Mədəniyyətlərarası
dialoqun inkişafında Azərbaycanın rolu unikaldır
"Azərbaycan YUNESKO-da olduqca fəal mövqe tutur. YUNESKO-nun fəaliyyətinin elə bir sahəsi yoxdur ki, Azərbaycan fəallıq göstərməsin".
Bunu AzərTAc-a müsahibəsində Azərbaycanda səfərdə olan YUNESKO-nun baş direktoru İrina Bokova söyləmişdir.
O demişdir ki, Azərbaycanda bütün sahələrdə dinamika, həm iqtisadi, həm də sosial inkişaf məsələlərinə çox ciddi münasibət müşahidə olunur.
Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafında unikal yer tutduğunu vurğulayan İ.Bokova demişdir: "Azərbaycan YUNESKO-nun Qeyri-Maddi İrs Komitəsinin üzvü seçilmişdir. Bu, Azərbaycanın qurumla əməkdaşlığında yeni mərhələ açır".
YUNESKO-nun baş direktoru ölkəmiz və başçılıq etdiyi təşkilat arasında əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirərək Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın Azərbaycanın mədəni irsinin təbliğində və inkişafında xidmətlərini vurğulamışdır. İ.Bokova qeyd etmişdir ki, birgə fəaliyyət nəticəsində mədəni irsin saxlanılması istiqamətində böyük uğurlar əldə edilmişdir.
İ.Bokova
"Qurum Azərbaycanın Ermənistan tərəfindən
işğal olunmuş ərazilərində muzeylərin, tarix
və mədəniyyət abidələrinin vəziyyətini
qiymətləndirmək üçün ora tədqiqat
missiyası göndərmək niyyətindədirmi"
sualına cavabında demişdir ki, YUNESKO belə bir
missiyanı təşkil etməyə hazırdır, lakin onun
reallaşması yalnız Azərbaycanın və Ermənistanın
razılığı alındıqdan sonra mümkün
olacaqdır.
Azərbaycan.- 2010.- 31
iyul.- S. 2.