Almaniya Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir

 

Mayın 31-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Almaniya Federativ Respublikasının Əmək və Sosial Məsələlər Federal Nazirliyinin Parlamentar dövlət katibi Ralf Brauksipin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdü. Qonaqları salamlayan Milli Məclisin Sədri Azərbaycanın Avropanın qüdrətli dövlətlərindən olan Almaniya ilə əlaqələrə böyük önəm verdiyini dedi. Qeyd etdi ki, Azərbaycan Prezdentinin Almaniyaya rəsmi və işgüzar səfərləri ölkələrimiz arasında əlaqələrin inkişafına böyük töhfələr vermişdir.

Milli Məclisin Sədri Azərbaycanla Almaniya arasında iqtisadi-ticari əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirdi. Bununla belə 650 milyon dollarlıq ticarət dövriyyəsi mövcud potensialı əks etdirmir. Ticarət dövriyyəsini daha da yüksəltmək üçün geniş imkanlar var.

Oqtay Əsədov Azərbaycan Milli Məclisi ilə Almaniya Bundestaqı arasında əlaqələrin səviyyəsindən razılığını ifadə etdi. Qeyd etdi ki, Milli Məclisdə fəaliyyət göstərən Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunda 20-dən artıq deputat təmsil olunur. Biz Almaniya Bundestaqında olan həmkarlarımıza Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı obyektiv mövqe nümayiş etdirdiklərinə görə təşəkkürümüzü bildiririk. Bu yaxınlarda Almaniya parlamentində qəbul olunan qətnamədə Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycanın haqlı mövqeyi dəstəklənir.

Milli Məclisin Sədri Oqtay Əsədov vaxtilə Azərbaycanda çoxlu sayda almanın da yaşadığını qonaqların diqqətinə çatdırdı. Bildirdi ki, keçən il Göygöl rayonunda Milli Məclisin dəstəyi ilə Alman Mədəniyyəti Günləri keçirildi. Bu tədbirdə Almaniyadan gələn nümayəndə heyəti də iştirak edib.

Söhbət zamanı Oqtay Əsədov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nümayəndə heyətinə ətraflı məlumat verdi. Bildirdi ki, dinamik inkişaf yolunda olan Azərbaycan həm də Avropaya inteqrasiya olunur. Amma Ermənistanın Azərbaycana hərbi təcavüzü olmasaydı, bu inkişaf və inteqrasiya daha sürətli olardı.

Görüş üçün təşəkkürünü bildirən Ralf Brauksip Milli Məclisin inzibati binası, parlamentin iclas zalı ilə tanışlıqdan sonra onda yaranan xoş təəssüratlarını bölüşdürdü. Ölkəmizə səfər etməkdən məmnunluğunu bildirən qonaq Almaniyanın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu dedi. Qeyd etdi ki, Almaniyanın işsizliyin aradan qaldırılması ilə bağlı böyük təcrübəsi var və ölkəsi bu təcrübəni Azərbaycanla paylaşmağa hazırdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olundu.

 

 

Azərbaycan.- 2010.- 1 iyun- S.  3.