Ömrümüzün əlvan
çiçəkləri
60-cı ilə dönür ki, bəşəriyyət 1 iyunu Uşaqların Beynəlxalq Müdafiə Günü kimi qeyd edir. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da insan haqlarının qorunmasına xüsusi önəm verilir. Təbii ki, uşaq hüquqları da insan haqlarının ən mühüm və ayrılmaz tərkib hissələrindən biridir. Bunu xatırlatsaq, uşaqlar bizim gələcəyimizdir və ölkəmizin də gələcəyi onların əlindədir, onda bu balaca fidanların müdafiəsinə qoşulmağın məna çalarları daha da aydınlaşır.
Dünya şöhrətli yazıçı Viktor Hüqonun "Dünyada ən böyük himn körpə qığıltısıdır" deməsi illərdir ki, ruhumuzda, düşüncələrimizdə ana laylası qədər yaşayır. Ailənin, nəslin və millətin səadəti də o zaman mümkünləşir ki, bu bəşəri himnin sədaları kəsilməsin. Əlbəttə, körpə sadəcə olaraq valideynlər arasında salınan mənəvi körpü deyildi. Hər bir körpə öz millətinin gələcəyidir. Azərbaycanda uşaqlara həmişə məhəbbətlə yanaşılıb. Bu qayğının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qranit bünövrələrlə təməllənib. Ulu öndər uşaqlarla görüşməyi, onlarla söhbət etməyi, körpələri dinləməyi çox sevərdi. İstedadlılara xüsusi qayğı göstərərək gələcək həyat yollarının düzgün istiqamətləndirilməsi üçün müxtəlif tədbirlər görərdi. Hələ sovet dövründə Azərbaycanda müxtəlif uşaq tərbiyə müəssisələri, mədəniyyət evləri, istirahət guşələri, sağlamlıq ocaqları yaradılmışdı. Üzvləri ancaq balacalardan ibarət olan "Cücələrim" ansamblının, "Bənövşə" uşaq xorunun şöhrəti dünyanı dolaşırdı.
Ömrümüzün bəxtəvər çağlarında - uşaq gülüşündən doyunca zövq almağa çalışdığımız vaxtlarda qonşu ermənilərin vəhşilikləri nəticəsində həyatımızın nuru sanki yoxa çəkildi. 1988-ci ilin payızında indiki Ermənistan adlanan ərazidə məskunlaşmış soydaşlarımızı vəhşiliklə doğma ocaqlarından qovdular. O dəhşətli anlarda illərlə topladığı varidatına, dövlətinə yiyə dura bilməyən analar qundaqlarını köksünə sıxıb, belinə bağlayıb ayaqyalın şaxtalı çöllərdə, qarlı düzlərdə, uçqunlarda qaçmağa məcbur oldular. Əlbəttə, hamısı bu müdhiş qovhaqov əməliyyatında xilas olmadı. Analı-babalı qurda-quşa tuş gələnlər, çovqunlu dağlarda donub ölənlər oldu. Bir də havalar qızanda çör-çöpə ilişmiş paltarları tapıldı. Ölümdən qurtulmuşların isə uşaqlığı solğun keçdi. Qaçqın balası, qaçqın uşaq kimi ağır ləngərli epitetlərə bölündülər. Tay-tuşları işıqlı otaqlarda, isti qucaqlarda böyüyəndə, onlar da sınıq-salxaq torpaq komalarda, çadırlarda, vaqonlarda, yataqxanalarda, qamışdan hörülmüş daldanacaqlarda ağır həyatla üzləşdilər. Onlar uşaqlığın nə demək olduğunu bilmədilər! Təzad da budur ki, elə həmin vaxtlarda bütün dünya 1 İyun Uşaqların Beynəlxalq Müdafiə Gününü qeyd edirdi. Amma bu vəhşiləşmiş qonşularımıza yerini göstərən tapılmırdı. Bu laqeydlikdən ilham alan erməni quldurları uşaqlara qarşı daha ağır işgəncələr həyata keçirdilər. Quqark rayonunda 70 uşağı dəmir boruya yığıb hər iki tərəfini qaynaqla qapadaraq boğdular. O binəsiblərin fəryadı eşidənlərin qulaqlarından hələ də çəkilməyib. Erməni vandalları körpə balalarımızı süngülərə sancdılar. Xocalıda törədilən soyqırımın analoqu yoxdur. Şəhidlər xiyabanında naməlum körpələrin kiçik məzarları ürək ağrılarına çevrilib. Bütün bunlardan sonra Azərbaycan anası hər sitəmə, zülmə tab gətirərək dözdü. Ona görə dözdü ki, dövlətinə, millətinə, ordusuna, gələcəyinə inanırdı. Heç ola bilməzdi ki, şər ömrü boyu meydan sulasın, nahaq haqqa qalib gəlsin.
Ümummilli lider Heydər Əliyevin başladığı böyük yolu ləyaqətlə davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yeni qaçqın şəhərcikləri salındı. Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın davamlı fəaliyyəti nəticəsində yeni məktəblər tikildi. Fiziki cəhətdən zəif, eləcə də talassemiyalı uşaqlara xüsusi qayğı göstərildi. Onların yaşıdları kimi normal böyüməsi, tərbiyə alması, oxuması üçün hərtərəfli şərait yaradıldı. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Fondun əsas fəaliyyəti əhalinin ən həssas təbəqəsinin - əsasən qadınların, məcburi köçkünlərin, aztəminatlı ailələrin uşaqlarının, eləcə də uşaq evlərində və internat məktəblərində tərbiyə olunan uşaqların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəlmişdir. Fond, eyni zamanda "Diabetli uşaqlara ən yüksək qayğı" və "Talassemiyasız həyat naminə" adlı layihələr də həyata keçirərək xəstə uşaqların müalicəsinə xüsusi diqqət ayırmışdır. Fondun fəaliyyətinin əsas prioritet istiqaməti budur ki, uşaqlar əziyyət çəkməsin. Onlara müasir səhiyyənin hər cür yardımından dəstək göstərilsin.
Böyüməkdə olan nəslin, xüsusilə də ən az müdafiə olunan hissəsinin təhsili ilə bağlı məsələlərə daim diqqət yetirilir. Uşaq evləri və internat məktəblərində tərbiyə alan kimsəsiz uşaqlar unudulmur. Onların təminatı ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirilir. Əlbəttə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı valideyn qayğısından və diqqətindən məhrum olan uşaqların sayı da xeyli artmışdır. Diqqət çəkən cəhət də budur ki, Heydər Əliyev Fondu Mehriban xanım Əliyevanın rəhbərliyi ilə konkret işlər görərək həm uşaq evlərindəki problemləri həll edir, həm də müəyyən proqramları reallaşdırır. Məqsəd budur ki, uşaqlarla bağlı hər bir sahədə uğur qazanmaq üçün müvafiq mütəxəssislər müntəzəm hazırlansın.
Bəllidir ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2009-cu il "Uşaq ili" elan edilmişdi. Bu münasibətlə ölkəmizdə müxtəlif layihələr həyata keçirildi. Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə 30-dan çox uşaq evi və internat məktəbi ən müasir avadanlıqlarla təmin edilib. Bu məktəblərdə və evlərdə yaşayan uşaqlar həmişə dövlətin diqqət mərkəzindədir. Bu gün Azərbaycanda yaşayan uşaqlar yüksək təhsil almaq hüququna da malikdirlər. Ölkəmizdə 5 minə yaxın ümumtəhsil ocağı, 1612 məktəbəqədər, 108 peşə, 60 orta ixtisas təhsil müəssisəsi, 3672 uşaq dərnəyi, 104 uşaq kitabxanası, 234 musiqi və incəsənət məktəbi fəaliyyət göstərir və bu rəqəmlər hər il artmaqda davam edir. Uşaqların elmə həvəs göstərməsi istiqamətində də bir sıra layihələr həyata keçirilir. Beynəlxalq elm olimpiadaları, bilik yarışmaları bu istiqamətdə atılan mühüm addımlardandır. Heydər Əliyev Fondu tərəfindən "Uşaq cizgi filmləri" və "Uşaq mahnıları"ndan ibarət toplu bərpa edilərək balacalara hədiyyə olundu. Ötən il Bakıda ilk dəfə uşaqların forumu keçirildi. Bu mühüm tədbirdə balacaların təklifləri əsasında onların problemləri öyrənildi və həll edildi. Bir sıra bayramlarda, Yeni il şənliklərində uşaqların iştirakı müntəzəm olaraq təşkil edilir.
Bu gün respublikamızın hər bir bölgəsində Olimpiya idman kompleksləri var, olmayan rayonlarda da tikilməkdədir. Dövlətimiz tərəfindən görülən bu işlərin təməlində bir məqsəd dayanır - balalarımızın günləri mənasız keçməsin, onlar həm sağlam, fiziki cəhətdən güclü, həm də gələcəkdə hansısa bir peşənin sahibi olsun.
Azərbaycanda 18 yaşınadək olanlar əhalinin 29 faizini təşkil edir. Onların sağlamlığının qorunması dövlət orqanları qarşısında duran əsas vəzifələrdəndir. Elə bu məqsədlə də ölkəmizdə yeni sağlamlıq mərkəzləri inşa olundu, ehtiyacı olan ailələrin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə müavinət və yardımlar təyin edildi. Uşaq hüquqları ilə bağlı daim yeni qanun və təkliflər hazırlanıb qəbul olunur.
Uşaqlar bizim gələcəyimizdir. Bu müdrik fikrin məna çalarları çoxdur. Onların məhz xoş sabahımız olmaları bugünün necəliyindən çox asılıdır. Ölkənin uşaqlarla bağlı demoqrafik perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə respublikada uşaqlara dövlət qayğısı ildən-ilə gücləndirilir. Uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqəti artırılır. Təbii ki, bu məqsədlə müəyyən tədbirlərin hazırlanıb həyata keçirilməsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, təhsil, səhiyyə, gənclər və idman, habelə digər nazirliklər uşaqlarla bağlı müəyyənləşmiş vəzifələrin yerinə yetirilməsində öz töhfələrini verirlər.
Göstərilən qayğı və diqqət də Allaha xoş gedər. Statistika göstərir ki, son illər Azərbaycanda əkiz uşaqlar daha çox doğulur. Tanrının bu bəxşişi hamını ürəkdən sevindirir. Bu gün neçə ailədə Heydər, Zərifə, İlham, Mehriban adlı körpələr böyüyür. Tanrı talelərinə, ölkə başçısı isə həmişəki kimi xoş günlərinə, firavanlıqlarına təminatçı olsun!
Flora XƏLİLZADƏ
Azərbaycan.- 2010.- 1 iyun- S.
6.