Sosialist internasionalı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə
tərəfdardır
Azərbaycanda səfərdə olan Sosialist İnternasionalının baş katibi Luis Ayala iyulun 30-da mətbuat konfransı keçirmişdir.
L.Ayala əvvəlcə rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə məlumat verərək bildirmişdir ki, Sosialist İnternasionalında 140 ölkəni təmsil edən 170 siyasi partiya birləşmişdir. Bu partiyaların 60-ı öz ölkələrində hakimiyyətdə təmsil olunur.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan baş katib demişdir ki, Sosialist İnternasionalı problemin sülh yolu ilə həllinə tərəfdardır. L.Ayala təşkilatın bu istiqamətdə təkliflərinin olduğunu qeyd edərək bildirmişdir ki, Sosialist İnternasionalında müxtəlif regionlar, o cümlədən Cənubi Qafqaz üzrə komitə fəaliyyət göstərir. Bu komitə regiondakı problemləri, demokratiyanın vəziyyətini və sosial inkişafı diqqətdə saxlayır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək üçün Sosialist İnternasionalının potensialının olduğunu vurğulayan baş katib demişdir: "Yerevanda bununla bağlı müzakirələr apardıq və bu müzakirələrin ikinci raundu Bakıda keçiriləcəkdir. Bu münaqişə ilə bağlı bizi daha çox insan amili, məcburi köçkünlərin vəziyyəti narahat edir".
Azərbaycanda cari ilin payızında keçiriləcək parlament seçkilərinə toxunan L.Ayala vurğulamışdır ki, bu seçkilər ölkə üçün vacib prosesdir. Bizim təşkilat bu seçkiləri müşahidə edəcəkdir.
Azərbaycan.- 2010.- 31 iyul.- S.
2.