Yüksək səviyyəli elmi
tibbi kadrlar hazırlayan təhsil ocağı
Azərbaycan Tibb Universitetinin
(ATU) təşkil edilməsindən 80 il
keçir. Əsası 1919-cu ildə qoyulmuş Bakı
Dövlət Universitetinin tibb fakültəsinin varisi olan ATU
ötən illər ərzində Azərbaycanda ali tibb təhsilinin və tibb sahəsində
aparılan elmi tədqiqatların əsl mərkəzi
olmuşdur. Bu əlamətdar yubiley ilində
universitetin keçdiyi şərəfli inkişaf yoluna bir
daha nəzər salmaq hər bir azərbaycanlı tibb mütəxəssisinə
və səhiyyə işçisinə əvəzedilməz
qürur hissi bəxş edir.
Mövcud
olduğu illər ərzində ATU ölkəmiz
üçün yüksəkixtisaslı həkimlərin
hazırlanması ilə bərabər, tibb mütəxəssislərinin
- elmi-pedaqoji kadrların yetişdirilməsi işinə də
böyük diqqət vermişdir. Aydındır ki,
savadlı elmi-pedaqoji kadrlar olmadan səriştəli həkim
hazırlanması mümkün deyil.
Bakı Dövlət Universitetinin fəaliyyətə başladığı dövrə qədər Azərbaycanda tibb sahəsində elmi-tədqiqat işləri aparmaq üçün heç bir şərait yox idi. 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Kabinetinin təşəbbüsü ilə Bakıda təşkil edilmiş universitet Azərbaycanın ilk ali təhsil ocağı idi. Yaradıldığı il iki fakültədən (tibb və tarix-filologiya fakültələri) ibarət olan BDU-nun əsas özəyini tibb fakültəsi təşkil edirdi; universitetin ilk rektoru vəzifəsini də məhz tibb mütəxəssisi - I Dünya müharibəsi illərində Qafqaz Ordusunun baş cərrahı işləmiş, 1918-ci ildə Tbilisidə təşkil edillən Zaqafqaziya Universitetinin rektoru olmuş professor V.İ.Razumovski daşıyırdı. 1930-cu ildə BDU-nun tibb fakültəsinin bazası əsasında Azərbaycan Dövlət Tibb İnstitutu təşkil edildi (1991-ci ildən Azərbaycan Tibb Universiteti adlanır).
BDU-nun tibb fakültəsində işə cəlb edilən kadrların əksəriyyəti keçmiş Rusiya imperiyasının müxtəlif şəhərlərindən dəvət edilmişdi və onlar öz dövrünün məşhur tibb alimləri idi. Lakin aralarında əvvəllər Bakıda yaşayan həkimlər də var idi.
1920-ci ildə BDU-nun tibb fakültəsinin professor-müəllim heyətinə daxil olan 41 nəfərdən 12 nəfəri professor, 2-si dosent, 27 nəfəri isə assistent kimi çalışırdı. O zaman fakültədə azərbaycanlı yox idi. Yalnız 1921-1922-ci illərdə tibb fakültəsinə ilk azərbaycanlı həkimlər - sonralar Azərbaycanın tibb elminin inkişafında böyük xidmətləri olmuş və akademik adı almış cərrahlar - M.A.Topçubaşov və M.M.Mirqasımov qəbul edildilər.
Universitetin fəaliyyətə başladığı vaxtdan etibarən buraya qəbul edilən tələbələrin sayı ildən-ilə artırılırdı. Buna görə təhsil ocağında elmi-pedaqoji kadrların sayının da artırılmasına böyük tələbat var idi. Aydındır ki, elmi işçilərin yetişdirilməsi ilk növbədə elmi tədqiqatların aparılması ilə bağlıdır. Bu isə müvafiq baza və maddi-texniki təchizat tələb edirdi. Lakin çar hakimiyyəti illərində Azərbaycanda belə şərait yaradılmamışdı. Bakıya gələnə qədər Yuryev Universitetinin professoru vəzifəsində işləmiş BDU-nun tibb fakültəsinin ilk dekanı İ.İ.Şirokoqorov (o, sonralar müəyyən müddət BDU-nun rektoru vəzifəsində çalışmış, Patoloji anatomiya kafedrasının ilk müdiri olmuş, Azərbaycan SSR EA-nın ilk həqiqi üzvlərindən biri seçilmişdir) bunu nəzərə alaraq yazırdı: "Fakültə (BDU-nun tibb fakültəsi), adətən, köhnə Rusiyanın qədim universitetlərinin, xüsusən də tibb fakültələrinin açıldığı dövrdə onların sərəncamına verilən yardımçı müəssisələrə, onları həvəslə qəbul edən, onlar üçün özək funksiyası daşıyan yaxşı təşkil edilmiş xəstəxanalara, institutlara və digər elmi-praktik müəssisələrə malik deyildi. Bakıda bunlara bənzəyən heç nə yox idi. Tipik nümunəsi Mixaylovski xəstəxanası (indi burada M.Hacıqasımov adına Doğum Evi yerləşir) olan tibb müəssisələri burada işləyən və sonralar bir çoxu tibb fakültəsinin müəllim heyətinə qəbul edilən həkimlərin yüksək peşəkarlıq səviyyəsinə malik olduqlarına baxmayaraq, avadanlığına və xüsusən binalarına görə klinik fənlərin tədrisinə uyğun gəlmirdi. Bu qəbildən olan müəssisələr, əlbəttə ki, tibb fakültəsi üçün baza olmağa layiq deyildi; Bakıda ümumiyyətlə heç bir elmi-praktik müəssisə yox idi".
Bu cür şəraitsizliyə baxmayaraq, BDU-nun tibb fakültəsinin professor-müəllim heyəti universitetin Nizamnaməsinin tələblərinə səylə əməl etmiş, pedaqoji sahə ilə bərabər, elmi-tədqiqat sahəsində də böyük fəallıq göstərmişdir.
Ədalət naminə demək lazımdır ki, çar hakimiyyəti illərində Bakı şəhərində belə acınacaqlı şəraitdə də müəyyən elmi-tədqiqat işləri aparılırdı. 1894-cü ildə təsis edilən Bakı Həkimlər Cəmiyyəti XIX əsrin sonu və XX əsrin əvvəllərində tibb sahəsində elmi tədqiqatların koordinatoru funksiyasını yerinə yetirirdi. Təkcə 1905-1911-ci illərdə bu cəmiyyətin 138 iclası keçirilmiş, həmin iclaslarda 347 məruzə dinlənilmiş və onlardan 237-si cəmiyyətin "Əsərləri"ndə dərc edilmişdi. Bakı Dövlət Universiteti təşkil edilərkən bu cəmiyyətin ən fəal üzvlərindən B.K.Finkelşteyn (cərrah), Y.K.Varşavski (oftalmoloq), M.S.Milman (morfoloq) və başqaları tibb fakültəsində işə cəlb edildilər. Sonralar bu həkimlər doktorluq dissertasiyaları müdafiə edərək ADTİ-də professor vəzifəsində çalışdılar və müvafiq kafedralara rəhbərlik edərək öz elmi məktəblərini yaratdılar. BDU-nun tibb fakültəsinin mövcud olduğu ilk 3 il ərzində burada 27 kafedra təşkil edildi. Universitetin fəaliyyətə başladığı ilk ildə burada I kursdan əlavə II və III kurslarda da tədris aparılırdı. Yuxarı kurslara, əsasən, o vaxt fəaliyyətini dayandırmış Zaqafqaziya Universitetinin tələbələri və Rusiyanın müxtəlif şəhərlərinin universitetlərində ilk kurslar üzrə dərsləri keçmiş yerli gənclər qəbul edilmişdi. Bunun sayəsində artıq 1922-ci ildə təhsil ocağının ilk buraxılışı oldu. Həmin ildə tibb fakültəsini bitirib həkim diplomu alan 30 tələbə arasında 3 azərbaycanlı gənc var idi: H.Əlibəyov, Aliyə Şahtaxtinskaya və Ceyran xanım Sultanova.
Laboratoriya avadanlıqlarının azlığı və klinik bazalardakı şəraitsizlik elmi-tədqiqat işlərinin aparılmasına əngəl törətsə də, fakültə mövcudluğunun ilk günlərindən tədrislə bərabər, elmi-tədqiqat işlərini aparırdı. Nəticədə elə tibb fakültəsinin ilk buraxılışının keçirildiyi 1922-ci ildə ilk dəfə doktorluq dissertasiyasının müdafiəsi də baş tutdu. Mövzusu "Malyariya psixozları" olan bu dissertasiyanın müəllifi Sinir və ruhi xəstəliklər kafedrasının assistenti, məşhur tibb alimi S.M.Davidenkonun tələbəsi A.A.Perelman idi. Sonralar o, tibb fakültəsinin Psixiatriya kafedrasının müdiri vəzifəsinə seçildi.
1922-ci ildən başlayaraq tibb fakültəsinin mövcud olduğu 1930-cu ilə kimi burada 27 doktorluq dissertasiyası müdafiə edildi. Həmin dissertasiyalardan 7-sinin müəllifi azərbaycanlı həkimlər idi: M.Mirqasımov - "Azərbaycanda sidik daşı xəstəliyinin öyrənilməsi üzrə materiallar", 1927-ci il; M.Sultanov - "Cüzam xəstəliyi zamanı törənən histoloji dəyişikliklərin və lepromanın histogenezi haqqında təlim", 1927-ci il; S.Vəlixan - "Travmatik endoftalmitin patoloji anatomiyasına dair materiallar", 1928-ci il; X.Cəfərov - "İnsan dərisinin fizioloji və patoloji piqmentasiyası", 1929-cu il; İ.İsmayılzadə - "Neft məhsullarının onkogen təsiri məsələsinə dair", 1929-cu il; R.Ağabəyov - "Xayaların transplantasiyası probleminə dair", 1930-cu il; Ç.İldırım - "Azərbaycanda dermatomikozlar, onların törədicilərinin kultivasiya və tədqiqat metodları", 1930-cu il.
1928-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş oftalmoloq Sona xanım Vəlixanın adı ölkəmizin elm və mədəniyyət tarixinə ilk azərbaycanlı qadın elmlər doktoru kimi daxil olmuşdur. ADTİ-nin təsis edildiyi ilk ildə burada doktorluq dissertasiyası müdafiə etmiş mama-ginekoloq Aliyə xanım Şahtaxtinskaya isə ali təhsilini məhz Azərbaycanda almış ilk elmlər doktorudur.
Keçən əsrin 20-ci illərindən Azərbaycanda fəaliyyət göstərən tibb alimlərinin bir sıra elmi tədqiqatları orijinallığına və nəticələrinin elmi-praktik əhəmiyyətinə görə, keçmiş SSRİ-də və bütün dünyada böyük maraqla qarşılanırdı. Məsələn, 1922-ci ildə ADU-nun əməkdaşı P.F.Zdradovski ilk dəfə olaraq insanların da brussellyoza tutulduğunu (yəni bu xəstəliyin antropozoonozlar qrupuna daxil olduğunu) sübut etmişdir (qeyd edək ki, professor P.Zdradovski sonralar SSRİ TEA-nın akademiki seçilmiş, Azərbaycan SSR EA-nın yaradıldığı dövrdə ilk seçilən 15 həqiqi üzvdən biri olmuş, elmi-tədqiqat işi sahəsindəki uğurlarına görə keçmiş İttifaqın ən yüksək mükafatları olan Lenin və Dövlət mükafatları ilə təltif edilmişdir). P.F.Zdradovskinin kəşfi o dövrün təbabəti üçün çox böyük əhəmiyyətə malik idi, çünki həmin vaxta qədər insan brussellyozu malyariya, revmatizm, poliartrit kimi yanlış diaqnozlarla müalicə edilir və buna görə də xəstələrin tam sağalmamasına səbəb olurdu. Bundan əlavə, professor 1924-cü ildə laboratoriya üsulu ilə difteriya əleyhinə anatoksin əldə etməyə məvəffəq olmuşdu (analoji müalicə vasitəsini ondan yalnız bir il əvvəl Fransa tədqiqatçısı Ramon əldə etmişdir). Bu kəşf sayəsində tezliklə Azərbaycanda difteriya anatoksininin geniş tətbiqinə başlanılmışdı.
1923-cü ildə BDU-nun əməkdaşı - cərrah B.K.Finkelşteyn keçmiş SSRİ-də ilk dəfə olaraq öd yolları fassiolozunun klinik təsvirini vermişdir. Təhsil ocağının cərrahi klinikasının əməkdaşı D.B.Belenki 1925-ci ildə BDU-nun fiziologiya kafedrasında qanköçürmə probleminin eksperimental tədqiqinə başlamışdır. 1927-ci ildə isə Azərbaycanda ilk dəfə olaraq klinik şəraitdə insana konservləşdirilmiş donor qanı köçürülmüşdür.
BDU-nun tibb fakültəsinin fəaliyyətdə olduğu illər ərzində (1930-cu ilə qədər) buranı 1431 nəfər (782 kişi və 649 qadın) bitirərək həkim diplomu almışdır. Onlardan cəmi 320 nəfəri (253 kişi, 67 qadın) azərbaycanlı idi. 10 il ərzində burada çalışan azsaylı tibb alimləri kollektivinin səyi və məhsuldar fəaliyyəti sayəsində tədris işlərini apara biləcək kadrlar yetişdirildi və bu, respublikanın rayonlarından olan gənclərin ali tibb təhsili almasına şərait yaratdı.
BDU-nun tibb fakültəsində oxuyaraq əmək fəaliyyətini burada və onun əsasında yaradılmış Tibb İnstitutunda davam etdirmiş azərbaycanlı alimlərdən sonralar respublika EA-nın akademikləri səviyyəsinə qədər yüksəlmiş C.Y.Hüseynovu, M.M.Nəzirovu, C.M.Abdullayevi, Z.M.Məmmədovu, Azərbaycan EA-nın müxbir üvləri olmuş Ə.S.Həsənovu, F.Ə.Əfəndiyevi, eləcə də professorlar - əməkdar elm xadimləri Ə.M.Əliyevi, H.K.Əliyevi, B.M.Mahmudbəyovu, Ə.Q.Əlibəylini, M.M.Hüseynovu, Ə.Ə.İsmayılovu, M.M.Mirsəlimovu, K.Ə.Balakişiyevi, G.H.Qurbanovu, A.X.Talışinskini, M.B.Abıyevi, İ.M.Orucovu, B.Ə.Eyvazovu, X.D.Cəfərovu, İ.Ə.Axundovu, Ş.M.Həsənovu, H.B.Abdullabəyovu və bir çox başqalarını göstərmək olar. Onlar böyük ruh yüksəkliyi ilə Azərbaycan dilində dərslər aparmağı öz öhdələrinə götürdülər, milli dilimizdə yeni dərsliklər və dərs vəsaitləri tərtib etməklə və tibbi terminologiya yaratmaqla tibb təhsilinin inkişafına öz töhfələrini verdilər.
1930-cu ildə Azərbaycan SSR XKS-in qərarına əsasən, ADU-nun tibb fakültəsinin bazasında müstəqil ali məktəb - Azərbaycan Dövlət Tibb İnstitutu (bu institut 1957-2000-ci illərdə N.Nərimanovun adını daşımış, 1991-ci ildə universitet statusunu alaraq Azərbaycan Tibb Universiteti adlandırılmışdır) təşkil edildi. Bu qərarda ADTİ-nin Xalq Səhiyyə Komissarlığının tabeçiliyinə keçirilməsi, həmçinin burada dərslərin Azərbaycan və rus dillərində tədrisi nəzərdə tutulurdu. ADTİ-nin təşkil edildiyi ilk ildə burada 3 fakültə - müalicə-profilaktika, sanitariya-gigiyena, ana və uşaq mühafizəsi fakültələri fəaliyyət göstərirdi. 1931-1932-ci illərdə Azərbaycan XKS-in qərarı ilə 1925-ci ildən Bakıda Diş Həkimləri İnstitutu ADTİ ilə birləşdirilərək, onun stomatologiya fakültəsinə çevrildi; ana və uşaq mühafizəsi fakültəsi isə 1934-cü ildən "pediatriya fakültəsi" adı aldı. 1937-ci ildə görkəmli tibb alimi və ictimai siyasi xadim Əziz Məmmədkərim oğlu Əliyevin təşəbbüsü ilə yaradılmış Əczaçılıq İnstitutu 1941-ci ildə əczaçılıq fakültəsi şəklində ADTİ-nin tabeliyinə keçirildi.
ADTİ-nin təşkil edilməsi respublika üçün təkcə həkim hazırlığı işində deyil, həm də tibbi tədqiqatların aparılması və tibb alimlərinin yetişdirilməsi sahəsində əsaslı dönüş yaratdı. Bu dövrdən etibarən institutda tələbə qəbulunun artırılması ilə yanaşı, yeni kafedraların açılmasına və tədris-klinik bazaların yaradılmasına başlanıldı. 1933-cü ildə ADTİ-nin o vaxtkı rektoru, əməkdar elm xadimi Ə.M.Əliyev institutun tələbələri üçün tibb şəhərciyi yaratmağı təklif etdi. Bu təşəbbüs respublikanın rəhbərliyi tərəfindən dəstəkləndi və tezliklə Semaşko adına xəstəxananın (indiki Klinik Tibbi Mərkəz) yaxınlığında iki əzəmətli yataqxana korpusu inşa edildi. Sonrakı illər ərzində tibb şəhərciyi daha da genişləndirildi; indi bu ərazidə ADTİ-nin 5 tədris korpusu, çoxsaylı yataqxana binaları, əsas klinik kafedraların yer aldığı Klinik Tibbi Mərkəz, universitetin onkoloji mərkəzi və idman sarayı yerləşir. Eyni zamanda, bu ərazidə ATU-nun terapevtik və cərrahi klinikaları üçün binalar tikilməkdədir və onlardan birincisinin işə başlaması cari ilə planlaşdırılmışdır.
Azərbaycan Dövlət Universitetinin tibb fakültəsinin fəaliyyətdə olduğu on il ərzində burada cəmi 1472 həkim hazırlandığı halda, 1931-1940-cı illərdə ADTİ-ni 2267 nəfər bitirərək həkim diplomu almışdır. Bu illər ərzində tibb elmləri sahəsində alimlik dərəcəsi alanların sayında da əsaslı artım olmuşdur: BDU-nun tibb fakültəsində 10 il ərzində 27 dissertasiya müdafiə edildiyi halda, ADTİ-nin fəaliyyətinin ilk 10 ilində (1931-1940) 51 doktorluq və 53 namizədlik dissertasiyası (cəmi 104) müdafiə edilmişdir; doktorluq dissertasiyası müdafiə edən 51 nəfərdən 30 nəfəri, elmlər namizədi alimlik dərəcəsi alanlardan isə 34 nəfəri (cəmi 64 nəfər) azərbaycanlı mütəxəssislər idi.
1936-cı ildə Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığına təqdim edilən məlumatda maraqlı faktlara rast gəlinir: əgər 1920-1921-ci tədris ilində tibb fakültəsinin elmi-pedaqoji kollektivinin heyətində cəmi iki nəfər azərbaycanlı var idisə, 1935-ci ildə ADTİ-də azərbaycanlılardan ibarət 7 professor, 34 dosent və 148 müəllim işləyirdi. 1922-ci ildə tibb fakültəsində ilk diplom alan 30 məzundan yalnız 3 nəfəri azərbaycanlı olduğu halda, 1935-ci ildə ADTİ-ni bitirmiş 317 həkimdən 200 nəfəri yerli xalqın nümayəndələri idi.
ADTİ-də aparılan elmi-tədqiqat işlərinin əksəriyyəti aktuallığına və elmi yeniliyinə görə diqqəti cəlb edirdi. Təkcə onu göstərmək kifayətdir ki, gənc tədqiqatçıların 1937-ci ildə keçirilmiş Ümumittifaq müsabiqəsində ADTİ-nin əməkdaşlarından 21 nəfər iştirak etmiş və onlardan 8 nəfərinin (Əziz Əliyev, A.Həsənov, S.Məmmədzadə, Novruzova, Kovşar və s.) elmi işi mükafata layiq görülmüşdür.
Növbəti onillikdə (1941-1950) ADTİ-də həkim kadrların hazırlanması işi əsaslı surətdə artırılsa da, elmi tədqiqatların intensivliyi azalmış və bu da müdafiə edilən dissertasiyaların sayında öz əksini tapmışdı. Əsas səbəb İkinci dünya müharibəsi və müharibədən sonrakı bərpa dövründə diqqətin ordunun tələbatının ödənilməsinə yönəldilməsi ilə əlaqədar idi. Həmin illər ərzində institutun elmi-pedaqoji kollektivinin üzvlərindən 6 nəfər doktorluq, 64 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir (cəmi 70 nəfər).
1951-1960-cı illərdə tibb institutunun əməkdaşları arasından dissertasiya işi müdafiə edənlərin sayı 219 nəfər olmuşdur. 22 nəfər elmlər doktoru, 197 nəfər elmlər namizədi hazırlanmışdır. 1961-1970-ci illərdə isə institutun əməkdaşlarından 249 nəfər alimlik dərəcəsi almışdır (66 nəfər elmlər doktoru, 183 nəfər elmlər namizədi).
Ümumiyyətlə, 1931-1970-ci illərdə ADTİ-də 172 elmlər doktoru və 497 elmlər namizədi hazırlanmışdır. Elmlər doktoru adı alan 172 nəfərdən 118-i, elmlər namizədi alimlik dərəcəsinə layiq görülən 497 nəfərdən isə 364 nəfəri azərbaycanlı idi.
Ötən əsrin 70-ci illərində respublika səhiyyəsinin tələbatı nəzərə alınaraq ADTİ-nin tələbə qəbulu üzrə planı xeyli artırılmışdır. Bununla əlaqədar, institutda bəzi kafedraların tədris yükü də yüksəlmiş, bir sıra fənlər üzrə əlavə kafedralar təşkil edilmişdi. Təbii ki, bütün bunlar institutda elmi-pedaqoji kadrların da sürətli artımına tələbat yaratmışdı. Lakin bu dövrdə institutda elmlər namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya müdafiə edənlərin sayı kifayət qədər çox olsa da, elmlər doktoru və professor adına malik mütəxəssislərin azlığı hiss edilirdi. Bu, bir tərəfdən də onunla əlaqədar idi ki, uzun illər ərzində keçmiş SSRİ-də səhiyyə sistemi "qalıq prinsipi" üzrə maliyyələşdirildiyindən, respublikanın tibb müəssisələrinin müasir tibb avadanlıqları və cihazları ilə təminatında geriləmə var idi. Əldə olan avadanlıqlar isə dövrün tələbatını ödəmədiyindən onların köməyi ilə aktual elmi tədqiqatlar aparılması çətin idi. Digər tərəfdən, 70-ci illərin ortalarında SSRİ Ali Attestasiya Komissiyası Azərbaycan Respublikasına qarşı qərəzli mövqe tutaraq, tibb ixtisasları üzrə Bakıda fəaliyyət göstərən dissertasiya şuralarının fəaliyyətinin dayandırılmasına qərar vermişdi. Bu şəraitdə Azərbaycanda yerinə yetirilən dissertasiya işlərinin müəllifləri müdafiə etmək üçün SSRİ-nin mərkəzi şəhərlərinə aylarla gedib-gəlməli olur, bəziləri ruhdan düşərək işlərini müdafiəyə təqdim etmirdi. Bundan əlavə, respublikanın ölkə patologiyasına və yerli amillərin müalicəvi təsirinin öyrənilməsinə həsr edilmiş tədqiqat işləri Rusiyanın elmi mərkəzlərində fəaliyyət göstərən dissertasiya şuralarına çox da həvəslə qəbul edilmirdi. Məlumat üçün qeyd edək ki, ümumdünya şöhrəti qazanmış müalicə vasitəsi olan Naftalan neftinin təsir mexanizminə həsr edilmiş dissertasiya işlərindən imtina edilməsi nəticəsində uzun illər bu problem üzrə bir dissertasiya belə müdafiə edilməmişdi.
80-ci illərdə respublikaya rəhbərlik edən ulu öndər Heydər Əliyevin elm və səhiyyəyə göstərdiyi qayğı nəticəsində problemlər tədricən aradan qaldırılmışdı. Həmin dövrdə ümummilli lider Heydər Əliyevin göstərişi ilə bir qrup perspektivli gənc elmlər namizədləri seçilərək SSRİ-nin mərkəzi elmi-tədqiqat institutlarına ezam edilmişdi. Onların arasında ATU-da professor və kafedra müdiri vəzifəsində çalışan, öz elmi məktəblərini yaradaraq elmi-pedaqoji sahədə səmərəli fəaliyyət göstərən akademik Ə.T.Əmiraslanov, əməkdar elm xadimləri R.M.Məmmədhəsənov, M.Y.Nəsirov, Ş.İ.Mahalov, V.B.Şadlinski, S.K.Musayev, N.C.Quliyev, Ə.A.Hidayətov, Azərbaycan Respublikasının əməkdar həkimləri Ə.M.Talışinski, C.T.Məmmədov, E.K.Qasımov, İ.M.İsayev, S.N.Musayev, Ç.A.Paşayev, N.Ə.Tağıyev, Ç.M.Cəfərov, E.E.Kərimov, respublikanın əməkdar müəllimləri S.C.Əliyev, F.İ.Cəfərov, professorlar A.M.Əfəndiyev, A.B.Baxşəliyev, L.A.Məmmədov, E.K.Qasımov, M.M.Qəniyev və başqaları olmuşlar.
Eyni zamanda, bütün çətinliklərə baxmayaraq, bir sıra əməkdaşlarımız yerli şəraitdə də elmi tədqiqatlarını davam etdirirdilər. Məsələn, ADTİ-nin Mərkəzi Elmi-Tədqiqat Laboratoriyasında SSRİ-də birincilər sırasında aorta-koronar şuntlama əməliyyatlarının eksperimental əsaslandırılması üzrə tədqiqat işi aparılırdı (Q.Ş.Qarayev və b.). Bu dövrdə universitetin əməkdaşları keçmiş İttifaqın və xarici ölkə alimlərinin dərin marağına səbəb olan bir sıra elmi-tədqiqat işləri aparmışlar. Məsələn, hazırda ATU-nun rektoru vəzifəsində çalışan akademik Əhliman Əmiraslanovun sümük şişlərinin müalicəsi probleminə dair elmi araşdırmaları SSRİ-nin ən yüksək mükafatlarından biri olan Dövlət mükafatına layiq görülmüşdü. Universitetin əməkdaşlarından professor P.İ.Musayevin oftalmologiya sahəsində, aramızdan vaxtsız getmiş mərhum professor M.N.Əliyevin sinir sisteminin patofiziologiyası sahəsində elmi işləri SSRİ-nin Lenin Komsomolu mükafatına layiq görülmüşdü.
Bütün bunlar nəzərə alınaraq, Azərbaycan Dövlət Tibb İnstitutu 1980-ci ildə səhiyyə, tibb elmi və tibb kadrlarının hazırlanması sahəsindəki xidmətlərinə görə SSRİ-nin "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif edildi. Ötən əsrin 80-ci illərində gənc alimlərin yetişdirilməsinə dövlət qayğısı nəticəsində ADTİ-də elmi-pedaqoji kadrların hazırlanması işində əsaslı dönüş yaranmışdı. Məhz bunun sayəsində 1986-1990-cı illərdə universitetin əməkdaşlarından 40 nəfər doktorluq, 131 nəfər namizədlik dissertasiyası müdafiə etmişdir. 1991-2000-ci illərdə isə əməkdaşlardan elmlər doktoru adı alanların sayı 38 nəfər, elmlər namizədi adına layiq görülənlərin sayı isə 225 nəfər olmuşdur. 2001-ci ildən 2009-cu ilə qədər isə ATU-nun əməkdaşlarından 47 nəfər elmlər doktoru, 303 nəfər elmlər namizədi adı almaq üçün dissertasiya müdafiə etmişdir.
2010-cu ilin məlumatına əsasən, hazırda ATU-nun professor-müəllim heyətinin sayı 1150 nəfərə yaxındır. Onlar arasında Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının 3 nəfər həqiqi üzvü (Ə.T.Əmiraslanov, B.A.Ağayev, Ə.A.Namazova) və 4 müxbir üzvü (M.M.Əliyev, D.B.Tağıyev, S.B.İmamverdiyev, N.S.Məmmədov), RF TEA-nın 5 xarici həqiqi üzvü (Ə.T.Əmiraslanov, V.B.Şadlinski, N.M.Əliyev, V.F.Əsgərov, Y.C.Məmmədov), bir nəfər müxbir üzvü (Ə.Ə.Namazova), 25 əməkdar elm xadimi, 29 nəfər əməkdar həkim, 18 nəfər əməkdar müəllim, 4 fəxri bədən tərbiyəsi və idman işçisi, 2 nəfər əməkdar bədən tərbiyəsi və idman xadimi, 154 nəfər elmlər doktoru və 810 nəfər elmlər namizədi var. Universitetin əməkdaşlarından 110 nəfəri professor, 330 nəfəri dosentdir.
Hazırda Azərbaycan Tibb Universitetində əsasən ürək-damar patologiyası, onkologiya, hemofiliya, talassemiya, ana və uşaq mühafizəsi, yoluxucu xəstəliklər və digər problemlər üzrə elmi-tədqiqat işləri aparılır.
Bu gün universitetin kollektivi ölkəmiz üçün səciyyəvi olan xəstəlik və patoloji proseslərin müalicə və profilaktikası sahəsindəki tədqiqatların intensivliyini artırmağa daha böyük səy göstərir. Müstəqillik dövründə ölkə rəhbərliyinin səhiyyə və tibb elminə diqqət və qayğısı ATU-da yüksəkixtisaslı kadrlar hazırlanması prosesini daha da yaxşılaşdırır. Bu isə səhiyyəmizin gələcəyinin etibarlı əllərdə olacağını söyləməyə tam əsas verir.
Rafiq MƏMMƏDHƏSƏNOV,
Azərbaycan Tibb Universitetinin
prorektoru, Milli Məclisin
deputatı, əməkdar
elm xadimi, professor
Azərbaycan.- 2010.- 30
iyul.- S. 7.