Mənəvi dəyərlərə məhəbbətlə

 

Görkəmli qrafika ustası, xalq rəssamı Arif Hüseynov daim axtarışda olan, milli folklora, adət-ənənəyə bağlı sənətkarlarımızdandır. Onun illər boyu müxtəlif miqyaslı sərgilərdə nümayiş etdirilən əsərləri rəssamın sənət dünyasındakı imzasını təsdiqləyəcək mühüm faktlardır. Ötən əsrin 70-ci illərindən başlayaraq Arif Hüseynovun əsərləri dəfələrlə Bakıda, eləcə də dünyanın bir çox möhtəşəm sərgi salonlarında tamaşaçıların diqqətinə çatdırılıb. Moskvada, Praqada, Tokioda, Ankarada, İzmirdə sərgilənən əsərlərinə görə Arif Hüseynov müxtəlif mükafatlara, diplomlara layiq görülüb.

Bu gün Arif Hüseynovun əsərləri R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində, Azərbaycan Dövlət Rəsm Qalereyasında, Moskva Dövlət Şərq Xalqları İncəsənət Muzeyində, həmçinin şəxsi kolleksiyalarda saxlanılır. O, ilk təhsilini Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində alıb. Sonralar Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. 1975-ci ildən Rəssamlar İttifaqının üzvü olan Arif Hüseynov xalq rəssamıdır.

Sənətşünas Ziyadxan Əliyev görkəmli rəssamla bağlı yazır: "Qrafika sənətinin bədii texniki imkanlarına kifayət qədər bələd olan ağ-qara cizgiləri ilə onlara yığcam rəng ovqatının qatılmasını bədii-psixoloji təsir gücünün artırılmasına yönəltməklə daha təsirli ifadə vasitələrinə can atan rəssam sonda cəlbediciliyi ilə yanaşı, həm dərin fəlsəfi yüklü əsərlər yaratmağa nail olmuşdur".

Həqiqətən də yaradıcılığı boyu bütün varlığı ilə bağlandığı maddi mədəniyyət nümunələri, folklor, adət-ənənəmiz onun əsərlərində yeni həyata, yaşama qədəm qoyub. Rəssamın mənəvi sərvətlərimizə, dəyərlərimizə göstərdiyi vətəndaş münasibətinin ifadəsi olan əsərlərdə bunu daha aydın hiss etmək mümkündür. Məsələn, "Qarabağ şikəstəsi", "Mis qablar", "Aşıq", "Kəndirbazlar" və s. əsərlərdə rəssamın qədim miniatür sənəti ənənələrinə bağlılığı ilə yanaşı, vətəndaşlıq yanğısı və təəssübkeşliyi də qabarıq hiss edilir.

2008-ci ildə Almaniyada "Azərbaycan ili"nin keçirilməsi ilə əlaqədar xalq rəssamı Arif Hüseynovunonun oğlu Orxanın Berlində fərdi sərgisinin təşkili iki dost ölkənin mədəni əlaqələrinin genişlənməsinə verilən töhfə kimi qiymətləndirildi. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva sərginin açılışında söylədiyi nitqində azərbaycanlı rəssamların yaradıcılığını dəyərləndirərək demişdi: "Sərginin ekspozisiyasının ata-oğulun, ölkəmizin tanınmış fırça ustası, xalq rəssamı Arif Hüseynovun və istedadlı gənc rəssam Orxan Hüseynovun əsərlərindən təşkil olunması da səbəbsiz deyil. Bu, ilk növbədə, milli incəsənətimizdə mövcud olan ənənə və müasirlik probleminin əməli həllinin parlaq nümunəsidir".

Fərəhlidir ki, bu sərgi uzun müddət alman sənətsevərlərinin marağına səbəb oldu. Bu, həm də Azərbaycan mədəniyyətinin, təsviri sənətinin dünya ictimaiyyətinə tanıdılmasında növbəti bir uğur idi. Təsviri sənət tarixində Şərq-Qərb münasibətlərinin bəzən bir-birini inkara meyilləndiyi bir zamanda həmişə qarşılıqlı təmasa, faydalanmağa ehtiyac duyulub. Bu mənada hər iki rəssamın yüksək peşəkarlıq, sənət ustalığı ilə yaratdığı əsərlər Almaniya ilə Azərbaycan arasında yaranan mədəni əlaqələrin inkişafında yeni səhifəyə çevrildi. Dünyaya böyük sənətkarlar bəxş etmiş Almaniya kimi bir ölkədə Azərbaycan rəssamlarının əsərlərinə göstərilən rəğbət də bunu təsdiqləyirdi. Təsadüfi deyildi ki, sərgi də məhz "Şərqdən Qərbə" adlanırdı. Bu proseslərin öyrənilməsinə, eləcə də davam etməsinə həmişə ehtiyac var. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin fikrincə, belə sərgilərin açılışı həm də beynəlxalq aləmdə gündəliyə gətirilən mədəniyyətlərin dialoqu çağırışına əməli cavabdır.

Ədəbiyyatı ürəkdən sevən Arif Hüseynov böyük söz ustalarının yaradıcılığına dəfələrlə müraciət edib. Onun N.Gəncəvi, M.Füzuli, M.Ə.Sabir, H.Cavid, S.Vurğun, R.Rza və digər klassiklərimizlə bağlı yaratdığı əsərlər dəzgah qrafikasının ən gözəl nümunəsi sayılıb. Rəssam bir sıra bədii ədəbiyyat nümunələrinə də tərtibat verib. Bunun da nəticəsində mütaliyə zamanı oxucu səhifələrdən boylanan təsvirlərə maraq göstərib. Bu, həm də kitabın oxunaqlığına kömək edib. 2009-cu ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Arif Hüseynov-Orxan Hüseynov" adlı kataloq buraxılıb. Burada azərbaycanlı rəssamların Berlin qalereyasında qazandığı uğurlardan söz açılır, orada sərgilənən əsərlərin fotoşəkilləri təqdim olunur. Kətan üzərində yağlı boya ilə işlənmiş bu rəsmlərə baxdıqca azərbaycanlı rəssamların həm sənət dünyasına bələd olur, həm də mövzularının al-əlvanlığına, təsirliyinə heyran qalırsan. Həqiqətən də milli-mənəvi dəyərlərimizin rənglərlə ifadəsi çox maraqlı alınıb. Müəlliflərin müraciət etdikləri bütün mövzularda mənəvi dəyərlərə bağlılıq qabarıq şəkildə əks olunur. Məsələn, Orxan Hüseynovun çəkdiyi "Bakı küləyi" əsərində təsvir edilən Qız qalası, tarixi binalar, İçərişəhər, türbə və onunla bahəm şiddətli küləyin təsirindən havaya qanadlanan əşyalar, insans. Küləyin şiddətini yaratmaqla bərabər bu cür maddi, mənəvi abidələrimizin təqdimatı da maraqlıdır. Yaxud da "Uçan xalça" rəsmi. Xalçanın üzərində milli musiqi alətləri ifaçıları əyləşib. Xalça isə yenə də tarixi abidələrlə zəngin torpağımızın başı üzərində təsvir olunub. Orxan da eynən atasının yolu ilə addımlayır. O da Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib, sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında oxuyub, Rəssamlar İttifaqının üzvüdür. Ötən əsrin sonlarından əsərləri təkcə doğma paytaxtda deyil, Londonda, Ankarada, Tokioda, Amsterdamda sərgilənib. Sonuncu uğur isə atası ilə birlikdə Berlin şəhərində olub. Müxtəlif mükafatlara layiq görülmüş Orxan Hüseynov rəngkarlıq, kitab qrafikası və miniatür sənəti sahələrində çalışır. Həm Arif, həm də Orxan Hüseynovlar eyni bir mövzu üzərində çalışıblar, ayrı-ayrılıqda Üzeyir Hacıbəylinin portretini yaradıblar. Rəssamların müraciət etdiyi bu müqəddəs mövzu çox ifadəli işlənib. Hər iki əsərdə dahi bəstəkarın obrazı demək olar ki, dolğun yaradılıb. Bu portretlərə baxdıqca Üzeyir Hacıbəyli yaradıcılığı rənglərin dili ilə bəyan edilir. Müəlliflər həqiqətən də Üzeyir Hacıbəyli haqqında bir bədii ensiklopediya yaradıblar. Bu ensiklopediyanın bütün sözləri rənglərdən ibarətdir.

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2010.- 31 iyul.- S.  5.