Türkiyənin dövlət naziri səfərinin yekunlarına dair mətbuat konfransı keçirmişdir
Azərbaycana səfərə gəlmiş Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayan iyulun 29-da mətbuat konfransı keçirmişdir.
Səfər çərçivəsində keçirdiyi görüşlərdən danışan türkiyəli nazir görüşlərin məhsuldar olduğunu diqqətə çatdırmışdır.
Türkiyə səfirliyində keçirilən mətbuat konfransında Z.Çağlayan bildirmişdir ki, Azərbaycan bölgədə güclü iqtisadiyyata malikdir. Ölkənizlə bütün sahələrdə əlaqələrimizi daha da genişləndirmək niyyətindəyik. Yaxın zamanda mənim rəhbərliyim altında 100-ə yaxın iş adamından ibarət nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfərə gedəcəkdir. Səfər zamanı Naxçıvanda əsasən gömrük məsələləri müzakirə ediləcəkdir. Türkiyənin və Azərbaycanın gömrük orqanları arasında münasibətlər yaxınlaşdıqca, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi bir o qədər artacaqdır. Türkiyə bundan sonra da muxtar respublika ilə əlaqələrini daha da dərinləşdirəcəkdir. Naxçıvan Türkiyənin göz bəbəyi və başının tacıdır.
Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən danışan Türkiyənin dövlət naziri qeyd etmişdir ki, bu iki ölkə arasında münasibətləri daha da dərinləşdirəcəkdir.
İki ölkə arasında xarici ticarət dövriyyəsinin 2,2 milyard dollar həcmində olduğunu bildirən dövlət naziri, bunun kifayət etmədiyini və qısa vaxt ərzində 5 milyard dollara çatdırılmasının zəruriliyini bildirmişdir. Vurğulamışdır ki, iki ölkənin iş adamlarının qoyduğu sərmayə 10 milyard dollardan çoxdur. Bu rəqəmin 15 milyard dollar olacağı gözlənilir.
İki ölkə arasında viza məsələsinə də toxunan türkiyəli nazir tezliklə bu məsələnin öz həllini tapacağına ümid etdiyini demişdir.
AzərTAc
Azərbaycan.- 2010.- 30
iyul.- S. 5.