Azərbaycan investisiyalar üçün əlverişli məkana çevrilib

 

Respublikamıza "Fitch" beynəlxalq reytinq agentliyi tərəfindən investisiya səviyyəli reytinqin verilməsi bunu bir daha təsdiqləyir

 

Son illər idarəçilikdə formalaşmış müsbət ənənələrdən biri odur ki, hökumətin fəaliyyəti hər rüb üzrə adekvat dəyərləndirilir, hər bir mərhələdə görülən işlərlə bağlı ictimaiyyətə geniş məlumat verilir. Prezident İlham Əliyevin təşəbbüsü əsasında Nazirlər Kabinetinin xalq qarşısında hesabat verməsi cəmiyyətdə şəffaflığın və sosial ədalət normalarının qorunmasını təmin edir, hökumətin xalqprezident qarşısında məsuliyyətini artırır, onu qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi üçün daha səylə çalışmağa sövq edir. Effektiv müzakirələrlə yadda qalan belə hesabatlar həm də mövcud bəzi problemlərin real həll mexanizmlərinin tapılması baxımından səmərəli vasitəyə çevrilmişdir.

Hökumətin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi yekunları ilə bağlı iyulun 13-də keçirilmiş iclası Azərbaycanın dinamik inkişaf yolunda yeni nailiyyətlərə imza atdığını, qarşıya qoyduğu strateji vəzifələrin öhdəsindən uğurla gəldiyini bir daha təsdiqləyir. Yeni neft strategiyasının davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyinin artırılması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn investisiyaların qeyri-neft sektoruna, regionların inkişafına istiqamətləndirilməsi, sahibkarlıq fəaliyyəti üçün daha münbit şəraitin formalaşdırılması, vətəndaşların sosial müdafiəsi tədbirlərinin genişləndirilməsi hesabat dövründə də ölkənin iqtisadi siyasətinin ana xəttini təşkil etmişdir. Bu müddətdə respublikanın iqtisadi resurslarının düzgün və məqsədyönlü realizə edilməsi, anti-böhran tədbirlərinin gücləndirilməsi, real sektorun dəstəklənməsi, maliyyə-bank sektorunun fəaliyyəti üçün daha əlverişli şəraitin yaradılması müsbət nəticələrini ilk növbədə, makroiqtisadi göstəricilərin artımında göstərir.

Təkcə bu faktı qeyd etmək kifayətdir ki, son 6 ayda Azərbaycanda ümumi daxili məhsul istehsalı 3,7 faiz artmış, neft sektorunda bu göstərici 2,4, qeyri-neft sektorunda 15,3 faiz təşkil etmişdir. İlin əvvəli ilə müqayisədə respublikanın strateji valyuta ehtiyatlarının həcminin 20 milyard dollardan 24,7 milyard dollara yüksəlməsi də hökumətin fəaliyyətinin yüksək effektivlik göstəricisi kimi qeyd oluna bilər. Digər mühüm göstərici odur ki, 2009-cu ilin eyni dövrü ilə müqayisədə orta aylıq əməkhaqqı 5 faiz yüksəlmiş, əhalinin adambaşına düşən gəlirləri 8,4 faiz artaraq 1290 manata, adambaşına düşən ümumi daxili məhsul 2,5 faiz artaraq 2211 manata çatmışdır. Vergi və digər icbari ödənişlər çıxıldıqdan sonra əhalinin sərəncamında qalan vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz çox olmuş, başqa sözlə, əhalinin pul gəlirlərinin artım sürəti mövcud inflyasiyanı iki dəfə üstələmişdir. Əhalinin maliyyə imkanlarının göstəricisi hesab olunan pullu xidmətlərin həcmi də əhəmiyyətli dərəcədə yüksələrək ötən ilin müvafiq dövrünün göstəricisini 10,5 faiz üstələmiş, pərakəndə əmtəə dövriyyəsi 8,4 faiz artmışdır.

Mərkəzi Bankın məlumatına görə isə, 2010-cu il iyun ayının 1-nə kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin ümumi həcmi 4679,9 milyon manat təşkil etmişdir. Həmin vəsaitin 2481,7 milyon manatı əhali tərəfindən yerləşdirilmişdir və bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,6 faiz çoxdur. Eyni zamanda 2010-cu il iyun ayının 1-nə dövriyyədə olan pul kütləsinin həcmi 6454,0 milyon manat təşkil etmişdir, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,1 faiz çoxdur.

2010-cu ilin birinci yarısında Azərbaycan iqtisadiyyatının uğurlu inkişafı, onun davamlı artımı, mühafizəkar borclanma siyasəti, habelə onun böhrana qarşı nümayiş etdirdiyi dayanıqlığı beynəlxalq kredit reytinq agentlikləri də yüksək dəyərləndirilmişlər. 2010-cu il may ayının 20-də ölkəmizə tarixində ilk dəfə olaraq "Fitch" beynəlxalq reytinq agentliyi tərəfindən investisiya səviyyəli reytinq verilmişdir. Belə yüksək dəyərləndirmə ilk növbədə, ölkəyə xarici investiyaların cəlb edilməsi üçün liberal islahatların ardıcıl şəkildə həyata keçirilməsinin, sahibkarlığın davamlı olaraq inkişaf etdirilməsinin müsbət nəticəsidir. 2010-cu ilin 6 ayında respublika iqtisadiyyatına qoyulan sərmayələrin 3,8 milyard dollar təşkil etməsi də bu yüksək qiymətin reallığa tam adekvat olduğunu göstərir.

Nazirlər Kabinetinin son iclasında dövlət başçısı İlham Əliyev ölkəmizin investisiya cəlbediciliyinin ildən-ilə yüksəldiyini, Azərbaycanın bu baxımdan regionda ən qabaqcıl dövlət olduğunu razılıqla qeyd etmişdir: "Azərbaycan 2010-cu ildə investisiyaların cəlb edilməsi sahəsində öz uğurlu siyasətini davam etdirmişdir. Baxmayaraq ki, demək olar, bütün maliyyə qurumları, beynəlxalq səviyyəli şirkətlər və ölkələr öz xərclərini kəskin şəkildə azaldırlar, Azərbaycana xaricdən gələn investisiyaların həcmi, prosesi davam edirbu ilbiz bunu müşahidə etmişik. Bütövlükdə, ölkə iqtisadiyyatına altı ayda 3,8 milyard dollar sərmayə qoyulmuşdurbunun müəyyən hissəsi xarici sərmayələrdir. Biz əvvəlki illərdə daha çox xarici investisiyalardan asılı idik. Azərbaycanda yaradılmış gözəl investisiya iqlimi ölkəmizə investisiyaların gətirilməsinə kömək göstərmişdir. Azərbaycan adambaşına düşən birbaşa xarici sərmayənin həcminə görə bütün dövrlərdə bu bölgədə ən qabaqcıl yerlərdə olmuşdur".

Şübhəsiz, qlobal böhranın mənfi təzahürlərinin hələ tam aradan qalxmadığı bir şəraitdə Azərbaycanda müşahidə olunan yüksək artım tempi ilk növbədə, qeyri-neft sektoruna, regionların inkişafına qayğı siyasətinin real nəticəsidir. Regionların inkişafı hesabat dövründə də diqqət mərkəzində olmuş, dövlət başçısı yerlərdə görülən işlərlə bilavasitə tanışlıq məqsədilə son aylarda Şirvan, Lənkəran, Lerik, Zaqatala, Balakən rayonlarına səfər etmişdir. Bu səfərlər zamanı işə salınan yeni müəssisələr təkcə yeni yerlərinin açılmasına deyil, həm də regionların iqtisadi imkanlarının genişləndirilməsinə xidmət edir. Nazirlər Kabinetinin son iclasında dövlət başçısı İlham Əliyevin də vurğuladığı kimi, rayonların mərkəzi büdcənin dotasiyalarından azad olması üçün yaxşı imkanlar mövcuddurbütün bunlardan səmərəli istifadə olunmalıdır.

Respublikanın milli inkişaf strategiyasından irəli gələrək 2003-cü ildən davamlı və ardıcıl şəkildə həyata keçirilən bu tədbirlər 2010-cu ilin ötən 6 ayında da inamla davam etdirilmiş, sahibkarlar hökumətin hərtərəfli qayğısı və dəstəyi ilə əhatə olunmuşlar.

Hələ 2009-cu il aprelin 14-də qüvvəyə minmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün kompleks tədbirlər müəyyənləşdirməklə yanaşı, adamlarının fəaliyyəti üçün yaxşı imkanlar açmışdır. Dövlət Proqramı çərçivəsində sahibkarlığın inkişafı naminə həyata keçirilən tədbirlər iqtisadiyyatın diversifikasiyası baxımından mühüm əhəmiyyət daşımışdır.

Hökumətin son iclasında verilən məlumatlar göstərir ki, hesabat dövründə qeyri-neft sektorunun inkişafına dövlət qayğısının daha da artırılması, sahibkarlığın dəstəklənməsi və inkişafı, onun rəqabət qabiliyyətinin qorunması siyasəti davam etdirilmiş, bu istiqamətdə təsirli tədbirlər görülmüşdür. Belə ki, Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 560 sahibkarlıq subyektinə 48,4 milyon manat, o cümlədən dövlət büdcəsinin vəsaiti hesabına 35 milyon manat güzəştli kredit verilmişdir. Bunun 74 faizi aqrar infrastruktur sahələrinin (soyuducu və taxıl anbarları kompleksləri) inkişafına, kənd təsərrüfatı məhsullarının istehsalı və emalına, 21 faizi sənaye məhsullarının istehsalı və emalına, 5 faizi turizm infrastrukturunun inkişafına yönəldilmişdir. Ümumilikdə, 2010-cu il iyun ayının 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları 8733,5 milyon manat təşkil etmişdirbu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,4 faiz çoxdur.

Bundan əlavə, vergi yükünün azaldılması və vergi prosedurlarının asanlaşdırılması məqsədilə fərdi sahibkarlara tətbiq edilən gəlir vergisi 2010-cu il yanvarın 1-dən 35 faizdən 20, müəssisələrin mənfəət vergisi 22 faizdən 20, fiziki şəxslərdən tutulan gəlir vergisinin yuxarı həddi 35 faizdən 30 faizə endirilmiş, sadələşdirilmiş vergi ödəyicisi hüququ əldə etmək məqsədləri üçün hüquqi şəxslərin vergi tutulan əməliyyatlarının illik həcmi 90 min manatdan 150 min manatadək artırılmış, ƏDV və aksizlər üzrə elektron vergi hesab-fakturalarının tətbiqinə başlanmışdır. Böhranın tam səngimədiyi şəraitdə həyata keçirilən bu tədbirlər ümumən sahibkarlığa dəstək siyasətinin davamlı xarakter daşıdığını bir daha təsdiqləyir.

İqtisadi sahədə keçid dövrünün başa çatması, ölkənin sosial-iqtisadi cəhətdən sürətlə modernləşməsi adekvat olaraq sahibkarlıq subyektlərinin də fəaliyyətində daha şəffaf maliyyə mexanizmlərinin tətbiqini zərurətə çevirmişdir. İnkişaf etmiş dövlətlərin təcrübəsi göstərir ki, şəffaflıq və hesabatlılıq özəl sektorun əldə etdiyi dividendlərin əsas səbəblərindən biri kimi çıxış edir. Söhbət ilk növbədə, mühasibat-uçot, audit sisteminin dövrün tələblərinə uyğun təkmilləşdirilməsindən, dövlət büdcəsinə ödənişlərin vaxtlı-vaxtında həyata keçirilməsindən gedir. Dövlət başçısı İlham Əliyev Nazirlər Kabinetinin son iclasında bu məqama da diqqət çəkmiş, özəl sektorla yanaşı, dövlət şirkətlərində də müasir idarəetmə sistemlərinin tətbiqini müsbət dəyərləndirmişdir: "Azərbaycanda bu gün özəl sektorda fəaliyyət göstərən şirkətlər güclənir. Azərbaycan dövləti onlara öz dəstəyini göstərir. Dövlət şirkətləri müasir sistemə keçirlər. Azərbaycan dövlət şirkətlərində müasir mühasibat, audit və idarəetmə sistemi tətbiq olunur. Biz bu prosesləri dəstəkləyirik və strateji xəttimiz ondan ibarətdir ki, dövlət nəzarətində olan bütün şirkətlər beynəlxalq səviyyəli şirkətlər kimi fəaliyyət göstərsinlər. Onların dövlətə məxsus olduğu o demək deyil ki, onlar dövlət tərəfindən idarə olunmalıdır, yaxud da hansısa başqa yolla idarə olunmalıdır. Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri geniş tətbiq olunub və dövlət mülkiyyətində strateji əhəmiyyət daşıyan şirkətlər kommersiya şirkətləri kimi fəaliyyət göstərməlidirlər, beynəlxalq bazarlara çıxmalıdırlar və beynəlxalq bazarlarda investisiya layihələrini davam etdirməlidirlər".

Azərbaycanın dinamik inkişafının əsas göstəricilərindən biribu ilin iyun ayında dövlət büdcəsinin mədaxil və məxaric hissəsində nəzərəçarpacaq dəyişikliyin edilməsidir. Büdcəyə dəyişiklik nəticəsində sosial xərclərlə yanaşı, dövlət əsaslı kapital qoyuşlarının həcminin artırılması da iqtisadiyyatın davamlı və tarazlı inkişafı məqsədinə yönəlmişdir. Əsaslı infrastruktur layihələrinin həyata keçirilməsi təkcə insanların firavanlığına, mənəvi-intellektual mühitin sağlamlaşmasına deyil, həm də qeyri-neft sektorunun, sahibkarlığın inkişafına xidmət edir. Dövlət başçısı İlham Əliyevin hökumətin son iclasında vurğuladığı kimi, məhz bu kimi vacib layihələrin həyata keçirilməsi Azərbaycanı qlobal böhranın mənfi təsirlərindən hifz etmişdir: "Biz bu böhrandan məhz ona görə uğurla çıxdıq ki, qeyri-neft sektoru hesabına yerləri açıldı, yerli istehsal işə başladı, idxaldan asılılıq azaldı. Biz demək olar ki, ərzaq məhsulları ilə özümüzü maksimum dərəcədə təmin edirik. Əgər kreditləri verməsəydik, infrastruktur layihələrini həyata keçirməsəydik, yolları çəkməsəydik, elektrik stansiyaları tikməsəydik, qazlaşdırma aparılmasaydı, onda bunların heç biri də olmazdı. Bizim indi bəlkə də 24 yox, 30, ya 28 milyard pulumuz olacaqdı, ancaq ölkədə proseslər mənfi istiqamətdə gedəcəkdi. Məhz o vaxt biz bax bu "Holland xəstəliyi" ilə üzləşə bilərdik. Amma biz öz yolumuzu seçdik. Biz ehtiyatları da yığdıq - bax bu il artan valyuta ehtiyatlarımız onu göstərir ki, bu artım gedir - eyni zamanda, lazım olan sahələrə investisiyaları böyük həcmdə yönəldə bildik".

Nazirlər Kabinetinin son iclasında mövcud uğurlarla yanaşı, yaxın perspektivdə hökumətin görməli olduğu tədbirlərə də nəzər salınmışdır. Xüsusi vurğulanmışdır ki, dünya iqtisadiyyatında və maliyyə bazarlarında yarana biləcək yeni risklərin Azərbaycan iqtisadiyyatına təsirinin neytrallaşdırılması imkanları nəzərə alınmaqla, daxili resursların payının artırılması hesabına iqtisadiyyata daha çox sərmayə qoyulması, dövlət xərclərinin tənzimləyici rolununsosial səmərəsinin daha da artırılması, maliyyə intizamının gücləndirilməsi qarşıda duran mühüm vəzifələrdəndir.

Ümumiyyətlə, Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclası ilə bağlı yekun qənaət bundan ibarətdir ki, Azərbaycan Prezidenti İlham Əliyev indiyə qədər sosial-iqtisadi sahədə həyata keçirilmiş tədbirlərlə qətiyyən kifayətlənmir və ölkə vətəndaşlarının sosial rifah halının yüksəldilməsi məqsədinə xidmət edən islahatların sistemli olaraq həyata keçirilməsini vacib sayır. Məhz bu mütərəqqi yanaşma da Azərbaycan vətəndaşlarında ölkənin inkişafı ilə bağlı nikbin qənaətləri gücləndirir və mövcud siyasi kursa rəğbəti artırır.

 

 

Samir ELMANOĞLU

 

Azərbaycan.- 2010.-  31 iyul.- S.  1, 2.