Türkiyənin dövlət naziri "Türk
Dünyası-Riyad" Ticarət Mərkəzinin
açılışında iştirak etmişdir
İyulun 29-da Abşeron rayonunda "Türk Dünyası-Riyad" Ticarət Mərkəzinin açılışı olmuşdur.
Azərbaycanda səfərdə olan Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayanın başçılıq etdiyi nümayəndə heyəti Ticarət Mərkəzinin açılışında iştirak etmişdir.
Məlumat verilmişdir ki, mərkəzdə Türkiyə istehsalı olan məhsulların satışı nəzərdə tutulmuşdur.
Rəmzi açılışı bildirən lenti kəsən Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayan bildirmişdir ki, iki ölkə sahibkarlarının iş birliyi əsasında yaradılan şirkətlərin fəaliyyəti Azərbaycan-Türkiyə qardaşlığının və türk dünyası birliyinin daha da möhkəmləndirilməsinə xidmət edəcəkdir.
Qeyd edilmişdir ki, "Türk Dünyası-Riyad" Ticarət Mərkəzinin yaradılması Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirdiyi tədbirlərin tərkib hissəsidir. Yeni mərkəzin açılması ölkələrimiz arasında ticarət əlaqələrinin daha da genişləndirilməsinə əlavə imkanlar yaradacaqdır. Ticarət mərkəzində 2983 dükan fəaliyyət göstərəcəkdir. Burada türk mallarının topdan və pərakəndə satışı təşkil ediləcəkdir. Mərkəzdə yerli sahibkarlarla bərabər, türk iş adamları da fəaliyyət göstərəcəklər. Bildirilmişdir ki, hələ bir müddət əvvəl Azərbaycan ilə Türkiyə arasında ticarət əlaqələrinin inkişafı məqsədilə Abşeron Rayon İcra Hakimiyyətində əməkdaşlığa dair müqavilə imzalanmışdır. İmzalanan sənədlər ticarət sahəsində həm Azərbaycan, həm də Türkiyə üçün mühüm əhəmiyyət kəsb edir.
AzərTAc
Azərbaycan.- 2010.- 30 iyul.- S., 5.