Türkiyənin dövlət
naziri İçərişəhərlə tanış
olmuşdur
Azərbaycanda səfərdə olan Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayanın başçılıq etdiyi nümayəndə heyətinin "İçərişəhər" Tarix-Memarlıq Qoruğu ilə tanışlığı və qoruq ərazisində gəzintisi olmuşdur.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə qonaqlara YUNESKO-nun "Dünya İrsi Siyahısı"na daxil edilmiş İçərişəhər ərazisində Konservasiya üzrə Master Plan əsasında aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə geniş informasiya verilmişdir.
Qonaqların İçərişəhərlə tanışlığı Bakının rəmzi, dünya əhəmiyyətli abidə olan Qız qalası ilə başlamışdır. Qız qalasının tarixi-memarlıq xüsusiyyətləri barədə zəngin məlumat qonaqların diqqətinə çatdırılmışdır.
Qüllə küçəsində davam edən gəzinti zamanı qonaqlar Azərbaycanın qədim iqtisadi əlaqələrindən xəbər verən Buxara və Multanı karvansaraları ilə tanış olmuşlar.
Daha sonra qonaqlara Qoşa qala qapıları, buradakı meydan və qala divarlarının tarixi barədə geniş məlumat verilmişdir.
Türkiyənin
xarici ticarət məsələləri üzrə dövlət
naziri Zəfər Çağlayan İçərişəhərin
fəxri qonaqlar kitabına öz ürək sözlərini
yazmışdır.
Azərbaycan.- 2010.-30
iyul.- S. 5.