəhid qapısına təzimə gəlmişik! Ağakərim kişinin birmərtəbəli evinin həyətinə açılan darvazanın üstündə Azərbaycan bayrağı qürurla dalğalanır, nikbin bir məclisə toxtaqlıq verir. Həyət adamla doludur. Ağakərim kişini bizə göstərirlər. Üzündə sakit, ləyaqətli və məğrur hüzn qərar tutub. Yanında əyləşib qəzetimizin Baş redaktorunun sözlərini çatdırırıq ki, onun oğlunun ucaldığı müqəddəs şəhidlik zirvəsi nadir qəhrəmanların qismətinə yazılıb. O, dəfn olunmasa da, məzarı hər birimizin qəlbində qərar tutub, abidəsi də hər birimizin ürəyində ucalır.

 Müdafiə naziri general-polkovnik Səfər Əbiyevin şəxsi məktubunu nazirliyin Tərbiyə işləri idarəsinin rəisi polkovnik Vaqif Məmmədov Ağakərim İbrahimova oxuyur, hamımız diqqətlə qulaq asırıq:

 

"Hörmətli Ağakərim Mireyvaz oğlu!

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu gizir Mübariz Ağakərim oğlu İbrahimov əsgəri vəzifəsini yerinə yetirərkən düşmənə ağır zərbələr endirmiş, özü də qəhrəmancasına şəhid olmuşdur. Gizir İbrahimov Mübariz Ağakərim oğlunun göstərdiyi şücaət dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanı cənab İlham Əliyevin imzaladığı sərəncamla o, Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adına layiq görülmüşdür. İnanıram ki, gizir Mübariz İbrahimovun göstərdiyi qəhrəmanlıq və igidlik Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin şəxsi heyətinə nümunə olacaqdır. Vətənpərvər igid oğul tərbiyə edib vətənin müdafiəsinə göndərdiyinizə görə Sizə öz minnətdarlığımı bildirirəm. Onun əziz xatirəsi heç vaxt yaddaşımızdan silinməyəcək və göstərdiyi qəhrəmanlıq gələcək nəsillərə örnək olacaqdır. Biz hamımız onunla fəxr edirik.

 

Səfər ƏBİYEV,

Azərbaycan Respublikasının

müdafiə naziri, general-polkovnik".

 

Məktubu oxuduqdan sonra polkovnik Vaqif Məmmədov əlavə edir ki, Ağakərim kişi, müharibə bitəcək, işğal altındakı torpaqlar geri qaytarılacaq, lakin Mübarizin adı, cəsarəti, qəhrəmanlığı heç vaxt unudulmayacaq, Azərbaycan dövlətinin hərb tarixinə qızıl hərflərlə yazılacaq!

Hamımız bu sözlərin təmtəraqdan, dəbdəbədən uzaq, adi həqiqət olduğunu dərk edirik. Qəhrəmanları və onların yenilməzliyini yaxınları bir cürə, bütün Vətən isə tamam başqa səviyyədə görür.

Lakin bütünlükdə Azərbaycan əsgərinin xarakterini, onun dünyasını açan ümumi cizgilər var. Yaxşı yadımdadır, 1992-ci ildə müharibədən çəkiliş aparan telejurnalistlər Bərdə hospitalında ağır yaralanmış bir əsgəri kinokameraya çəkəndə o, operatora baxaraq demişdi ki, üzümü çəkmə. Teleoperator təəccüblə: "Niyə çəkməyim?" - deyə soruşanda yaralı əsgər son gücünü toplayaraq pıçıldadı: "Anam necə öldüyümü görməsin!" Cavab hamını sarsıtdı! Operator hospitalı tərk etdi, parkda ağacların arasındakı skamyada əyləşdi. Biz uzaqdan yalnız onun çiyinlərinin necə titrədiyini görürdük. Onda ordu yeni formalaşırdı, indikindən xeyli zəif idi. Lakin Azərbaycan əsgəri 20 il də, yüz ilbundan əvvəl belə mərd, belə döyüşkən olub. Bu gün bu güc daha qüdrətli, daha əzəmətli və qətiyyətlidir! Ağakərim kişioğlundan ordunu, əsgərlərin əhvali-ruhiyyəsini soruşanda Mübariz ürəkdolusu qürrələnərdi ki, "ata, döyüşmək, vuruşmaq istəyən qeyrətli oğullar çoxdur! Gözlərində ölüm qorxusu yoxdur! Bircə himə bənddirlər! Yerlərindən qopsalar, qarşılarını almaq, onları saxlamaq mümkün olmayacaq!"

Biləsuvar rayonunun Əliabad kəndində Ağakərim kişinin həyəti səhərdən-axşama kimi elə hey dolub-boşalır, yaxından-uzaqdan gələnlərin sayı-hesabı yoxdur. Yüzlərlə gənc dalğalanan Azərbaycan bayraqları ilə bu qapıya Mübarizin qəhrəmanlığına baş əyməyə, onun yolunu getməyə hazır olduqlarını Ağakərim kişiyə deməyə gəlirlər.

Qəhrəmanın atası səbirlə, vüqarla, həlim səslə sakit-sakit danışır:

- Mənim evimə cavan uşaqlar çox gəlirlər, məni qucaqlayırlar, "Ağakərim əmi, mübarək olsun", - deyirlər. "Dua elə ki, bizə də qismət olsun! Bizə də Mübarizin yolunu arzula!". Ağlamırlar, sıxılmırlar. Hamının üzündə bir qürur, ucalıq var.

Bu ucalıqdan bizim də içimizə işıq düşür. İnsan bu dünyaya gəlir və gedir, amma qəhrəmanlıq, vətəndaşa şərəf gətirən şəhidlik hər igidə də nəsib olmur.

Ağakərim kişi, Şamama xala, sizin oğlunuz bizim də balamızdır və onun qəhrəmanlığı hər birimizin ürəyində əbədi rəşadət rəmzinin məşəli kimi yanacaq! Bu çırağın işığı, nuru hələ çox qəhrəmanlıqlara təkan verəcək və çoxlarını çəkib arxasınca aparacaq! Azərbaycan əsgərinin mərdliyi, bütövlüyü, gözünü qırpmadan ölümün üstünə şığımasının dəfələrlə şahidi olmuşuq. "Oğlum vətən yolunda gedib, - deyir Ağakərim kişi. - Arzusuna çatmasaydı, yaşaya bilməzdi. Mübariz iki məqsəd üçün Azərbaycan bayrağını qaldıracağına əmin idi. Hərbidə və idmanda! Şükür Allaha ki, oğlum arzusuna çatdı".

İndi Azərbaycan bayrağı Mübarizin doğulub boya-başa çatdığı evin üstündə ucalır, indi Azərbaycan bayrağı ilə cavanlar bu qapıdan içəri ayaq basırlar. Görüşdüyümüz adamlar Mübarizdən danışmaqdan yorulmurdular. Sanki təlatümlü, dalğalanan bir dənizdən danışırdılar. Qəhrəmanın böyük qardaşı Bəhruz orta məktəbin 9-cu sinfində oxuyanda məktəblərinə karate müəllimi gəlir, məşqlər keçirmiş. O da gedir ki, adını yazdırsın, məşqlərə getsin. Mübariz isə beşinci sinifdə oxusa da, iki ayağını bir başmağa dirəyir ki, məni də aparın. Atasına yalvarır ki, qardaşına tapşırsın, onu da qoysunlar idmana. Bəhruz belə xatırlayır o günləri:

- Atam təkid etdikdən sonra onun da adını yazdırdıq, apardıq karate müəlliminin yanına. İndi də yadımdan çıxmır, o, az qalırdı qanad açıb uçsun. Amma karate müəllimi onu diqqətlə nəzərdən keçirdi, əyri qollarına baxanda ehtiyatlandı bir az. Dedi ki, sən karateyə yaramırsan - qolun sınıqdır. Qardaşım pərt oldu, tutulmuşdu, yer tapa bilmirdi özünə. Müəllim ehtiyat edirdi ki, qolu təkrar sına bilər, ona görə heç zala da buraxmadı. Mübariz sıxılmasın deyə səhəri gündən mən də məşqlərə getmədim. Sonra dayımın dostu vardı, boksdan məşq keçirdi rayonda. Məni də komandasına götürdü. 15-20 gündən sonra qardaşımı da apardım, amma bilirdim ki, götürməyəcəklər. Lakin məşqçimiz Mübarizin üzünə baxan kimi tərəddüd etmədən razılıq verdi ki, gəlsin, götürürəm, ondan boksçu alınacaq. Sonra məşqlər başladı. Məşqlərdə dəridən-qabıqdan çıxırdı ki, digərlərindən geridə qalmasın. Qolu da tədricən düzəlir, özü daha mükəmməl döyüşməyə başlayırdı. Sonra əsgər getdim, il yarımdan sonra qayıdanda onu tanımadım. Yalnız iki göz Mübarizin idi. Tamam dəyişmişdi: uca boy, enli kürəklər, üzün mərdanə cizgiləri. Mən əsgər gedəndə arıq, sısqa bir uşaq idi. Qayıdanda cəngavərə dönmüşdü. Onun yanında uşağa oxşayırdım. Cəsurluğuna bütün kənd bələd idi. Bölgə, Bakı, respublika yarışlarında, turnirlərində iştirak edirdi. Vətənə, torpağahalal insan münasibətlərinə bağlı idi. "Zalımın düşməni, məzlumun dostuyam", - deyirdi qardaşım.

Ağakərim kişi dözə bilmir və Bəhruzun dalınca yenə oğlu haqqında ürək sözlərini dilinə gətirir:

 - Saf idi! Qorxmaz idi! Manqal ürəkli oğul idi! Əlini kürəyimə qoyardı, ağırlığına dözməzdim, sevinərdim onun gücünə. Allah ona hər şeyi vermişdi! Maaşını alardı, evə göndərərdi, öz balası kimi qoruduğu əsgərlərinə xərcləyərdi.

Mübariz elə anadan olandan o biri uşaqlardan qeyri-adiliyi ilə fərqlənirdi. Atası da, anası da onun gözlərində qeyri-adi qəribə nurun işartılarını sezərdilər. Yatanda yuxular görərdi, amma kimsəyə danışmazdı. Vuruşmaq, məşqlərə getmək onun üçün əyləncə deyildi. "Ata, - deyirdi fəxrlə, "adamın avtomatı ola, alasan əlinə, doldurasan, yatasan səngərin sinəsinə və atışasan". Vətən deyə-deyə böyüdü, səngərləri fikirləşdi, ovqatı da cəbhədən gələn xəbərlərə kökləndi. Atasına tez-tez deyərdi ki, ürəyi dağlarda, döyüş bölgəsində, səngərlərdə rahatlıq tapacaq. Ən çox işlətdiyi söz "baxarsınız" idi. O, bəlkə də, nələrin necə baş verəcəyini hamıdan yaxşı bilirdi. Qəhrəman olacağını da! Ona görə "baxarsınız" kəlməsini işlədirdi. Kənddə uşaqların, qardaşlarının arasında mübahisələr olanda Mübariz yalnız düzü müdafiə edərdi: "Siz haqq olun və mən sizə görə 30 nəfərin qarşısına çıxım".

Ermənilərə nifrət edirdi. Qadınlara, qocalara tutulan divanlara görə, əsirlikdə saxlanılan qız-gəlinlərə görə! İşğal altında qalan torpaqlara görə, cəbhə bölgəsində qətlə yetirilən dinc əhaliyə görə! Kimsə onun nalayiq söz işlətdiyinin şahidi olmayıb. Ən ağır kəlməsi "şərəfsiz" sözü idi, onu da ermənilərə deyərdi!

Ortancıl qardaş Rəşadın yaddaşına Mübarizin ən gözəl kəlamı həkk olunub:

- Bizdən soruşulacaq vətən haqqında. Onun ən gözəl sözlərindən biri "Vətən bizə Allahın əmanətidir" kəlməsi idi. Qapalı idi, hər şey içərisində idi. Şəhidlərdən söz düşəndə gülümsəyər, "bu yol bizə də qismət olsun", - deyərdi.

Mübarizin oxuduğu orta məktəb şəhid Malik Piriyevin adını daşıyır. O da 1994-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə həlak olub. Bizi oturub səbirsizliklə gözləyən müəllimlərlə söhbət edirik. Məktəbin direktoru Bəsirə Rüstəmova birinci sinifdən ona dərs deyib:

- Heç yadımdan çıxmır, arıq, çəlimsiz bir uşaq idi. Çantasına gücü çatmazdı. Amma bu çəlimsiz, cansız uşaqda qəribə təmizlik, qeyri-adi səliqə vardı. Palçıqda, yağışda dərsə gələrdi, üstünü zərrə qədər də batırmazdı. Ölümündən 20 gün əvvəl məktəbə gəlmişdi. Boyuna qurban olduğumu qucaqladım, əllərim kürəklərinə çatmadı. Elə ucaboy, elə yaraşıqlı idi!.. Sonuncu görüşümüzdə sağollaşıb gedə bilmirdi, saatlarla söhbət etdik. İçində ecazkar bir Vətən sevgisi yetişmişdi. Doymurdu Vətəndən, şəhidlikdən danışmaqdan. O bizimlə danışanda artıq canını da, ruhunu da Vətənə, onun azadlığına fəda etmişdi! Qisas eşqi ruhuna hakim kəsilmişdi, qəlbi düşmənə qəzəbdən kükrəyirdi. Atasından halallıq aldı ki, getməlidir, əllərindən öpüb, "sağ ol, ata, haqqınızı mənə halal edin", - deyib.

 

Söhbətə fizika müəllimi Siyasət İsayev qoşulur:

 

- "Gərək mən gedəm ki, arxamca başqaları da ürəkli getsin və ermənilər də bizim vətən torpaqlarından hədiyyə gözləməsinlər", - deyirdi. Bəzən atası onu başa salmağa çalışırdı ki, ay oğul, Prezident əmr versə, hamımız qalxacağıq. Bu sözü millət vəkilləri, generallar, siyasətçilər deyir, minlərlə sıravi insan təkrar edir. Mübariz, yəqin ki, nümunə olmaq istəyirdi ki, Ali Baş Komandandan atasına qədər hamısı Azərbaycanda ölümün üstünə şığıyan oğulların minlərlə olduğunu görsün. Bu, tarixi bir qəhrəmanlıqdır. Məktəbimizdə həmişə vətənpərvərliklə bağlı tədbirlər keçirilib. Biz Ağakərim dayının yaşadığı qürur hissi ilə öyünürük. Mübarizlə fəxr edirik.

 

Respublikanın əməkdar müəllimi Qılman Abbasov da ürək sözlərini deyir:

 

- O, böyük insani keyfiyyətlərə malik idi. Bizi görərdi küçədə, yaxınlaşıb ləyaqətlə görüşməsəydi, getməzdi. Yüksək ədəb, əxlaq sahibi idi. Qətiyyətli, prinsipial olmaqla bərabər, günahları, qəddarlıqları kimsəyə bağışlamazdı. O, erməni faşistlərinə qədərsiz kin bəsləyirdi. Cəsurluqda bütün Biləsuvarda onun qabağına çıxan uşaq tapılmazdı. Mərdliyi, cəsarəti qədər də tərbiyəsi güclü idi. O, tək bizim məktəbin, ya da Ağakərim kişinin fəxri deyil. O, bütün Azərbaycan xalqının qürurudur. Mübariz ləyaqət, namus simvoluna çevrildi.

Atası Mübarizə yüksək maaşla Daxili Qoşunlarda qulluq etmək şansının olduğunu deyəndə imtina etdi. Ona yalnız təmas xətti, ön cəbhə, Milli Ordu lazım idi. Arzusu belə idi! Tələsirdi! Hətta tibbi yoxlamalardan keçəndə belə səbirsiz idi. Ürəyi döyüş üçün çırpınırdı, ona adi qaydalar da sərt gəlirdi ki, onu qəsdən yubadırlar.

Cəbhə bölgəsinə getməyinə bir az qalanda yuxuda atasını görən kimi zəng vurub danışmışdı ki, ata, yuxuda ayaqlarından öpürdüm. Ağakərim kişi cavab vermişdi ki, yuxun çin olacaq, oğlum, arzuna çatacaqsan. O, birbaşa raportla Murova getmək üçün müraciət etmişdi. İki ay Goranda oldu. Komandirini hər gün bezdirirdi ki, onu ən çətin yerə göndərsin, burada sıxılırdı, döyüş istəyirdi. Onu başa salmaq olmurdu ki, ön cəbhəyə getməyin də vaxtı var.

Ağakərim kişinin həyatında qürurla itkinin qoşalaşdığı gün oğlunun şəhid olduğunu eşitdiyi gündür:

- Mənə dedilər ki, başını dik tut, oğlun Vətən yolunda fəda olub. Göz yaşlarımı bircə anlığa boğa bilməsəm də, nə özümü itirdim, nə də sındım! Başımı dik tutub, "Vətən cağ olsun" dedim. Mən onu saxlaya bilmədim seçdiyi yoldan! Kimsə də saxlaya bilməzdi. Kəlməsi Vətən idi. Alışırdı, yanırdı Vətən sözü ilə. Dilindən düşmürdü "Vətən" kəlməsi. Mən oğlumu Vətənə fəda eləmişəm. Vətən hər şeydən ucadır və Vətənin şərəfindən söhbət gedən yerdə atanın da qarışmağa haqqı yoxdur. Uşaqlarıma haqqa baş əyməyi, yalana nifrət etməyi, zülmə qarşı vuruşmağı öyrətmişəm. Satqınçılığa nifrət etsinlər, halallıqla yaşasınlar, kimsənin çörəyinə bais olmasınlar və Vətəni hər şeydən uca tutsunlar.

İndi Ağakərim İbrahimovun evi bu qapıya ziyarətə gələnlər üçün müqəddəs ziyarətgaha, ocağa çevrilir. Əfsanələr və reallıqlar bir-birini tamamlayır. Ağır seyid ocağıdır, - deyirlər. Belə xatırlayırlar ki, ötən əsrin ortalarında bu qapıya ceyranlar yelinində südlə sağına gələrmiş.

Polkovnik Vaqif Məmmədov qeyd edir ki, Mübariz İbrahimovun qəhrəmanlığı yalnız ordu üçün yox, bütün Azərbaycan xalqı üçün xüsusi məna kəsb edir. O, valideynlərinə yazırdı ki, bu şərəfsizlərin üstünə axıra kimi gedəcəyəm. Daha bəsdir. O, bir əsgər kimi daxilən zəngin idi. Onun daxilində Vətənə elə müqəddəs bir sevgi vardı ki, öz ölümü belə bu yoldan daşındıra bilməzdi! Orduya çağırılan gənclər Mübarizin timsalında dərk edəcəklər ki, Azərbaycanın Milli Qəhrəmanı olmaqdan uca və müqəddəs vəzifə yoxdur! Əsl əsgər düşməni məhv etməyi və lazım gələrsə, son nəfəsinə qədər vuruşmağı bacarmalıdır. Mübarizin qəhrəmanlığı ilk növbədə düşmənə mesajdır: bax, gəlsən, səni bu gözləyəcək!

 

Vətən oğlu, sən gecənin qaranlıqlarında vəhşi bir bağırtıyla, içində gurlayan qəzəbin və kininlə düşmənin üstünə atıldın! İşğal olunmuş ərazilərdə, özgə torpağı üstündə gəzən düşmən bu xofdan, əzəmətli vahimədən özünə gələ bilmədi. Gəlməyəcək də! Erməni faşistləri yas qurdular, qisasını cəsədindən almağa çalışdılar! Onlarda insanlıq olsaydı, adlarına erməni deyilməzdi ki! Sən düşmənə yalnız bir əsgərin gücünü, bir Vətən oğlunun Vətənə məhəbbətini və yağıya nifrətini göstərdin! Dünyanın dizinin üstündə mürgü vurub məzələnən erməni faşistləri bir nəfərin qəhrəmanlığının timsalında bir xalqın qüdrətinin, Azərbaycan ordusunun möhtəşəmliyinin şahidinə çevrildilər!

 

 

Seyran CAVADOV,

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2010.- 30 iyul.- S.  4.