Daxili İşlər Nazirliyində cari ilin altı ayında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir

 

İyulun 29-da Daxili İşlər Nazirliyində cari ilin birinci yarısında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilmişdir.

İclası giriş sözü ilə açan daxili işlər naziri general-polkovnik Ramil Usubov bildirmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən Heydər Əliyev siyasi kursunun həyata keçirilməsində və quruculuq proseslərində yaxından iştirak edən daxili işlər orqanları tərəfindən ictimai asayişin və təhlükəsizliyin təmini sahəsində əvvəlki illərin müsbət nəticələri 2010-cu ilin 6 ayında da qorunub saxlanılmış, bir çox istiqamətlər üzrə daha da inkişaf etdirilmişdir. Ölkənin qanunlarından, dövlət başçısının fərman və sərəncamlarından, müvafiq proqramplanlardan irəli gələn tələblər xüsusi nəzarətdə saxlanılmaqla icrası vaxtında və tam təmin olunmuşdur. Cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması, açılması, zərərçəkmişlərin hüquqlarının bərpası, ictimai qaydanın, vətəndaşların təhlükəsizliyinin təmini əsas vəzifə olaraq ardıcıllıqla yerinə yetirilmişdir.

Daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov hesabat məruzəsi ilə çıxış etmişdir. Nazir müavini demişdir ki, bütün subyektlər üzrə 11375 cinayət qeydə alınmış, onların 96 faizi, yəni 10920-si daxili işlər və prokurorluq orqanlarının qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində təhqiqatı və istintaqı aparılan hüquqazidd əməllər olmuşdur. Cinayətlərin strukturunda hədə-qorxu ilə tələbetmələr 33,3 faiz, soyğunçuluqlar 26,3 faiz, quldurluqlar 14,8 faiz, qəsdən sağlamlığa ağır zərərvurmalar 2,3 faiz, zorlamalar 2,6 dəfə azalmışdır. Adamları girov götürmə cinayətləri qeydə alınmamışdır. Cinayətlərin açılması 1,3 faiz yaxşılaşaraq 87,3 faiz təşkil etmiş, bağlı qalanların sayı 164 faktya 11,2 faiz azalmışdır. Bir sıra ağır və xüsusilə ağır cinayətlərin, o cümlədən qəsdən adam öldürmələrin açılması 84,7 faizdən 94,1 faizədək, qəsdən sağlamlığa ağır zərər vurmaların açılması 81,8 faizdən 87,4 faizədək, soyğunçuluqların açılması 69,1 faizdən 75,5 faizədək, oğurluqların açılması 54,2 faizdən 62 faizədək, onların içində mənzillərdən edilənlərin açılması 47,5 faizdən 63 faizədək yüksəlmişdir. Banditizm və hədə-qorxu ilə tələb etmə cinayətləri tam açılmışdır.

Prokurorluq orqanları ilə qarşılıqlı əlaqədə həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində keçmiş illərdən bağlı qalmış 188 ağır və xüsusilə ağır cinayətin açılması təmin olunmuşdur. Bundan əlavə, 91 cinayət, o cümlədən 6 qəsdən adam öldürmə və 1 ona cəhd, 3 qəsdən sağlamlığa ağır zərər vurma, 6 quldurluq, hərəsi 4 fakt olmaqla soyğunçuluqoğurluq, 61 nəqliyyat vasitəsinin qaçırılması və s. "isti izlərlə" açılmışdır.

Qeyd olunmuşdur ki, törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmini işi davam etdirilərək yerli və dövlətlərarası axtarışda olan 1134, o cümlədən MDB və digər xarici ölkələrdə gizlənmiş 68 nəfər tutulmuşdur. İnterpolun Azərbaycan Respublikasında Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışda olan 45 nəfərin və İnterpol xətti ilə digər üzv ölkələrdə axtarılan 21 şəxsin yeri müəyyən edilmişdir.

Cinayətkar dəstələrə və qruplara qarşı aparılan mübarizə də səmərəli olmaqla 391 ağır və xüsusilə ağır cinayət, o cümlədən 12 qəsdən adam öldürmə, 3 adam oğurluğu, 1 banditizm, hərəsi 35 fakt olmaqla quldurluqsoyğunçuluq törətmiş 383 nəfəri birləşdirən 110 mütəşəkkil qrup və dəstə zərərsizləşdirilmişdir.

Əllərdə qanunsuz saxlanılan 664 odlu silah və 50 minə yaxın patron götürülmüş, bu növ cinayətlərə görə 38 nəfər məsuliyyətə cəlb olunmuşdur.

İnsan həyat və sağlamlığına ziyan vuran saxtalaşdırılmış və kontrafakt məhsulların istehsalı və dövriyyəsi sahəsində qanunla müəyyən edilmiş vəzifələrin məqsədyönlü təşkili də nəzarətdə saxlanılmış, qeyri-leqal dövriyyədən ümumi məbləği 303 min manat təşkil edən 4011 ədəd saxta əskinas çıxarılmış, habelə istehlakçıları aldatmaya pis keyfiyyətli məhsul istehsal etmə və satma ilə əlaqədar 11 cinayət müəyyən edilərək, 57 tondan çox istifadə müddəti ötmüş müxtəlif ərzaq məhsulları, saxta tikinti materialları, 1200 ədəd kontrafakt içki çıxarılmış, 4 gizli istehsal müəssisəsi aşkar edilmişdir.

Transmilli mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizə də səmərəli nəticələr verməklə 115 nəfərdən ibarət 36 cinayətkar qrup və dəstə zərərsizləşdirilmiş, qanunsuz dövriyyədən 317 kiloqramdan çox narkotik vasitə çıxarılmış, 63,5 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınmışdır.

Həyata keçirilən əməliyyat-profilaktiki tədbirlərlə ümumi çəkisi 214 ton olan narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilmişdir. İnsan alverinin qarşısının alınması və aradan qaldırılması ilə bağlı görülmüş qabaqlayıcı tədbirlərlə 57 cinayət faktı aşkarlanaraq 21 nəfər məsuliyyətə cəlb olunmuş, bu hüquqazidd əməllərin qurbanı olan 27 şəxs müəyyən edilmişdir.

Respublikada ekoloji vəziyyətin yaxşılaşdırılması ilə bağlı dövlət başçısının qarşıya qoyduğu vəzifələrin icrası üzrə həyata keçirilən məqsədyönlü tədbirlərlə ekoloji cinayətlər törətmiş 112 nəfər məsuliyyətə cəlb olunmuş, habelə 545 şəxs haqqında qanunvericiliyə uyğun inzibati tədbirlər görülmüşdür.

Cinayətlərin profilaktikasında, hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsində müasir informasiya texnologiyalarının tətbiqi və yeni sistemlərin istifadəsi öz müsbət nəticələrini daha aydın büruzə vermişdir.

Hesabat dövründə "102" xidmətinə daxil olmuş məlumatlar əsasında keçirilən operativ tədbirlərlə bütövlükdə 60 cinayət hadisəsi açılmış, habelə məişət zəminində baş vermiş 788 hüquqpozmanın qarşısı alınmışdır. Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin təmin edilməsində səmərəli rol oynayan "Təhlükəsiz şəhər" xidməti tərəfindən videomüşahidə sistemlərinin tətbiqi ilə 16 cinayətin üstü açılmış, 972 yol-nəqliyyat qəzası, o cümlədən vətəndaşların xəsarətlənməsi ilə nəticələnən 23 analoji hadisə müəyyən edilmişdir. Yol hərəkəti qaydaları əleyhinə olan 16 mindən çox inzibati xəta aşkarlanmışdır.

Fəaliyyətin əsas istiqamətlərindən olan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində müasir texnologiyaların, fotovideo vasitələrin tətbiqi, habelə hərəkət iştirakçılarının inzibati məsuliyyətinin sərtləşdirilməsi hadisələrin qarşısının alınmasına öz müsbət təsirini göstərmişdir. Cari ilin 6 ayında yol-nəqliyyat hadisələrinin sayı 3,5 faiz, qəzalarda xəsarət alanların sayı 5,5 faiz azalmışdır. Sürücülərin yol hərəkəti qaydalarını kobud şəkildə pozmalarından irəli gələn hadisələr 28,9 faiz, o cümlədən sürət həddinin aşılması nəticəsində baş verənlər 7,2 faiz, ötmə qaydalarının pozulması və qarşıdan gələn nəqliyyatın yoluna çıxma ilə əlaqədar olanlar 12,1 faiz, avtomobilin sərxoş vəziyyətdə idarə edilməsi səbəbindən törədilənlər 50 faiz, piyadaların vurulması ilə bağlı hadisələr 1,7 faiz azalmışdır. Yol hərəkətinə nəzarət prosesində 417 min 639 qayda pozuntusu aşkarlanmışdır ki, bu da 2009-cu illə müqayisədə 9,5 faiz çoxdur. Müvafiq inzibati xətalara görə 45 min 715 sürücü yerində cərimələnmiş, 1400 nəfərin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmışdır. Avtoxuliqanlıq etdiyinə görə 408 sürücü barəsində qanunla müəyyən edilmiş ölçülər götürülmüşdür.

Vətəndaşlara şəxsiyyəti təsdiq edən sənədlərin verilməsi sahəsində məqsədyönlü şəkildə həyata keçirilən tədbirlərlə cari ilin altı ayında respublika üzrə 228 min 211 nəfər ümumvətəndaş pasportu, 481 min 205 nəfər şəxsiyyət vəsiqəsi ilə təmin edilmiş, yaşayış yeri üzrə qeydiyyat qaydalarının pozulmasına görə 14 min 966 nəfər haqqında inzibati tədbirlər görülmüşdür. Ölkədə yaşamaq icazəsi və ya müvafiq qeydiyyatı olmayan 1440 əcnəbi deportasiya edilmişdir.

Müxtəlif inzibati xətalara görə bütövlükdə 471 min 158 şəxs haqqında protokol tərtib olunaraq 411 min 452-si cərimələnmiş, 1355 nəfər inzibati qaydada həbs edilmişdir. Ölkənin müxtəlif yerlərində keçirilən 127 kütləvi tədbirə cəlb olunmuş daxili işlər orqanları əməkdaşları tərəfindən ictimai qayda yüksək səviyyədə qorunmuşdur.

Nazirliyin Daxili Qoşunlarında da fəaliyyətin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi ilə bağlı görülən işlər müvəffəqiyyətlə davam etdirilmiş, qarşıya qoyulmuş bütün döyüş tapşırıqları, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əmr və göstərişləri tam yerinə yetirilmişdir.

Müzakirələrdə çıxış edənlər görülmüş işlər, fəaliyyətdə mövcud olan nöqsanlar, onların aradan qaldırılması ilə bağlı həyata keçirilən tədbirlər barədə ətraflı məruzə etmişlər.

Kollegiya iclasına yekun vuran nazir general-polkovnik Ramil Usubov hesabat dövründə daxili işlər orqanlarının əməliyyat-xidməti fəaliyyətini bütövlükdə müsbət qiymətləndirmiş, eyni zamanda ayrı-ayrı xidmət sahələrinin və ərazi orqanlarının işində nəzərəçarpan nöqsan və çatışmazlıqların aradan qaldırılması yollarına dair zəruri tapşırıqlar vermişdir.

Çıxışında respublikada gedən sürətli iqtisadi inkişafın fəaliyyətə şəffaflıq və sosialyönümlülük verilməsinə, vətəndaş cəmiyyəti ilə qarşılıqlı əlaqələrin güclənməsinə müsbət təsir göstərdiyini bildirən nazir ölkənin tərəqqisinin və qüdrətlənməsinin əsas təminatlarından olan ictimai asayişin, insan hüquq və azadlıqlarının qorunmasının daha böyük əzm və fədakarlıqla davam etdirilməsinin başlıca vəzifələr olduğunu vurğulamışdır. Bununla bərabər, cinayətlərin profilaktikasının, o cümlədən digər hüquq-mühafizə orqanları və ictimaiyyət ilə qarşılıqlı əlaqədə hüquqi maarifləndirmə və izahat işlərinin daha məqsədyönlü və konkret aparılmasının vacibliyinə də toxunan nazir orqan və hissələr qarşısında bir sıra əlavə vəzifələr müəyyən etmişdir. Şəxsi heyətin xidməti hazırlığının təşkili işinin müasir tələblər səviyyəsində qurulmasında böyük rolu olan yeni istifadəyə verilmiş "Virtual təhsil mərkəzi"nin, atıcılıq tirlərinin imkanlarından səmərəli istifadə edilməsinin, nəzəri və praktiki təlimlərin sayının artırılmasının əhəmiyyətini də diqqətə çatdırmışdır.

General-polkovnik Ramil Usubov daxili işlər orqanlarının normal fəaliyyət göstərməsi üçün Prezident İlham Əliyev tərəfindən bütün lazımi şəraitin yaradıldığını, şəxsi heyətin böyük dövlət qayğısı ilə əhatə olunduğunubu ali diqqətə cavab olaraq hər bir əməkdaşın üzərinə düşən vəzifələri gələcəkdə də layiqincə yerinə yetirməsinin, xalqa və dövlətə sədaqətlə xidmət etməyin başlıca vəzifələr olduğunu, əldə edilmiş uğurların inkişaf etdirilməsinin zəruriliyini bildirmişdir.

Daxili işlər naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevi və xalqımızı əmin etmişdir ki, şəxsi heyət dövlətin hüquqi əsaslarının, insanların həyatının, sağlamlığının, qanuni mənafelərinin daha etibarlı qorunması üçün bundan sonra da əzmlə çalışaraq ölkənin inkişafının və qüdrətlənməsinin başlıca təminatlarından olan ictimai asayişin, sabitliyindaxili təhlükəsizliyin keşiyində sayıqlıqla dayanacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 30 iyul.- S.  6.