Milli Məclisdə görüş

 

Ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin bir qrup deputatı iyulun 29-da Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ilə görüşmüşlər.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Cəfərov TBMM-nin deputatlarını ölkəmizdə görməkdən məmnun olduğunu bildirib dedi ki, bu cür səfərlər və görüşlər iki ölkə arasındakı qarşılıqlı əlaqələrə böyük töhfələr verir.

TBMM-nin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Mustafa Kabakçı da öz növbəsində ölkəmizə gəlmələrindən məmnun qaldıqlarını qeyd etdi. Dostluq qrupunun rəhbəri Azərbaycanda özlərini vətəndə olduqları kimi hiss etdiklərini, Bakıda keçirdikləri görüşlərin olduqca səmərəli olduğunu, son zamanlar Azərbaycan və Türkiyə arasında gediş-gəlişin intensivləşdiyini vurğulayaraq, vətəndaşlar üçün daha əlverişli və sərfəli səfər imkanlarının yaradılmasının vacibliyini söylədi.

Səmimilik şəraitində keçən görüşdə iki qardaş ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsində və möhkəmlənməsində parlamentlərin rolu, işçi qruplarının fəaliyyəti və sair məsələlərlə bağlı ətraflı fikir mübadiləsi aparıldı.

 

 

Azərbaycan.- 2010.-  30 iyul.- S.  5.