YUNESKO-nun baş direktoru İçərişəhərlə tanış olmuşdur

 

Ölkəmizdə səfərdə olan YUNESKO-nun baş direktoru xanım İrina Bokova iyulun 29-da paytaxtın görməli yerləri ilə tanış olmuşdur.

Gəzinti zamanı qonağa dünya şəhərsalma sənətinin nadir nümunəsi, YUNESKO-nun "Dünya irsi siyahısı"na daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu haqqında, eləcə də burada aparılan son təmir və abadlıq işləri barədə ətraflı məlumat verilmişdir.

Gəzinti Orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan "Şirvanşahlar Sarayı Kompleksi" ilə tanışlıqdan başlamışdır. Tanışlıq zamanı xanım İ.Bokovaya məlumat verilmişdir ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi ansamblın tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür.

Qoşa qala qapısı meydanı ilə tanışlıq zamanı qala divarları, onun inşasının tarixi barədə geniş məlumat verilmişdir.

Azərbaycanın geniş tarixi iqtisadi-mədəni əlaqələrindən xəbər verən ölkə əhəmiyyətli abidələr - Buxara və Multanı karvansaralarının tarixi qonağın diqqətinə çatdırılmışdır.

Sıratağlı dini-memarlıq kompleksinin ("Bazar Meydanı") ərazisindəki daş eksponatlarından ibarət ekspozisiyanın yenidən təşkili barədə danışılmış, bildirilmişdir ki, bu işlər müasir beynəlxalq tələblərə uyğun həyata keçirilmişdir.

Bakının rəmzi, qədim və əzəmətli Qız qalası ilə tanışlıq zamanı əsrlərin şahidi olan bu qədim abidənin tarixi barədə qonağa ətraflı məlumat verilmişdir.

Gəzintinin sonunda xanım İ.Bokova dünya əhəmiyyətli abidə - XI əsrdə inşa edilmiş "Məhəmməd" məscidinin bərpa və konservasiya işləri ilə tanış olmuşdur. Təmir işlərini həyata keçirən avstriyalı və almaniyalı mütəxəssislər YUNESKO-nun baş direktoruna bu barədə ətraflı məlumat vermişlər.

Gəzintinin sonunda "Kiçik Karvansara" abidəsindəki təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi - "İncəsənət bağı"nda xanım İ.Bokovanın şərəfinə çay süfrəsi təşkil olunmuşdur. Burada "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu haqqında, eləcə də burada aparılan son təmir və abadlıq işlərindən bəhs edən videoçarx nümayiş etdirilmişdir.

Xanım İ.Bokova Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın İçərişəhərin bərpasına göstərdikləri diqqət və qayğı nəticəsində həyata keçirilən son təmir və abadlıq işlərini yüksək qiymətləndirmiş, gəzintidən xoş təəssüratla ayrılmışdır.

YUNESKO-nun baş direktoru İçərişəhərin Fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.

Qonağa xatirə hədiyyəsi təqdim olunmuşdur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 30 iyul.- S.  5.