Azərbaycan Respublikasının
Prezidenti zati-aliləri
cənab İlham Əliyevə
Hörmətli Prezident, əziz qardaşım!
Dost və qardaş Azərbaycanın Respublika Günü münasibətilə Zati-alilərinizi, əziz qardaşımı türk xalqı adından və şəxsən öz adımdan ən səmimi duyğularımla təbrik edirəm.
Azərbaycan Respublikasının gündən-günə daha da güclənərək gələcəyə inamla addımlaması, əmin ola bilərsiniz ki, azərbaycanlı qardaşlarımız qədər türk xalqı üçün də sevinc və qürur mənbəyidir. Gücünü dil, din, mədəniyyət və tarix birliyimizdən alan dostluq, qardaşlıq və əməkdaşlıq əlaqələrimizin və bütün sahələrdəki təqdirəlayiq həmrəyliyimizin qəti addımlarla genişləndirilməsi ən səmimi arzu və diləyimizdir.
Zati-alilərinizin rəhbərliyi ilə Azərbaycan beynəlxalq birlikdə layiqli yerini tutmaq üçün sürətlə irəliləməkdədir. Türkiyə və Azərbaycan Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitliyin hökm sürdüyü yeni bir siyasi iqlimin formalaşması istiqamətində birgə səylərinin hər iki ölkə üçün yeni uğurların və işıqlı sabahların yolunu açacağına şübhə etmirəm.
Bu fürsətdən istifadə edərək Zati-alilərinizə ən səmimi duyğularla cansağlığı və xoşbəxtlik, dost və qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və rifah diləyirəm.
Abdullah GÜL,
Türkiyə Respublikasının
Prezidenti
Azərbaycan.- 2010.- 1 iyun- S.
1.