"Kafir"
sözünün mənası nədir
Adətən, ədalətsiz qovğalarda, qeyri-bərabər döyüşlərdə, haqsızlıqlarda, talanlarda, müəyyən xoş olmayan məqamlarda zor işlədən tərəfi el arasında "kafir", "kafır", "kafur" adlandırıblar. Bəziləri elə düşünürlər ki, islam dininə etiqad etməyən şəxslər "kafir"dir. Hətta Azərbaycan dilinin izahlı lüğətlərində də "kafir" sözünün ənənəvi izahı belə verilib: "Müsəlman olmayan, başqa dinə mənsub olan, yaxud da islam dininə etiqad etməyən qeyri-müsəlmanlar". Bu izahın nə dərəcədə doğru olub-olmadığını müqəddəs kitabımızdan gətirdiyimiz nümunə ilə şərh edə bilərik.
"Şübhəsiz, imana gələnlər, yəhudilər, xristianlar və sabiilərdən Allaha, axirət gününə inananların, əməli-salehlərin əcirlərini Rəbləri verəcəkdir". Əgər məscidlər Allah evi sayılıbsa, ondan qat-qat əvvəl qurulmuş monastır, kilsə, sinaqor da Allah evidir. Heç ola bilməz ki, Tanrı tərəfindən bəndələrinə göndərilmiş dinlər arasında ayrı-seçkiliyin mövcudluğu barədə hansısa bir müqəddəs kitabda fikirlər olsun. Hətta Qurani-Kərimin bir surəsində deyilir: "Ey İsa, səni əcəlinə çatdırıram, Öz yanıma ucaldıram. Kafirlərdən təmizləyib səni pak edərəm, ardıcıllarını qiyamətə qədər kafirlərdən üstün tutaram". İsa ki xristiandır, islam dininə dəxli yoxdur. Bəs onda kafir kimdir?
"Kafir" sözünə yaxın kəlmədən biri "küfr"dür. Maraqlıdır ki, bu sözün izahlı lüğətlərdə mənası düzgün verilib. Birinci izahına görə, Allaha inamsızlıq, dinsizlik ifadə edir, ikinci mənasına görə söyüşdür.
Azərbaycan ədəbiyyatında sovet dövrünə kimi yaranan nümunələrdə "kafir" sözü müxtəlif mənalarda işlədilib. Xüsusilə, Mirzə Fətəli Axundovun, Nəcəf bəy Vəzirovun əsərlərində yaradılmış cahil obrazlar təhsil almış, savadlı, bilikli insanları "kafir" adlandırıblar. Yəni, bizdən olmayanlar. Milli teatrımızın yaradılması ərəfəsində mədəniyyət fədailərini "kafir" adlandıraraq qətlə yetirmədilərmi? Ölən də müsəlman idi, öldürən də! Məgər Hüseyn Ərəblinski müsəlman deyildi? Nadanlar onu evinin önündəcə öldürdülər. Sovet dövründə bu məsələyə başqa don geyindirərək bütün qüsurları, nadanlığı islamın adına bağlamağa çalışdılar. Məqsəd də bu dini gözdən salmaq idi.
Ötən əsrin əvvəllərində ermənilər tərəfindən törədilən iğtişaşlarda minlərlə türk qətlə yetirildi. O dövrdən bəhs edən bədii əsərlərdə, hətta sənədlərdə müsəlmanların kafirlər tərəfindən qətlə yetirildiyi bildirilir. Burada bəlkə də ilk baxışda elə düşünürlər ki, dini ayrı-seçkilikdən söz açılır. Əslində, həmin hadisələrdən bəhs edən məlumatlarda "kafir" sözü "qaniçən", "qəddar" mənasına daha çox yaxındır.
Sovet dövründə yaradılmış Azərbaycan dilinin izahlı lüğətlərində "kafir"in düzgün mənasının açılmaması bəlkə də quruluşun təzyiqindən olub. İslam dininə mənsub olmayanları əsassız yerə "kafir" adlandırıblar. "Kafir" və "küfr" sözlərinə yaxın ifadələrdən biri də "küfran"dı. Bu sözün mənası da izahlı lüğətlərdə "nankorluq", "yaxşılığı itirmək" kimi şərh edilib. Bu izahatda bir qədər aydınlıq duyulur. Əslində, sözlərin hər üçü eyni kökdən yaranıb və qohumdur. Deməli, "kafir"in dini, imanı, məzhəbi yoxdur. O, xristian da ola bilər, yəhudi də, elə müsəlman da... Əslində, "kafir" "iblis", "şeytan" sözlərinin sonrakı adlarıdır. İnsanın əlindən haqqını alan kəs dinindən asılı olmayaraq elə kafirdir. Durduğu yerdə günahsızı bəlaya salan elə kafirdir. Torpaq iddiasına düşüb 20 ildən artıq bir zaman kəsiyində millətimizə qarşı qəddarcasına analoqu olmayan vəhşiliklər törədən ermənilər kafirdirlər. Bəs müsəlman dininə etiqad edənlərin erməni dəyirmanına su tökməklərinə nə ad vermək olar?! Elə bu da kafirlikdir! Yaxud da əksinə. Müsəlman dininə mənsub olan PKK-çıların Türkiyədə törətdikləri qətllərin adı nədir? Kafirlik deyilmi? Əslində, kafirlik Allahsızlıqdır, dinsizlikdir, bəd əməllərin sahibi olmaqdır!
Deyirlər ki, cinayətkarın dini-imanı olmur. Bizcə,
elə onların qısa adı kafirdir!
Dinşünas-alim Nəriman
Qasımoğlu bildirir:
"Müqəddəs kitabımızda
"kafir"lərin adət
etdiyimizə uyğun birmənalı "elmi"
tərifi yoxdur. Quran məntiqinə görə,
bütpərəstliyin hər
hansı təzahürü
- istər bütlərə
birbaşa tapınmaq,
istər Allaha sadəcə inanmaqla bərabər ibadətləri
bütlərə həsr
eləmək, istərsə
də müqəddəs
kitablara tapınmaqla xurafat dolu beyinlə
Tanrıya nəyisə,
kimisə şərik
qoşmaq olsun - küfr əlamətidir".
Bir ağrılı cəhət
də var ki, həmişə müqəddəs kitablardan
kənara düşərək
özümüz də
qeyri-müsəlmanlara birmənalı
şəkildə "kafir"
deməklə küfrə
meyillənmiş oluruq. Halbuki Quranda tövsiyə olunub ki: "Bu ayələr bizə nazil edilənə qədər İbrahimə,
İsmailə, İshaqa,
Yaquba və onun törəmələrinə
göndərilənə, Musaya,
İsaya verilənə
və Rəbləri tərəfindən peyğəmbərlərə
verilənlərə inanmışıq".
Onları bir-birindən ayrı
tutmamışıq. Deməli, hər
bir varlığın
yiyəsi Allahdır.
Yəhudilərin, xristianların, müsəlmanların
ulu Tanrı qarşısında heç
bir fərqi yoxdur. Onlar Tanrı bəndələridirlər.
Bütövlükdə bəndələri
bu cür adlandırmaq elə Allah qarşısında da küfrdür!
Allah hər
kəsi kafirlərin küfründən qorusun!
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2010.- 30
iyul.- S. 8.