Moskvada Rusiya-Azərbaycan
parlamentlərarası komissiyasının
iclası olmuşdur
Rusiya Dövlət Dumasının Gerbli salonunda RF Federal Məclisinin və Azərbaycan Milli Məclisinin ikitərəfli əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının 9-cu iclası olmuşdur. İclasa komissiyanın həmsədrləri Svetlana Orlova və Valeh Ələsgərov sədrlik etmişlər.
Dostluq və qardaşlıq xarakteri daşıyan parlamentlərarası və dövlətlərarası əlaqələri yüksək qiymətləndirən rusiyalı həmsədr S.Orlova bildirmişdir ki, Rusiya-Azərbaycan münasibətlərini keyfiyyətcə yeni səviyyəyə çıxarmaq istiqamətində çox işlər görülür. O, ölkələrimizi beynəlxalq aləmdə daha sıx əməkdaşlığa və bir-birini dəstəkləməyə çağırmışdır.
V.Ələsgərov iki ölkə və parlament arasındakı qarşılıqlı fəaliyyətin yüksək səviyyəsini vurğulayaraq qeyd etmişdir ki, ölkələrimizin mövqelərinin beynəlxalq səviyyədə dəstəklənməsi qarşılıqlı olmalıdır. 0 demişdir: "Rusiya Azərbaycanın ağrılı problemlərini beynəlxalq səviyyədə dəstəkləyəcəyi təqdirdə, Azərbaycan Rusiyanın mövqeyini fəal dəstəkləyəcəyinə təminat verə bilər".
Azərbaycanın və Rusiyanın deputatları qarşılıqlı maraq doğuran məsələlərin geniş spektrini, o cümlədən "Parlamentlərarası komissiyanın əvvəlki iclasının qərarlarının yerinə yetirilməsinin gedişi haqqında", "Ölkələrimiz arasında əməkdaşlığın normativ-hüquqi bazasının təkmilləşdirilməsi haqqında", "Rusiya Federasiyası və Azərbaycan Respublikasının hüquq- mühafizə və miqrasiya sahələrində əməkdaşlığı haqqında" məsələləri, habelə komissiyanın növbəti iclasının mövzusunu müzakirə etmişlər.
Dağıstan Respublikası Xalq Məclisi sədrinin müavini Nasir Heydərov çıxışında demişdir: "Biz yaxın qonşularıq. Azərbaycanla Dağıstan arasında birbaşa əlaqələrin böyük əhəmiyyəti vardır". O, Dağıstan rəhbərinin bu yaxınlarda Azərbaycana səfərini xatırladaraq bildirmişdir ki, Dağıstan lideri Azərbaycanın inkişafına və tərəqqisinə heyran qalmışdır. Bu da heç şübhəsiz, Prezident İlham Əliyevin xidmətidir. Sonda yekun protokolu qəbul edilmişdir.
İclasda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, deputatlar Arif Rəhimzadə, Elton Məmmədov, Rövşən Rzayev, Mixail Zabelin, Rüfət Quliyev, Sabir Hacıyev, Fuad Muradov, habelə Milli Məclisin MDB Parlamentlərarası Assambleyasındakı daimi nümayəndəsi Aydın Cəfərov, Azərbaycan XİN, DİN, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları, Rusiya tərəfindən isə Dövlət Dumasının, Federasiya Şurasının, habelə müxtəlif nazirlik və idarələrin nümayəndələri iştirak etmişlər.
Asya HACIZADƏ,
AzərTAc-ın xüsusi müxbiri
Moskva
Azərbaycan.- 2010.- 1 iyun- S.
4.