Yeni Kərkinin yeni günləri

 

Bir vaxtlar, daha doğrusu, 20 il bundan əvvələ qədər mövcud olan, soydaşlarımızın məskən saldığı Kərki kəndi və onun sakinləri haqqında danışmaq istəyirəm. Sədərək rayonunda Tejar dağının ətəklərində yerləşən bu kənd öz füsunkar gözəllikləri ilə də öyünürdü. Ulu Yaradan ondan səxavətini əsirgəməmişdi. Başlıcası isə kəndin min hektardan artıq torpaq sahəsi var idi. Adamlar da heyvandarlıq və əkin-biçin işləri ilə məşğul olur, yaxşı qazanc əldə edirdilər.

1990-cı ilin 20 Yanvar faciəsindən bir gün əvvəl erməni-rus hərbi birləşmələri Kərki kəndini işğal etdilər, Sədərək torpaqları uğrunda ölüm-dirim mübarizəsi başlandı.

 

Təbii ki, işğaldan başlıca məqsəd xalqın milli-azadlıq istəyini, istiqlal duyğusunu boğmaq idi. Naxçıvan Muxtar Respublikası bu hərəkatda öncül mövqe oynadığından Moskvadan idarə olunan, erməni-rus hərbi birləşmələrinə arxalanan hakimiyyət xalqı bu cür cəzalandırmaq istəyirdi. Bakıda siyasi hakimiyyət böhranı yaranmazdan əvvəl sərhəd bölgələrində vəziyyət daha da ağırlaşmışdı.

Həmin günlər Sədərək şəhid oğulların qanı və canı bahasına qorunsa da, onun qonşuluğunda yerləşən, 350 nəfər sakini olan Kərkini düşmən tapdağından azad etmək mümkün olmur. Əslində, bu, mümkün olası deyildi. Çünki "sapı özümüzdən olan baltalar"ın təqsirləri ucbatından neçə illər idi ki, "özəlləşdirilən" bu yerlər erməni torpaqları içərisində bir "ada"nı xatırladırdı. Bir çox hallarda isə kəndlə əlaqə yalnız vertolyotlarla mümkün olurdu.

Erməni millətçilərinin ölkəmizə qarşı ərazi iddiaları ilə bağlı törətdiyi qanlı cinayətlər heç zaman bu kənddən yan ötməmişdir. Sovet hakimiyyətinin mövcud olduğu illərdə də burada itirilənlər çox olub. 1938-ci ildə kəndə məxsus torpaqların bir hissəsinin Azərbaycan hökumətinin razılığı ilə Ermənistana verilməsi isə gələcək faciələrin təməlini qoyub. 1969-cu ilin may ayında kəndə məxsus digər torpaqların ozamankı başabəla rəhbərlərimizin "səxavəti" üzündən məkrli düşmənlərimizə "hədiyyə olunması"da bağışlanılmaz hal idi. Bu səhv qərarlarla da Kərki torpaqlarımızdan ayrı düşüb, onun gələcəkdə erməni qəsbkarları tərəfindən asanlıqla işğal olunmasına şərait yaradılıb. Ötən əsrin 80-ci illərinin sonlarında milli zəmində başlanan münaqişələr nəticəsində məkrli qonşularımız bu şəraitdən bacarıqla istifadə etdilər. Elə sovet dövründə də Kərki işğal olunan torpaqlarımızdan biri olub.

...Kərki kəndi qədim oğuz-türk yurdlarındandır. Tejar dağının ətəklərində aşkarlanan qədim yaşayış yerində təxminən 4000 il bundan əvvəl, tunc dövrünə aid çoxlu sayda maddi-mədəniyyət nümunələri üzə çıxarılıb. Kobud iri qaya parçalarından yonulub hörülmüş divar qalıqları diqqəti daha çox cəlb edib. Tədqiqatçıların fikrincə, əlverişli coğrafi mövqedə yerləşən bu yaşayış yerindən uzun müddət müdafiə istehkamı kimi istifadə olunub. Kərki nekropolundan tapılan boyalı qab nümunələri də tunc dövrünün nişanələri sayılıb.

Tariximizin erkən orta əsrlər dövründə də bu ərazidə qədim türk tayfaları məskunlaşıblar. Kəndin indiki adını özündə yaşadan "Kərki" toponimi də elə o dövrün sözüdür. Tədqiqatçıların fikrincə, qədim türk tayfalarının bir qolu olan kərkilər qıpçaqların tərkibində ölkəmizə gəliblər. Onlar Qafqazın, eləcə də Orta Asiyanın bir çox bölgələrində məskunlaşıblar. Göyçə mahalında Kərkibaşı, Dağlıq Qarabağda Kərkicahan, Türkmənistanda Kərki şəhəri, Kərkidağ, Özbəkistanda buna uyğun digər toponimlərin mövcudluğu da bu deyilənləri sübut edir. Hətta XIX əsrin əvvəllərində qazax etnik birliyinin kərkibaşı tirəsi (nəsli) mövcud olub.

Yeni Kərki kəndi isə ötən əsrin 90-cı illərinin əvvəllərində Kəngərli rayonu ərazisində, Böyükdüz massivində salınıb. Burada erməni təcavüzü nəticəsində öz ev-eşiklərindən, doğma yurdlarından didərgin düşən Kərki kəndinin sakinləri mehriban bir ailənin üzvləri tək toplaşıblar. Onlar üçün hər biri 2-3 və 4 otaqdan ibarət olan 40 mənzil inşa olunub. Sonralar evlərin sayı artıb. Hər bir ailə üçün 1200 kvadratmertr torpaq sahəsi ayrılıb. Kənd sakinlərinin ümumi istifadəsinə 201 hektar ümumi torpaq sahəsi verilib. Onun 55 hektarı suvarılan sahələrdir. Araz çayı üzərində qurulan su nasos-stansiyaları vasitəsi ilə 25 km məsafədən təsərrüfat suyu gətirilir. Adamlar heyvandarlıqla yanaşı, əkinçiliklə də məşğul olurlar. Ərazi icra nümayəndəliyinin rəhbəri Qurban Kazımovun sözlərinə görə, bu mövsüm 25 hektar taxıl sahəsində biçin keçirilib, nəticə də yaxşı olub. 10 hektara yaxın sahədə şəkər çuğunduru becərilir. Ailə təsərrüfatlarında 50 baş qaramal, 1300 başdan artıq qoyun-quzu bəslənir. Əjdər Xəlilov, Əmirxan Ələkbərov, Elşad Məmmədov özlərinə yaxşı ailə təsərrüfatı yaradıblar.

Kənddə adamların içməli suya olan tələbatı da məskunlaşmanın ilk günlərində həllini tapıb. Bunun üçün qonşu Xök kəndindəki kəhrizlərdən 5 km uzunluğunda su xətti çəkilib.

Naxçıvan-Sədərək magistral yolunun kənarında salınan Yeni Kərki cari ildə daha böyük quruculuq meydanına çevrilib. Kiçik kənddə böyük quruculuq işləri başlanıb. Əhalinin üzləşdiyi sosial-iqtisadi problemlərin həllinə kompleks şəkildə yanaşılır. Görülən işlər, həyata keçirilən tədbirlər yerli sakinlərin ürəyincədir.

Ötən tədris ilində cəmi 29 şagirdin təhsil aldığı bu yaşayış məskənində 88 yerlik, ikimərtəbəli təhsil ocağını inşa edəndə yerli hakimiyyət orqanları kəndin gələcək inkişafını nəzərə alıblar. İstəyiblər ki, yaxın 20-25 il ərzində burada yeni tədris korpusununya sinif otaqlarının tikintisinə ehtiyac qalmasın. Həm də ona çalışılıb ki, ölkəmizin digər bölgələrində məskunlaşan Kərki sakinləri də yenidən "doğma yurda" üz tutsunlar.

Yeni dərs ilində bu məktəbdə də müəllim və şagirdlərin ixtiyarına geniş və yaraşıqlı sinif otaqları, fənn kabinetləri və laboratoriyalar, kitabxana, elektron lövhəli sinif, informatika mərkəzi, idman zalı veriləcəkdir. Yeni təhsil ocağı mərkəzdə, digər yaşayış yerlərində fəaliyyət göstərən müəssisələrdən fərqlənməyəcək. Məktəbin direktoru Aygün Kazımova ilə söhbətdən onu da öyrəndik ki, qaçqın və məcburi köçkünlərin məskunlaşdığı kənddə təhsil müəssisəsi 5 şagirdlə fəaliyyətə başlayıb. On iki il bundan əvvəl istifadəyə verilən 60 yerlik təhsil ocağı müasir tələblərə cavab vermədiyindən yerli hakimiyyət orqanları bu dəfə yeni tipli məktəbin tikintisinə üstünlük veriblər. Bu da hamının ürəyincə olub. Yeni tədris ilində məktəbdə şagirdlərin sayı 4 nəfər artacaq. Növbəti ildə isə bu artım daha çox olacaqdır. Məktəbdə şagirdlərin təlim-tərbiyəsi ilə 18 müəllim məşğul olur. Onların arasında təcrübəli pedaqoqlar da az deyil. Nəsibə İsmayılova, Arifə Əsədova, Şərəbanı Seyidova, Toğrul Mustafayev belələrindəndir.

Ərazi icra nümayəndəliyi, tibb məntəqəsi, kitabxana, klub indiyədək dördotaqlı kiçik bir binada fəaliyyət göstərib. Yerli bələdiyyəyə otağı tapılmayıb. Kənddə ATS yaratmaq da yada düşməyib. Yaxın vaxtlarda istifadəyə veriləcək ikimərtəbəli kənd mərkəzində bu qurumlar üçünnormal şəraiti yaradılacaqdır. Artıq burada yeni tipli sosial obyekt inşa olunur. Yeni obyektdə ərazi icra nümayəndəliyi üçün dörd, bələdiyyə üçünsə iki otağı ayrılacaq. Tibb məntəqəsi də həmin obyektin bir hissəsində fəaliyyət göstərəcək. Müəssisənin girişi ayrı olacaq. Tibb işçilərinin ixtiyarına 3 otaq veriləcək.

Yeni obyekt istifadəyə veriləndən sonra burada baytar məntəqəsi də fəaliyyətə başlayacaq. Elektron tipli ATS üçün 2 otaq nəzərdə tutulub. 65 yerlik iclas zalı da buradakı qurumların ixtiyarına veriləcək.

Kənd mərkəzində hazırda son tamamlama işləri həyata keçirilir. Hər bir otaq keyfiyyətli mebel avadanlıqları ilə təmin olunacaq.

Ticarət və məişət evində də tikinti işləri tamamlanmaq üzrədir. Obyektin arxa hissəsində bir neçə məişət xidməti sahəsi fəaliyyət göstərəcəkdir.

Obyektlərin tikintisinə Naxçıvan Tikinti Quraşdırma İdarəsinin kollektivi bu ilin mart ayından başlayıb. Hazırda 40-a yaxın işçi burada çalışır.

Kiçik kənddə aparılan quruculuq tədbirləri heçbunlarla bitməyəcək. Kənddə içməli su xəttində əsaslı təmir işlərinin aparılması da artıq gündəmdədir. Avtomobil yollarında, elektrik xətlərində də yenidənqurma tədbirləri həyata keçiriləcəkdir.

Bir sözlə, bu ilin payızınadək Naxçıvan Muxtar Respublikasında gözəl, abad və yaraşıqlı kəndlər sırasına Kəngərli rayonundakı Yeni Kərki kəndi də daxil olacaqdır.

 

 

Məmməd MƏMMƏDOV

 

Azərbaycan.- 2010.-  31 iyul.- S.  4.