YUNESKO ilə əməkdaşlıq
ölkəmizin dünyada daha
yaxından tanınmasına imkan
yaradıb
BMT-nin təhsil, elm və mədəniyyət təşkilatı olan YUNESKO-nun ali məqsədi bütün dünya ölkələri arasında bu sahədə körpü salmaq və bəşəriyyətdə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə kömək göstərməkdir. Dövlət müstəqilliyinə nail olduqdan sonra əksər mötəbər beynəlxalq təşkilatlara üzv olan respublikamız YUNESKO ilə də sıx əlaqələr qurub. Hazırda Azərbaycan YUNESKO-nun yaxından əməkdaşlıq etdiyi və əlaqələrə böyük önəm verdiyi əsas üzv dövlətlərdən biridir.
YUNESKO ilə Azərbaycan arasında əlaqələrin təməlinin qoyulmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük xidmətləri var. Ulu öndərin 1993-cü ilin dekabrında Fransaya rəsmi səfəri zamanı YUNESKO-nun baş direktoru ilə görüşündə Azərbaycanla bu təşkilat arasında əlaqələri genişləndirməyin perspektivləri müzakirə olunub, Ermənistanın ölkəmizə hərbi təcavüzü, müharibənin elm, təhsil, mədəniyyət sahəsində yaratdığı çətinliklərin aradan qaldırılması yolları barədə fikir mübadiləsi aparılıb.
YUNESKO-nun Nizamnaməsinə əsasən üzv dövlət təhsil, elm və mədəniyyətlə məşğul olan qurumların fəaliyyətini bu təşkilatın işi ilə əlaqələndirmək üçün ilk növbədə, Milli Komissiya yaratmaq yolu ilə müvafiq tədbirlər həyata keçirməlidir. Ulu öndər Heydər Əliyev Fransaya səfərindən bir qədər sonra - 21 fevral 1994-cü il tarixində sərəncam imzalayıb. Sərəncama əsasən Milli Komissiya Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində yaradılıb, xarici işlər naziri onun sədri təyin edilib. YUNESKO ilə əlaqələri möhkəmləndirmək və Azərbaycan elminin, təhsilinin və mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə ölkəmiz YUNESKO çərçivəsində qəbul edilmiş bir sıra konvensiyalara qoşulub.
Hələ 1996-cı ildə YUNESKO-nun qərarı ilə klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Məhəmməd Füzulinin 500 illik yubileyinin bir çox dövlətlərdə qeyd olunması gənc müstəqil respublikamızı bütün dünyaya yaxından tanıtdı. Bu əlamətdar hadisə Azərbaycan - YUNESKO əlaqələrinin inkişafında mühüm mərhələ hesab olunur.
2000-ci ildə isə "Kitabi Dədə Qorqud"un 1300 illik yubileyi ilə əlaqədar YUNESKO çərçivəsində Drezdendə, Moskvada, Türkiyənin müxtəlif şəhərlərində tədbirlər təşkil olundu. Bu tədbirlər 2000-ci ilin aprelində Bakıda Türkdilli Dövlətlər Birliyinin VI zirvə toplantısına dəvət olunmuş dövlət başçılarının iştirakı ilə keçirilmiş təntənəli yubiley mərasimi ilə başa çatdı. 2001-ci ildə N.Tusinin anadan olmasının 800 illik yubileyi, 2002-ci ildə Azərbaycan alimi, şərqşünas Mirzə Kazımbəyin 200 illik yubileyi YUNESKO çərçivəsində təntənəli şəkildə qeyd edildi. Bütün bunlar mədəniyyətimizin, tariximizin, ədəbiyyatımızın, elmimizin zənginliyinin dünya ictimaiyyəti tərəfindən qiymətləndirilməsinin parlaq təzahürüdür.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də YUNESKO ilə əlaqələrin inkişaf etdirilməsinə böyük önəm verir. 15 sentyabr 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev YUNESKO ilə ölkəmiz arasında qarşılıqlı əlaqələrin inkişaf səviyyəsini nəzərə alaraq YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzaladı. Sərəncama əsasən YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yeni tərkibi müəyyənləşdirildi.
YUNESKO ilə əlaqələrin inkişafının yeni keyfiyyət mərhələsinə qədəm qoymasında, canlanmasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri misilsizdir. Xatırladaq ki, Mehriban xanım Əliyevanın 1995-ci ildən etibarən rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin Dostları Fondu faydalı tədbirlərin beşiyinə çevrilmiş, beynəlxalq səviyyəli festivallar, konsertlər, sərgilər təşkil etməklə əslində mədəniyyətimizin mükəmməl təbliğatçısı olub. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun da milli-mənəvi dəyərlərimizin qorunması, elmin, təhsilin inkişafı istiqamətində həyata keçirdiyi layihələr Azərbaycan mədəniyyətini dünyada yaxından tanıtdırır, təbliğ edir. Bu iki fondun fəaliyyətinin əsas istiqamətini, ölkəmizdə və beynəlxalq aləmdə gördüyü işlərin mahiyyətini xoş məram təşkil etməsi beynəlxalq təşkilatların da diqqətindən yayınmayıb. Milli mədəniyyətimizin, musiqimizin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, mədəni sahədə çoxsaylı xidmətlərinə və YUNESKO-nun ideyalarına göstərdiyi sadiqliyə görə Mehriban xanım Əliyeva 2004-cü ilin sentyabrında bu təşkilatın xoşməramlı səfiri adına layiq görülüb.
Sivilizasiyalararası dialoq daxil olmaqla, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə, qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların yaşayış şəraitinin yaxşılaşmasına, təhsilə, həmçinin islam aləmində görülən dəyərli işlərə böyük dəstəyinə görə Mehriban xanım Əliyeva 2006-cı il noyabrın 24-də İSESKO-nun da xoşməramlı səfiri adına layiq görülüb.
Mehriban xanım Əliyevanın YUNESKO-nun xoşməramlı səfiri adına layiq görülməsi ölkəmizlə bu təşkilat arasında əməkdaşlığın yeni keyfiyyət mərhələsinə qədəm qoymasına təkan verdi. Bu illərdə YUNESKO ilə müxtəlif sahələrə dair sənədlərin imzalanması, respublikamızda YUNESKO ilə birlikdə təhsilin, mədəniyyətin ayrı-ayrı sahələrini əhatə edən beynəlxalq miqyaslı tədbirlərin təşkil olunması, o cümlədən Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə bir sıra beynəlxalq tədbirlərin keçirilməsi, YUNESKO-nun keçmiş baş direktoru Koişiro Matsuuranın bir neçə dəfə ölkəmizə səfər etməsi əməkdaşlığın inkişafının bariz nümunəsidir. 2005-ci ildə akademik Yusif Məmmədəliyevin, 2006-cı ildə rəssam, xalça ustası Lətif Kərimovun, 2008-ci ildə görkəmli Azərbaycan yazıçısı Mir Cəlal Paşayevin 100 illik yubileyləri, elə həmin il "Leyli və Məcnun" operasının ilk tamaşasının və akademik Musa Əliyevin 100 illik yubileyləri, ötən il isə rəssam Səttar Bəhlulzadənin 100 illik yubileyi YUNESKO səviyyəsində təntənəli şəkildə qeyd olundu. Mehriban xanım Əliyevanın xidmətləri sahəsində yeni müstəvidə inkişaf etməkdə olan YUNESKO- Azərbaycan əməkdaşlığı çərçivəsində gələcəkdə də ölkəmizlə bağlı bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Şirvanşahlar sarayı və Qız qalası da daxil olmaqla, İçərişəhər Dövlət Tarixi-Memarlıq Qoruğunun, Qobustan Qayaüstü Tarixi-Bədii Landşaft Kompleksinin YUNESKO-nun Dünya irs siyahısına daxil edilməsi, Azərbaycan muğamının YUNESKO-nun bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsərləri siyahısına, eləcə də aşıq sənətinin və Novruz bayramının YUNESKO-nun bəşəriyyətin qeyri-maddi irs üzrə reprezentativ siyahısına salınması mədəniyyətimiz üçün mühüm hadisələrdir.
YUNESKO-nun yeni baş direktoru İrina Bokovanın ilk səfərlərindən birini Azərbaycana etməsi də bu beynəlxalq təşkilatın ölkəmizə verdiyi önəm və dəyərin təcəssümüdür. İrina Bokovanı qəbul edən Prezident İlham Əliyev onun YUNESKO-nun baş direktoru kimi ilk səfərlərindən birini ölkəmizə etməsindən məmnunluğunu bildirib. Son zamanlar həyata keçirilən birgə işlərə toxunan dövlət başçısı bu müsbət meyillərin davam edəcəyinə, Azərbaycan ilə YUNESKO arasında fəal əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə ümidvar olduğunu qeyd edib.
Xatırladaq ki, bu ilin aprelində Mehriban xanım Əliyeva Parisdə YUNESKO-nun əsas iqamətgahında bu qurumun yeni seçilmiş baş direktoru İrina Bokova ilə görüşüb. YUNESKO-nun Azərbaycan ilə sıx əməkdaşlıq etdiyindən məmnunluğunu bildirən İrina Bokova xoşməramlı səfir kimi Mehriban xanım Əliyevanın fəaliyyətini yüksək qiymətləndirib, Azərbaycanın birinci xanımı ilə əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.
YUNESKO hər bir xalqın mədəniyyətinin dünyaya çatdırılması üçün mühüm vasitədir. Nüfuzlu beynəlxalq təşkilat olduğu üçün onun vasitəsilə müxtəlif ölkələrin qarşılıqlı əməkdaşlığı, bir-birinə inteqrasiyası üçün geniş imkanlar var. Azərbaycanın YUNESKO ilə təhsil, elm və mədəniyyət sahələrində qurduğu geniş əməkdaşlıq əlaqələri ölkəmizin dünya sivilizasiyasına inteqrasiyasına, milli mədəniyyətimizin təbliğinə, ən əsası isə xalqımızın dünyada daha yaxından tanınmasına böyük yol açıb. Bu təşkilat vasitəsilə həm də Azərbaycanın qədim və zəngin mədəniyyəti milli çərçivədən beynəlxalq səviyyəyə çıxıb, ümumdünya mədəniyyətinin bir parçası olub.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2010.- 31 iyul.- S.
2.