Azərbaycan-Türkiyə arasında əməkdaşlıq gömrük sahəsində də uğurla inkişaf etdirilir

 

İyulun 29-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Azərbaycanda səfərdə olan Türkiyənin xarici ticarət məsələləri üzrə dövlət naziri Zəfər Çağlayanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

A.Əliyev bildirmişdir ki, Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən gömrük sahəsində əlaqələrimiz uğurla inkişaf edir. Cari ilin birinci yarısında Türkiyə Rusiyadan sonra ikinci idxalçı ölkədir. 2004-cü illə müqayisədə Türkiyədən idxal olunan məhsullar 4 dəfə artmışdır. 2005-ci illə müqayisədə isə 3 dəfə artmışdır. Türkiyə bazarı Azərbaycanda mühüm yer tutur.

Z.Çağlayan vurğulamışdır ki, Türkiyə ilə Azərbaycan arasında iqtisaditicari əlaqələri daha da genişləndirmək niyyətindəyik. İki ölkə arasında xarici ticarət dövriyyəsinin 2,2 milyard dollar həcmində olduğunu bildirən dövlət naziri bunun kifayət etmədiyini və qısa vaxt ərzində 5 milyard dollara çatdırılmasının zəruriliyini bildirmişdir. Diqqətə çatdırmışdır ki, Azərbaycanda gedən sürətli inkişafdan çox məmnunam. Bakı gündən-günə gözəlləşir. Bakını görəndə, həqiqətən, heyran qaldım. Ötən bir il içində küçələr, yollar yüksək səviyyədə təmir edilmiş, gözəl, müasir binalar tikilmişdir. Bu gün Bakı dünyanın ən modern şəhərlərindən birinə çevrilmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  30 iyul.- S.  5.